İnsanlara Allah`ın varlığından və təkliyindən bəhs etmək, onları İslam əxlaqına dəvət etmək hər bir müsəlman üçün fərzdir. Ancaq bu fərz Qurana uyğun yerinə yetirilməlidir. Allah`ın bildirdiyi və peyğəmbərimizin (s.ə.v) tətbiq etdiyi yoldan başqa öz ağlı və məntiqinə uyğun təbliğat aparan insanın cəhdləri təsirsiz olmaqla yanaşı, bir çox insanın dindən uzaqlaşmasına da səbəb ola bilər.
Quranın bir çox ayəsində insanlar Allah`ın yaratdıqları barədə düşünməyə dəvət olunurlar. Göyün və yerin yaradılışı, meyvələr, bitkilər, dənizlər, heyvanlar, öz bədənimiz, bir sözlə, ətrafda gördüyümüz hər şey Allah`ı tanımaq, Onun sonsuz gücünü, qüdrətini dərk etmək üçün nümunədir. Məsələn, Ali İmran surəsinin 191-ci ayəsində belə buyurulmuşdur:
“O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı yad edir, göylərin və yerin yaradılması haqqında düşünür (və deyirlər:) “Ey Rəbbimiz! Sən bunları əbəs yerə xəlq etməmisən. Sən pak və müqəddəssən. Bizi Odun əzabından qoru!”
Quranda elmə yiyələnməyin əhəmiyyəti xüsusi vurğulanır. Allah`ın sonsuz yaratma sənətini yalnız elmlə, biliklə cüzi də olsa (insan ağlının qadir olduğu qədər) qavramaq mümkündür. Dinimizi təbliğ edərkən bütün müsəlmanlar Quranda bildirilən bu üslubu ən yüksək səviyyədə istifadə etməlidirlər. Elmin və texnologiyanın sürətlə inkişaf etdiyi və bütün məlumatların çox asan əldə edildiyi bu əsrdə dini elmi kəşflərə və dəlillərə əsaslanaraq təbliğ etmək təhqiqi, yəni həqiqi imanın yaranmasında olduqca mühüm rol oynayır. Elmin bütün sahələrinin yaradılışı tutarlı dəlillərlə sübuta yetirdiyi bu dövrdə elmdən, hətta ağıl və məntiqdən kənar, cəhalətə sürükləyən, İslam dininə zidd xurafatlarla dini təbliğ etmək dinimizin nəinki dünyaya yayılmasına, hətta tamamilə yanlış tanınmasına səbəb olur. Nəticədə qeyri-müsəlmanlar İslam dinini cəhalət, terror dini kimi (İslam dinini tənzih edirik) mənimsəyirlər.
“...Biz dəlillərimizi onlara həm kainatda, həm də onların özlərində mütləq göstərəcəyik...” (Fussilət, 53) ayəsinin açıq-aşkar təcəlli etdiyi bu əsrdə genetika, mikrobiologiya, paleontologiya, geologiya, astronomiya kimi saysız elm sahələri insanlara həm öz bədənlərində, həm də bütün kainatda Allah`ın yaradılış dəlillərini, bənzərsiz yaratma sənətini gözlər önünə sərir. Allah`ın əvəzsiz nemət olaraq bəxş etdiyi elm dini təbliğ etmək üçün silahdır. Bu “silahın” düzgün istifadəsi İslam əxlaqının dünyaya yayılmasında əhəmiyyətli rol oynayır. Məhz buna görə də dini təbliğ edərkən iman həqiqətlərinə üstünlük vermək, Allah`ın izni ilə, çox təsirli və müvəffəqiyyətli üslubdur.
Dünyaya İslamı təkcə Quran və hədisləri anlatmaqla hakim edəcəyini düşünən insanlar az deyil. Halbuki, hidayət üçün iman həqiqətləri danışılmalıdır, bütlər qırılmalıdır.
Adnan Oktarın 5 sentyabr, 2010-cu il Kaçkar TV müsahibəsindən
Lakin iman həqiqətlərindən əvvəl insanların şüurunu bağlayan, onlarda şübhələr yaradan batil fikirlərin, yəni bütlərin ortadan qaldırılması labüddür. Allah Quranda hz. İbrahimin (ə.s) dövrünün bütün bütlərini qırdığını, hz. Musanın (ə.s) da qövmündən bəzi insanların bütlərini darmadağın etdiyini, küllərini də dənizə sovurduğunu bildirir. Bu qissələrdə müsəlmanların yaşadıqları dövrün bütlərini elmlə yerlə bir etməli olduqlarına da işarə edilir. Bu dövrün ən böyük bütü isə insanları Allah`dan və İslam əxlaqından uzaqlaşdıran darvinizmdir. Allah`ın varlığını və təkliyini danan bu nəzəriyyənin tamamilə əsassız, elmə zidd olmağının ağıl, elm və məntiqlə sübuta yetirilməsi insanların şüurunun açılmasına vəsilə olacaqdır. Darvinizmin, yəni Allah`ı inkar edən (Allah`ı tənzih edirik), insanlara hər şeyin təsadüfən yaranması fikrini təlqin edən bir nəzəriyyənin saxtakarlıq olduğunu görən, illərlə bu saxtakarlıqla aldadıldığını anlayan insan, təbii ki, həqiqəti axtaracaqdır. Nəticədə, kainatda qüsursuz nizamı, canlılardakı mükəmməl sistemləri, öz bədəninin tək bir hüceyrəsində belə möhtəşəm aləm olduğunu öyrənəcək və bütün bunların sonsuz güc və qüdrət sahibi Yaradıcının, yəni Allah`ın əsəri olduğunu dərk edəcəkdir. Allah`ın sənətini görən, yaratmasındakı mükəmməlliyi, qüsursuzluğu qavrayan insanın Ona qəti iman gətirəcəyi, bu imanla din əxlaqını ən mükəmməl şəkildə yaşayacağı açıqdır.
Bu həqiqətlərə baxmayaraq, bəzi insanların xurafatlarla, ağıla və məntiqə zidd, cəhalətə sürükləyən məlumatlarla İslamı təbliğ etməsi isə insanlarda dinin məntiqsiz və yaşamaq qeyri-mümkün olan bir sistem olduğu fikrini formalaşdırır (dini tənzih edirik). Bu, insanların böyük əksəriyyətinin Allah`dan və dindən uzaqlaşmasının ən böyük səbəbidir. Buna görə də bütün müsəlmanlar dini təbliğ edərkən iman həqiqətlərinə və elmə üstünlük verməli, ağıllı, sadə, nəzakətli üslubu seçməlidirlər. İslam məhz bu təbliğ üsulu, Allah`ın Quranda bildirdiyi və peyğəmbərimizin (s.ə.v) sünnəsinə uyğun təbliğ edildikdə, heç şübhəsiz, insanlar axın-axın Allah`ın dininə girəcəklər və İslam əxlaqı ən qısa müddətdə bütün dünyaya hakim olacaqdır.