İnsanda onun tez-tez rast gəldiyi hadisələrə qarşı dərhal vərdiş əmələ gəlir. Hətta zaman keçdikcə bu vərdiş elə hala gəlir ki, ilk dəfə gördüyü zaman insanda kəskin reaksiya əmələ gətirən hadisələr bir müddətdən sonra gündəlik mövzulara çevrilir.
Dünyada baş verən müharibələr və toqquşmalar da belə hadisələrdəndir. Bir ölkədə işğalın, kütləvi qırğının, ya da soyqırımın olması əvvəlcə dünyanın dörd tərəfində kəskin reaksiya yaradır. Küçələrdə öldürülən qadınlar, yaşlılar, cavanlar, körpələr…
İnsanlar bu görüntüləri gördükləri ilk günlərdə özlərində əmələ gələn təsiri, nə isə edə bilmək istəyini tez-tez dilə gətirirlər. Amma ardı-arxası kəsilməyən xəbərlər zaman keçdikcə diqqətlərini cəlb etməməyə başlayır. Hər gün bir çox insan ölür, qadınlar təcavüzə uğrayır, uşaqlar gülləyə hədəf olur, minalara düşüb əlini, ya da ayağını itirir… Ancaq insanlarda ilk günlərdə yaranan təsirin yerinə qəribə laqeydlik keçir. Hətta qəzetləri aldıqları zaman müharibə xəbərlərindən çox, yan tərəfdə yazılmış şou məzmunlu xəbərlər diqqətlərini cəlb edir. Çünki Fələstində, Əfqanıstanda, İraqda, Kəşmirdə, yaxud Şərqi Türkistanda hər gün bir neçə insanın ölməsi onlara görə, demək olar ki, “adi xəbər” halına gəlmişdir.
Bundan əlavə, bu zülmləri normal siyasi proses kimi göstərən təbliğat aparılır. Bu səbəbdən, bir çox insan baş verən böyük qətliamları dövlətlərin daxili problemi kimi qiymətləndirirlər.
Bir çox digər səbəblərlə yanaşı, tarixi və iqtisadi səbəblərin də toqquşmaların meydana gəlməsində təsirli olduğu doğrudur. Amma son dövrlərdə çeçen xalqının bəzi ruslardan gördüyü təzyiqin, Orta şərqdə baş verən toqquşmaların, Afrikadakı müsəlman xalqların məruz qaldığı zorakılığın, Balkanlardakı müsəlmanların bütün dünyanın gözü qarşısında şiddətli təzyiq altında əzilməsi və tətbiq edilən etnik təmizləmənin tək səbəbi iqtisadiyyat, ya da daxili problemlər deyildir. Bu insanların müsəlman olmaları baş verən toqquşmaların əsas səbəblərindən biridir.
Bu insanlar Allaha iman gətirdikləri, həyatlarını inancları əsasında qurmaq və uşaqlarını da inanclı böyütmək istədikləri üçün cürbəcür təzyiqlərə məruz qalırlar. Güclü İslam dövləti, ya da İslam ölkələrindən ibarət güclü birlik isə bir çox qərbli ölkədə narahatlıq yaradır, bir çoxunun da mənfəətlərini təhlükə altına alır. Halbuki, Quran əxlaqına tam riayət edən bir ölkə, ya da birlik sadəcə müsəlmanları deyil, dini və inancı nə olursa olsun, bütün insanları mühafizə altına alır. Bu cür bir birliyin mövcudluğu heç kəs üçün təhlükə ünsürü deyil, əksinə, bütün dünya ölkələri və xalqları üçün əmin-amanlıq və sülhün təminatıdır.
Məsələnin bir başqa tərəfi isə, bəzi insanların bu ölkələrdə baş verənlər haqqında heç bir məlumata malik olmamaları, hətta bir çox dövlətlərin adlarını belə bilməmələridir. Sudanda, Əlcəzairdə, İndoneziyada, Pattanidə, Myanmada, Cibutidə, Tunisdə, Banqladeşdə yaşayan müsəlmanların qarşı-qarşıya qaldıqları çətinliklər, təzyiqlər, hər gün yenisi həyata keçirilən zorakılıq hərəkatları, aclıq və yoxsulluğun fərqinə belə varmayan bir insanın vəziyyəti isə daha da düşündürücüdür. Çünki bu insanın iman sahibi kəslərə yaşadıqlarından xəbəri olmadığı halda, yardım əlini uzatması, əlbəttə ki, mümkün olmayacaqdır. Digər bir qrup isə, edilən zülm və haqsızlıqların fərqindədir. Ancaq bu insanlara kömək edə biləcəyini, zülmün qarşısını almaq üçün səy göstərə biləcəyini düşünmək belə istəmir. Üstəlik, heç bir şey edə bilməyəcəyinə özünü elə inandırıb ki, nə oxuduğu xəbərlər, nə də gördüyü görüntülər vicdanında kiçik təsir belə yaratmır.
Halbuki, iman edən bir insan hər eşitdiyindən və hər gördüyündən məsuldur. Allah Quranda müsəlmanlara bu cür səslənir:
“Sizə nə olub ki, Allah yolunda və- “Ey Rəbbimiz! Bizi əhalisi zalım olan bu şəhərdən çıxar, bizə (Öz) qatından bir himayəçi göndər, bizə (Öz) qatından bir yardımçı yolla!” – deyən kişilər, qadınlar və uşaqlardan aciz qalmışlar uğrunda mübarizə etmirsiniz?” (Nisa surəsi, 75)
Allahın ayədəki əmrinə əməl edən imanlı və vicdanlı insanların baş verənlərə göz yummaları, özlərini görməməzliyə qoymaları mümkün deyildir. Bir müsəlmanın dünyada bu cür böyük zülm davam edərkən yatağında laqeyd şəkildə rahat yatması, boş işlərlə başını qatması, yalnız öz əyləncəsi və mənfəətlərini düşünməsi mümkün deyildir. Çünki iman edən bir insan müharibələrin, qətliamların, zülmün, aclığın, əxlaqi degenerasiyanın, qısacası, dünya üzərindəki bütün problemlərin əsas həll yolunun Quran əxlaqının insanlar arasında yayılması olduğunu bilir. Bunu bilmək onun üzərinə çox böyük məsuliyyət yükləyir; dünyaya İslamı və dinin gətirdiyi gözəllikləri anlatmaq, Quran əxlaqını yaymaq və dinsizliyə qarşı fikri mübarizə aparmaq…
Bu şərəfli məsuliyyəti üzərinə götürən insanlar dünya üzərindəki zülmə məruz qalan bütün insanları Quranın rəhbərliyi altında aydınlığa çıxaracaqdır:
“… Sizə Allahdan bir nur və açıq-aydın bir Kitab gəldi. Allah, Onun rizasını arayan şəxsləri bununla əmin-amanlıq yollarına yönəldir, onları Öz izni ilə qaranlıqlardan nura çıxarır. Onları doğru yola yönəldib çatdırır”. (Maidə surəsi, 15-16)
Bu mövzudan bəhs edərkən məqsədimiz, dünyanın dörd tərəfindəki məzlum müsəlmanların vəziyyətlərini tam aydınlığı ilə üzə çıxarmaq və vicdanlı insanları bu həqiqət üzərində düşünüb həll yollarını axtarmağa dəvət etməkdir. İçində yaşadığımız dövr qəflətə düşmək, səssiz oturmaq, maraqlanmamaq, qısa dünya həyatının faydalarının ardınca getmək, mübahisə və qalmaqallarla vaxt öldürmək üçün münasib dövr deyil. Milyonlarla müsəlmanın böyük zülm altında olarkən İslam üçün səy göstərməmək çox böyük vicdansızlıq olar. Şübhəsiz ki, bu, insanı axirətdə böyük günaha düçar edər.