Kommunizmin din düşmənçiliyini qiymətləndirərkən bəzi kommunistlərin bu mövzuda bəzən sərgilədikləri «mülayim» siyasətin əsl məqsədini anlamaq lazımdır. Həqiqətən də, dünyada marksist cərəyanlar iqtidarda olmadıqları zamanda din əleyhinə kəskin və təcavüzkar siyasət aparmırlar. Hətta bəzən kommunistlərin ağzından din və dindarlar haqqında xoş sözlər eşitmək mümkündür. Görəsən, bu «mülayim» üslubun məqsədi nədir?
Leninin yazıları arasında bu sualın cavabınıa rast gəlinir. «Proletar partiyasının din mövzusundakı mövqeyi» başlıqlı məqaləsində Marks və Engels kimi ustalarının fikir və metodlarından istifadə edərək dinlə açıq mübarizəyə ehtiyac olmadığını, bunun lazımsız «siyasi oyun» olduğunu yazıb.
Lenin dinə olan düşmənçiliyini açıq-aydın elan edən, dinə qarşı təhqir dolu kampaniyalar aparan digər bəzi materialistləri isə (məsələn, anarxistləri və ya «burjua ateistlərini») naşı və saf hesab edib. Onların marksistlərə yönəltdikləri «mülayimlik və “tərəddüd” ittihamlarını rədd edərək “marksizmin görünüşdəki mülayimliyini» diqqətlə düşünülmüş bir taktika olduğunu açıqlayıb.
Lenin həmin «mülayim» taktikanı 1917-ci ilə qədər, yəni kommunistlər hakimiyyətə gələnə qədər davam etdirdi. Ancaq bundan sonra bu mülayimlik aradan qalxdı, bütün Sovet torpaqlarında dinə və dindarlara qarşı böyük təzyiq başladı. Əvvəllər «ateist olduğumuzu açıq şəkildə bildirməməli və dinə inananları belə cərgələrimizə almalıyıq» deyən Lenin hakimiyyətə gəldikdən sonra çox fərqli yol tutmağa başladı. Amerikalı tarixçi Robert Konkvest “The Harvest of Sorrow” (Kədər yığımı) adlı kitabında bolşeviklərin din siyasətinin bəzi ana xətlərini belə təyin edir:
“1918-ci il konstitusiyasının 65-ci maddəsində din adamlarının «burjuaziyanın xidmətçiləri» olduğu elan edildi. Beləliklə, maaşları verilmədi, uşaqları ibtidai siniflərdən sonra məktəblərə qəbul edilmədi.
28 yanvar 1918-ci ildə çıxan bir qanunla məktəblərdəki bütün dini təhsil qadağan edildi. Bundan sonra 1921-ci ilin 13 iyununda 18 yaşına çatmamış gənclərə dini təhsilin verilməsi qadağan edildi.
1929-cu ilin 8 aprelində üzvlərinə yardım paylayan dini qrupların qurduğu yardım fondları, xüsusi ayinlər, uşaqlar, qadınlar üçün buraxılan İncil; ədəbiyyat, əl işləri, iş, dini dərslər, uşaqlar üçün oyun yerləri təşkil etmək, kitabxana açmaq, tibbi yardım təşkil etmək də qadağan edildi. Rəsmi əmrlər kilsənin bütün fəaliyyətlərini ləğv etdi.
22 may 1929-cu ildə Konstitusiyanın 18-ci maddəsi hazırlandı və «dini və anti-dini təbliğat azadlığı», «ibadət azadlığı və anti-dini təbliğat azadlığı» olaraq dəyişdirildi. Eyni zamanda Təhsil Komissiyası da «məktəblərdə anti-din təbliğatı» əmrini verdi.
Kollektivləşdirmə ilə bütün regional ibadət yerləri bağlanıldı. Dini xatırladan hər bir şey yandırıldı. 20 fevral 1930-cu il tarixli Qərb Regional Komitəsindən olan xüsusi məktub sərxoş əsgərlərin kənd kilsələrini necə bağladığını, dini simvolları qırdığını və kəndliləri təhdid etdiyini izah edirdi. Bu qadağalar bütün dinlərə tətbiq olunurdu.
Bununla belə, kilsələrin bağlanması dini işlərin kənarda icrasına icazə verildiyi mənasını vermirdi. Xarkovda doqquz böyük kilsənin bağlanması ilə yanaşı, eyni zamanda «kilsələrin bağlandığı bu günlərdə xüsusi evlərdə dini yığıncaqların keçirilməsinin qarşısının alınması» qərarı qəbul edildi.
Leninqraddakı Kazan Kilsəsi anti-din muzeyinə çevrildi. Kiyevdəki müqəddəs Sofiya Kilsəsi və digər kilsələr anti-dini mərkəzlər olmuşdu. Xarkovda Müqəddəs Andrey kilsəsi kinoteatra, digəri radiostansiyaya, başqa biri maşın ehtiyat hissəsi satan dükana çevrilmişdi. Poltavada isə iki kilsə maşın təmir olunan obyektə çevrildi.
Bunlar bütün dinlərə tətbiq olunurdu. İslam da eyni təzyiqlərə məruz qaldı. Kommunist dövrü boyu minlərlə məscid bağlanıb, çox sayda din adamı «kulak» (qolçomaq) damğası ilə öldürülüb və ya Sibirin əmək düşərgələrinə göndərilmişdi.
Leninin «dinə qarşı mülayim olmalıyıq» taktikası 1917-ci il Oktyabr çevrilişindən sonra sərt və qatı din düşmənçiliyinə çevrildi. Lenin milyonlarla insanın həyatı bahasına başa gələn 1920-21 qıtlığını da «insanların Allah`a olan inanclarını yox edən» faydalı irəliləyiş hesab edirdi.
Lenin ağrılar içində qıvrılaraq və ağlını itirmiş halda öldü. Allah Leninin insanlara etdiyi zülmün və dinə qarşı düşmənçiliyinin qarşılığını elə dünyadaca verdi. Etdiklərinin qarşılığını əskiksiz olaraq axirətdə də alacaq. Bu kimi zalım insanlar haqqında Quranda belə bildirilmişdir:
Allah və Onun Peyğəmbəri əleyhinə çıxanlar, özlərindən əvvəlkilər nə cür rüsvay olmuşlarsa, o cür rüsvay olacaqlar. Biz açıq-aşkar ayələr nazil etdik. Kafirləri alçaldıcı bir əzab gözləyir! Allah onların hamısını dirildəcəyi gün etdikləri əməlləri onlara xəbər verəcəkdir. Allah (onların əməllərini bir-bir) sayıb yazmış, onlar isə onu unutmuşlar. Allah hər şeyə şahid olandır!(Mücadilə surəsi 5-6)
Lenindən sonra iqtidara gələn Stalin də Lenin kimi din düşməni idi. Bu düşmənçiliyini milyonlarla dindar insanı öldürərək dini təşkilatları, ibadət yerlərini dağıdaraq və daimi ateizm təbliğatı apararaq göstərmişdi. Stalinin apardığı ateist təbliğatın ən mühüm ünsürü isə təkamül nəzəriyyəsi idi. Avtobioqrafiyasında belə yazırdı:
"Məktəblərdəki şagirdlərimizin zehnini altı gündə yaradılış əfsanəsindən təmizləmək üçün onlara üç şeyi xüsusilə öyrətməliyik: Dünyanın yaşını, geoloji mənşəyini və Darvinin təlimlərini".
Stalin “Anarxizim, yoxsa Sosializm” adlı kitabında isə Darvin və yaradılışçı alim, poleontologiyanın qurucusu olan Corc Kyuve ilə (George Cuvier) müqayisə edir və belə yazırdı: "Marksizm darvinizmə əsaslanır və onu heç araşdırmadan qəbul edir. Marksistlər Kyuvenin nəzəriyyəsini isə şiddətlə rədd edirlər".