Maşınların sürətlə gəlib keçdiyi küçədə yolun ortasında oturmuş bala pişiyi hər kəs görər, amma yanına gedib onu əzilməkdən xilas edən yalnız bir nəfər olar. İşıqforda gözləyərkən maşına yaxınlaşaraq dilənən uşağın nə qədər ac ola biləcəyini hər kəs düşünər, amma yaxındakı kafedən ona yemək alan insan barmaqla sayılacaq qədər az olar. Yüzlərlə, minlərlə insan uşağın yanından gəlib keçsə də, şahid olduqları acınacaqlı vəziyyət qarşısında faydalı bir iş görmək istəyən insan sayı çox azdır.
Uşağı və pişiyi görmələrinə baxmayaraq fikir vermədən yollarına davam edən insanlara “niyə bir şey etmədiniz” deyə soruşulsa, əksəriyyəti laqeyd cavablar verərkən, bir çoxu da özünə görə bəhanələr irəli sürəcək. Məsələn, iclasları, vaxtı əvvəlcədən müəyyən edilmiş vacib görüşləri olduqlarını deyəcəklər. Bəhanələri ilk başda məntiqli kimi görünsə də, bu insanların doğru davrandıqlarını demək mümkün deyil.
İnsanların əksəriyyəti hadisələr qarşısında məntiqlərinə görə hərəkət etməyin məqsədəuyğun olacağını düşünə bilər. Halbuki məntiq hər zaman doğrunu ilham etmir. Ən doğru olan insanın vicdanının səsinə qulaq asmasıdır.
Vicdan istisnasız hər insana gözəl olan davranışı və düşüncəni ilham edən, sağlam mühakimə etməsini, doğrunu və yanlışı bir-birindən ayırd edə bilməsini təmin edən mənəvi yol göstəricidir. İnanclı və ya inancsız olsun, hər insan vicdanı ilə birlikdə yaradılmışdır. İnsanları bir-birindən fərqləndirən isə vicdanlarının səsinə nə qədər qulaq asıb-asmadıqlarıdır.
Miqrantlara edilən yardımlar bu məsələdəki önəmli göstəricilərdən biridir. Ailəsi ilə Yunanıstana keçməyə çalışarkən həyatını itirən və cansız bədəni sahilə vuran Aylanın şəhadəti vicdansızlığın yol açdığı hadisələrə verilə biləcək son nümunədir.
Aylan vicdanların oyanmasına səbəb oldu bəlkə, amma Accion contra el Hambre adlı ispan xeyriyyə cəmiyyətinin rəsmi internet saytının məlumatına görə, 5 milyonu uşaq olmaqla 12,2 milyon suriyalının humanitar yardıma ehtiyacı var.[1] Bəs dünyanın bu hadisəyə reaksiyası necədir?
Türkiyə sığınacaq verdiyi iki milyondan çox suriyalıya yardım edə bilmək üçün böyük əmək sərf edir. Avropanın isə geniş imkanlarına baxmayaraq miqrantlar məsələsində Türkiyə kimi konstruktiv siyasət tətbiq etdiyini demək mümkün deyil. Avropa ölkələrindəki rəhbərlər bu məsələdə olduca istəksiz kimi görünsələr də, son olaraq Almaniya 30 min, Fransa isə 24 min miqrantı daha qəbul edəcəyini açıqladı.[2]
Avropada hökumət nümayəndələri, siyasətçilər miqrantlarla bağlı siyasət haqqında əsasən qeyri-müəyyən bəyanatlar verməyə üstünlük verirlər. Hətta bəzən ayrı-seçkilik yaradan, nifrət dolu ifadələrdən də istifadə edirlər.
Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini də miqrantlarla bağlı vicdan yerinə məntiqlə hərəkət etməyi müdafiə edənlərdən biridir. Mogerini miqrantların sıxıntılarına diqqət yönəltmək əvəzinə avropalıların öz ölkələrində azlıq olma təhlükəsinə qarşı tədbir almaq məcburiyyətində olduqlarını qeyd edir.[3] Avropalı digər siyasətçilərin vəziyyəti də Mogerinidən fərqli deyil. Məsələn, Macarıstan Baş naziri Orban, Türkiyənin təhlükəsiz ölkə olduğunu deyib miqrantların Türkiyədə qalmasını istəyir. İşin ən qəribə tərəfi isə, “insani və əxlaqi olaraq edəcəyimiz şey «xahiş edirik gəlməyin» demək olacaq” deyərək qəddar münasibətini ortaya qoyur.[4]
Bütün bunlarla yanaşı islandiyalı yazar Bryndis Bjorgvinsdottir kimi vicdanı ilə hərəkət edən avropalılar da mövcuddur. Bjorgvinsdottir daha çox suriyalı miqrantın İslandiyaya qəbul edilməsi üçün «Facebook»da "Suriya çağırır" adlı kampaniyaya start verdi. Kampaniyaya dəstək verənlərin sayı 24 saatda 10 mini keçdi. Kampaniyada miqrantlara evlərinin qapılarını açanlardan əlavə xarici dil dərsləri verərək miqrantlara dəstək olmaq istəyən könüllülər, geyim, uşaq oyuncağı və mebel hədiyyə edənlər də var.[5]
Bjorgvinsdottir vicdanla hərəkət etməyin nə demək olduğunu ortaya qoyan gözəl nümunədir. Vicdan hər bir insanın içində var. Önəmli olan bu səsə qulaq asmaqdır. Bir insan əxlaqsızlıq edərkən bunu vicdanı olmadığı üçün deyil, vicdanının səsinə qulaq asacaq iradəsi olmadığı üçün edir. Dünyanın hər yerində yaşayan insanlar özlərinə hər zaman yaxşılığı, gözəli, doğrunu fısıldayan daxili səslərinin fərqindədirlər. Amma bir çoxu durmadan xeyiri fısıldayan bu daxili səsi dinləmir.
Doğrunun tərəfində ola bilmək üçün vicdanının səsinə qulaq asmaq vacibdir. Vicdanı kütləşdirən hərəkətlərdən etina ilə çəkinmək lazımdır. «Bir az da məntiqli davranmalıyıq» deyərək dünyəvi mənfəətlərə görə hərəkət etməmək lazımdır. Ya da bir zülm qarşısında heç kim vicdanlı davranmırsa, bir anda şübhəyə düşüb,“tək ağıllı mənəm?” deyərək vicdanın əmr etdiyi xeyirli davranışdan üz çevirməmək lazımdır. Yaxud da bir xeyir iş görmək istəyərkən, “mənim etdiyimdən nə olacaq ki?” demədən, zərrənin belə okeanda dəyərli olduğunu unutmamaq lazımdır.
Görünən odur ki, bu şüurdakı insanların sayının artması Avropanın ən böyük ehtiyaclarından biridir. Avropa xalqları yalnız öz mənfəətlərini düşünən eqoist ruhu tərk etməli, sevgini, mərhəməti, fədakarlığı əsas alan yeni dünyagörüşünü mənimsəməlidirlər. Avropanın güclənməsi, inkişaf etməsi və birlik olması yolundakı ən önəmli ehtiyacı ortaq konstitusiya və ya müdafiə təşkilatı deyil, vicdandır. Vicdanın səsi eqoist hisslərə tərcih edildiyi gün bütün dünya daha yaxşı hala gələcək.
[1] https://www.accioncontraelhambre.org/es/blog/crisis-de-refugiados-sirios-necesitan-nuestra-ayuda
[2] http://www.milliyet.com.tr/ab-turkiye-yi-guvenli-ulke-ilan/dunya/detay/2113999/default.htm
[3] http://www.sabah.com.tr/gundem/2015/09/05/avrupa-liderlerinden-aylana-vicdansiz-tepkiler
[4] http://www.amerikaninsesi.com/content/orbandan-turkiyede-kalin-cagrisi/2945232.html
[5] http://www.telegraph.co.uk/news/worldnews/europe/iceland/11835537/10000-Icelanders-offer-to-house-Syrian-refugees-after-authors-call.html
Adnan Oktarın «Arabian Gazette»də dərc edilən məqaləsi:
http://www.arabiangazette.com/when-conscience-dies-eyes-go-blind-ears-deaf/