Allah insanlara hansı əxlaqa sahib olmalarını, necə həyat yaşamalarını bildirmişdir.  Əsl din əxlaqı Allah`ın əmrlərini əksiksiz yerinə yetirməklə yaşanılır. İnsanların bir qismi isə bu əxlaqı yaşamaqdan çox çəkinirlər. Allah`ın hökmlərinə tamamilə təslim olmaq istəmir, öz nəfslərinin də qane olacağı bir din modeli yaratmağa çalışırlar. Bunun üçün, öz fikirlərincə, bəzi qaydalar, prinsiplər yaradır və dinin də bu prinsiplərlə uyğunlaşmalı olduğunu düşünürlər. Öz qayda və məntiqləri ilə uyğunlaşdığı müddət ərzində din əxlaqını yaşamağı qəbul edirlər.  Halbuki, bu çox böyük bir aldanışdır. Çünki əsl din əxlaqı insanların dediyi kimi deyil, Allah`ın bildirdiyi kimi yaşanılan əxlaqdır.

Allah Quranda özlərinin yanlış məntiqlərinə görə hərəkət edən və Allah`ın bildirdiyi kimi yaşamayan insanların aldanışlarını bu şəkildə xəbər verir:

"Sizə nə olub, necə hökm verirsiniz? Yoxsa sizin elə bir kitabınız vardır ki, üsyankarla itaətkarın eyni olduğunu ondan oxuyursunuz? Ya da onda bəyəndiyiniz hər bir şeyin sizin olacağı yazılmışdır? Yaxud Bizimlə Qiyamət gününədək əhd bağlamısınız ki, istədiyiniz hər şey sizin olacaqdır? Onlardan soruş ki, kim buna zamin duracaqdır?" (Qələm surəsi, 36-40)

İnsanların dediyinə görə hərəkət edənlərin düşdükləri yanlış zənlər

Allah`ın bildirdiyi kimi deyil, insanların dediyi kimi yaşamaq bəhsi gedən insanların bir çox yanlış və azğın nəticələrə gəlmələrinə səbəb olur. Nümunə olaraq, Peyğəmbərimizin (s.ə.v) dövründə yaşayan münafiqlər bu cür nəticələrə gələrək fitnə yaratmağa çalışmış, möminləri haqq yoldan uzaqlaşdırmağı hədəf etmişlər. Allah münafiq və müşrik əxlaqlı insanların bu çirkin xüsusiyyətlərini belə bildirmişdir:

"Həm də ona görədir ki, Allah Özü barəsində pis fikirdə olan münafiq kişi və münafiq qadınlara, müşrik kişi və müşrik qadınlara əzab versin. Onların pis niyyəti özlərini bəlaya salsın! Allah’ın onlara qəzəbi tutmuşdur. Allah onları lənətləmiş və onlar üçün Cəhənnəm hazırlamışdır. Ora nə pis dönüş yeridir." (Fəth surəsi, 6)

Ayədə bildirildiyi kimi, insanların düşdükləri yanlış və pis zənlər əslində onların özlərinə zərər vermiş, Peyğəmbərimiz (səv) və səhabələr isə Allah`ın izni ilə hər zaman qalib gəlmişlər. “Onlar cahiliyyə dövrünün hökmünümü istəyirlər?” (Maidə surəsi, 50) ayəsi ilə də bildirildiyi kimi, bu insanları belə nəticəyə gətirən səbəblərdən biri Allah`ın bildirdiyi əxlaqla deyil, cahil insanlardan öyrəndikləri səhv məntiqlərə əsasən hərəkət etmək istəmələridir. Halbuki, Allah Quranda “Qəti inanan bir camaat üçün Allah’dan daha yaxşı hökm verən kim ola bilər?” (Maidə surəsi, 50) deyə bildirmişdir.

Öz istək və həvəslərini ilahlaşdıranlar

İnsanları Allah`ın bildirdiyi kimi din əxlaqını yaşamaqdan uzaqlaşdıran ən mühüm ünsürlərdən biri ağıl və vicdanları ilə deyil, nəfsləri ilə düşünmələridir. Başqa bir ifadə ilə, öz istək və həvəslərinə görə hərəkət etmələridir. Bu da bu insanların haqqa deyil, batil olana uymalarına, həm özlərinə, həm də ətrafındakılara maddi, mənəvi böyük sıxıntılar yaşatmalarına səbəb olur. Allah Quranda nəfsin insanı hər zaman pis əməllərə yönəltdiyini belə bildirmişdir:

"Mən özümə bəraət qazandırmıram. Çünki Rəbbimin rəhm etdiyi kəs istisna olmaqla, nəfs adama pis işləri əmr edər. Həqiqətən, Rəbbim Bağışlayandır, Rəhmlidir.” (Yusuf surəsi, 53)

Bir başqa ayədə isə Rəbbimiz insanların öz istək və həvəslərinə uymalarının böyük bəlalara səbəb olduğunu belə xəbər vermişdir:

"Əgər haqq onların nəfslərinin istəklərinə tabe olsaydı, göylər, yer və onlarda olanlar fəsada uğrayardı. Doğrusu, Biz onlara Zikr gətirdik, onlar isə özlərinə verilən Zikrdən üz döndərirlər." (Muminun surəsi, 71)

Allah`ın endirdiyi din insanın yaradılışına ən uyğun olanıdır. İnsanlar öz məntiqlərinə, mədəniyyətlərinə, əldə etdikləri məlumatlara görə yaşadıqları saxta din isə müxtəlif sıxıntılara səbəb olur. Çünki Quran əxlaqını yaşamayan bir insan hər şeyin öz nəsinə uyğun olmasını istəyir. Onun üçün əsas olan nəfsinin istəklərinin qane olmasıdır. Bu vəziyyətlərinin hansı nəticələrə səbəb ola biləcəyini isə çox vaxt düşünmürlər. Düşünsələr belə nəfsi ona öz istək və həvəslərini daha əhəmiyyətli göstərir. Nəfsə görə hərəkət edildikdə insanın ən çox özünün rahat olması, özünün ön planda olması istənilir. Quran əxlaqını yaşamayan insanların bu bitmək bilməyən həvəsləri Quranda belə xəbər verilir:

“Yoxsa insan istədiyi hər şeyə nail ola bilər?!” (Nəcm surəsi, 24)

Nəfsinin planlarına zidd bir vəziyyət yarandıqda bu insanlar düşünmədən, qəfil duyğusallıq, küsmək, əsəbiləşmək kimi Quran əxlaqına uyğun olmayan davranışlar göstərə bilirlər. Belə vəziyyət bu insanların eqoist, sevgisiz, kinli olmalarına səbəb olur. Bu insanlar ən çox özlərini sevirlər. Yaxınlarını, dostlarını və ya ailələrini sevdiklərini iddia etdiklərində isə bu sevgi anlayışı mütləq onların nəfslərinə uyğun olmalıdır. Yəni sevgilərində Allah`ın rızasını, rəhmətini, cənnətini hədəf etmir, bəzi dünyəvi mənfəətlərə görə hərəkət edirlər.

Bütün bunların ən başda insanın özünə zərər verdiyi aydındır. Daima nəfsinin istəklərini yerinə yetirməyə çalışan insan özünə zərər verən həvəslərlə yaşamağın əziyyətini çəkir. Güvənmək, rahatlıq əvəzinə daima narahatlıq, qorxu içərisində yaşayırlar. Sahib olduğu hər şeyin Allah`ın bir lütfü olduğunun şüurunda olaraq hərəkət etmədiyi və təvəkkül etmədikləri üçün sahib olduqlarını itirməkdən, ya da hadisələrin istədikləri kimi irəliləməyəcəyindən yaranan qorxu ruh tarazlıqlarını pozur.

Nəfsinə görə hərəkət edən insanların ən qabarıq xüsusiyyətlərindən biri də sevgilərinin çox səthi olmasıdır. Bu insanların sevgiləri bəzi bəsit səbəblərə bağlıdır. Sevgilərinə sadiq qalmırlar. Onlara göstərilən sevgi və münasibəti də lazımı kimi dəyərləndirmirlər. Çox vaxt övladların ailələrinə qarşı düşüncəsiz davranmaları, rahatlıqla həll ola biləcək problemlər səbəbilə dostluqların bir anda bitməsi bu vəziyyətin bilinən nümunələrindəndir. Şübhəsiz ki, bu iman gətirməyən insanların yaşadığı ən böyük mənəvi bəlalardan biridir. Çünki sevgi Allah`ın insanlara bəxş etdiyi çox gözəl bir nemətdir. İnsan yaradılışına uyğun olaraq daima sevgi, mərhəmət axtarışında, digər insanlar tərəfindən anlaşılma istəyi içərisində olur. Hansı şəraitdə olursa olsun ömrünün sonuna kimi güvənib sevə biləcəyi dostları və yaxınları olsun istəyir. Nəfsinə görə qərarlar verən, Quran əxlaqına uyğun düşünüb hərəkət etməyən insanlar isə həyatları boyunca bu nemətlərdən məhrum qalırlar. Sevgini yaradıb yaymaq əvəzinə mərhəmətin, şəfqətin, səbrin, razılığın olmadığı, bir çox sıxıntının yaşandığı bir mühit meydana gətirirlər.

Quran əxlaqına görə əsl sevgi

Möminlər isə ən çox Allah`ı sevirlər. Allah`ın hər şeyi bir xeyir və gözəlliklə yaratdığını, yaşadıqları hər anın hikmətlə meydana gəldiyini, qədərlərində olanı izlədiklərini bilərək yaşayırlar. Allah`ın onlara yaşatdığı hər andan razı qalırlar. Rəbbimizin verdiyi bütün nemətlərə şükür edir və sadəcə Ona güvənib Ona təvəkkül edirlər. İman gətirənlərin əsl dost və köməkçisi Allah`dır. Möminlərin Allah`a olan sevgiləri Quranda belə bildirilmişdir:

“İnsanlardan elələri də vardır ki, Allah’dan qeyrilərini (Ona) tay tutur, onları da Allah’ı sevdikləri kimi sevirlər. İman gətirənlərin isə Allah’a olan sevgisi daha güclüdür. Kaş zülm edənlər əzabı gördükləri zaman bütün qüdrət və qüvvətin Allah’a məxsus olduğunu və Allah’ın şiddətli əzab verdiyini görəydilər.” (Bəqərə surəsi, 165)

Dünyadakı varlıqları sevərkən də onların Allah`ın təcəlliləri, yaratma sənətindəki gözəlliklər olduğunu bilərək sevirlər. Sevgilərində səbirli, incə düşüncəli, mərhəmətlidirlər. Acizliklər və əksikliklər qarşılarındakı insana daha çox şəfqət duymalarına səbəb olur. Dünyadakı hər gözəlliyin bir çox əksikliklə bərabər yaradıldığını, əsl gözəlliyin isə axirətdə mövcud olduğunu bilirlər. Həyatlarının hər anında olduğu kimi sevgilərində də əsas olanın axirətdəki həyatları olduğunu unutmurlar.

Dünyadakı hər şey qüsurludur. Axirətdə isə mükəmməllik hakimdir. İnsan daima sevdikləri ilə bərabər olsa, ən çox qayğını özü görsə, hər şey istədiyi kimi olsa da bunların hamısı sonludur. Ölümlə birlikdə yox olurlar. Axirət həyatı isə sonsuzdur. Möminlər dostluğun, yoldaşlığın, yaxınlığın tam mənası ilə axirətdə yaşanılacağını bilərək dünyada ən gözəl əxlaqı, ən dərin sevgini yaşamağa çalışırlar. Əxlaqları gözəlləşdikcə qavrayışlarının və anlayışlarının dərinləşəcəyini və beləliklə də, hər nemətdən daha çox zövq alacaqlarını düşünərək əxlaqlarını daha da gözəlləşdirməyə əhəmiyyət verirlər. Möminlərin yaşamaq istədikləri şəraitin dünyəvi vasitələrlə heç bir əlaqəsi yoxdur.

Buna görə də iman gətirməyən insanların yaşadıqları narahatlıq, qorxu, güvənsizlikdən uzaqdırlar. Çünki istədiklərini qarşılarındakı insanın deyil, Allah`ın yerinə yetirəcəyini bildiklərindən Ona üz tuturlar. Allah`ın istədiyi kimi bir həyat yaşadıqlarında Allah`ın onlara ən gözəl qarşılığı verəcəyini ümid edirlər. Bunun şüurunda olduqları üçün də Rəbbimizin nemətlərindən biri olan sevgini də çox gözəl və dərindən yaşayırlar. Qısası, Allah`ın bildirdiyi kimi yaşayanlarla insanların dediyi kimi yaşayanlar arasında həyatlarının hər anında görülən böyük fərqliliklər mövcuddur. Allah Quranda nəfsinin istəklərinə boyun əyənlərlə Allah`ın əmrinə görə yaşayanlar arasındakı bu böyük fərqi belə bildirmişdir:

“Məgər öz Rəbbindən vəhy edilmiş aydın dəlilə istinad edən kimsə pis əməli özünə gözəl göstərilən və öz nəfslərinə uyan kimsələr kimi ola bilərmi?!” (Muhəmməd surəsi, 14)

Nəticə

Əsl din əxlaqını yaşamaq Allah`ın bildirdiyi əxlaqı əksiksiz yaşamaq və Peyğəmbərimizin (səv) sünnətinə tam uymaqla mümkündür. Allah`ın bildirdiyindən başqa fikirlər uydurub ayrı məntiqlə hərəkət etmək insanlara hər zaman mənfi təsir göstərir. Allah “...Elə isə onların arasında Allah’ın sənə nazil etdiyi Kitabla hökm ver. Sənə gələn haqdan ayrılıb onların istəklərinə tabe olma...” (Maidə surəsi, 48) ayəsi ilə möminlərin ölçüsünün və rəhbərinin Allah`ın endirdiyi hökm olan Quran əxlaqı olduğunu bildirmişdir. Bundan başqa yol axtaranların rahat həyat yaşamaları qeyri-mümkündür.

Allah “...Gözəl aqibət müttəqilərindir.” (Qasas surəsi, 83)  ayəsi ilə əmr etdiyi əxlaqı yaşayanların ən gözəl nəticəyə qovuşacaqlarını müjdələmişdir. Allah`ın izni ilə möminlər həm dünyada, həm də axirətdə Rəbbimizin müjdələdiyi kimi gözəl bir həyat yaşayırlar. Bütün bunlara baxmayaraq, öz istək və həvəslərinə görə yaşamaq istəyənlərin gəldikləri nəticə isə azğınlıqdır:

"Əgər sənə cavab verməsələr, bil ki, onlar nəfslərinin istəklərinə uymuşlar. Allah’dan bir doğru yol göstəricisi gəlməyincə öz nəfsinin istəyinə uyandan daha çox azmış kim ola bilər?! Şübhəsiz ki, Allah zalım adamları doğru yola yönəltməz." (Qəsəs surəsi, 50)

Allah insanlara hansı əxlaqa sahib olmalarını, necə həyat yaşamalarını bildirmişdir. Əsl din əxlaqı Allah`ın əmrlərini əksiksiz şəkildə yerinə yetirməklə yaşanılır.