Hz. İsanın (ə.s) axırzamanda yer üzünə yenidən göndəriləcəyi, İslamı seçərək Hz. Mehdi (ə.s) ilə birlikdə İslam əxlaqının bütün dünyaya hakim olmasına kömək edəcəyi Quran ayələrində və Peyğəmbərimizin (s.ə.v) hədislərində müjdələnmişdir. Yaşadığımız axırzamanın ən mühüm məsələlərindən biri Hz. İsanın (ə.s) hansı xüsusiyyətləri ilə tanınmasıdır.
Möminlər Hz. İsanı (ə.s) imanının dərinliyi və nuru ilə dərhal tanıyacaq. Ancaq Allah bu mübarək peyğəmbəri tanıtmaq üçün ona çox mükəmməl, cazibədar fiziki görünüş bəxş etmişdir. Hz. İsanın (ə.s) Peyğəmbərimizin (s.ə.v) hədislərində tərif etdiyi fiziki xüsusiyyətləri bu gözəl peyğəmbərin möminlər tərəfindən tanınmasını daha da asanlaşdıran böyük sevinc mənbəyidir.
Peyğəmbərimiz (s.ə.v) hədislərində Hz. İsanın (ə.s) fiziki xüsusiyyətlərini necə tərif etmişdir?
Qiyamətdən əvvəlki son dövr olan axırzaman Peyğəmbərimizin (s.ə.v) hədislərində müjdələndiyi kimi, Hz. İsanın (ə.s) nüzul və Hz. Mehdinin (ə.s) zühur edəcəyi çox mübarək dövrdür. Bu mübarək dövrün dəyərli şəxslərindən olan Hz. İsa (ə.s) təqribən 2000 il əvvəl yaşamış, Allahın dünyada və axirətdə üstün etdiyi bir elçisidir. Hz. İsanın (ə.s) doğulması, həyatı və Allah qatına qaldırılması möcüzəvi şəkildə baş vermiş, bu mübarək insanın həyatı Quranda ətraflı şəkildə xəbər verilmişdir. Hz. İsanı (ə.s) digər peyğəmbərlərdən fərqləndirən ən əsas xüsusiyyət onun hələ də vəfat etməməsi, Allah qatına yüksəldilməsi və yer üzünə yenidən geri göndəriləcəyidir. Onun bu xüsusi vəziyyətinə dair Quranda mühüm işarələr var. (Nisa surəsi, 156-159; Ali-İmran surəsi, 55; Maidə surəsi, 117; Zuxruf surəsi, 57-61; Ali-İmran surəsi, 45-48; Maidə surəsi, 110; Ali-İmran surəsi, 59; Məryəm surəsi, 33). Bu ayələrin birində: “Şübhəsiz ki, o, qiyamət saatı üçün bir əlamətdir. Ona şəkk etməyin və Mənə tabe olun. Bu, doğru yoldur! (Zuxruf surəsi, 61)” -buyurulur. Bu ayə Hz. İsanın (ə.s) axırzamanda yer üzünə qayıdacağına açıq-aşkar işarə edir.
Hz. İsanın (ə.s) gəlişi Quranın bir çox ayəsində bildirilməklə yanaşı, Peyğəmbərimizin (s.ə.v) hədislərində də müjdələnmişdir. Bu hədislərdən biri belədir:
“Vallah, mütləq və mütləq Məryəm oğlu İsa yer üzünə enəcək, həm də ədalətli hakim, hökmdar kimi enəcək...” (Ebu Hureyre r.a. / Buhari, Büyu 102, Mezalim 31, Enbiya 49; Müslim, İman 242 (155); Ebu Davud, Melahim 14 (4324); Tirmizi, Fiten 54 (2234)
Ancaq Hz. İsanı (ə.s) hər kəs tanımaya bilər
Hz. İsa (ə.s) üstün iman gücü, dəccalın hipnozunu pozması, Allahın izni ilə ölünü diriltməsi, kor insanın gözlərini açması kimi böyük möcüzələr göstərməsi və dünyada heç bir qohumu, tanışı, ailəsi olmadığına görə, möminlər tərəfindən dərhal tanınacaq. Hz. İsa (ə.s) ancaq imanın nuru, həmçinin kənardan baxdıqda aydın bilinən fiziki xüsusiyyətlərinə görə tanınacaq.
Hz. İsa (ə.s) simasının çox gözəl və nurlu olması ilə tanınacaq
Elçilərin üstünlüyü istər bilik, istərsə də fiziki xüsusiyyətləri ilə Quranda belə bildirilir:
Bilik, ağıl, əxlaq, fiziki cəhətdən üstün edilmiş bir insan kimi Hz. İsanın (ə.s) üzündə peyğəmbərlərə xas ifadə olacaq. Güclü Allah qorxusunun və dərin imanının nuru üzünə yansıyacaq. Peyğəmbərlərə xas nurlu ifadə üzündə o qədər aydın olacaq ki, onu görənlər digər insanlarla müqayisədə çox üstün insanla qarşılaşdıqlarını anlayacaqlar.
Gözlərində dərinlik var və kəskin baxışlıdır
Rəvayətlərdə Hz. İsanın (ə.s) üzü haqqında ən nəzərəçarpan xüsusiyyət onun kəskin baxışlı (Ahmed b. Hanbel, I, 374; Ebû Ya’lâ V, 108) olmasıdır. Yaşıla çalan boz gözləri var. Baxışlarındakı dərinlik və kəskinlik dəccalın nəfəsini kəsəcək qədər təsirlidir.
Parlaq üz rəngi və düzgün üz cizgiləri var
Üzü bir az çilli, sanki hamamdan yeni çıxmış kimi al çöhrəlidir. Üzü həm ciddi, həm canlıdır. Ağzı, burnu qüsursuzdur, alnı düz və təmizdir, sıx saqqallıdır, kiçik və gözəl burunludur, gözləri alov kimi parlaqdır. Üzü qırmızıya çalan bəyaz rənglidir (Taberânî, Kebîr XXIV, 433). Peyğəmbərimiz (s.ə.v) bir hədisində Hz. İsanın (ə.s) bədən rəngini belə tərif etmişdir:
“Gecə meracda Musaya (ə.s) qovuşdum. (Peyğəmbər (s.ə.v) onu təsvir edərək:) Bir də gördüm ki, o, Şənüə qəbiləsinin kişiləri kimi qarabuğdayı, uzun boylu, dolu bədənli, düz saçlı şəxsdir. İsaya (ə.s) da qovuşdum. (Peyğəmbərimiz (s.ə.v) onu da təsvir edərək:) İsa orta boylu, sanki hamamdan çıxmış kimi al çöhrəli idi”. (Sahih-i Müslim, 2/1053)
Saçlarının rəngi, forması və görünüşü diqqət çəkir
Qızılıya çalan şabalıdı saçları var, saqqalı da eyni rəngdədir. Saçları daranmış və sanki saçından su damırmış kimi nəm görünür (Taberânî, Kebîr XI, 73); baxımlı, bir az dalğalıdır, yəni nə düz, nə də qıvrımdır (İbnü’l-Esîr II, 203). Saçları qulaq mərcəyini örtür, yanlardan çiyinlərinə çatmır, ənsəsindən iki kürəyinin arasına qədər çatır (Buhârî, “Enbiyâ” 48; Müslim, “îmân” 274). Saçlarının qulaqlarına qədər olan hissəsi düz, aşağı hissəsi dalğalıdır. Hz. İsanın (ə.s) saçının nəm görünməsi onun təmizlik, parlaqlıq və gözəlliyini daha çox diqqəti cəlb edir. Hədislərdə Hz. İsanın (ə.s) yaraşıqlı olduğu belə vurğulanmışdır:
O qədər təmizdir ki, nəm olmadığı halda, saçından sanki su damır. (Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, s.499)) (Ebu Davud, Melahim, 4324)
“Mən bu gecə yuxuda özümü Kəbədə gördüm. Birdən qarabuğdayı bir şəxs gördüm. O, insanlardan ən gözəli idi, saçı iki çiyninin arasına düşmüşdü, (yeni) daranmış və təmizlənmiş kimi saçından su damırdı. İki əlini iki nəfərin çiyninə qoyaraq Kəbəni təvaf edirdi. (Oradakılardan): “Bu kimdir?”- deyə soruşdum. Onlar: “Bu Məryəmin oğlu Məsih İsadır”,- dedilər”. (Sahih-i Buhari, 9/177)
Hədislər və hədislərdən rəvayətlər Hz. İsanın (ə.s) yaradılış etibarilə yaraşıqlı olduğunu bildirir və Allahın Hz. İsa (ə.s) üzərində təcəlli edən qüsursuz sənətini vurğulayır.
Hz. İsa (ə.s) heybətli görünüşü və düzgün bədən quruluşu ilə insanların diqqətini çəkəcək
Boyu Peyğəmbərimizə (s.ə.v) bənzəyir
Hz. İsanın (ə.s) boyu haqqındakı “uzunla qısa arasında”, “nə uzun, nə qısa”, “uzun deyil, uzuna yaxın orta boylu” kimi ifadələr (İbnü’l-Esîr, Nihâye II, 190; Nevevî, Şerhu Müslim II, 224.) Hz. İsanın (ə.s) uzuna yaxın orta boylu olacağını göstərir. Peyğəmbərimizin (s.ə.v) boyu da bənzər ifadələrlə təsvir edildiyinə görə, Hz. İsanın (ə.s) bu cəhətdən Peyğəmbərimizə (s.ə.v) bənzədiyi məlum olur:
Uzuna yaxın orta boyludur, rəngi qırmızı ilə bəyaza çalır, əynində boyanmış iki paltar var. O qədər təmizdir ki, nəm olmadığı halda, saçından sanki su damır. (Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, s.499) (Ebu Davud, Melahim, 4324).
Hz. İsanın (ə.s) atletik və xoş görünüşlü bədən quruluşu olacaq
Hz. İsa (ə.s) enlikürək, incəbelli, çox çevik, güclü və atletik quruluşlu olacaq. Ayaqları və əlləri təmiz və parlaqdır. Nəcib, uzun barmaqları və mükəmməl quruluşlu əlləri var. Bu gözəl və imanın verdiyi heybətdən qaynaqlanan görünüşünə görə, insanlar ona baxmaqdan doymayacaq, nəzərlərini ondan çəkmək istəməyəcək. Peyğəmbərimiz (s.ə.v) Hz. İsanın (ə.s) heyranedici xarici görünüşünü və güclü heybətini belə təsvir etmişdir:
“O, qızılı, qıvrım saçlı və enlikürəkdir. O, səlibi (xaçı) sındıracaq, cizyə üsulunu ləğv edəcək, İslamdan başqa heç bir dini qəbul etməyəcək… Allahdan başqa heç kimə və heç nəyə ibadət etməyəcək. Hz. Muhəmmədin (s.ə.v) yoluna uyğun hökm verəcək, özü peyğəmbər olduğu halda, Peyğəmbərə (s.ə.v) tabe olacaq və Muhəmmədin (s.ə.v) ümmətindən olacaq, Peyğəmbərin (s.ə.v) ümməti və səhabəsi olacaq. Çünki o, onu Merac gecəsində görüb. Ona görə, səhabələrin ən fəzilətlisidir”. (İmam Suyuti, Kıyamet Alametleri, Ölüm ve Diriliş, səh. 182)
Hz. İsanın (ə.s) fiziki xüsusiyyətlərini bilməyin əhəmiyyəti
Peyğəmbərimizin (s.ə.v) hədisləri işığında fiziki xüsusiyyətləri haqqında hərtərəfli məlumat aldığımız Hz. İsanın (ə.s) yer üzünə yenidən qayıtması çox gözlənilir. Yaşadığımız dövrdə 2000 il sonra gələcəyi gözlənilən Hz. İsa (ə.s), Peyğəmbərimizin (s.ə.v) müjdələdiyi kimi, nüzul edəcək. Bu həqiqətin fərqinə varan və Hz. İsa (ə.s) yer üzünə yenidən qayıtdıqda onu görmək və tanımaq şərəfinə nail olmaq istəyən bütün müsəlmanlar bu nurlu, mübarək peyğəmbəri doğru tanımaq üçün bütün bu səbəblərə sarılmalıdırlar. Çünki bu məlumatların yaxşı araşdırılıb təhlil edilməsi Allahın izni ilə Hz. İsanın tanınmasında mühüm yol göstərici olacaq.
Hz. İsanın (ə.s) bioloji ölümü hələ reallaşmamışdır
“Maidə” surəsinin 117-ci ayəsindəki “Sən məni vəfat etdirdikdən (təvəffəytəni) sonra onlara nəzarətçi Özün oldun” cümləsindəki “vəfat etdirmək” sözü bəzi şəxslərin iddia etdiyi kimi, bioloji ölüm deyil. Vəfat etdirmək həmişə insanın bioloji ölümü mənasında işlədilmir. Məsələn, bu ayədə “vəfat etdirmək” kimi tərcümə edilən sözlə “Ənam” surəsinin 60-cı ayəsində işlədilən söz eynidir. Ancaq “vəfat” sözünün ərəb dilindəki qarşılığının Azərbaycan dilindəki “ölüm” mənasından başqa mənaları da var.
Bu ayədən də məlum olduğu kimi, Allah yatan insanın da canını alır, ancaq bu insan bildiyimiz mənada ölmür. “Təvəffa” sözünün yuxu mənasında işlədildiyini deyənlər (təfsirçilərin əksəriyyəti bu fikirdədir) ayəni “səni yatırdacağam” şəklində təfsir edirlər. Nəticə etibarilə, Hz. İsa (ə.s) yuxudakına bənzər vəziyyətdə Allah qatına yüksəldilmiş, sadəcə, bu məkan ölçüsündən ayrılmışdır (doğrusunu Allah bilir).
Hz. İsa (ə.s) gəldikdə 33 yaşında olacaq və bu dünyada vəfat edəcək
ADNAN OKTAR: O gözəl peyğəmbər gəldikdə 33 yaşında olacaq. Hətta saçı təmizliyinə görə nəm görünəcək. Hz. İsa (ə.s) çox alicənab, çox ağıllı, gözəl insandır. Onun peyğəmbər olduğu baxan kimi məlum olur. Bir çox möcüzə göstərəcək. İnsanlar bunu görüb onu dərhal tanıyacaqlar. Dünyada ömrünü tamamlayıb vəfat edəcək, inşaAllah. (Çay TV, 23 İyul 2008)
Hz. İsa (ə.s) 2000 il əvvəl çıxdığı zaman və məkan ölçüsünə yenidən daxil olacaq
ADNAN OKTAR: Hz. İsa (ə.s) 2000 il əvvəl zaman və məkan ölçüsündən ayrılmışdır. 2000 il sonra, yəni indi zaman və məkan ölçüsünə yenidən daxil olacaq. Eyni paltarında və ayaqqabılarında olacaq. Barmaq arasından keçən kəmərli, altı düz ayaqqabısı var. Əynində düz paltarı, düz əbası var, o paltarlarda yenidən gələcək və onu bir yerdə tapacaqlar, inşaAllah. (Denge TV, 9 Dekabr 2009)
Hz. İsa (ə.s) nüzul etdikdə onu heç kim tanımayacaq
Hz. İsa (ə.s) yenidən yer üzünə qayıtdıqda ətrafında onu tanıyan heç kim olmayacaq. Onun fiziki xüsusiyyətlərini, üzünü və ya səs tonunu tanıyan bircə nəfər belə olmayacaq. Dünyada heç kim: “Mən onu əvvəlcədən tanıyıram, bir zaman görmüşdüm, onun ailəsi və yaxınları filankəsdir”, - deməyəcək. Çünki onu tanıyan bütün insanlar təqribən 2000 il bundan əvvəl ölmüşdür. Anası Hz. Məryəm, Hz. Zəkəriyya (ə.s), dövrün yəhudi rəhbərləri və şəxsən Hz. İsanın (ə.s) təbliğ etdiyi insanlar vəfat etmişlər. Ona görə, ikinci dəfə yer üzünə gəldikdə onun doğulmasına, uşaqlığına, gəncliyinə və yetkinlik yaşlarına şahid olmuş heç kim olmayacaq və onun haqqında heç kim heç nə bilməyəcək. Yaşadığımız dövrdə Hz. İsa (ə.s) imanın nuru və Peyğəmbərimizin (s.ə.v) hədisləri vasitəsilə tanınacaq.