Təkamül nəzəriyyəsinin mühüm xətalarından biri də “rudiment orqanlar” iddiasıdır. Təkamülçülər canlıların bəzi orqanlarının artıq funksiyasını itirdiyini və zaman keçdikcə bu orqanların itəcəyini iddia edirlər. Bu iddiaya əsaslanaraq da “əgər canlı orqanizmi yaradılsaydı, işə yaramayan orqanlar olmazdı” mesajını cəmiyyətə verməyə çalışırlar.
XX əsrin əvvəlindəki təkamülçü KİV-lərində insan orqanizmində appendiks (xalq arasında apendisit kimi tanınan kor bağırsaq), büzdüm sümüyü, badamcıqlar, epifiz vəzi, qulaq seyvanı, timus (çəngələbənzər vəzi) və ağıl dişinin də daxil olduğu yüzə qədər orqan “rudiment orqan” elan edilmişdi. Amma sonrakı onilliklər ərzində tibb sahəsində mühüm addımlar atıldı. İnsan orqanizmində olan orqan və sistemlər haqqında məlumatımız artdı. Bunun nəticəsində “kütləşmiş orqan” iddiasının tamamilə bir cəfəngiyyat olması da aydın oldu. Təkamülçülərin bu barədə hazırladıqları uzun siyahı sürətlə qısaldı. Məsələn, kor bağırsaq, badamcıqlar və burun ətinin immun sistemimizdə funksiyalarının olduğu məlum oldu. Timusun müdafiə sistemi hüceyrələrinin yetkinləşdiyi bir orqan olduğu, epifiz vəzinin isə mühüm hormonları ifraz etmək funksiyası olduğu kəşf edildi. Büzdüm sümüyünün çanaq sümüyü ətrafında yerləşən əzələlərə dəstək olması, qulaq seyvanının isə səslərinin yerini müəyyən etməkdə mühüm funksiyası olduğu müəyyən edildi. Qısaca desək, “kütləşmiş orqanlar” iddiasının yeganə əsasının cahillik olması üzə çıxdı.
Beləliklə, müasir elm “rudiment orqan” məntiqinin yanlışlığnıı dəfələrlə ortaya qoymuşdur. Yenə də bəzi təkamülçülər bu iddianı yeni şeylər taparaq yaşatmağa çalışırlar. Təkamülçülərin “kütləşmiş” olduğunu iddia etdikləri orqanların demək olar ki, hamısının funksional olması bu gün tibb dünyası tərəfindən ortaya qoyulmasına baxmayaraq, hələ də bir-iki orqan üzərində təkamülçü şübhə durur.
Bunların ən çox diqqətçəkəni “ağıl dişi”dir. Bəzi təkamülçü mənbələrdə “üçüncü azı diş” kimi məlum olan bu dişin insan orqanizminin “funksiyasını itirmiş” bir hissəsi olduğu iddiası yer alır. Buna dəlil kimi də çox sayda insanda bu dişin problemlərə yol açması və cərrahi müdaxilə ilə çıxarılmasının çeynəmə funksiyasına təsir etmədiyi deyilir.
Ağıl dişinin funksiyasız olması kimi təkamülçü təlqindən təsirlənən bir çox həkim gündəlik təcrübələri ərzində digər dişlərin yaratdığı problemlərə daha ehtiyatla yanaşaraq, bu dişləri qorumağa çalışır, ağıl dişinin çəkilməsini isə adət halına salmışlar. Lakin son illər ərzində aparılan bəzi araşdırmalar bu dişin çeynəmə funksiyasını üzərinə götürməkdə digər dişlərdən heç bir fərqinin olmadığını göstərmişdir. (Leonard M.S., 1992. Removing third molars: a review for the general practitioner. Journal of the American Dental Association, 123(2):77-82) Bu dişin digər dişlərin yerləşməsini pozması kimi inancın da əsassız olduğunu göstərən fəaliyyətlər aparılmışdır.( M. Leff, 1993. Hold on to your wisdom teeth. Consumer reports on Health, 5(8):4-85.) Ağıl dişində rast gəlinən və dərman vasitəsilə həll ediləcək problemlərdə bu dişin çıxarılması haqqında elmi tənqidlər yayımlanmışdır.(Daily.T 1996. Third molar prophylactic extraction: a review and analysis of the literature. General Dentistry, 44(4):310-320)
Beləliklə, ağıl dişinin “yararsız” olması kimi inancın heç bir elmi təmələ əsaslanmadığı və bu dişin çeynəmə funksiyasında digər dişlər kimi funksiyasının olması bu gün tibb dünyasının ortaq fikridir.
Bəs sözügedən dişin çox az insana narahatlıq verməsinin səbəbi nədir? Bu mövzunu araşdıran elm adamları ağıl dişinin problemlərinin müxtəlif dövrlərdə yaşamış insan cəmiyyətlərinə görə fərqləndiyini müəyyən etdilər. Xüsusilə sənayedən əvvəlki cəmiyyətlərdə bu problemə çox az rast gəlindiyi məlum oldu. Bunun səbəbi kimi xüsusilə son bir neçə əsrlik dövr ərzində bərk qida maddələri əvəzinə daha yumşaq qida maddələrinə üstünlük verilməsinin çənə inkişafına mənfi təsir etdiyi göründü. Ona görə ağıl dişi problemlərinin də əsasən qidalanma vərdişlərindən irəli gələn çənə inkişafı problemləri ilə bağlı şəkildə üzə çıxdığı müəyyən edildi.
Cəmiyyətlərin qidayla bağlı verdikləri üstünlüklərdəki oxşar dəyişikliklərin digər dişlərə mənfi təsiri məlumdur. Məsələn, son əsr ərzində şirin və turşulu yeməklərə üstünlük verilməsi digər dişlərdə çürümə faizi və sürətini artırmışdır. Ancaq əlbəttə, bu vəziyyət ağıl dişinə də aiddir. Bu dişlə bağlı problemlər hər hansı təkamül “kütləşmə”sindən deyil, dövrümüzün insanlarının qidalanma vərdişlərindən qaynaqlanır.