Qəlbi imanla sabit olduğu halda, məcbur edilən şəxs istisna olmaqla, hər kəs iman gətirdikdən sonra Allah’ı inkar etsə və qəlbini küfrə açsa, Allah’ın qəzəbinə düçar olar. Onlar üçün böyük bir əzab vardır. Bu, ona görədir ki, onlar dünya həyatını axirətdən üstün tuturlar. Həm də Allah kafirləri doğru yola yönəltmir. Bunlar o kəslərdir ki, Allah onların qəlbinə, qulaqlarına və gözlərinə möhür vurmuşdur. Onlar əsl qafildirlər. Şübhəsiz ki, axirətdə ziyana uğrayanlar da onlardır! (Nəhl surəsi, 106-109)
Möminlərlə birlikdə imiş kimi göründüyü halda, inkarçıların olduğu mühitlərə meyil edən insanlar hər dövrdə hər müsəlman qrupun içindən çıxmışdır. Bu cür insanları üç qrupa bölə bilərik:
Bunlardan birinci qrupa daxil olanlar nəfslərinə bir anlıq tabe olmaları nəticəsində belə səhv edirlər. Ancaq xəbərdar edilib səhvləri izah edildikdən sonra tövbə edib Allah’dan bağışlanma diləyərlər. Eyni səhvi yenə təkrar etməkdən çəkinərlər. İkinci qrupa aid olanlar isə İslamla yeni tanış olublar və hələ tərbiyə olunurlar. Ona görə, səmimi olduqları təqdirdə, lazımi dini biliyi əldə etdikdən sonra bu cür səhvləri etməzlər. Ancaq tərbiyə mərhələsini fürsət bilib onlara edilən güzəştdən sui-istifadə etməyə çalışsalar, Allah dərgahında çox pis vəziyyətə düşəcəklər.
Bu qruplar arasında axirətləri baxımından ən təhlükəli vəziyyətdə olanlar üçüncü qrupa mənsub olanlardır. Bu adamlar o qədər zaman ərzində yiyələndikləri biliyə, möminlər arasında keçirdikləri uzun müddətə baxmayaraq, hələ Quranda tərif edilən ixlaslı və səmimi mömin modelinə qovuşmayıblar. Ona görə, şeytanın və nəfslərinin vəsvəsələrinə tez tabe olurlar. Nə yanlarındakı möminlərin gözəl əxlaqi xüsusiyyətlərindən nümunə götürür, nə də öz səhvlərindən ibrət alırlar. Əsasən, özlərinin haqlı və doğru yolda olduqlarını zənn edərək düzəlməyə, öyüd-nəsihət almağa ehtiyaclarının olmadığını düşünürlər.
Allah’ın qanununa əsasən, qəlblərində köklü mənəvi dəyişiklik etmədikləri təqdirdə, bu cür insanlar möminlərin arasında çox qalmayacaqlar. Öz istəkləri ilə möminlərin arasında qalmaq istəsələr də, Allah buna izin verməyəcək. Çünki onlar nəfslərini günahlarla örtür, pislikdən təmizlənməyə çalışmırlar. Allah isə qəti şəkildə pisi təmizdən ayıracağını vəd vermişdir:
Allah pisi yaxşıdan ayırmayınca möminləri sizin olduğunuz vəziyyətdə qoyan deyildir... (Ali-İmran surəsi, 179)