Sonsuz mərhəmət, şəfqət və güc sahibi olan Allah Quranda insanlara çox yaxın olduğunu, Ona dua edərək bir şey istədiklərində onların dualarını qəbul edəcəyini bildirir. Bu mövzuyla əlaqədar ayələrdən biri belədir:
Qullarım səndən Mənim barəmdə soruşsalar, Mən onlara yaxınam, Mənə yalvaranın duasını yalvardığı vaxt qəbul edərəm. Qoy onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər ki, doğru yola yönələ bilsinlər. (Bəqərə surəsi, 186)
Allah ayəsində də bildirdiyi kimi hər insana çox yaxındır, hər insanın diləyini, içindən keçirdiklərini, düşündüklərini, bir dostuna söylədiklərini, pıçıldaşaraq danışdıqlarına, hətta şüuraltında daşıdıqlarına qədər bilər. Buna görə Allah Ona yönəlib dua edən, Özündən istəyən hər kəsi eşidər və bilər. Bu, insanlar üçün çox böyük bir nemət və Allahın rəhmətinin, mərhəmətinin və sonsuz gücünün bir göstəricisidir.
Allah sonsuz bir güc və elmə malikdir. Allah bütün kainatda mövcud olan hər şeyin sahibidir. Ən güclü kimi görünən insanlardan ən böyük zənginliklərə, ən ehtişamlı göy cisimlərindən torpağın dərinliklərində yaşayan kiçik bir heyvana qədər canlı-cansız hər varlıq Allaha aiddir və Allahın iradə və idarəsi altındadır.
Bu həqiqətə iman edən bir insan, Allahdan hər şeyi istəyə bilər və Allahın duasını qəbul etməsini ümid edə bilər. Məsələn, amansız kimi görünən bir xəstəliyə tutulan bir insan, əlbəttə ki, bütün tibbi tədbirlərə müraciət edəcək, ancaq şəfanı verənin Allah olduğunu bilərək, Allaha sağlamlığı üçün dua edər. Və ya içində bir növ qorxu, ya da narahatlıq duyan bir insan Allahın ürəyinə fərahlıq verməsi və onu bütün qorxularından qurtarması üçün dua edə bilər. İşində qarşısına çətinliklər çıxan bir insan Allahın işlərini asanlaşdırması, çətinliklərini aradan qaldırması üçün Allaha yönələ bilər. İnsan bunlar kimi saymaqla bitməyəcək qədər çox mövzuda Allahdan istəyə bilər. Allahın hidayətini artırması, onu cənnətdə salehlərlə birlikdə sonsuza qədər qonaq etməsi, cənnəti, cəhənnəmi, Allahın gücünü daha yaxşı qavrayıb anlamaq üçün qavrayışını artırması, zənginliyinin artması kimi...
Ancaq bu nöqtədə vacib olan və Quranda bildirilən bir sirr də vardır. Allah bir ayədə, "İnsan xeyirə dua etdiyi kimi, şərə də dua etməkdədir. İnsan çox tələsəndir". (İsra surəsi, 11) şəklində bildirir. Məsələn, bir insan uşaqlarının gələcəyi üçün Allahdan böyük bir mülk və zənginlik istəyə bilər. Ancaq Allah onun bu istəyində bir xeyir görməyə bilər. Bəlkə də, zənginlik uşaqlarının azğınlaşıb azmasına səbəb olacaq. Allah bu insanın duasını eşidər və onun duasına ən xeyirli şəkildə cavab verər. Və ya bir insan bir yerə bir an əvvəl çatmaq üçün dua edər. Amma, bəlkə də, özü üçün oraya daha gec getməsi və biriylə qarşılaşaraq ondan axirətinə fayda gətirəcək şeylər öyrənməsi daha xeyirlidir; Allah bunu bilir və bu adamın da duasına yenə ən xeyirli olacaq şəkildə razılıq verər. Yəni Allah o insanı eşidər, amma duasında onun üçün bir xeyir görmürsə, onun üçün ən xeyirli olanı yaradar. Bu, çox əhəmiyyətli bir sirdir.
Bu sirri bilməyənlər Allaha dua etdikdən sonra duaları reallaşmadığında, Allahın onları eşitmədiyini zənn edərlər. Bu, çox azğın və cahil bir inancdır. Çünki Allah insana şah damarından daha yaxındır. (Qaf surəsi, 16) O, insanın hər danışığından, hər düşüncəsindən, həyatının hər anından xəbərdardır. İnsan yatarkən belə Allah onun hər halını, yuxusunda gördüklərinə qədər bilər. Bunların hamısını yaradan Allahdır. Buna görə insan Allaha hər dua etdiyində Allahın duasını bir ibadət olaraq qəbul etdiyini bilməli və duasına özü üçün ən xeyirli zamanda və ən xeyirli şəkildə cavab veriləcəyinə iman etməlidir.
Dua hər insan üçün çox qiymətli bir ibadət və böyük bir nemətdir. Çünki Allah insana dua vasitəsi ilə Allahın xeyirli və gözəl gördüyü hər şeyə çatma imkanı vermişdir. Allah, "De ki: Sizin duanız olmasaydı, Rəbbim sizə dəyər verərdimi?…" (Furqan surəsi, 77) ayəsiylə duanın insanlar üçün əhəmiyyətini bildirir.
Allah çətinlik və ehtiyac içində olanın duasını qəbul edər
Dua edilən zamanlar insanın Allaha olan yaxınlığının, dostluğunun və Allaha nə qədər möhtac olduğunun aydın olduğu anlardır. Çünki insan dua edərkən, həm Allahın qarşısında nə qədər aciz və gücsüz olduğunu anlayar, həm də özünə Allahdan başqa heç bir gücün kömək edə bilməyəcəyinin fərqinə varar. İnsanın duasının səmimiliyi isə, Allahdan istədiyi şeyə nə qədər ehtiyac duyduğunu hiss etməsi ilə əlaqədardır. Məsələn, hər insan dünyaya sülh və hüzur gəlməsi üçün dua edə bilər. Ancaq döyüşün ortasındakı bir insanın bu mövzudakı duası, digərlərinə görə daha çətinlik və ehtiyac içində olacaq, buna görə bu insan bu mövzuda Allaha daha çox yalvararaq və möhtac olaraq dua edəcək. Və ya dənizin ortasında fırtınaya tutulmuş bir gəmidəki, ya da qəzaya düşmək üzrə olan bir təyyarədəki insanların hamısı, Allaha yalvara-yalvara dua edərlər. Dualarında son dərəcə içdən və boyun əyici olarlar. Allah bir ayədə bunu belə bildirir:
De: “Acizanə və gizlicə: “Əgər bizi bundan qurtarsan, əlbəttə ki, şükür edənlərdən olarıq” – deyə yalvardığınız zaman sizi qurunun və dənizin zülmətlərindən xilas edən kimdir?” (Ənam surəsi, 63)
Allahın Quranda insanlara bildirdiyi məqbul dua, "yalvara yalvara" olan duadır:
Rəbbinizə acizanə, həm də gizlicə dua edin! Şübhəsiz ki, O, həddi aşanları sevmir. (Əraf surəsi, 55)
Allah bir başqa ayədə isə, çətinlik və ehtiyac içində olanın duasını qəbul etdiyini bildirir:
Darda qalan kimsə yalvardığı zaman ona cavab verən, şəri sovuşduran və sizi yer üzünün varisləri edən kimdir? Heç Allahla yanaşı başqa bir məbudmu var? Siz necə də az düşünürsünüz? (Nəml surəsi, 62)
Əlbəttə ki, bir insanın istəkləri üçün Allaha yalvarması, çətinlik və ehtiyac içində dua etməsi üçün, ölüm təhlükəsində olması şərt deyil. Bu nümunələr insanların, duanın səmimi və içdən olması üçün necə ruh halı lazım olduğunu, qəflətdən xilas olduqları ölümə yaxın anlarında necə Allaha yönəldiklərini müqayisə edə bilmələri baxımından verilir. Allaha könüldən bağlı olan möminlər isə ölümü görməsələr də, Rəbbimizə həmişə səmimiyyətlə və acizliklərini bilərək möhtac bir halda yönələrlər. Bu, onları inkar edənlərdən və imanı zəif olanlardan ayıran əhəmiyyətli bir xüsusiyyətdir.
Duada sərhəd tanımamaq
İnsan halal-haram sərhədləri içində Allahdan hər şeyi istəyə bilər. Çünki daha əvvəl də ifadə edildiyi kimi, Allah bütün kainatın tək hakimi və tək sahibidir və əgər diləsə, insana hər dilədiyini verər. Dua ilə Allaha yönələn hər insan, Allahın hər şeyə gücünün çatdığına, hər istəyinin Allah üçün çox asan olduğuna, duası özü üçün xeyirlə nəticələnəcəksə, Allahın istəyini reallaşdıracağına iman etməlidir. Quranda nümunələri verilən peyğəmbərlərin və saleh möminlərin duaları, möminlərin Allahdan nələri istədiklərinə dair bir nümunədir. Məsələn, hz.Zəkəriyya Allahdan xeyirli bir soy istəmişdir və arvadı sonsuz olmasına baxmayaraq Allah onun duasına cavab vermişdir:
Bir zaman Zəkəriyya Rəbbinə gizlicə dua edib (Məryəm surəsi, 3)
demişdi: “Ey Rəbbim! Artıq sümüklərim zəifləmiş, başım da ağappaq ağarmışdır. Ey Rəbbim! Sənə etdiyim dua sayəsində heç vaxt bədbəxt olmamışam. (Məryəm surəsi, 4)
Mən özümdən sonra gələn qohumlarımdan dinə etinasız yanaşacaqlarından qorxuram. Zövcəm də sonsuzdur. Mənə Öz tərəfindən elə bir övlad bəxş et ki, (Məryəm surəsi, 5)
o həm mənə, həm də Yaqub nəslinə varis olsun. Ey Rəbbim! Elə et ki, o Sənin razılığını qazanmış olsun!” (Məryəm surəsi, 6)
Allah hz.Zəkəriyyanın duasını qəbul etmiş və onu hz.Yəhya ilə müjdələmişdir. Hz.Zəkəriyya isə bir oğlu olacağı müjdəsini aldığında arvadı sonsuz olduğu üçün buna çaşmışdır. Allahın hz.Zəkəriyyaya verdiyi cavab möminlərin dualarında unutmamalı olduğu bir sirri ehtiva edir:
O dedi: “Ey Rəbbim! Zövcəm sonsuz bir qadın ikən, özüm də qocalığın son həddində olduğum halda necə mənim övladım ola bilər?” (Məryəm surəsi, 8)
Mələk dedi: “Bu, belədir, lakin Rəbbin buyurdu: “Bu Mənim üçün asandır. Axı əvvəlcə sənin özünü də sən heç bir şey deyilkən xəlq etmişdim!”” (Məryəm surəsi, 9)
Quranda duasına razılıq olunan daha bir çox peyğəmbərin xəbəri verilir. Məsələn, hz.Nuh hidayət tapmaları üçün hər yolu sınadığı, ancaq buna baxmayaraq, azğınlığı gedərək artan qövmü üçün Allahdan əzab istəmiş və Allah duasına qarşılıq qövmünə, tarixə keçəcək qədər böyük və şiddətli bir əzab vermişdir.
Bir çətinlik səbəbindən hz. Əyyub də Allahı çağıraraq "... Əyyubu da yada sal! Bir zaman o, Rəbbinə yalvarıb demişdi: “Mənə, həqiqətən də, bəla düçar olubdur. Sən rəhmlilərin ən rəhmlisisən!” (Ənbiya surəsi, 83) demişdir. Allah hz. Əyyubun duasının qarşılığını Quranda belə bildirir:
Biz onun duasını qəbul etdik və ona düçar olmuş bəlanı aradan qaldırdıq. Öz tərəfimizdən bir mərhəmət və ibadət edənlərə bir ibrət olsun deyə, ailəsini ona qaytardıq, üstəlik bir o qədər də əlavə etdik. (Ənbiya surəsi, 84)
Hz. Süleymanın Quranda xəbər verilən, "Rəbbim məni bağışla və məndən sonra heç kimə nəsib olmayan bir mülkü mənə hədiyyə et. Şübhəsiz, sən qarşılıqsız hədiyyə edənsən" (Sad surəsi, 35) şəklindəki duasına qarşılıq Allah ona çox böyük bir iqtidar və zənginlik vermişdir.
Buna görə dua edənlər Allahın gücünün hər şeyə çatdığını və Allahın "Ol" əmriylə hər şeyin bir anda ola biləcəyini bilməli və bunlara iman edərək Allahdan istəməlidirlər. Allahın ayəsində də bildirdiyi kimi, Allah üçün hər şey asandır və Allah hər duanı eşidir və bilir.
Allah, dünyanı istəyənlərə verər, ancaq onlar axirətdə böyük bir itki içində olarlar
Allahdan lazımi kimi qorxub çəkinməyən, axirətə də qəti bir məlumatla iman etməyən insanların istəkləri yalnız dünyaya istiqamətli olar. Onlar zənginliyi, mülkü, etibarı həmişə bu dünyadakı həyatları üçün istəyərlər. Allah yalnız dünya üçün istəyənlərin axirətdə bir qazancları olmayacağını bildirir. Möminlər isə həm dünya həyatları, həm də axirətləri üçün Allahdan istəyərlər, çünki axirətin dünya həyatı qədər qəti və yaxın bir həyat olduğuna iman edərlər. Allah bunu Quranda belə bildirir:
İnsanlar arasında: “Ey Rəbbimiz! Bizə verəcəyini elə bu dünyada ver!” – deyənlər vardır. Belə şəxslərin axirətdə heç bir payı yoxdur. (Bəqərə surəsi, 200)
Onlardan: “Ey Rəbbimiz! Bizə həm bu dünyada, həm də axirətdə gözəl nemətlər ver və bizi Od əzabından qoru!” – deyənləri də vardır. (Bəqərə surəsi, 201)
Belələri üçün qazandıqları əməllərə görə bir pay vardır. Allah tez haqq-hesab çəkəndir. (Bəqərə surəsi, 202)
... Möminlər də dualarında Allahdan sağlamlıq, zənginlik, elm və gözəllik istəyərlər. Ancaq onların hər dualarında Allahın məmnuniyyəti və dinə uyğun bir niyyət vardır. Məsələn, zənginliyi, Allah yolunda istifadə etmək üçün istəyərlər. Bu mövzuyla əlaqədar olaraq Allahın Quranda nümunə verdiyi peyğəmbərlərdən biri hz.Süleymandır.
Hz.Süleyman Allahdan özünə kimsənin çata bilməyəcəyi qədər böyük bir mülk verməsini istəyərkən bunu dünyaya istiqamətli bir ehtiras olaraq deyil, Allah yolunda istifadə etmək, insanları Allahın dininə çağırmaq və Allahı zikr etmək üçün istəmişdir. Hz.Süleymanın Quranda bildirilən sözləri onun səmimi niyyətinin bir göstəricisidir: Ayədə belə buyurulur:
"... Həqiqətən, mən mal sevgisini Allahı zikr etməkdən ötəri seçdim". (Sad surəsi, 32)
Allah Hz.Süleymanın bu duasını qəbul etmiş, ona həm dünyada böyük bir mülk vermiş, həm də onu axirət nemətləriylə mükafatlandırmışdır. Bunun yanında, yalnız dünya həyatını istəyən, axirəti düşünməyənlərə də Allah dünyada istəklərini verər, ancaq onlara axirətdə əzab dolu bir həyat vardır. Dünya həyatında sahib olduqları heç bir nemətə axirətdə çata bilməzlər.
Allah bu əhəmiyyətli məlumatı Quranda bu ayələriylə insanlara bildirir:
Biz axirət savabını istəyənin savabın artırar, dünya qazancını istəyənə də ondan verərik. Lakin onun axirətdə heç bir payı olmaz. (Şura surəsi, 20)
Kim gəldi-gedər dünyanı istəsə, orada ona – dilədiyimiz kimsəyə istədiyimiz şeyləri dərhal verərik. Sonra isə onu qınanmış və Allahın rəhmətindən qovulmuş halda girəcəyi Cəhənnəmə atarıq. (İsra surəsi, 18)