Bəzi insanlar xurafatçılığın kor-koranə və şüursuz şəkildə yayıldığını və nəsildən-nəslə keçdiyini düşünürlər. Halbuki, belə deyil. Düzdür, bəzən insanlar xurafatçılığı cahillikdən və savadsızlıqdan mənimsəyirlər. Lakin xurafatçılıq çox vaxt illərlə davam edən təlim və təbliğ nəticəsində öyrənilir və yayılır. Bu “kursun tələbələri” özlərinin ən doğru yolda olduqlarına qəti iman gətirir və batil düşüncələri bilərək və istəyərək müdafiə edirlər. Bir sözlə, xurafatçılığın yalnız cahillikdən və savadsızlıqdan meydana çıxdığını demək düzgün deyil. Xurafatçılıq şüurlu şəkildə təbliğ və tədris nəticəsində də mənimsənilir.
Xurafatlarla dolu həyat tərzini mənimsəyənlər adət-ənənələrini istər ailədaxili, istərsə də tədris müəssisələrində təbliğ və tətbiq yolu ilə nəsildən-nəslə ötürürlər. Xurafatçılığa əsaslanan fanatik ideologiyalar kiçik yaşlardan etibarən uşaqlara ciddi, əhatəli və sistemli şəkildə öyrədilir.
Valideynlər bu sistemin bir hissəsi olduqları üçün uşaqların məktəbdə və ailədə öyrəndiklərinə tam uyğunluq göstərirlər. Nəticədə, uşaqlar hər şəraitdə eyni batil təlqinlərə məruz qalırlar. Adətən xurafatçı ailədə böyüyən uşaqların valideynlərindən fərqli dünyagörüşünə yiyələnməyə fürsətləri olmur.
Xurafatçıların səciyyəvi xüsusiyyətlərindən biri İslam dininin tək mənbəyi olan Quranı (haşa) əskik görmələri, İslamı tam əhatə etmədiyini düşünmələridir. Bir insanın Quranı özbaşına dərk edə bilməyəcəyini, dini ancaq bəzi alimlərdən və onların əsərlərindən öyrənməyin mümkün olduğunu iddia edirlər. Xurafatçılığa xidmət edən alimlərin kitablarından başqa kitab məsləhət görmür, hətta qadağan edirlər. Quranı (haşa) yetərsiz görən bu azğın düşüncə müsəlman aləminin böyük qisminin Qurandan, həqiqi Quran əxlaqından uzaqlaşmasına səbəb olur.
Xurafatçıların digər səciyyəvi xüsusiyyəti isə xırdaçılıqdır. Quranda bir ayə ilə aydın şəkildə bildirilən mövzu xurafatçı mənbələrdə yüzlərlə səhifəlik kitablarla şərh edilir. Xurafatçılar xırdaçılığa üz tutduqca dinin tələbindən uzaqlaşır və bunu fərqində olmurlar. Beləliklə, Quranda olmayan, dindən tamamilə uzaq xurafatlar içində boğulurlar. Quranın insanın ruhunu oxşayan, ağıllı üslubundan uzaqlaşaraq xurafatlarla dolu həyat yaşamağa başlayarlar.
İnsanları bu qaranlıq və boğucu həyat tərzindən xilas etməyin tək yolu doğru maarifləndirmə sisteminin yaradılmasıdır. Müsəlman ölkələrində dini təhsil ancaq Quran əsasında qurulmalıdır. Yeni nəsil dini xurafat dolu kitablardan deyil, məhz Qurandan öyrənməlidir.
Uşaqlara elmi kəşflərlə Quran ayələrinin üst-üstə düşməsi möcüzələrindən bəhs edilməlidir. Xurafatçılar isə nəinki elmi kəşfləri dilə gətirmir, hətta bunu çox əhəmiyyətsiz hesab edirlər. Musiqi, rəssamlıq, heykəltəraşlıq, memarlıq kimi incəsənət sahələri isə şeytan əməli kimi təbliğ edilir. Halbuki, Quranın bir çox ayəsində incəsənət və estetikanın gözəlliyinə və vacibliyinə xüsusi diqqət yetirilir.
Xurafatçılıq insanları dindən və din əxlaqından uzaqlaşdıran çox böyük bəlalardan biridir. İslam ölkələrini cənginə alan müharibələrin, zülmlərin və terrorun altında da məhz bu bəla dayanır. Bu ölkələrdə xurafatların, batil inancların yerinə Quranda bildirilən modern, incəsənət və estetikaya əhəmiyyət verən, demokratik həyat tərzi mənimsənildikdə münaqişələr, çəkişmələr və bunların səbəb olduğu əzab-əziyyətlər ortadan qalxacaq, bütün İslam aləmi xoşbəxtliyə, sevgiyə, dostluğa, qardaşlığa qovuşacaqdır.
Regional deyil, qlobal problemdir
Bura qədər bəhs edilənlər İslam adı altında dini özündən uzaqlaşdıran fanatizm modelidir. Həll yolu Qurana əsaslanan maarifləndirmə ilə insanlara xurafatların necə böyük bəla olduğunu göstərməkdir.
Bəzən fanatizm də adlandırılan və insanları zülmətə sürükləyən xurafatçı zehniyyətə təkcə İslamda deyil, Xristianlıqda, Yəhudilikdə və ya ateist, Marksist, faşist və bir çox batil etiqadlar içərisində də rast gəlmək mümkündür. Dolayısı ilə, xurafatçılıq təkcə müsəlman ölkələri üçün deyil, bütün dünya üçün çox təhlükəlidir. Buna səbəb öz fikirlərini ən üstün tutub başqa düşüncə tərzini qəbul etməyən xurafatçıların lazım bildiklərində çəkinmədən şiddətə üz tutmaqlarıdır. Həqiqətə qulaqlarını tamamilə qapadıqları üçün fərqli düşüncələrə şiddətlə yanaşmaqda heç bir qüsur görmürlər. Buna görə də dünya insanları minlərlə firqəyə bölünmüşdür. Bu firqələrin hər biri ancaq özünün haqq yolda olduğunu düşünür, fərqli düşüncələrə qarşı şiddət tətbiq edirlər. Məhz bunun nəticəsində müharibələr, münaqişələr, qətliamlar sona çatmır.
Bütün bu xaosun dərhal sona çatması üçün isə dünya miqyasında təhsil sahəsində çox ciddi addımlar atılmalıdır. Müsəlman ölkələr həqiqi Quran əxlaqını mənimsədikləri, dostluq-qardaşlıq, hörmət və anlayışla bütün insanları qucaqladıqları halda həm öz aralarındakı parçalanma ortadan qalxacaq, həm də sevgini, sülhü, qardaşlığı və fikir azadlığını öndə tutan, ədalətli və demokratik siyasətləri ilə bütün dünyaya nümunə olacaqdır.