Koala Avstraliyada yaşayan kisəli heyvanlardan biridir. Bu canlılar həyatlarının böyük hissəsini evkalipt ağaclarının üzərində keçirirlər.
Evkalipt ağacı koalalar üçün həm ideal qorunma məkanı, həm də qida və dərman mənbəyidir. Evkalipt yarpaqları bir sıra tibbi təsirə malikdir. Bu yarpaqlar efir yağı ilə zəngindir. Bu yağın kimyəvi tərkibi bir çox heyvan üçün öldürücüdür, yəni zəhərlidir. Koalanın qaraciyəri bu maddənin zəhərini zərərsizləşdirən xüsusi sistemə malikdir. Bu səbəbdən, koalalar digər canlılardan fərqli olaraq bu zərərli bitkini rahatlıqla qida kimi istifadə edirlər.
Koala evkalipt budaqlarında hərəkət edərkən, bu yarpaqların yağları heyvanın bədəninə də sürtülür. Bədənə sürtülən yağın bir hissəsi havaya sovrulur, digər hissəsi isə bədəndə qalır. Bu isə heyvanın bədənindəki parazitlərin yerə tökülməsini təmin edir.
Koala və evkalipt ağacları arasındakı uyğunlaşma bununla məhdudlaşmır. Koala bədən temperaturunun təmin edilməsini də evkalipt yarpaqları sayəsində edir. Evkalipt yarpaqlarının kimyəvi tərkibi müxtəlifdir. Hətta bir evkalipt ağacında iki fərqli yarpaq tipi ola bilər. Koala tibbi təhsil almışcasına ağacdakı yüzlərlə yarpağın içindən özünə lazım olanları seçir. Məsələn, bədən temperaturu aşağıdırsa, yəni üşüyürsə, o zaman fellandren tərkibli yarpaqları yeyərək qızınır. Bunun əksinə, temperaturu varsa, sineol tərkibli yarpaqları tapdalayaraq bədəninin sərinləməsini təmin edir. Bununla yanaşı, evkalipt yarpaqlarında olan başqa yağlar da heyvanın qan təzyiqini aşağı salır və əzələlərin gərginliyinin aradan qalxmasına səbəb olur. (Hasta Hayvanlar Nasıl Şifa Bulur?, Sinan Erten, Bilim ve Teknik, Ocak 1996, səh.99)
Onu da qeyd etmək lazımdır ki, Avstraliyada evkalipt ağacının 600-dən çox növü var. Ancaq koalalar onların yalnız 35-dən istifadə edirlər. Bədən temperaturlarını sabit tutmaq üçün həm ağac növünü, həm də yarpağı doğru seçməlidirlər. Koala ehtiyac duyduğu maddənin hansı evkalipt ağacında və hansı yarpaqda olduğunu haradan bilir? (Harun Yəhya, Düşünən insanlar üçün). Bunu canlının qabiliyyətlərində axtarmaq, şübhəsiz ki, mümkün deyil. Əlbəttə, yaşamaqdan başqa bir məqsədi olmayan şüursuz bir canlının bunları bacardığını düşünmək ağıldan uzaq olar. Bu canlılara bütün bunları xəbər verən bir iradə sahibinin varlığı şübhəsizdir. Bu iradə koalalara, təbiətə, ya da insana aid deyil. Bu iradə sahibi hər şeyi yaradan, hər şeyə hökm verən, hər şeydən xəbərdar olan və hər şeyə qadir olan uca Rəbbimizdir.
Qeybi və aşkarı Bilən, Qüdrətli və Rəhmli olan Odur. Hansı ki, yaratdığı hər şeyi gözəl biçimdə yaratmış, insanı ilk olaraq palçıqdan xəlq etmişdir. (Səcdə surəsi, 6-7)