Ülfət pərdəsi səmimi təfəkkürlə qalxar
“Ülfət” sözünün mənası vərdiş etmək deməkdir. Bəzi insanlar kainatdakı gözəlliklərin, möcüzələrin, qüsursuz təfərrüatların uca Allahın bənzərsiz elmi və sənəti olduğunu qavraya bilmirlər. Çünki ülfət pərdəsi gözlərini bağlayaraq onları “kor” etmişdir.
Din əxlaqını yaşamayan insanlar bir mövzu üzərində dərin düşünməyə çalışmırlar. Çünki bütün diqqətlərini gün boyunca baş verən kiçik hadisələrə yönəldir, bununla da zehinlərini yoraraq zamanın böyük hissəsini bu düşüncələrə sərf edirlər.
Bu insanlar, adətən, ev, iş, məktəb və ya ailədaxili məsələlərə daha çox vaxt ayırırlar. Buna görə də müəyyən vaxtdan sonra ətrafdakı gözəlliklərin fərqinə vara bilmir, onları sadəcə ilk dəfə gördükdə təsirlənirlər. Əlbəttə ki, bir insanın evi və ya ailəsi ilə bağlı hər hansı məsələyə vaxt ayırması gözəl davranışdır. Lakin burada bir insanın dünya həyatına aldanaraq ətrafındakı yaradılış nümunələri və Allahın sonsuz elminin dəlilləri qarşısında səssiz qalmasından bəhs olunur.
Dünyaya nemət olaraq baxmaq
Ülfət içində olan insan hər hansı bir yaradılış dəlili ilə ilk dəfə qarşılaşdıqda ondan təsirlənir. Hətta bu, onun qısa müddət ərzində daha dərin düşünməsinə və gördüyü gözəllikləri araşdırmasına vəsilə ola bilər. Lakin bir müddət sonra ilk andakı həyəcanını və həssaslığını itirərək gördüyü gözəlliyə qarşı ülfət hissi yaranır. Hətta bir az sonra bunlar "adi" və "cansıxıcı" görünməyə başlayır. Bu insanlar həyatları boyunca rastlaşdıqları bir çox hadisələrə “gündəlik baş verən adi hal” kimi yanaşırlar. Halbuki həyatda baş verən hər şey Allahın hikmətlə yaratdığı hadisələrdir. Allah insanı saysız-hesabsız gözəllik və möcüzələrlə əhatə etmişdir. Bunların hər birində isə bir çox xeyir və hikmətlər var. Bədiüzzaman Səid Nursi bu həqiqəti belə ifadə edir:
"Ülfət, adət və yeknəsəqlik (monotonluq) pərdələri altında möcüzəvi həqiqətlər gizlənir. Bu kainatı idarə edən Zat (Allah) hər şeyi nizam və mizanla (nizam və tarazlıq) mühafizə edir. Bu nizam və mizan isə elmlə hikmətin, iradə ilə qüdrətin təzahürüdür. Hər şeyin sənətində ən yüksək intizamın (uyğunluğun) olması onu göstərir ki, iş hüdudsuz hikmətlə görülür". (Sözler I, səh: 77)
Bədiüzzamanın da qeyd etdiyi kimi, hikmətlə və yüksək sənətkarlıqla yaradılan nizam, qüsursuzluq həyatın hər anına hakimdir. Lakin bunu yalnız iman gətirən, səmimi qəlbdən Allaha yönələn və hadisələrə hikmətlə baxan insanlar dərk edə bilirlər. Onlar hər şeyi Allahın yaratdığı nemət olaraq gördüklərinə görə üzərlərini ülfət və qəflət pərdəsi örtməz. Hər birinə qarşı bitib-tükənməyən sevgi və heyranlıq duyurlar.
Ülfəti əmələ gətirən nədir?
İnsanlar bəzi səbəblərə görə hadisələri ülfət pərdəsinin arxasından görürlər. Bunlardan biri də onların mənəvi deyil, maddi aləmə əhəmiyyət vermələridir. Bədiüzzaman Səid Nursi də: "Hər şeyi maddiyyatda axtaranların ağılları gözlərindədir. Göz isə mənəviyyatda kordur."– deyərək bu həqiqəti bizə xatırlatmışdır.
Məsələn, tibb fakültəsində oxuyan tələbə ilk dəfə anatomiya dərsində ölü insan bədəni ilə qarşılaşdıqda bundan çox təsirlənə bilər. Bu cəsədin bir müddət əvvəl həyat dolu, şən, gözləri işıl-işıl parlayan, bəlkə də gələcəyə dair bir çox planları olan insan olduğunu, indi isə cansız bədən kimi qarşısında uzandığını heyrət və təəccüblə qarşılayar. Hətta özünün və yaxınlarının ölümləri haqqında da düşünə bilər. Dünya həyatının müvəqqəti olduğunu, ölümün gec-tez hər kəsin başına gələcəyini anlayar. Bir zamanlar cazibəli və heybətli olan bir bədənin sürətlə çürüməsi, xarici görünüşünün korlanması, hətta yanında durmağın mümkün olmaması onu çox düşündürər. Lakin insan bütün bunları iman gözü ilə dəyərləndirməzsə, zaman-zaman daha çox cəsəd gördükcə bu, onda vərdiş və düşüncə zəifliyi meydana gətirər. Bu cür heyrətamiz hadisə üzərində düşünmədikcə bir müddət sonra adi qarşılanır.
Yaşadığımız hər an nemətdir
Allah Öz rəhməti ilə qullarına hər an mükəmməl nemətlər bəxş edir. Bu isə ülfətin yaranma səbəblərindən biridir. Qəflət içində olan bəzi insanlar isə yaşamaları üçün saysız-hesabsız nemətləri onlara bağışlayanın və qüsursuz sistemlər vasitəsilə onları qoruyanın uca Allah olduğunu görməməzliyə vururlar. Ətraflarındakı yaradılış dəlilləri üzərində düşünmürlər. Allah bu həqiqəti bir ayədə belə bildirmişdir:
Göylərdə və yerdə neçə-neçə dəlillər vardır ki, (insanların çoxu) onların yanından üz çevirib keçirlər. (Yusif surəsi, 105)
Ayədə bildirildiyi kimi, gündəlik həyatda insanların vərdiş etdikləri bir çox hadisələr baş verir. Məsələn, insan hər dəfə ayağını yerə basarkən ayağının altındakı damarların üzərinə təqribən 70-80 kiloluq təzyiq düşür. Lakin ayaqlarda olan incə damarların heç biri zədələnmir.
Milyardlarla fərqli yaradılış
Bəzi insanlar hər gün gördükləri çiçəyin qapqara, palçıqlı torpaqdan necə rəngarəng və tərtəmiz çıxdığını heç düşünmürlər. Torpaq hər şeyi çürütdüyü halda, necə olur ki, bitkiyə həyat verir?
İnsan küçədə gedərkən yüzlərlə, minlərlə insan görür. Onların heç biri digərinə bənzəmir, hətta barmaq izləri də bir-birlərindən fərqlənir. Ülfət içində olan insanlar Allahın milyardlarla insanı bir-birindən tamamilə fərqli yaratdığını da düşünmürlər.
Bu nümunələr Allahın varlığını, gücünü, ağlını və sənətini göstərən dəlillərdəndir. İnsanlar isə təfəkkür etməyə mane olan səbəbləri aradan qaldıraraq səmimi qəlbdən Allaha yönəlməlidirlər. Bununla da Allahın yaratdığı bütün varlıqların və hadisələrin hikmətini düşünərək üzərlərindəki ülfət pərdəsini qaldırmalıdırlar. Bir ayədə Allahın qullarına olan lütfkarlığı belə bildirilmişdir:
Sizə verilən nemətlərin hamısı Allahdandır. Sonra sizə bəla gəldiyi zaman ancaq Ona yalvarırsınız. (Nəhl surəsi, 53)
Göylərdə və yerdə neçə-neçə dəlillər vardır ki, (insanların çoxu) onların yanından üz çevirib keçirlər. (Yusif surəsi, 105)