Bu yazının yazıldığı əsnada Yaxın Şərq bir daha İsraillilər ilə Müsəlmanlar arasındakı qarşıdurmalara səhnə olur. İsrail ordusu Fələstinli vətəndaşların məskunlaşdığı yerləri vəhşicəsinə bombalayır, uşaqlara atəş açır, Fələstini yaşanması mümkün olmayan bir vəziyyətə gətirməyə çalışır. Bəzi Fələstinli radikallar isə sivil İsrail xalqını hədəf alır, günahsız uşaqları və ya qadınları hədəf alan qorxunc intihar hücumları ilə dəhşət saçırlar.
Müsəlmanlar olaraq bizim ricamız, hər iki tərəfin qəzəb və nifrətinin dayanması, axan qanların dayanması və Yaxın Şərqdə sülhün bərqarar olmasıdır. İsraillilərin günahsız insanları vurmasına da, bəzi radikal Fələstinlilərin terrora əl ataraq günahsız İsrailliləri bombalamasına da qarşıyıq.
Biz tərəfindən bu qarşıdurmaların sona çatmasının və Yaxın Şərqə əsl sülhün hakim olmasının ən əhəmiyyətli şərti, hər iki tərəfin də öz inanclarını səmimi və doğru bir şəkildə anlaması və tətbiq etməsidir. Çünki İsrail-Fələstin qarşıdurması, Yəhudilər və Müsəlmanlar arasında "dini müharibə" adını qazanmış vəziyyətdədir. Halbuki belə bir din müharibəsinin baş verməsi üçün heç bir səbəb yoxdur. Yəhudilər və Müsəlmanlar, hər biri Allaha inanan, eyni peyğəmbərləri sevən və hörmət edən, eyni əxlaqi prinsiplərə sahib olan insanlardır. Bir-birlərinə düşmən deyillər; əksinə ateizmin və din düşmənliyinin yayıldığı bir dünyada bir-birlərinin müttəfiqidirlər.
Bu fundamental prinsipi əsas tutaraq, İsraillilərə (və bütün Yəhudilərə) çağırış edirik:
1) Müsəlmanlar və Yəhudilər, bütün kainatın və canlıların Yaradıcısı olan tək olan Allaha inanırlar. Hamımız Allahın qullarıyıq və Ona dönəcəyik. O halda niyə bir-birimizə düşmən olmalıyıq? İnandığımız müqəddəs kitablar bir-birindən fərqlidir; amma hamımız o kitablara Allahın vəhyi olduğuna inandığımız üçün tabe oluruq. O halda niyə bir-birimizə qarşı cəbhə alaq?
2) İsraillilər Müsəlmanların yerinə, ateist və ya bütpərəst insanlarla bir yerdə yaşamağı seçərdilərmi? Müqəddəs Kitabları bütpərəstlərin Yəhudilərə qarşı etdikləri qorxunc zülmləri izah edən cümlələrlə doludur. Ateist və dinsizlərin (məsələn, Nasistlərin, antisemit irqçilərin və ya Stalin Rusiyası kimi kommunist rejimlərin) Yəhudilərə tətbiq etdikləri qorxunc soyqırım və zülmlər də ortadadır. Sözügedən dinsiz qüvvələr Yəhudilərə Allaha inandıqları üçün nifrət bəsləyiblər və buna görə onlara zülm ediblər. Həm Müsəlmanlara, həm də Yəhudilərə düşmən olan bəhs etdiyimiz ateist, kommunist və ya irqçi güclərə qarşı, iki dinin mənsubları eyni cərgədə deyilmi?
3) Müsəlmanlar və Yəhudilər, eyni peyğəmbərləri sevir və hörmət edirlər. Hz. İbrahim, Hz. İshak, Hz. Yusuf, Hz. Musa və ya Hz. Davud Yəhudilər üçün nə qədər əhəmiyyətlidirlərsə, Müsəlmanlar üçün də ən az o qədər əhəmiyyətlidir. Bu mübarək insanların üzərində yaşadıqları və Allaha xidmət etdikləri torpaqlar, Yəhudilər üçün nə qədər müqəddəsdirsə, Müsəlmanlar üçün də ən az o qədər müqəddəsdir. O halda niyə bu torpaqlar gözyaşına və qana qərq olunsun?
4) İsrailin funndamental dəyərləri biz Müsəlmanlar üçün də müqəddəsdir. "İsrail" sözü Quranda ətraflı izah edilən və bütün Müsəlmanların hörmətlə andıqları Hz. Yaqubun adıdır. Hz. Davudun altı bucaqlı ulduzu, bizim üçün də bir peyğəmbər simvoludur. Sinaqoqlar Qurana görə Müsəlmanların qoruması lazım olan ibadət evləridir. (Həcc Surəsi, 40) Belə halda iki dinin mənsubları, niyə bir yerdə və barış içində yaşamasınlar?
5) Tövrat Yəhudilərə yer üzündə torpaq işğal etməyi və qan tökməyi deyil, sülh təmin etməyi əmr edir. İsrail soyu "millətlər üzərinə bir işıq" olaraq təsvir edilir. Xaxam Dovi Weissin dediyi kimi;
Sonsuz Qüdrət Sahibi olan Allah, Yəhudi xalqına dünya üzərindəki bütün insanlarla və xalqlarla sülh içində yaşamağı əmr edir. Bizim vəzifəmiz asandır: Hər zaman Yaradıcıya təvazökarlıqla qulluq etmək. Tövrata inanan Yəhudilər olaraq, hansı insan və ya insan qrupu əzab çəksə, onlara mərhəmət bəsləməklə məsuluq. (1)
Əgər İsraillilər Fələstinlilərə bugünki kimi davranmağa davam etsələr, çox güman ki, bunun hesabını Allaha verməyə bilərlər. Günahsız İsrail vətəndaşlarını qətl edən Fələstinlilər də, bu cinayətlərin hesabını çox güman ki, verə bilməzlər. Hər iki tərəfi şeytani bir şiddətə sürükləyən bu qarşıdurmalara son qoymaq, Allahın razılığının tələbi deyilmi?
Yəhudiləri bütün bunlar üzərində düşünməyə dəvət edirik. Allah biz Müsəlmanlara, Yəhudiləri və Xristianları "ortaq bir sözə" dəvət
etməyi əmr etmişdir:
Söylə: “Ey kitab əhli, sizinlə bizim aramızda eyni olan bir kəlməyə tərəf gəlin! “Allahdan başqasına ibadət etməyək. Ona şərik qoşmayaq və Allahı qoyub bir-birimizi (özümüzə) Rəbb qəbul etməyək!” Əgər onlar yenə də üz döndərərlərsə, o zaman (onlara) deyin: “İndi şahid olun ki, biz, həqiqətən, müsəlmanlarıq!”(Ali İmran Surəsi, 64)
Bizim, Kitab Əhli olan Yəhudilərə çağırışımız isə budur: Allaha iman edən və Onun vəhyinə itaət edən insanlar olaraq, gəlin ortaq bir "iman" sözündə birləşək. Hamımız Yaradıcımız və Rəbbimiz olan Allahı sevək. Onun əmrlərinə tabe olaq və Allahın bizi ən doğru yola qovuşdurması üçün dua edək. Bir-birimizə və yer üzünə bəla, gözyaşı və qan deyil, sevgi, mərhəmət və sülh gətirək.
Fələstin problemi və bu kimi dünyadakı digər bir çox müharibənin həlli burada yatır. Gəlin, birlikdə bu həllə nail olaq.
Fələstin Problemi Necə Həll edilməlidir?
Yuxarıda ifadə etdiyimiz xoşgörüşlü və tolerant prinsiplər içində, son 50 ildir Yaxın Şərqi qana boyamış Fələstin probleminin həlli mümkündür. Bu mövzuda bərqərar olması vacib olan sülh, bizə görə aşağıdakı bu iki şərtə əsaslanmalıdır:
1) İsrail, Şərqi Qüds də daxil olmaqla 1967-ci il müharibəsində işğal etdiyi bütün torpaqlardan geri çəkilməli, o zamandan bu yana davam edən işğala son qoymalıdır. Bu, həm beynəlxalq hüququn, həm də bu mövzuda nəşr olunmuş BMT Təhlükəsizlik Şurası Qərarlarının, həm də ədalət anlayışının bir tələbidir. Bütün Qərbi Şəriyə və Qəzza, müstəqil Fələstin Dövlətinin torpaqları olaraq tanınmalıdır.
2) Hər üç İlahi dinin olduqca önəmli məbədlərinin mövcud olduğu Şərqi Qüds Fələstin rəhbərliyinə verilməli, ancaq bu şəhər xüsusi statusa sahib olmalı və hər üç dinin insanlarının rahatlıqla, barış və sülh içində sərbəst şəkildə ziyarət edə biləcəkləri, öz məkanlarında ibadət edə biləcəkləri bir sülh şəhərinə çevrilməlidir. Bu şərtlər reallaşdıqda, həm İsraillilər, həm də Fələstinlilər bir-birlərinin haqlarını tanımış, Fələstin torpaqlarını bölüşmüş və ən böyük mübahisə mövzusu olan Qüdsün statusu da hər üç dinin mənsublarını təmin edəcək şəkildə həll edilmiş olacaq.
İstəyimia, 50 ildən uzun bir müddətdir ki, fasiləsiz davam edən bəlaların, cinayətlərin, qırğınların sona çatması, məzlum Fələstin xalqının layiq olduğu sülh, təhlükəsizlik və rifah içində yaşamasını təmin edəcək bir vətənə qovuşması, İsrailin də həm bölgə xalqlarını həm də öz Yəhudi vətəndaşlarına zərər vuran işğalçı və təcavüzkar siyasətindən imtina edərək, 1967-ci ilə qədər etibarlı olan qanuni sərhədlər daxilində bütün qonşuları ilə barışaraq təhlükəsizlik içində yaşamasıdır. ( Ətraflı məlumat üçün baxın. Harun Yəhya, Filistin, Araştırma Yayıncılık)
1-"The Torah Demands Justice for the Palestinians" Presented by Rabbi Dovid Weiss of NKIAt Time Square in Manhattan on Friday afternoon, June 1, 2001. http://www.netureikarta.org/speeches.htm