Şübhəsiz ki, toxumu da, çəyirdəyi də cücərdib çatladan, ölüdən diri, diridən də ölü çıxardan Allahdır. Budur Allah! Axı siz Ondan nə cür döndərilirsiniz? (Ənam surəsi, 95)
Dağları, dənizləri, yarpaqları, heyvanları, planetləri, ulduzları, hüceyrələri, DNT-ləri, əllərinizi, dərinizi, sizi, qısacası, hər şeyi atomlar meydana gətirir. Stəkanı tutduqda atomlara toxunursınız, mənzərəyə baxdığınızda böyük bir atom toplusuna baxırsınız, yaşadığınız yer, yediyiniz yemək, içdiyiniz su atomlardan ibarətdir.
Ən ağırından ən yüngülünə qədər gördüyünüz, toxunduğunuz, hiss etdiyiniz hər şey atomlardan təşkil olunmuşdur. Əlinizdəki jurnalın hər səhifəsi milyardlarla atomdan ibarətdir. Atomlar elə kiçik hissəciklərdir ki, ən güclü mikroskoplarla belə onları görmək mümkün deyil. Atomun diametri, ancaq millimetrin milyonda biri qədərdir.
Bu cür kiçik olmasına baxmayaraq, atomun içində qüsursuz, bənzərsiz və kompleks bir sistem var. Bu kiçik atomlardan ibarət bədənlə havadakı atomlarla tənəffüs edir, qidalardakı atomları yeyir, suyun atomlarını içirsiniz. Gördükləriniz isə gözünüzdəki atomlara aid elektronların fotonlarla toqquşmasıdır. Bəs toxunduqda hiss etdikləriniz? Onlar da dərinizdəki atomların əşyalardakı atomlarla bir-birlərini itələməsindən ibarətdir.
Hazırda insanların çoxu bədəninin, kainatın, dünyanın, qisaca, hər şeyin atomlardan ibarət olduğunu bilir. Amma, bəlkə də, bu günə qədər “atom” adlandırdığımız bu varlığın necə sistemə sahib olduğu haqqında düşünməmişdir.
Halbuki insan bu qüsursuz sistemlə yaşayır. Üstəlik bu elə bir sistemdir ki, ona çox ciddi bir müdaxilə olmadıqca təbii şərtlərdə əsla pozulmur.
Atomun möcüzəvi xüsusiyyətləri
Atomu möcüzəvi edən fövqəladə kiçik ölçüsü və buna rəğmən sahib olduğu xüsusiyyətlərdir. Atomun radiusu millimetrin milyonda biri qədərdir. Bu böyüklüyü anlaya bilmək üçün belə bir nümunə verə bilərik. 100 milyon atomu yan-yana qoyduğunuzda əldə edəcəyiniz uzunluq yalnız 1 santimetrdir. Jurnalın bir səhifəsi təxminən 1 milyon atom “qalınlığındadır”.
Əlinizdə bir açar olduğunu düşünün. Şübhəsiz, bu açarın içindəki atomları görməyiniz mümkün deyil. “Atomları mütləq görmək istəyirəm”, -deyirsinizsə, əlinizdəki açarı dünyanın böyüklüyünə qədər böyütmək lazım olacaq. Əlinizdəki açar dünya böyüklüyündə olsa, o zaman açarın içindəki hər bir atom albalı böyüklüyündə olar və siz də onları görə bilərsiniz. (Jean Guitton, Tanrı və elm, Simavi nəşrləri, 1993, səh: 62)
Kainata baxdığımızda yaradılan hər şeyin zaman keçdikcə məhv olduğunu, xarici təsirlərlə köhnəldiyini və aşındığını görürük. Hər şeyin təməl elementi olan atomda isə belə bir pozulma -xüsusi müdaxilələrlə reallaşdırılan nüvə reaksiyaları xaricində- əsla olmur. Atom Rəbbimizin ayədə bildirdiyi kimi, “kamil” yaradılmışdır. (Nəml surəsi, 88)
Elektronların atom içindəki hərəkəti
- Elektronların orbiti: Hər atom bir nüvə və nüvədən çox uzaqdakı orbitlərdə hərəkət edən elektronlardan təşkil olunub. Elektronlar eynilə dünyanın Günəş ətrafında dönərkən eyni zamanda öz ətrafında da dönməsi kimi, atom nüvəsinin ətrafında dönən hissəciklərdir. Planetlərdə olduğu kimi, bu dövran bizim orbit adlandırdığımız yollarda çox böyük bir nizamla və fasiləsiz reallaşır.
- Saniyədə 1000 km sürət: ən güclü mikroskoplar tərəfindən belə görünə bilməyəcək bir sahədə, nüvənin ətrafında dövr edən elektronlar atomun içərisində qarışıq bir trafik meydana gətirir. Burada diqqəti cəlb edən isə nüvənin ətrafını elektrik yükündən yaranan bir zireh kimi əhatə edən elektronların atomun içərisində qəza törətməmələridir. Saniyədə 1000 km kimi fövqəladə bir sürətlə hərəkət edən elektronlar bir-birlərilə bir dəfə belə olsun toqquşmurlar.
Elektronların hər birinin öz orbitlərində dövr etdikləri, heç bir səhvə yol vermədikləri və kiçik ölçülərinə baxmayaraq, yüksək sürətləri ilə niyə toqquşmadıqları kimi suallar bizi bir nöqtəyə aparır. Bu bənzərsiz nizam və həssas tarazlıqda qarşımıza çıxan tək həqiqət uca Allahın qüsursuz yaratmasıdır. Rəbbimiz bir ayəsində belə buyurur:
“Dağlara baxıb onları donmuş zənn edərsən, halbuki onlar bulud keçdiyi kimi keçib gedərlər. Bu, hər şeyi bacarıqla edən Allahın gördüyü işdir. Həqiqətən, O, etdiyiniz əməllərdən xəbərdardır!” (Nəml surəsi, 88)
Atom ayədə bildirildiyi kimi, uca Allahın “hər şeyi bacarıqla” yaratması ilə hərəkət edir. Elektronlar Allahın özləri üçün təyin etdiyi orbitlərdə -ayədə bildirildiyi kimi – heç dayanmadan dövr edirlər. Orbitlərində ən kiçik bir dəyişiklik belə olmur.
Atomların 99,9999999%-i boşluqdur
Bu çox kiçik möcüzə var olan hər şeyin səbəbidir. Ən maraqlı olan isə atomların 99.9999999%-nin boşluq olmasıdır. Atomlar müsbət yüklü protonlar, mənfi yüklü elektronlar və yüksüz neytronlardan ibarətdir. Neytron və protonlar bir-birləri ilə bitişik halda nüvəni təşkil edir, elektronlar isə saniyədə 1000 km kimi yüksək bir sürətlə, fasiləsiz olaraq nüvə ətrafında fırlanırlar. Atomun kütləsini təşkil edən nüvə atomun həcminin milyardda birinin yalnız milyonda birini meydana gətirir. Ancaq bu kütlə olduqca böyük sıxlığa malikdir. Çünki atomun ağırlığının demək olar hamısını ehtiva edir. Əgər Empire State binasını təşkil edən atomların içindəki boşluqları çıxarmaq mümkün olsaydı, binanın əvəzində kibrit qutusundan daha kiçik bir şey qalardı. Ancaq kütləsi dəyişmədiyi üçün bu qutunu ən güclü kranlar belə qaldıra bilməzdi.
Atomun sahib olduğu kiçikliyi anlamağımız canlı-cansız bütün varlıqlarda təcəlli edən sənəti görə bilməyimiz üçün çox əhəmiyyətlidir. Boşluqlardan ibarət olan bədənimiz boşluqlardan ibarət kresloya oturur, boşluqlardan ibarət olan mənzərəni seyr edir və bizlər boşluqlardan ibarət kosmosun içində fasiləsiz şəkildə fırlanırıq. Az qala hamısı boşluq olan atomlardan ibarət nəhəng okeanlar, gözəlliklər və nemətlər Yaradan uca Allahın əsərləridir. Hər şeyi yoxdan var etməyə qadir olan Allah kainatın hər parçasında hakim olan bu sənəti uca qüdrətinin dəlillərindən etmişdir. Allah səbəblərdən münəzzəhdir. Diləsə, hər şeyi səbəbsiz yaratmağa qadir olduğunu bu örnəklə insanlara xatırladır:
“… Nə göylərdə, nə də yerdə zərrə qədər bir şey Ondan gizli qalmaz. Bundan kiçik, yaxud böyük elə bir şey yoxdur ki, açıq-aydın kitabda olmasın!” (Səba surəsi, 3)
Atomun içindəki böyük gücü idarə edən uca Allahdır
Atomları hər saniyə idarə edən, onların qüsursuz hərəkətini təmin edən, bizləri qoruyan aləmlərin Rəbbi uca Allahdır. Bu qüsursuz nizamı yaradan, bütün kainatın Yaradıcısı olan Allah hər şeyi “kamil” şəkildə var etmişdir. “Yusif” surəsinin 100-cü ayəsində bildirildiyi kimi: “… Həqiqətən, Rəbbim istədiyinə qarşı lütfkardır. O, doğrudan da, biləndir, hikmət sahibidir!” Allah atomu içindəki bu böyük güclə birlikdə yaratmışdır və bu gücü də idarə edir. Rəbbimiz atomu təbii halında əsla pozulmayacaq bir sistemlə var etmişdir.
Kainatdakı hər şeyin zaman keçdikdə məhv olmasına baxmayaraq, atom hər an möhkəmliyini qoruyur, nüvə və ətrafındakı orbitlərdə çox böyük bir sürətlə fırlanan elektronları ilə Allahın “kamil” yaratmasını və hakimiyyətini bizlərə göstərir.