Dünya həyatındakı yeganə məqsədləri Allah’ın razılığını, rəhmətini və cənnətini qazanmaq olan və Allah`a qəlbən təslim olan möminlər bütün həyatlarını Allah üçün yaşayarlar. Quranın "De: "Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi olan Allah üçündür”(Ənam surəsi, 162) ayəsində bildirildiyi kimi, etdikləri hər işdə, göstərdikləri hər rəftarda Allah`ın razılığını qazanmağı düşünürlər. Sahib olduqları hər şeyi Allah`ın razılığını qazanmağa həsr edən möminlərin sevgiləri də ancaq Allah üçündür. Allah’ı bütün sifətləri ilə tanıyan, Onun gücünə və böyüklüyünə hər an şahid olan, Rəbbimizin rəhmətini, sevgisini və şəfqətini bütün həyatı boyu hər an hiss edən möminin Allah sevgisi heç bir sevgi ilə müqayisə edilməyəcək qədər güclüdür. Allah “Bəqərə” surəsində möminlərin Özünə olan güclü sevgiləri ilə, müşriklərin yanlış sevgi anlayışları arasındakı fərqi belə bildirir:
“İnsanların içərisində Allah’dan qeyrilərini şərik qoşub, onları, Allah’ı sevən kimi sevənlər də vardır. Halbuki, iman gətirənlərin Allah’a məhəbbəti daha qüvvətlidir”. (Bəqərə surəsi, 165)
Ayədə bildirildiyi kimi insanların bir qismi Allah`a şərik qoşur və digər varlıqları Allah`ı sevən kimi sevirlər (Allah`ı tənzih edirik). Möminlər isə heç bir insanın, maddənin, ya da canlının əslində özünə aid bir gücü və ya gözəlliyi olmadığını bilirlər. Bunların hamısını bütün xüsusiyyətləri ilə birlikdə yoxdan yaradan yalnız Allah’dır. Heç bir canlı öz gözəlliyini özü yarada bilməz. Bir insanın üzündəki gözəlliyi və ya bir heyvanın sahib olduğu sevimliliyi müəyyən bir qədərlə yaradan və əcəlləri gəldiyində hamısını yox edəcək olan Allah`dır, hər şey yalnızca Allah`ın idarəsindədir. Buna görə də mömin qarşılaşdığı bütün gözəllikləri, insanları, heyvanları, təbiəti Allah`ın yaratdığını bilərək sevər. Bu səbəbə görə onun əsl sevgisi bütün bu gözəllikləri ona bəxş edən və hər şeyin sahibi olan Allah`a yönəlir.
“Göylərin və yerin hökmü Onundur. O, heç bir övlad götürməmişdir; mülkündə heç bir şəriki yoxdur. O, hər şeyi yaratmış və onu təqdir etmişdir”.(Furqan surəsi, 2)
Allah`a şərik qoşan bir insan digər bir insanın gözəlliyini tərifləyərkən bu gözəlliyin həmin insana aid olduğunu düşünür. Bu, bir rəsim sərgisini gəzən və bəyəndiyi bir rəsmin gözəlliyinin o rəsmə aid olduğunu düşünərək tərifləyən insanın vəziyyətinə bənzəyir. Halbuki, əsl təriflənməli olan rəssamdır. Buna görə də insan gözəlliklə qarşılaşsa, xoşuna gələn bir səs eşitsə, hər hansı bir yeməkdən zövq alsa, həmin an bu gözəllikləri yaradan Rəbbimizi düşünməli, sevgisini, məmnuniyyətini və şükrünü Ona yönəltməlidir. Amma iman gətirənlər Allah`a şərik qoşmazlar. Onlar sahib olduqları hər şey üçün Allah`a borclu olduqlarını bildikləri üçün Ona çox güclü bir sevgi ilə bağlıdırlar.
“Binasını Allah qorxusu və rizası üzərində quran kəs daha yaxşıdır, yoxsa uçulmaqda olan bir yerin kənarında durub onunla birlikdə cəhənnəm oduna yuvarlanan kəs? Allah, zalım tayfanı doğru yola yönəltməz”. (Tövbə surəsi, 109)
Allah Quranda hz. İbrahimin müşrik olan qövmünə müraciətini belə bildirir:
"Sizin Allah`ı qoyub bütləri tanrı qəbul etməyiniz yalnız dünyada aranızda olan dostluğa görədir. Sonra da qiyamət günü bir-birinizi inkar edəcək, bir-birinizə lənət oxuyacaqsınız. Məskəniniz cəhənnəm odu olacaq, özünüzə də kömək edən kimsələr tapılmayacaqdır!”(Ənkəbut surəsi, 25)
Ayədə bildirildiyi kimi Allah`a şərik qoşanların dünya həyatında bir-birlərinə olan bağlılığı axirətdə böyük bir nifrətə çevriləcək. Bunun səbəbi onların Allah`ı unudaraq bir-birlərini həyatlarının ən böyük məqsədi halına gətirmələridir. Allah bunun qarşılığında bu insanların şərik qoşaraq duyduqları sevgi və bağlılıqlarını axirətdə sonsuza qədər davam edən kin və nifrətə çevirəcəkdir.
Dünya həyatına aid mənfəətləri, insanların sevgisini qazanmağı Allah`ın rizasından daha üstün hesab edən insanlar Quranda belə xəbərdar edilirlər:
“De: "Əgər atalarınız, oğullarınız, qardaşlarınız, övrətləriniz, qəbiləniz, qazandığınız mallar, kasad olmasından qorxduğunuz ticarət, xoşunuza gələn məskənlər sizə Allah`dan, Onun Peyğəmbərindən və Allah yolunda cihaddan daha əzizdirsə, Allah’ın əmri gələnə qədər gözləyin. Allah fasiqləri doğru yola yönəltməz”.(Tövbə surəsi, 24)
İman gətirən insanlar dünya həyatının bütün bər-bəzəklərinin Allah`a aid olduğunu bilir və bunları yalnızca Allah`ın təzahürləri olaraq sevirlər. Məsələn, Allah`ın bəyəndiyi gözəl əxlaq möminlərdə təcəlli etdiyi üçün ən çox sevgi, yaxınlıq və dostluğu möminlərə qarşı duyarlar. Bu sevgi soy, irq kimi yaxınlıqlara və ya hər hansı bir mənfəətə söykənmir. Pulun, şəxsi statusun, mədəniyyətin, maddi dəyərlərin heç bir əhəmiyyəti yoxdur. Allah möminlər arasında olan sevgini Quranda belə bildirir:
“Onlardan əvvəl yurd salmış və iman gətirmiş kimsələr öz yanlarına mühacirət edənləri sevər, onlara verilən qənimətə görə ürəklərində həsəd duymaz, özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tutarlar. Nəfsinin xəsisliyindən qorunub saxlanılan kimsələr – məhz onlar nicat tapıb səadətə qovuşanlardır!” (Həşr surəsi, 9)
Ayədə bildirildiyi kimi möminlər iman gətirən hər kəsi öz qardaşları hesab edirlər. Başqa bir möminin yaxşılığını, rahatlığını təmin etmək üçün hər zaman fədakar davranarlar. Möminlərin bu sevgi anlayışı isə ancaq imanın və Quran əxlaqının yaşanması ilə qazanıla bilər:
“Göylərin və yerin hökmü Onundur. O, heç bir övlad götürməmişdir; mülkündə heç bir şəriki yoxdur. O, hər şeyi yaratmış və onu təqdir etmişdir”. (Furqan surəsi, 2)
Sevgi kimi böyük bir neməti möminlərə bəxş edən isə Rəbbimiz olan Allah`dır. Allah hz.Yəhyaya Öz Qatından sevgi verdiyini bildirir:
“Ey Yəhya, Kitabdan bərk yapış! Biz uşaq ikən ona hikmət verdik. Biz həm də ona bir mərhəmət və paklıq bəxş etdik. O, müttəqi idi”. (Məryəm surəsi, 12-13)
Bir başqa ayədə isə Allah iman gətirib saleh əməllər işləyənlərə Öz Qatından sevgi bəxş edəcəyini xəbər vermişdir:
“Həqiqətən, iman gətirib yaxşı işlər görənlər üçün Rəhman bir sevgi yaradacaq”.(Məryəm surəsi, 96)
Burada çox əhəmiyyətli bir mövzunun üzərində dayanmaq lazımdır. Allah’ın razılığına görə sevən bir insan ən gözəl əxlaqlı, Allah`a ən bağlı, ən təqvalı olan kimsəni hər kəsdən çox sevər. Bu səbəbdən Peyğəmbərimiz (səv) bütün möminlər üçün ən sevimli, ən yaxın dostdur.
Həqiqi sevgi Quran əxlaqı ilə yaşanar
Allah`a qəlbən bağlanan və Allah`ı çox sevən bir insan Onun yaratdığı bütün gözəlliklərə qarşı qəlbində sevgi hiss edər: çiçək, kəpənək, quş, pişik, gözəl bir mənzərə belə o insanda böyük bir həyəcan yaradar. Eynilə gözəl xasiyyətli, gözəl üzlü bir insana səmimi heyranlıq duyular. Çünki insanın bütün bu gördükləri Allah`ın təzahürləridir. Allah`a duyulan şiddətli sevgi Onun sonsuz gözəlliyinin, sənətinin, ağlının və gücünün təzahür etdiyi hər şeyə qarşı insan ruhunda təbii sevgi yaradar. Buna görə də Allah`a qəlbən bağlanan insanlar həqiqi sevgini yaşaya bilən yeganə insanlardır.
Quran əxlaqı həqiqi sevginin əsasıdır. Bir insanı əxlaqı ilə, şəxsiyyəti ilə və malik olduğu bütün xüsusiyyətləri ilə dərin bir sevgi ilə sevmək yalnız o insan Qurana itaət etdiyi zaman mümkün olar. Çünki Qurana itaət bir insan Allah`ın bəyəndiyi əxlaqı yaşamaqla bir çox sevilən xüsusiyyətlər qazanmış olar. "Allah doğru yolda olanların doğruluğunu artırar. Əbədi qalan yaxşı işlər isə Rəbbinin yanında savab etibarilə daha xeyirli, nəticə etibarilə daha yaxşıdır!"(Məryəm surəsi, 76) hökmünü bilərək bütün bu gözəl əxlaq xüsusiyyətləri üzərində ömür boyu səbir və qərarlılıq göstərər; vəfa, sədaqət, hörmət, sevgi, təvazökarlıq, fədakarlıq, dürüstlük, əzmkarlıq, bağışlamaq, cəsarət, mərhəmət, mülayimlik kimi xüsusiyyətlər ancaq Allah qorxusunun və Quran əxlaqının yaşanması ilə davamlı ola bilər. Bu davamlılıq möminin sevgidə də ömür boyunca səbir və əzm göstərməsini təmin edir. Sevgisinin təməli iman, Allah qorxusu və Quran əxlaqına söykəndiyi üçün və Allah rizası üçün sevdiyi üçün möminin sevgisi çox güclü və dərin olur. İman gətirənlərlə olan dostluğun axirətdə sonsuza qədər davam etməsi həqiqəti də sevgini güclü və daimi edən başqa bir səbəbdir.
Qurana uyğun yaşayan insanın göstərdiyi üstün əxlaq onu həm Allah Qatında, həm də möminlər üçün çox dəyərli edir. Quran əxlaqı ilə yaşayan təqvalı mömin hər şeydən əvvəl Allah`ın sevgisini və razılığını qazanacağını ümid edir. Allah sevdiyi qulunu digər möminlərə də sevdirir, ona Öz Qatından nur, gözəllik verir və insanların qəlblərini isindirəcək xüsusiyyətlər qazandırır.
“Allah’a tərəf çağıran, yaxşı iş görən və: "Mən müsəlmanlardanam" - deyən kəsdən daha gözəl danışan kim ola bilər?”(Fussilət surəsi, 33)
"İnsanların eləsi də vardır ki, Allah`ın razılığını qazanmaq yolunda öz canını fəda edər. Allah öz bəndələrinə qarşı çox mehribandır!"(Bəqərə surəsi, 207)
Quran əxlaqını yaşamayan insanların yanlış sevgi anlayışı
Quran əxlaqından uzaq yaşayan insanlar bir çox mövzuda olduğu kimi sevgi mövzusunda da yanlış düşüncəyə malikdirlər. Onlar nə qədər öz aralarında sevgini və hörməti yaşadıqlarını düşünsələr də, əslində, bunlar yanlış təməllər əsasında qurulmuş əlaqələrdir.
Aşağıda Quran əxlaqını yaşamayan insanların bəzilərinin sevgilərini əsaslandırdıqları dəyərlər araşdırılır.
Qadın ilə kişi arasındakı şirkə söykənən sevgi
Şirk sevgisinə ən gözəl nümunə qadın və kişi arasındakı sevgidir. Bəzi insanlar Allah’a bəslənilməsi lazım olan sevgini və bağlılığı, heç bir şeyə gücü çatmayan aciz varlıqlara yönəldirlər. Bəzən bir insanı həyatlarının əsl məqsədinə çevirir, hər an hər yerdə onun adını xatırlayır, onu ucaldır və onun sevgisini qazanmağa çalışırlar. Səhər qalxdıqları andan etibarən, gün boyunca davamlı olaraq onu düşünərlər. Ya da o insanı düşünüb, səhərə qədər yuxusuz qalırlar. Allah`ın rizasını qazanmaq əvəzinə yalnız onu məmnun etməyi qarşısına məqsəd qoyur, hətta bəzən onu razı etmək üçün Allah`ın razılığına uyğun olmayan işlər edə bilirlər. Onun üçün hər cür fədakarlığı edirlər, amma Allah`ın rizasını qazanmaq üçün heç də səy göstərməzlər. Bu insanlar bir-birlərini “tanrılaşdıranlardır”. Necə ki, sevgini izah edən bəzi şeirlərdə, yazılarda, romantika üzərinə qurulan dialoqlarda pərəstişkarlıq etməkdən tez-tez bəhs edilir. Bu cür sevgi anlayışınının təməli Allah`a şirk qoşmaq üzərindədir. Allah bir ayəsində cahil inancları olan insanların yaşadığı bu şirk sevgisinə diqqət çəkmiş, Allah`a bəslənilən həqiqi sevginin bundan çox üstün gücə sahib olduğunu və çox daha qüvvətli bir bağlılıqla yaşanacağını bildirmişdir:
«...Ata-babalarınızı yada saldığınız kimi, ondan da artıq Allah’ı yad edin...»(«Bəqərə» surəsi, 200)
Allah sevgisi bütün sevgilərin üzərindədir. Allah sevgisindən üstün tutulan, ürəkdən Allah sevgisini çıxarıb onun yerinə qoyulan bir sevgi insanın Allah`a şərik qoşmasına səbəb olar ki, bu da insanı cəhənnəmə sürükləyə bilər. Ancaq insanların bir qismi belə bir təhlükənin fərqində belə deyillər.
Bir insanın başqa insanları sevməsi, onlara bağlı olması, ailəsini, yaxınlarını sevgi ilə qoruması, əlbəttə, çox gözəl bir əxlaqdır. Əvvəl də bildirildiyi kimi sevgi bəsləyə bilmək, sevgi və yaxınlığı yaşaya bilmək Allah`ın insanlara verdiyi çox gözəl bir nemətdir. Ancaq bu sevgi yalnız Allah`ın rizası üçün yaşandığı zaman insana dünyada və axirətdə xoşbəxtlik gətirir. Allah`dan üstün tutulan sevgilər insana dünyada da, axirətdə də kədər və əzab gətirir. Allah dünyada bir-birlərini şərik qoşan insanların axirətdə cəhənnəm əzabından qurtula bilmək üçün bir-birlərini fidyə kimi vermək istədiklərini belə bildirir:
“Onlar bir-birinə göstəriləcəklər. O günün əzabından qurtarmaq üçün günahkar istərdi ki, fəda etsin öz oğullarını; övrətini və qardaşını; ona sığınacaq verən əşirətini! Və yer üzündə olanların hamısını - təki özünü qurtarsın!”. (Məaric surəsi, 11-14)
"O gün insan qaçacaq öz qardaşından; anasından, atasından; zövcəsindən və oğullarından! O gün onlardan hər birinin istənilən qədər işi olacaqdır!" (Əbəsə surəsi, 34-37)
Mənfəətlərə əsaslanan dostluqlar
Bir çox insan qəbul etmək istəməsə də bəzi münasibətlərdə insanların fikirlərinin arxasında bir mənfəət güdülür. Bəzi insanlar özlərinə müəyyən mənfəətləri qazana biləcəklərini zənn etdikləri bir insanla qarşılaşarkən hiss etdikləri həyəcanı “sevgi” kimi anlayırlar. Halbuki, qəlblərində hiss etdikləri həyəcan bu insanın özünə deyil, onun sahib olduqlarına qarşı duyduqları “güclü bir həvəsdir”. Həmçinin bir çox insanın qarşısındakı insana olan sevgisi bu insanın sahib olduğu mülkə və sərvətin dərəcəsinə bağlı olaraq dəyişir. Zənginlik insan nəfsində həyəcan əmələ gətirdiyi üçün ən çox həyəcan ən zəngin olan adama qarşı hiss edilir. Ancaq yuxarıda da bildirdiyimiz kimi, bu hiss sevgi deyildir, sadəcə olaraq dünya malına qarşı duyulan bir həvəsdir. Zəngin bir adamın əxlaqi xüsusiyyətləri bu düşüncəyə malik olan insanlar üçün heç bir əhəmiyyət kəsb etmir. Buna görə əsəbi, kobud, eqoist, ağılsız, mərhəmətsiz, qeyri-səmimi, düşüncəsiz olsa belə, yalnız zəngin və ya şöhrətli olması bu insana maraq göstərmək üçün kifayət edir.
Bəziləri isə özlərini əyləndirən insanlarla birlikdə olmaq istəyirlər və “mənimlə dost olan adam məni güldürməlidir” kimi izahatlar verərək bunu etiraf edirlər. Buna görə bu yaxınlıq da sevgi ilə bağlı deyildir, yalnız bir şəxsi mənfəət güdməkdən ibarətdir. İnsanın nəfsini rahat etmək üçün özünü güldürəcək birisi ilə birlikdə olmaqdan zövq alması onu sevdiyi demək deyil. Fəqət bir çox insan mənfəət əldə etməkdən duyduğu bu rahatlığı sevgi ilə qarışdırır və bu insanı çox sevdiyini iddia edir.
Bəzi insanlar da gözəl insanlarla bərabər görünməyin onlara etibar qazandıracağına inanırlar. Buna görə də dost olmaq üçün gözəl insanları seçirlər, götürdükləri ölçüləri qarşılarındakı şəxsin boyu, gözünün və saçının rəngi, burun quruluşu kimi fiziki xüsusiyyətlərinə uyğun olur. Gözəllik olduqdan sonra o insan üçün bu şəxsin ağlının, vicdanının və ya insani xüsusiyyətlərinin heç bir əhəmiyyəti yoxdur. Ancaq bu mahiyyəti başa düşməməsi qarşısındakı insana bəslədiyi duyğunu sözdə sevgiyə bağlayır. Halbuki, bu sevgi həmin şəxslər üçün “bu insanın gözəlliyinin mənə qazandırdığı etibarı sevirəm” mənasını daşıyır. Gözəllik getdiyi zaman qalan ruh isə bu insana görə heç bir əhəmiyyət daşımır. Qarşısındakı insan gözəl olduğu üçün onun mərhəmətsizliyini, diqqətsizliyini, düşüncəsizliyini və ya insanlara qarşı istehza ilə yanaşmasını görməzliyə vurur.
Bəzi insanların ən mühüm saydıqları mənfəətlərdən biri isə öz ifadələri ilə desək, “həyat təminatı” əldə etməkdir. Bir çox insanın gələcəyinə təminat verə bilməmək, tənha yaşamaq məcburiyyətində qalmaq, iqtisadi cəhətdən möhtac vəziyyətə düşmək, xəstələnəndə ona baxacaq bir nəfəri tapa bilməmək kimi narahatlıqları vardır. Bəziləri bu narahatlıqları aradan qaldırmağın ən məşhur və ən sağlam yolu kimi evlənməyi görürlər. Bu səbəbdən bu xüsusiyyətlərə malik olduğunu düşündükləri adama bağlanır və onu heç itirmək istəmirlər. “Gələcək qorxusu” üzərində qurulan ailələrinin isə çox zaman həqiqi sevgini yaşadıqlarını zənn edirlər.
Həyatları boyu bu insanlarda xoşlamadıqları bir çox xarakterə sadəcə bu narahatlıqlarına görə dözmək məcburiyyətində qalırlar. Qonşuları və ya dostları ilə dərdləşərək, düşdükləri vəziyyətdən şikayətlənirlər, amma soruşanda, yalnız şəxsi mənfəətinə görə bağlandıqları həyat yoldaşlarını çox sevdiklərini söyləyirlər. Lakin Quran əxlaqına uyğun olaraq yaşanan həqiqi sevgidə heç bir şəkildə əvəz gözlənilmir. İnsan qarşısındakı insanı heç bir şəxsi mənfəət gözləmədən, o adamda Allah`ın təzahürlərini gördüyü üçün böyük bir fədakarlıq və həvəslə sevər. Onun arxasınca heç bir zaman pis sözlər danışmaz. Səmimi sevgiyə görə ancaq onu tərifləyən, qoruyan söhbətlər edər. Ona heç bir zaman məcburi dözmək hissini yaşamaz, acizlikləri və ya çatışmazlıqları ilə qarşılaşsa belə, ona qarşı şəfqətli və mərhəmətli olar, çatışmazlıqlarını sakit, hiss etdirmədən örtməyə çalışar, hər an onu rahatlaşdırmaq istəyər, hər istədiyini zövqlə və həvəslə yerinə yetirər. Səmimi sevgisini, dostluğunu və yaxınlığını ən gözəl şəkildə ifadə edər.
Qısa müddətli, ötəri sevgilər
Quran əxlaqına əsaslanmayan sevgilər qısa müddət ərzində bitir. Məsələn, tərəflərdən biri qarşısındakı insandan umduğu mənfəəti əldə edə bilməyəcəyini gördükdə əvvəllər hiss etdiyi həyəcan dərhal bezginliyə çevrilir. Eynilə, bir acizliyini gördükdə və ya bir xəstəliyinə şahid olduqda o şəxs artıq onun üçün dözülməli olan bir insana çevrilir. Xüsusilə, bu şəxsin görünüşündə bir dəyişiklik olarsa, məsələn, bir qəza nəticəsində üzündə izlər qalarsa və ya şikəstliyə səbəb olarsa, bu, o insan üçün sevginin sonu deməkdir. Hər hansı bir şəxs ətrafındakı insanlardan eşidə və ya mətbuatda çıxan xəbərlərdə rast gələ bilər ki, çox yaxşı davam edən bir evliliyin bitməsinin səbəbləri, əsasən, xəstəlik, acizlik və ya iflasdır. Həyat yoldaşı çox gözəl və ya zəngin olsa belə, onun xəstəlik müddətindəki acizliklərini gördüyü üçün aralarında olan sevginin bitdiyini söyləyən və buna görə də bir-birindən ayrılan bir çox ailə vardır. Eyni şəkildə, zəngin və varlı vaxtlarında çox yaxşı yola getdiklərini düşünən bəzi insanlar mal-dövlətlərini itirmələri ilə birlikdə bir-birlərinə göstərdikləri sevgi və yaxınlığın da bir anda sona çatdığını görürlər.
Halbuki, həqiqi sevgi gün keçdikcə artar, heç vaxt azalmaz. Qarşısındakı insanın əxlaqına görə dəyər verən bir insan bu əxlaqın incəliklərini gördükcə ona olan sevgisi daha da artar. Bu insanın bir qəza nəticəsində şikəst qalması, bütün sərvətini itirməsi, bədənini yaralar örtməsi və ya buna bənzər bir çətinliyə düşməsi sevgiyə heç bir şəkildə təsir etməz. Hətta bu çətinliklər qarşı tərəfin təvazökarlığını, kamilliyini artıra biləcəyi və o insanı daha gözəl əxlaqlı bir insan edəcəyi üçün sevgisi daha da güclənə bilər. Bu cür hadisələr yalnızca Quran əxlaqına itaət edilərsə, sevgiyə təsir etməz. Bir insanın Allah`dan qorxub çəkinməsi, hər an Onun rizasını axtarması və Quran əxlaqını ən gözəl şəkildə yaşaması sevgi yaradan əsl səbəblərdir. Buna görə də Quran əxlaqını yaşayan insanlar arasındakı sevgiyə bu cür hadisələr heç bir şəkildə mənfi təsir göstərməz, hətta daha da güclənərək artar.