Ötən həftələrdə Danimarkada bir zürafə zooparkda yer olmadığına görə insanların gözləri qarşısında kəsildi. Heyvan haqqları təşkilatları bu planı dayandırmaq üçün cəhd etmiş, etiraz aksiyaları keçirmiş, bir çox ölkədən zürafəni almaq üçün təkliflər gəlmişdi. Amma zürafənin öldürülməsinə mane ola bilməmişdilər.
Dünyada hər gün minlərlə insan dəhşətverici üsullarla qətl edilərkən bir zürafənin bu qədər çox gündəmdə olmasına mənfi reaksiya verənlər ola bilər. Lakin bir məqama fikir vermək lazımdır ki, bu hadisə sadəcə bir heyvan cinayəti deyil. Olduqca sevimli bir zürafə olan 18 aylıq Marius onlarla kiçik uşağın gözləri önündə kəsildi.
Cinayətin uşaqların gözünün qabağında törədilmə səbəbini Bengt Holst belə açıqladı: “Bu, uşaqların heyvanlar haqqındakı məlumatlarını artıracaq, eyni zamanda həyat və ölüm haqqındakı məlumatlarını da.”
Buradakı məntiqin yanlışlığına keçməzdən əvvəl Danimarka haqqında bir az məlumat verək. Danimarka, insanları gözəl, şəhərləri gözəl, müasirliyi sevən Avropa ölkəsi, Skandinaviyanın önəmli təmsilçidir. Lakin Danimarka, xüsusilə Şimali Avropa ölkələrinin etdiyi mühüm səhvi uzun illərdir ki, təkrarlayır. Bu ölkələrdə əsasən sevgi, yaradılış, həyat və ölüm kimi məfhumlar açıqlanarkən, mənəviyyat bir kənara atılır və hər şey dünyəvi səbəb-nəticə əlaqələri ilə açıqlanmağa çalışılır. Materializm bu ölkədə hər şeyə tətbiq olunmağa cəhd edilir.
Danimarka bu dünyagörüşün məktəblərdə təhsil şəklində verildiyi ölkələrdən biridir. Belə ki, buna görə dinsizlik nisbəti – ötən illərlə müqayisədə artsa da - ən çox İsveç, Norveç, Danimarka, İslandiya kimi Skandinaviya ölkələrində müşahidə edilir. Bununla yanaşı, içki və narkotik maddə istehlakındakı artım, degenerasiya, yaşlıların baxımının ailə fərdlərindən deyil, dövlətdən gözlənilməsi, ailə münasibətlərinin zəifləməsi və insanların yaşadığı tənhalıq və boşluq bu ölkələrin ən böyük problemlərindəndir. Skandinaviya həmçinin intiharların ən yüksək olduğu ölkələrdən ibarətdir. Bu ölkələrin hər birində sırf alkoqol istifadəsi səbəbindən ildə 7000 insan həyatını itirir. Mənəviyyatın get-gedə unutdurulduğu bir ərazidə yaşanan bu boşluq isə gün keçdikcə artır.
Məhz zürafə Mariusu uşaqların gözləri qarşısında kəsib, onlara dərs verməyi düşünən zehniyyət bu dünyagörüşün bir hissəsidir. Düşünün, bir uşaq əgər Allah’ı tanımırsa, dünya və axirət haqqında heç bir məlumatı yoxdursa, heç bir mənəvi təhsil almayıbsa, bu dünyada zamanla çürüyən, yaşlanan bədənlərin varlığının hikməti ona göstərilməyibsə, önündə kəsilən bir heyvandan necə həyat və ölüm dərsi ala bilər? Sevimli bir zürafənin mənasız səbəbdən göz qabağında kəsilərək öldürülməsi ilə uşağın ölüm haqqında öyrənəcəyi şeylər yalnız qan, vəhşilik və dəhşətdən ibarət olacaq. Məktəbdə özünə öyrədilən yanlış materialist təlimin tətbiq edilməsini görmüş olacaq və güclünün zəifi əzdiyi bir sistemin həyatın hər sahəsində tətbiq edildiyini düşünəcək. Həyatı mənasız, ölümü də bəsit görməyə başlayacaq, gözündə şiddət və ölüm asanlaşacaq.
Bu da bir həqiqətdir ki, heyvanlar arasında güclünün zəifi əzdiyi hallar olur əlbəttə. Lakin heyvanlar arasında fədakarlıq hissi daha da güclüdür. Heyvan növləri öz balaları, öz cəmiyyətləri, hətta başqa növlərin balaları üçün özlərini fəda etməkdən çəkinməzlər. Dolayısilə güclünün zəifi əzməsi zənn edildiyi kimi təbiət qanunu deyil. Bundan əlavə, insan ağıllı və xüsusi yaradılmış ruh sahibi varlıq olaraq özündən əvvəl başqalarını öndə tutmaqla, əleyhinə belə olsa haqqın tərəfini saxlamaqla məsuldur. Dolayısilə bir insan üçün bu dünya müharibə yeri deyil, gözəl əxlaqa görə üstünlüyə sahib olacağı imtahan yeridir.
Bir uşaq ancaq bu dünyanın xüsusi imtahan yeri olaraq yaradıldığını, əsl həyatın axirət olduğunu, burada etdiyi hər davranışdan axirətdə məsul tutulacağını və ölümün də yox olma deyil, sonsuz həyatın başlanğıcı olduğunu qavradıqda həyatı və ölümü dərk edə bilər.
Bunu izah etmək üçün uşağın gözləri qarşısında qanlar içində bir vəhşilik tablosu deyil, ona özünü yaradan uca Yaradıcının, Allah’ın varlığının izah olunması lazımdır.
Dünyadakı vəhşiliyin bir qismi materialist dünyagörüşün gətirdiyi təxribatdan, həyatın mənasız, ölümün də sadə və adi qarşılanmasından qaynaqlanır. Bəzi Avropa ölkələri uşaqlara bu anlayışı təhsil vasitəsilə təlqin edərək böyük bir fəlakətin içinə sürüklənirlər. Skandinaviya ölkələrində də intihar nisbətlərinin yüksək olmasının səbəbi bu yanlış dünyagörüşdür. Bu bir həqiqətdir ki, həyatın əsl qayəsini anlayan bir insan zirzəmidə belə yaşasa, xoşbəxt olar.
Marius bu zehniyəti izah etmək üçün verdiyimiz kiçik bir nümunədir sadəcə. Burada diqqət çəkmək istədiyimiz mühüm həqiqət səthi bir dünyagörüşün gözəl cəmiyyətləri fəlakətə, sevgi dolu cəmiyyətləri sevgisizliyə və ruhsuzluğa doğru sürükləməsidir. Buna mane olmaq üçün xüsusilə həmin cəmiyyətlərdə gerçək elmi təhsil və mənəviyyat duyğusunun verilməsi zəruridir.
O zaman Danimarka kimi gözəl ölkələrdə narkotik maddə və içki istehsalını azaltmaq üçün xüsusi reabilitasiya xidmətlərinə, intiharlara mane olmaq üçün süni günəşlərə, əxlaqi çöküntüləri və psixoloji pozuqluqları cilovlamaq üçün qadağalara ehtiyac olmaz. Uşaqlar ölümü bir vəhşilik deyil, özlərini Yaradana qovuşma anı olaraq görərlər. Qəzəb deyil, sevgi cəmiyyətləri yaranar. Bunu təmin etmək istəyiriksə, mütləq materialist zehniyyətin yanlışlığını göstərəcək şəkildə doğru məlumatların verilməsi, gerçək təhsil və mənəviyyatın gücləndirilməsi yeganə həll yoludur.
Bu məqalə The Jakarta Post qəzetində 1 Mart 2014 tarixində aşağıdakı linkdə yayımlanmışdır:
http://www.thejakartapost.com/news/2014/03/01/euro-s-greatest-need-profound-spirituality.html