Torpaqdakı möcüzələr
ucgen

Torpaqdakı möcüzələr

1620

Torpaqla bağlı Quran möcüzələri

 

Quran elmi kitab deyil. Lakin bəzi ayələrdə çox dəqiq və hikmətli üslubla bildirilən elmi həqiqətlər yalnız 20-ci əsrin texnologiyaları ilə kəşf edilmişdir. Quranın nazil edildiyi dövrdə məlum olmayan bu bilgilər Quranın Allahın sözü olduğunu bir daha sübut edir. Quranın elmi möcüzələrindən biri də torpağın möcüzəvi xüsusiyyətləridir.

 

Torpağın hərəkətlənərək qabarması

 

“... Sən yer üzünü cansız görürsən. Biz ona yağmur endirdiyimiz zaman o, hərəkətə gəlib qabarır və cürbəcür gözəl bitkilər bitirir." (Həcc surəsi, 5)

 

Bu ayədə “titrəyir” olaraq tərcümə edilən kəlmə ərəb dilində “ihtəzzət”dir və bu kəlmə “hərəkət edir”, “canlanır”, “titrəyir”, “bitkinin hərəkət etməsi və uzanması” mənalarını verir. “Qabarır” olaraq tərcümə edilən “rəbət” kəlməsi isə “artır”, “çoxalır”, “qabarır”, “inkişaf edir”, “bitkinin yüksəlməsi”, “ərzağın təmin edilməsi”, “şişmək”, “içinin hava ilə dolması” mənasını daşıyır. Ayədə qeyd edilən bu kəlmələr yağış yağarkən torpağın molekulyar quruluşunda baş verən dəyişiklikləri ən düzgün şəkildə ifadə edir.

 

Torpağın təbəqələri bir-birinin üstünə keçən hissələrdən ibarətdir. Bu təbəqələrin arasına daxil olan su molekulları onların həcminin böyüməsinə və qabarmasına səbəb olur. Ayədə bəhs edilən mərhələlər elmi olaraq bu şəkildədir:

 

“... Sən yer üzünü qupquru görərsən. Biz ona yağmur endirdiyimiz zaman o, titrəyib (hərəkətə gəlib) qabarar və hər gözəl cütdən bar gətirər”. (“Həcc” surəsi, 5)

 

1. Torpağın titrəməsi. Yağış suyu kifayət qədər udulduğu zaman torpaq hissəciklərinin səthində yaranan elektrostatik yük tarazlığın pozulmasına səbəb olur. Bu da hissəciklərin titrəməsinə gətirib çıxarır. Titrəmə torpaqda elektrik yükləri arasında tarazlıq yaranana qədər davam edir. Torpaq hissəciklərinin hərəkətlənib titrəməsinə səbəb onların su zərrəcikləri ilə toqquşmasıdır. Su zərrəcikləri xaotik (qarışıq) hərəkət edirlər. Torpağa hər tərəfdən zərbə endirən su molekulları hissəciklərin yerdəyişməsinə səbəb olur. Bu, dövrümüzdə “Braun hərəkəti” (Brownian movement) kimi tanınan və 1827-ci ildə Robert Braun adlı şotland botanikin kəşf etdiyi mikroskopik hissəciklərin hərəkətidir. Braun yağış damcılarının torpağa düşərək torpaq molekullarında silkələnmə və titrəyiş yaratdığını kəşf etmişdir.

 

2. Torpağın qabarması. Yağışın yağması ilə müxtəlif istiqamətlərdə yerə düşən su damcıları torpaq parçacıqlarının titrəməsinə və suyu özünə çəkərək həcminin böyüməsinə səbəb olur. Çünki suyun miqdarı çox olduqda torpaq hissəcikləri arasındakı məsafə də çoxalır. Bu məsamə və boşluqlar su zərrəciklərinin və ərimiş ionların torpağa daxil olmasını təmin edir. Su və suyun içindəki digər ərimiş qidalandırıcı maddələr də təbəqələr arasında yayılır. Bu da hissəciklərin həcminin böyüməsinə səbəb olur. Yəni bu hissəciklər torpağı canlandırmaq üçün zəruri olan su deposu vəzifəsini yerinə yetirir. Yerin cazibə qüvvəsinə baxmayaraq, suyun başqa yerə axmadan torpaq təbəqələrinin arasına yığılması Allahın insanlara qarşı olan sonsuz mərhəmətinin nümunələrindən biridir. Əgər torpağın suyu saxlama xüsusiyyəti olmasaydı və torpaqda bu mineral anbarları yaranmasaydı, su torpağın daha alt qatlarına keçər və bitkilər qısa müddətdə məhv olardı. Ancaq Uca Rəbbimiz torpağı müxtəlif bitkilərin yetişməsi üçün lazımi xüsusiyyətlərlə birlikdə yaradıb.

 

3. Torpağın məhsul verməsi. Torpaqdakı su lazımi miqdarda olduqda toxumlar aktivləşir və bəsit qida elementlərini özlərinə çəkməyə başlayır. Getdikcə böyüyən bitkilər su ehtiyacını 2-3 ay ərzində bu depoların hesabına ödəyir. Quru torpağa yağış düşdüyü zaman baş verən proseslər yuxarıdakı ayədə üç mərhələ olaraq göstərilib: torpağın titrəməsi, qabarması və məhsul verməsi. Beləliklə, 14 əsr əvvəl Quranda bildirilən bu mərhələlər elmi izahlarla tamamilə üst-üstə düşür. Bir başqa ayədə isə bu mövzu ilə bağlı belə buyurulur:

 

«Ölü torpaq onlar üçün bir dəlildir. Biz onu dirildir, oradan dənələr çıxardırıq, onlar da ondan yeyirlər». («Yasin» surəsi, 33)

 

Fosilləşmə və Dəmir tərkibi

 

Onlar deyirlər: “Biz sür-sümük və toz halına düşdüyümüz zaman yeni bir məxluq kimi dirildiləcəyikmi?” De: “İstər daş olun, istər dəmir və ya sizə nəhəng görünən bir məxluq olun, yenə də Allah sizi diriltməyə qadirdir”. Onlar deyəcəklər: “Bizi həyata kim qaytaracaq?” De: “İlk dəfə sizi yaradan!”... (İsra surəsi / 49-51)

 

Yuxarıdakı ayədə insanların ölü bədənlərinin daşlaşmasına və dəmirə çevrilməsinə işarə edilir. Canlıların toxumaları tez çürüyür və qətiyyən milyonlarla il qalmır. Buna görə də insanlar keçmişdə yaşamış canlılar haqqında məlumatı ancaq fosillərdən ala bilirlər. Canlılar öldükdən sonra torpaq altında daşlaşaraq fosilləşir və bədənləri uzun illər ərzində qorunub saxlanır. Lüğətlərdə “fosil” sözünün mənası “daşlaşmış canlı qalığı, qalıq” kimi açıqlanır və xüsusilə canlıların daşlaşmasına diqqət çəkilir.

 

Fosilləşən canlının bədənində dəmir elementi də qorunub saxlanır. İnsan sağlamlığı üçün gün ərzində təxminən 10-15 mqr dəmir zəruridir. Xaricdən qida ilə qəbul edilən dəmirin artığı qaraciyərdə toplanır. Həmçinin, qan plazmasındakı  transferrin zülalı da tərkibində müəyyən qədər dəmir saxlayır. Ayədə insan qalıqlarında dəmirin də olduğuna diqqətin çəkilməsi olduqca hikmətlidir.

 

Ayələrin davamında da Allah çox vacib həqiqəti xatırladır: Xəyalınızda  böyüdüyünü, inkişaf etdiyini, təkamül keçirdiyini zənn etdiyiniz qəribə məxluq və ya meymuna bənzər canlı olsanız belə bu heç nəyi dəyişməyəcək. İnsanların meymundan təkamül etdiyini iddia edənlər necə yaradıldıqları barədə hansı düşüncələrə qapılsalar da Allah bu yanlış və sapqın inanclarının həqiqəti  dəyişdirmədiyini xəbər verir.

 

Quran ayələrində bildirilən insanların daşlaşmış fosillərə və dəmirə çevrilməsi dövrümüzdə elmi araşdırmalarla sübut edilmiş həqiqətdir. Ayələrin nazil edildiyi dövrdə arxeoloji, paleontoloji, geoloji və astroloji tədqiqatların mümkün olmaması və ayələrdəki həqiqətlərin elmi sübutunun olması Quranın İlahi kitab olduğunu bir daha təsdiqləyir.

 

Neftin yaranması

 

Ən Uca Rəbbinin adına təriflər de! "O Rəbbin ki, hər şeyi yaradıb kamilləşdirdi; O Rəbbin ki, hər şeyin müqəddəratını əzəldən müəyyən edərək yol göstərdi; O Rəbbin ki, otlağı cücərtdi, sonra da qaralmış samana çevirdi. (Əla surəsi, 1-5)

 

Məlumdur ki, neft dənizlərdə ölən heyvan və bitkilərin çürümüş qalıqlarından yaranır. Dəniz yatağında milyonlarla il çürüdükdən sonra bu qalıqlardan geriyə yalnızca yağlı maddələr qalır. Palçıq və böyük qaya suxurları altında qalan bu maddələr də neft və qaza çevrilir. Yaranan neft bəzən daş suxurlarının arasından süzülərək minlərlə kilometr dərinlikdən səthə qalxır və buxarlanır. Neftdən geriyə (qaz halına keçir) isə qətran qalır.

 

Əla surəsinin ilk 4 ayəsində neftin yaranma mərhələlərinə diqqət çəkilir. Əvvəla, otlaq, çöl, çəmən mənalarında işlənən “elmera” ifadəsi ilə ola bilər ki, neftin yaranmasında iştirak edən üzvi mənşəli maddələrə işarə edilir. Ayədə diqqət çəkilən ikinci kəlmə isə qaraya çalan yaşıl, yaşıla çalan qara və tünd rəngləri ifadə etmək üçün işlənən “ahva” kəlməsidir. Bu söz də yığılan bitki qalıqlarının bir müddət sonra qaralması kimi başa düşülə bilər. Çünki bu ifadələr üçüncü kəlmə olan “gusaen” ilə dəstəklənmişdir. Bəzi təfsirlərdə çör-çöp, zibil olaraq tərcümə olunan “gusaen” kəlməsi sel suyunun gətirdiyi və dərələrin kənarına yığdığı ot, çöp, yarpaq, köpük və s. kimi mənalarda işlənir. Bu  sözün həmçinin, “ qusmaq, qaytarmaq”  mənaları  da olduğu üçün mənbələrdə “sel qusuntusu” kimi tərcümə edilir. Torpağın nefti qusması kimi tərif edilə bilər. Çünki neftin yaranması, yer səthinə çıxması, köpüklü olması və rəngi nəzərə alındıqda ayələrdəki kəlmələrin hikməti daha da aydın olur.  Göründüyü kimi ayədə bildirilən bitkinin qara rəngli və duru bir mayeyə çevrilməsi neftin yaranması ilə üst-üstə düşür. Neftin necə yarandığı barədə heç bir məlumatın olmadığı dövrdə uzun illər boyu davam edən prosesin Quranda tərif edilməsi onun Allahın vəhyi olduğunun daha bir sübutudur.

 

Quran hər şeyi yoxdan var edən və elmi ilə bütün varlıqları ehtiva edən Uca Allahın sözüdür. Allah bir ayədə buyurmuşdur: "... Məgər onlar Quran barəsində düşünmürlərmi? Əgər o, Allahdan başqası tərəfindən olsaydı, əlbəttə, onda çoxlu ziddiyyət tapardılar." ( Nisa surəsi, 82). Quranda verilən hər bilgi bu İlahi kitabın bilinməyən möcüzələrini aşkar edir. İnsan isə Allahın endirdiyi bu kitaba möhkəm sarılmalı və onu özünə yol göstərici olaraq qəbul etməlidir. Allah Quranda bizə bu həqiqəti belə bildirir:

 

"Bu Quran Allahdandır, Ondan başqası tərəfindən uydurula bilməz. Lakin o, özündən əvvəlkiləri təsdiqləyən və aləmlərin Rəbbi tərəfindən nazil edilmiş, içində də heç bir şəkk-şübhə olmayan kitabları müfəssəl izah edəndir."

"Yoxsa: “Muhəmməd onu özündən uydurdu!” – deyirlər. De: “Əgər doğru danışırsınızsa, ona bənzər bir surə də siz gətirin və Allahdan başqa, kimi bacarırsınızsa, köməyə çağırın!”  (Yunus surəsi, 37-38)

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr