Bəzi insanlar axirətin varlığını qəbul etsələr də, cəhənnəm haqqında düşünməkdən ciddi cəhdlə qaçırlar. Çünki insan cəhənnəmdəki sonsuz və şiddətli əzabı düşündüyü zaman qorxub çəkinməli və həyatını Allah`ın əmrləri əsasında qurmalı olduğunu bilir. Əks halda, vicdan əzabı onun həyatının hər anına hakim kəsilir. Belə insanlar vicdan əzabından xilas olmaq üçün cəhənnəmin varlığını unutmağa çalışaraq yaşamağa üstünlük verir.
Cəhənnəm Allah`ın sonsuz ədalətinin təcəlli etdiyi məkandır. Əlbəttə ki, dünya həyatında Allah`ın rizasını qazanmaq üçün yaşayan qullarla şeytana uyan, yer üzündə fitnə-fəsad törədən, Allah`ın hökmlərini qulaq ardına vuran zalımlar axirətdə eyni nəticə ilə qarşılaşmayacaqlar. Allah mömin qullarını saleh əməlləri qarşılığında əbədi qalacaqları cənnətlə mükafatlandırdığı kimi, inkar edənləri də sonsuz cəhənnəm əzabı ilə cəzalandıracaqdır.
Heç şübhəsiz, Uca Rəbbimiz sonsuz mərhəmət sahibidir. Ancaq Allah`ı yalnız Rəhim və Qaffar (daim əfv edən, günahları örtən) adları ilə düşünmək Onun sonsuz gücünü, qüdrətini və isimlərini məhdudlaşdırmaq deməkdir. Çünki Allah, eyni zamanda Qəhhardır (qəhr edən), Muntəqimdir (İntiqam alan). Cəhənnəm isə Onu inkar edənləri cəzalandırmaq üçün bu adların təcəlli edəcəyi məkandır. Yəni insanlar unutmağa çalışsalar da, cəhənnəm Allah`ın vədidir və Rəbbimiz bütün inkar edənləri, Onun haqq yolundan azıb nəfsinin qulu olanları (Allah`ın dilədiyindən başqa) bu sonsuz əzab yurdunda əbədi saxlayacaqdır.
Cəhənnəmi düşünməməyə, ya da qulaq ardına vurmağa çalışmaq heç kimi cəhənnəm əzabından xilas etməz, əksinə bu açıq-aşkar həqiqəti düşünməkdən qaçan və nəfsinin əmrlərinə uyan hər bir insan sonsuza qədər cəhənnəmə mübtəla olar. Cəhənnəm bütün inkar edənlərin, kafir və müşriklərin “görüş yeri” olacaqdır.
“...Həqiqətən, Mənə ibadət etməyə təkəbbür göstərənlər Cəhənnəmə zəlil olaraq girəcəklər”. (Ğafir surəsi, 60)