Arıquşunun möhtəşəm uçuş tərzi və enerjisi
ucgen

Arıquşunun möhtəşəm uçuş tərzi və enerjisi

1713
“Məgər onlar (Allah`a) tabe olub havada uçan quşları görmürlərmi? Onları (havada) saxlayan ancaq Allahdır. Həqiqətən, bunda iman gətirən insanlar üçün dəlillər vardır.” (Nəhl surəsi, 79)

Necə olur ki, bu kiçik quş şiddətli küləkdə belə hədəfinə asanlıqla çatır, havada durur və hətta qidalana bilir?

Bu, uca Allah`ın saysız möcüzələrinə, bənzərsiz yaradılış sənətinə bir nümunədir. Arıquşlarının çəkisi ən çox 20 qram olur. Bu qədər kiçik olmaqlarına baxmayaraq, havada asılı qalma xüsusiyyətlərinə görə dünyanın ən bacarıqlı canlılarından biri hesab olunurlar. Bu quşların özünəməxsus uçuş tərzi var. Digər quşlardan fərqli olaraq arıquşu qanadlarını aşağı-yuxarı deyil, “8” formasında hərəkət etdirir. Ümumiyyətlə, qanadların aşağı-yuxarı hərəkəti nəticəsində qaldırma qüvvəsi meydana gəlir. Havada asılı uçuş zamanı arıquşunun qanadlarının kənarında hava axını yaranır və əlavə qaldırma qüvvəsi ortaya çıxır. Lakin qısa müddət ərzində bu hava axını itir.

Arıquşları bu problemi mükəmməl bir sistem vasitəsilə aradan qaldırırlar.  Qanadlarının böyük bucaq altında aşağı hərəkəti zamanı hava axını yaranır. Yuxarı hərəkət etdirdikdə isə bir hava axını bitir, qanadın digər üzündə yeni hava axını meydana gəlir. Beləliklə, qanadların “8” formasında hərəkəti fasiləsiz hava axınını təmin edir. Şiddətli külək belə bu həssas tarazlığa təsir göstərə bilmir.

Arıquşları böyük enerji tələbatlarını necə ödəyirlər?

Arıquşunun enerji istehlakı özlüyündə möcüzədir. İnsanlar idmanla məşğul olarkən enerji əldə etmək üçün bir neçə saat əvvəl qida qəbul etməlidirlər. Ancaq arıquşuları, Allah`ın hikməti ilə, uçarkən  həm qida qəbul edir, həm də həmin anda bu qidanı enerjiyə çevirirlər. Qəbul etdikləri nektarı bir neçə dəqiqə ərzində havada asılı qalmaq üçün tələb olunan enerjiyə çevirirlər. Beləliklə, uçmaq üçün lazımi enerjini əldə edən arıquşu daha çox nektar toplaya bilir.                                                                                                                

Arıquşu ən çox enerji istehlak edən istiqanlı canlıdır. Ürəyi dəqiqədə 500 dəfə döyünür və gözlə görünməyəcək qədər sürətli qanad hərəkətləri ilə havada asılı qala bilir. Yüksək enerji tələbatlarına görə, demək olar ki, həmişə ac olurlar. Buna görə də, hər gün öz ağırlıqlarından çox nektar içməlidirlər. 

Arıquşu üzərində təcrübə aparan alimlər bir müddət ac saxladıqdan sonra quşa tərkibində C13 (karbon) izotopu olan şəkər qamışı nektarı vermişlər. Quş nektarı içərkən alimlər xüsusi mexanizmlə oksigen qəbulunu (enerji istehlakını müəyyən etmək üçün) və nəfəsdəki karbon miqdarını hesablamışlar. Təcrübə göstərdi ki, arıquşları şəkər qamışı nektarını qəbul etdikləri 20 dəqiqə ərzində havada asılı qalmaq üçün lazım olan enerjinin 90 %-ni əldə edirlər.

Bir idmançı məşq zamanı bütün enerjisinin 60 %-ni sərf edir. Yeni qəbul etdiyi qida isə onun bütün enerji ehtiyacının ancaq  15-30 %-ni qarşılayır. Ehtiyac duyduğu enerjini tam təmin etmək üçün insan bir gecə əvvəl yüksək karbohidrat tərkibli qidalar qəbul etməlidir.

Allah arıquşlarının maddələr mübadiləsindən tutmuş bütün sistemlərini yaşadıqları mühitə uyğun yaratmışdır. Əks halda bu canlılar yaşaya bilməzdilər. İnsan daxil olmaqla heç bir canlı böyük enerjiyə ehtiyac duymadığı üçün belə bir mexanizmlə yaradılmamışdır. Allah hər şeyi yerli-yerində və mükəmməl şəkildə yaradır. Uca Allah bir ayədə belə buyurur:

“(Bu,) hər şeyi kamil şəkildə edən Allah`ın işidir. Şübhəsiz ki, O, etdiklərinizdən xəbərdardır.” (Nəml surəsi, 88)
PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr