Müharibələr hər zaman cəmiyyətlərə eyni qorxunc faciəni gətirib: leqeydlik. İlk güllə, ilk bomba, ilk ölümlə dəhşətə gələn bəzi insanlar zaman keçdikcə insan həyatı ilə bağlı həssaslıqlarını itirməyə başlayırlar. Müharibə də həyatın bir hissəsi halına gəlir, müharibənin acı nəticələri də. Bəziləri həll yolu axtarmaq əvəzinə görməzdən gəlməyi daha məntiqli hesab edir. Artıq vicdan deyil, məntiq ön plandadır. Məntiqə görə isə əsas hədəf ancaq yaşamaqdır. Məqsəd, hədəf, insanı insan edən mənəvi və milliyətçi hisslər silinib gedir.
Dünyanın Suriya vətəndaş müharibəsinə qarşı laqeyd qaldığı bu günlərdə Suriyanın öz içindəki mənzərə də xeyli təəccüblüdü. Dağıntılar altından çıxan uşaq meyidləri, kimyəvi qaza məruz qalmış uşaqların çırpınaraq ölməsi və ya barel bombalarının dağıtdığı şəhərlərlə izlədiyimiz Suriyanın digər tərəfi bildiyimizdən xeyli fərqlidir. Rejimin nəzarət etdiyi Humus, Tartus, Lazkiyə, Hələb və Dəməşqin bir hissəsi müharibənin qorxunc səsi və çirkin görüntüsünü sanki görməzdən gəlir. Hava gəmilərinin uğultusu, 20-25 km uzaqdan gələn top səsləri bölgə xalqında artıq maraq belə oyandırmır. Köşə yazarı Zax Noblın ifadəsi ilə bölgədə sanki film musiqisi təsiri yaradır.1 O hava gəmisinin bir neçə dəqiqə sonra bir kəndi vurması da heç kimi maraqlandırmır. Bomba səslərinə öyrəşmiş xalq üçün günlük həyat olduqca sakit davam edir. Şəhərlərdəki kafelər və bir sıra əyləncə yerləri axşam saatlarında dolmağa başlayır. Şəhər həyatı gecə saat ikiyə kimi aktivdir.
Təkcə bir neçə kilometr aralıda insanlar yaralarını sarımaq üçün həkim və xəstəxana tapmadıqları halda, rejimə aid bölgələrdə kosmetika sərgiləri qadınların diqqətini xüsusilə cəlb edir. Livan, İordaniya və Suriyadan gələn professional avtomobil yarışçılarının və motosiklet yarışı azarkeşlərinin qatıldığı yarışlar da böyük maraq yaradır.
Dəməşqin məşhur oteli “Dama Rose”da demək olar ki, hər gecə toy var. Terrasda müxtəlif müğənnilər qonaqları hər gecə əyləndirir. Fələstin qaçqın düşərgəsinin yaxınlığındakı Lazkiyə plyajı qızmar yay günlərində dolub daşır. Ailələr plyajda süfrə qurub öz aralarında əylənirlər.2 Dəməşq və Tartus zəngin iş adamlarının əyləncə və ya alış-veriş mərkəzləri açması üçün ideal yerlər halına gəlib. Bölgə xalqına görə, zəngin iş adamları üçün bu önəmli “fürsətdir”.
Oklahoma Universiteti Yaxın Şərq Araşdırmaları mərkəzinin sədri Coşua Landisə görə, Əsədin starateqiyası müxaliflərin olduğu bölgələri tamamilə bombalayıb iqtisadiyyatlarını tənəzzül etdirmək və öz nəzarəti altında olan bölgələrdə iqtisadiyyatı dirçəltməkdir. Xalq bu səbəbdən Əsədin planlaşdırdığı kimi müxaliflərin nəzarət etdiyi bölgələrdən uzaqlaşır. Xüsusilə orta və yuxarı təbəqə suriyalılar başlarına nə gələcəyini bilməməyin qorxusu ilə rejimi dəstəkləyən kimi görünür və rejimə aid bölgələrə axın edirlər.
Müxaliflərin öz bayraqlarını elan etməsi ilə rejimə aid bölgələrdə bayraq həssaslığı ciddi şəkildə artıb. Səkilər, küçələr hər yer rəhbərliyin əmri ilə bayrağın simvolu olan qırmızı, qara və ağ rəngə boyanıb. Küçələr əsgər Əsəd, iş adamı Əsəd və ata Əsəd posterləri ilə doludur. Əsəddən sonra ikinci yerdə Hizbullah lideri Nəsrullahın posterləri gəlir.
Kimyəvi qaz hücumları ilə gündəmə gələn Quta Dəməşqin cənub tərəfindədir. Ötən günlərdə mülki şəxslərin bazarda amansızca qətl edildiyi Duma isə Dəməşqdən 10 kilometr aralıda yerləşir. Hər iki dəhşətli qətliamı da həyata keçirən rejim qüvvələri idi. Təkcə bir neçə kilometr aralıda xalq gecə klublarına, plyajlara, kafelərə gedərkən, buralarda dağıntıdan günahsız uşaqların meyidləri çıxarılırdı. Hamısı bir yerdə - Suriyanın paytaxtında baş verirdi.
Şübhəsiz heç kim həyatını xilas etmək istədiyi, əyləndiyi, plyajları tərcih etdiyi üçün qınana bilməz. Düşdükləri çətin vəziyyətə görə bu bölgələrə sığınan bir çox insan olduğunu əlbəttə ki, bilirik. Oxuduğunuz bu yazıda diqqət çəkilən məsələ bunlar değil, insanlar üzərində müharibənin meydana gətirdiyi laqeydlikdir. Bir insan əlbəttə ki, əylənə bilər, lakin bunu edərkən bir qədər aralıda öz qardaşının, qonşusunun amansızca öldürülməsinə laqeyd qalırsa, təqsirkar olar. Baş verənləri görməzdən gəlib məqsədi təkcə rahat yaşamaqdırsa, təqsirkardır. Çünki Allah bizə bu dünyanın rahat yaşamaq yeri yox, gözəl əxlaq göstərməli olduğumuz imtahan yeri olduğunu bildirir. Təqsirkardırlar, çünki insanlar günahsız yerə öldürülərkən heç bir məqsədi olmadan təkcə yaşamağın Allah Qatında hesabı ola biləcəyini düşünmürlər. Bəs bu, əlinə silah götürüb müharibənin içinə girməyi zəruri edir? Əlbəttə ki, yox. Ən təsirli müharibə ideologiyalara, yanlış inanclara, sevgisizliyə qarşı elmi, fəlsəfi müharibədir. Buna isə bu və ya digər şəkildə hər kəsin gücü çatar.
Bəs bu laqeydliyə görə təqsirləndirilməli olan təkcə rejimin imkanlarından faydalanan bir qisim Suriya xalqıdır? Əlbəttə ki, yox. Suriyadakı müharibə Suriya xalqına nə qədər aiddirsə, digər ölkələrin xalqlarına da o qədər aiddir. Bir ölkədə məzlumlar qətlə yetirilir, uşaqlar zəhərli qazlarla boğulur, barel bombaları məsumların üzərinə düşürsə, bu zülmdən başqa ölkələrə qaçan insanlar dəyənəklərlə döyülərək qarşılanırsa, bu necə bəşəriyyətə aid olmaz ki? Amma şübhəsiz ki, hər bir insan eyni deyil. Bəziləri vicdanının səsini eşitmir, bəziləri sadəcə yaşamağın dərdində olur, bəziləri də qəddardır. Bəziləri isə gördükləri dəhşətli mənzərənin Allahın bir mesajı olduğunu bilir. Müharibə onun məzluma sevgisini, həssaslığını, vicdan gücünü və sülh əzmini gücləndirir. Arzumuz odur ki, yaşadığımız bu müharibələr insanlar üzərindəki vicdan həssaslığını gücləndirsin. Gücləndirsin ki, bu vicdan və qətiyyət müharibələri dayandıra bilsin.
Adnan Oktarın “Arab News”də dərc edilən məqaləsi:
http://www.arabnews.com/columns/news/798446