2000-ci illərdə həyatımıza yeni bir termin daxil olmuşdur: “Tənha qurd”. Bu termin ötən günlərdə Las-Veqasda 59 nəfərin həyatını itirdiyi, 500-dən çox insanın yaralandığı hücumdan dərhal sonra yenidən gündəmə gəldi. ABŞ-ın müasir tarixinin ən qanlı silahlı hücumu ilk rəsmi açıqlamalara görə "tənha qurd" hücumudur. Həmçinin mediada təcavüzkarın cinayəti təkbaşına törətdiyinə dair xəbərlər və şərhlər ön planda idi.
Necə olur ki, sadə bir insan, təqaüdçü bir mühasib sanki peşəkar qatil və ya xüsusi təlim keçmiş bir terrorçu kimi davranır? Onlarla silahla rahatlıqla hərəkət edə bilir? Üstəlik, bütün bunları dəqiq planla və nəzərlərdən uzaq şəkildə həyata keçirə bilir? Heç kimin köməyi olmadan bunları etməsi çox çətindir. Ola bilsin ki, istintaq müddətində bu sualların cavablarını öyrənmək mümkün olar və Las-Veqas canisinin əlaqədə olduğu şəxslər və ya təşkilatlar ortaya çıxar.
Maraqlıdır ki, ABŞ-dakı hücumdan bir gün əvvəl Kanadadakı digər bir terror hadisəsi də tənha qurd əməli kimi başlıqlarda yer almışdı. Bəzi ekspertlərə görə, bu cür hücumlar terrorçuluğun yeni üzünü bir daha göstərdi və fərdi terrorizmin Qərb ölkələrinin qarşılaşdığı ən ciddi təhlükə olduğunu da təsdiq etdi.
Bəs kimdir bu tənha qurd? Niyə bu şəkildə adlandırılır? Bu ad həqiqəti nə qədər əks etdirir?
Bu ifadə hər hansı bir təşkilat və ya qrupla əlaqəsi olmadan tənha hərəkət edən və başqalarından kömək almadan təkbaşına hücum reallaşdıran nifrət dolu bir terrorçunu təsvir edir. Bu tip insanların fikirlərinin əsasını adətən yanlış inanclar, irqçi və ya şiddət tərəfdarı azğın ideologiyalar təşkil edir. Termin media tərəfindən populyar hala gətirildi və müəyyən müddət sonra təhlükəsizlik mütəxəssislərindən terror təşkilatlarının nümayəndələrinə qədər geniş kütlələr tərəfindən mənimsənildi.
Araşdırma nəticələrinə görə, tənha qurd hücumları 2010-cu illərdə daha geniş, daha öldürücü və daha qəddar səviyyəyə çatıb. Hətta Avropa və ABŞ-da bu tip hadisələr 2015-2016-cı illərdə 2011-2014-cü illərə nisbətən iki dəfə artıb. Hücumların təəccüblü və gözlənilməz olması isə mübarizəni çətinləşdirən mühüm amildir. Bu səbəblərdən bəzi analitiklər tənha qurd terrorunu "bir nömrəli düşmən" kimi səciyyələndirirlər.
“Tənha qurd” termini ilk baxışda izahedici kimi görünsə də, mövzu haqqında ətraflı təhlil bu təsvirin yetərsiz və aldadıcı olduğunu ortaya qoyur. Bir terror hadisəsinin bütün pərdəarxası əlaqələrini ortaya çıxarmaq, təbii ki, uzun vaxt tələb edən əziyyətli işdir. Belə bir açıqlama narahat və həyəcanlı xalqı az da olsa, sakitləşdirə bilər, amma mövzu haqqındakı həqiqətləri ortaya çıxarmaq üçün yetərli deyil. Yüksək rütbəli təhlükəsizlik işçilərinin, kəşfiyyat təşkilatı və jurnalistlərin dərhal tənha qurd elan etdikləri, lakin hərtərəfli istintaq nəticəsində səhvlərini qəbul etdikləri bir çox hal mövcuddur. Zaman keçdikcə məlum olur ki, bunlardan bəziləri radikal ideoloji qrup və ya şəxslərlə görüşən və ya internet vasitəsilə əlaqə saxlayan fanatiklərdir. Bəziləri isə kəşfiyyat təşkilatlarında işləyən və ya onlar tərəfindən istifadə olunan və istiqamətləndirilən gizli şəxslərdir. Digər sözlə, tənha qurd hadisəsi, əslində, gizli əlaqələrin məhsulu olan bir əməldir.
Şiddət tərəfdarı ideologiyaya sahib olmayan bir terrorçu təsəvvür etmək mümkün deyil. İdeoloji baxımdan ilkin hazırlıq dövrü qanlı terror aktlarının ayrılmaz tərkib hissəsidir. Hücumun bir nəfər tərəfindən edilməsi bu həqiqəti dəyişdirmir. Belə ki, təcavüzkar xarici aləmdən tamamilə təcrid olunmur, özü kimi düşünən insanlarla bu və ya digər şəkildə qarşılıqlı ünsiyyət qurur. Bu şəkildə özünü zehni olaraq terror aktına hazırlayır. Bundan başqa maddi-texniki dəstəyə də mütləq ehtiyac var. Diqqəti təkcə qatilin üzərinə cəmləmək mənzərənin bütünlüyünü düzgün və tam şəkildə görməyə mane olur.
Önəmli bir səhv varsa, o da tənha qurdu təkbaşına hərəkət edən biri kimi qəbul etməkdir. O, böyük planın kiçik hissəsidir. Tənha qurd hücumu deyib hadisənin üstündən səthi keçmək nə cinayətin açılmasına kömək edir, nə də problemin həllinə. Belə bir təsvir təhrikçilərin və təşkilatçıların, yəni arxa plandakı gizli təşkilatların işinə yarayır. Bağlı qapılar arxasındakı əlaqələr ortaya çıxmadığı müddətcə qaranlıq planlarına davam etmək imkanı əldə edirlər. Xüsusilə də, cəmiyyət mühəndisliyi və təbliğat sahəsində ixtisaslaşmış, hadisələri pərdə arxasından istiqamətləndirən bəzi dərin dövlət mexanizmləri və gizli təşkilatların işini asanlaşdırır.
Tənha qurd yanaşması xəstə zehinləri cəsarətləndirən, təşviq edən məna da ehtiva edir ki, hansı ki böyük təhlükədir. Çünki bu ifadə insanın xəyal dünyasında özünü bir nəfərlik ordu, super qəhrəman zənn etməsinə, lazımi cəsarəti toplamasına imkan verə bilər. Belə bir təcavüzkar üçün daha düzgün təsvir soyuqqanlı, amansız, gözünü qırpmadan cinayət törədən terrorçu, psixopat və ya qatil ola bilər.
Cəmiyyətlərin əmin-amanlıq, sabitlik və təhlükəsizliyi baxımından bir nömrəli təhlükə tənha qurdlar deyil. Əsl təhlükə onların əsaslandıqları batil ideologiyadır. Bu bəladan xilas olmaq üçün isə ilk öncə azğın ideologiyaları maarifləndirmə yolu ilə aradan qaldırmaq lazımdır. Belə bir maarifləndirmə nəticəsində psixopatları qatil kimi istifadə edən arxa plandakı üst ağıllar imkan tapmayacaqlar. Doğrularla aydınlaşmış cəmiyyət vahimə yaratmağa çalışanların planlarına daim ən böyük zərbədir.
Adnan Oktarın “American Herald Tribune'” (Amerika) və “Riyadh Vision” (Səudiyyə Ərəbistan) yayımlanan məqaləsi:
https://ahtribune.com/las-vegas-massacre/1962-lone-wolf.html
http://www.riyadhvision.com.sa/2017/10/30/is-the-lone-wolf-really-alone/
http://www.harunyahya.org/tr/Eser-Tipi/260242/Yaln%C4%B1z-Kurt-Ger%C3%A7ekten-Yaln%C4%B1z-m%C4%B1