İnsan orqanizmindəki sistemlər öz funksiyalarını yerinə yetirərkən görülən işin koordinasiyasını, tənzimlənməsini, və təşkil olunmasını da həyata keçirirlər. Bu jurnalın məqalələrində orqanizmdəki sistemlərin bir çoxu ağıllı adlandırılır və buna əsaslanaraq bu ağlın mənbəyi açıqlanmağa çalışılır. Şübhəsiz ki, “ağıllı hüceyrə” və ya “ağıllı orqan” məcazi anlayışdır. Çünki beyni və sinir sistemi olmayan hüceyrə və ya toxumalar şüur sahibi ola bilməzlər. Ancaq hamısının gördüyü işlərdə heyrətamiz şüur təzahür edir. Bu isə darvinistlər və bütün materialistlər üçün müəmmadır. Çünki materialistlər də şüurun beyindəki hüceyrələr və bu hüceyrələr arasındakı kimyəvi reaksiyaların məhsulu olduğunu iddia edirlər. Qısaca desək, materialist iddiaya görə, şüur beyindən ibarətdir.
Materialistlər şüuru beyinlə izah etməyə çalışırlar, elmi müşahidələr beyni belə olmayan canlıların şüurlu olduqlarını göstərir. Son illər bakteriyalar və digər təkhüceyrəlilər üzərində aparılan müşahidələr də bu mikroskopik canlıların çox “ağıllı” davrandıqlarını, sanki mövcud vəziyyəti dəyərləndirib qərar verdiklərini göstərir. Molekulyar bioloq Maykl Denton belə yazır:
“Bir toz zərrəciyindən də kiçik olmalarına baxmayaraq, amöblər kompleks canlılar kimi həyat strategiyasına malikdirlər. Əgər bir amöbu götürüb pişik ölçüsündə böyütsək, bu məməli ilə eyni dərəcədə zəkaya malik olduğunu görərik. Bəs bu qədər kiçik canlılar necə olur ki, bu qədər yaxşı ölçülüb-biçilmiş qərarlar verirlər?.. Bir amöb tutmaq istədiyi ovunu şüurlu şəkildə qovur, ov istiqamətini dəyişdirdikdə o da onun ardınca istiqamətini dəyişdirir və bu təqibi uzun müddət davam etdirir. Bu davranışlar molekulyar səviyyədə açıqlana bilmir”.
Maykl Dentonun yuxarıdakı son cümləsinə diqqət etmək lazımdır. Amöblərin davranışları molekulyar səviyyədə, yəni kimyəvi reaksiyalarla, fiziki amillərlə açıqlana bilmir. Bu canlılar sanki şüurlu surətdə qərar verərək hərəkət edirlər. Maraqlısı budur ki, onların nə beyni, nə də sinir sistemi var. Zülal, yağ və sudan ibarət tək hüceyrədirlər. Bakteriyaların ağıllı davranışlarını göstərən başqa nümunələr də var.
Məşhur fransız elm jurnalı “Elm və həyat”ın (Science et Vie) 1999-cu il iyul sayında bildirildiyinə görə, bakteriyalar bir-birləri ilə xəbərləşir və bu xəbərlərə əsaslanaraq qərar verirlər.
“Elm və həyat” jurnalında bu xəbərləşmənin çox mürəkkəb sistemlə işlədiyi vurğulanır. Bakteriyaların səthində elektrik impulsları göndərən və qəbul edən mexanizmlər var. Bakteriyalar bu sayədə bir-birlərinə impuls göndərir, olduqları mühitin xüsusiyyətləri, həmin mühitdəki qida vəziyyəti kimi məlumatlar ötürürlər. Bu məlumatlara əsasən, nə qədər çoxalacaqları və çoxalmanı nə vaxt dayandıracaqlarına qərar verirlər.
Bir sözlə, gözlə görünməyəcək qədər kiçik canlılar ətraf mühit haqqında məlumat toplayır, bu məlumatları şərh edib bir-birlərinə ötürür və sonra da müəyyən istiqamətdə qərar verib həyata keçirirlər. Həm də qrup halında…
Bütün bu nümunələr canlılarda əsla maddə ilə izah olunmayan şüur olduğunu göstərir. Ən kompleks canlı hesab edilən insandan ən ibtidai canlı hesab edilən təkhüceyrəlilərə qədər canlılarda fövqəlmaddə mənbədən gələn heyrətamiz şüur var.
Bəs bu fövqəlmaddə mənbə nədir?
Quranda bizə bu barədə çox mühüm məlumatlar verilir. Məsələn, bal arılarından bəhs edən ayələrdə bu canlıların şüurlu davranışlarını onlara Allahın ilham etdiyi bildirilir:
Rəbbin bal arısına belə vəhy etdi: “Dağlarda, ağaclarda və (insanların) qurduqları çardaqlarda özünə evlər tik; Sonra bütün meyvələrdən ye və Rəbbinin sənə asanlaşdırdığı yollarla get! (O arıların) qarınlarından insanlar üçün şəfa olan müxtəlif rəngli bal çıxar. Şübhəsiz ki, bunda düşünüb dərk edənlər üçün bir ibrət vardır! (Nəhl surəsi, 68-69)Başqa bir ayədə bütün canlıların Allahın hakimiyyətinə tabe olduğu xəbər verilir. Quranda bildirildiyi kimi, “Elə bir canlı yoxdur ki, onun ixtiyarı (Allahın) əlində olmasın…”. (Hud surəsi, 56)
Quranda açıqlanan bu sirr canlılardakı müəmmalı şüurun mənbəyidir. Şüur materialistlərin hesab etdiyi kimi, maddəyə xas xüsusiyyət deyil. Maddəni təşkil edən atomları əsla şüur sahibi edə bilməzsiniz. Şüur mütləq başqa şüurdan qaynaqlanmalıdır. Canlılardakı şüur isə Allahın ilhamından qaynaqlanır.
İnsan bədənində və ya başqa canlıdakı hüceyrələrdə özünü göstərən ağıl da Allahın varlıqlar üzərindəki mütləq hakimiyyətinin təcəllisidir. Allah yaratdığı varlıqlar vasitəsilə Özünü tanıdır və insanlar bu əsərlərə baxaraq Allahın sonsuz gücünü və qüdrətini tanıyıb təqdir edirlər.