Amerikada və ya hər hansı bir Avropa ölkəsində bir partiyaya üzv olduqları və ya təkcə simpatiya bəslədikləri üçün 500-600 insana edam cəzası verildiyini düşünün. Belə bir qərarın necə bir ictimai reaksiya doğuracağını, dünya səviyyəsində necə böyük bir hadisə olacağını hər kəs təxmin edir. Yəqin ki, bu qərarın ləğv edilməsi çox uzun vaxt aparmayacaq.
Bəs eyni vəziyyət bir Yaxın Şərq ölkəsində baş verdikdə nələr olur? Dünya necə bir reaksiya verir?
Misirdən bəhs edirik. Yaxın Şərqin bəlkə də ən əhəmiyyətli ölkələrindən biri olan Misir uzun müddətdir ki, çevrilişlərlə, edamlarla xatırlanır. Məlum olduğu kimi, Misirdə ordunun 3 iyul 2013-cü ildə rəhbərliyi ələ keçirməsinin ardından bir çox çevriliş əleyhdarı aksiyalar təşkil etdi. Bu aksiyalarda çox sayda insan "zorakılıq hadisələrində iştirak, icazəsiz aksiya təşkil etmək" kimi ittihamlarla həbs edilmişdi. Bundan sonra bir çox insan edam və ömürlük azadlıqdan məhrum etmə cəzaları ilə yanaşı, başqa müxtəlif cəzalara məhkum edilmişdilər.
Keçdiyimiz aprel ayında iki məhkəmə iclası və 20 dəqiqə ərzində 528 nəfərə edam cəzası verildi. Qısa müddət sonra yenə eyni məhkəmə və hakim tərəfindən 683 nəfərə edam cəzası verildi. Hazırda Misirdə yeni edam qərarları ilə birlikdə çevriliş əleyhdarlarına qarşı əməliyyatlar, həbslər və məhkəmələr davam edir.
Son olaraq Misir təhlükəsizlik gücləri İxvan liderlərindən olan və çevriliş rəhbərliyi ilə danışıqları davam etdirən keçmiş inkişaf naziri Bişri həbs etdilər. Bundan başqa bir prokuror keçmiş prezident Məhəmməd Mursi haqqında "İran kəşfiyyatına məlumat sızdırmasına" görə edam cəzası istədi.
Çevrilişlə vəzifədən uzaqlaşdırılan prezident Məhəmməd Mursi ilə yanaşı edam ediləcəklər arasında nazirlər, partiya rəhbərləri, qeyri-hökumət təşkilatı başçıları, qadınlar, uşaqlar və gənc qızlar var.
Məhkumlar hazırda qəfəsdə məhkəməyə gətirilib aparılırlar. İşgəncəyə məruz qaldıqları, hətta həbsxanalarda ölümlər olduğu hər kəs tərəfindən bilinir.
İlk günlərdəki kimi gündəmdə olmasa da, Misirdəki bu hadisələrə dünya səviyyəsində reaksiyalar davam edir və ictimaiyyəti məlumatlandırmağa çalışsalar da bu kifayət qədər deyil. Məsələn, 2013-cü ilin iyun ayından etibarən davam edən çevriliş əleyhinə nümayişlər Misirdə bütün qadağalara baxmayaraq, davam edir. Son olaraq 19 mindən çox çevriliş əleyhdarı həbs edilənlərin və məhkumların səsini eşitdirə bilmək və çevrilişə qarşı olduqlarını izah edə bilmək üçün 76 həbsxanada aclıq aksiyası başladıldığı bildirildi.
Mursi casusluq ittihamı ilə mühakimə olunduğu məhkəmədən "insanların bilmədiyi şeyləri" açıqlamaq üçün danışma haqqı tələb etdi, lakin məhkəmə Mursinin danışmasına icazə vermədi.
Bəs bundan sonra Misirdə nə edilməli, problemlər hansı yolla həll edilməlidir?
İlk öncə Misirdə edam cəzası ləğv edilməli və ədalətli mühakimə prosesi həyata keçirilməlidir. Edam cəzası İslam əxlaqına uyğun olmaması ilə yanaşı, insan və cəmiyyət vicdanı ilə də ziddiyyət təşkil edən cəzalandırma üsuludur. Belə bir cəzalandırma Quran ayələrində yoxdur.
Edam cəzası geriyə dönüşü olmayan bir qərardır. İnsanın etdiyi əməldən peşman olmasına, tövbə etməsinə və özünü düzəltməsinə imkan vermir. Xüsusilə hüquq düşüncəsi aşağı, mühakimə etmə prosesi qeyri-obyektiv, demokratik ənənə və quruluşların güclü olmadığı ölkələrdə edam cəzasının tətbiq olunması bərpası qeyri-mümkün nəticələrə gətirib çıxarır.
Siyasi cəzalandırma və digər şəxslərə gözdağı vermək məqsədli alınan ölüm qərarlarında insanlıq vicdanı hərəkətə keçməlidir. Cılız reaksiyalar həm bu cəzaları tətbiq edilməsinin qarşısını almır, həm də Misirdə olduğu kimi, daha sonrakı qərarların rahatlıqla alınmasına səbəb olur.
Əlbəttə ki, edamlar Misirdəki tək problem deyil. Edamlardan əlavə Misirdə çevriliş əleyhdarlarının mühakimə olunduğu işlərdə, 9-u 18 yaşdan aşağı olan 69 nəfərə, 1 ilə 25 il arasında həbs cəzaları verildiyi mətbuatda əks olundu.
Bundan başqa güclü Misir Partiyasının sədri və keçmiş prezidentliyə namizəd Əbdül Moneim Əbul Futuh haqqında "vətənə xəyanət" ittihamı ilə iş açılır. Məhkəmə ittihamı qəbul etsə, Əbul Futuhun hərbi məhkəmədə mühakimə ediləcəyi ifadə edilir.
Misirin adı artıq kütləvi qırğınlarla və edamlarla birlikdə çəkilməməli, gənc qızların qəfəslərdə saxlandığı, həbsxanalarda həyatını keçirdiyi, müxalif olan hər kəsə təzyiq edildiyi bir ölkə olmaqdan çıxmalıdır.
Bir ölkədə müxalif insanların olması bir gözəllikdir, fərqli fikirlər olması o ölkə üçün rəngarənglikdir. Rəhbərliyə dinamizm qatar, doğrulara daha asan çatmağa səbəb olar. Bu baxımdan yanaşdıqda Misirdə tək tərəfli rəhbərlik əvəzinə dərhal yenilik edilərək siyasətdə müxtəliflik təmin edilməli, rəhbərliyə fərqli seqmentlərdən insanlar daxil edilməli və ən önəmlisi də çevriliş əleyhdarı müxalifət ilə də görüşməkdən çəkinilməməlidir.
General Sisi öz sözləri ilə desək, "30 ildir xəyalını qurduğu" prezident kreslosunda daimi olmaq və ölkəsində dincliyi təsis etmək istəyirsə, dərhal edam cəzalarını ləğv etməli, mübarizəni qorxu taktikalarından çox hüquqi və siyasi zəmində aparmalıdır. Prezidentin hər cinayətə görə əfv etmə səlahiyyəti olduğu Misirdə bunlar çox asanlıqla həll edilə biləcək məsələlərdir ..
Çevrilişindən uzun müddət keçməsinə baxmayaraq, ölkədə vəziyyətin daha da pisləşməsi, iqtisadi cəhətdən çətinliklər və ölkə səviyyəsində davam edən qarşıdurmalar nəzərə alınanda təcili olaraq köklü dəyişikliklər edilməlidir. Bu dəyişikliyin ən əhəmiyyətli mərhələsi isə əlbəttə ki, ölkədə azadlıqlara qapıların açılmasıdır.
Heç bir siyasi iqtidar bütün xalqın özü kimi düşünməsini, etdiyi hər hərəkəti dəstəkləməsini istəyə bilməz. Bu düşüncə ilə hərəkət edən rəhbərlik ruhsuz, soyuq, içinə qapalı və ən əhəmiyyətlisi də əsəbi insanlardan ibarət bir ictimai quruluşa yol açar ki, belə bir ölkədə yaşamağı heç kim istəməz. Bədbəxt, narahat insanlardan ibarət bir cəmiyyətdə problemlər daha da artır. Şiddət içində olan bir ölkənin rifaha qovuşmayacağı hər kəsə məlumdur.
Uşaqların siyasi məhbus olmadığı, insanların hər gün küçələrdə etirazlar keçirmədiyi, qarşıdurmaların baş vermədiyi, daxili dinamikası güclü Misir yaratmaq mümkündür. Qadınların qəfəslərdə deyil, gözəl evlərdə, parklarda və tərtəmiz, rahat məkanlarda yaşadığı bir Misir ölkənin iqtisadi olaraq da inkişafında əhəmiyyətli amil olacaq. Sabit ölkə kimi Misir ərəb dünyasına da müsbət təsir edəcək və regional nizamda normallaşma yolunda əhəmiyyətli addımlar sürətlə atıla biləcəkdir.
Daily Mail’in 13 dekabr 2014 tarixli sayında Harun Yəhyanın “Misirdəki vəziyyət sürətlə necə düzələ bilər?" başlıqlı məqaləsi yayımlandı.
http://dailymailnews.com/2014/12/13/how-can-egypt-pick-up-speed-on-the-road-to-normalization/