Yaşadığımız dövrdə yalnız silahlıları deyil, dinc əhalini də hədəf alan müharibə zonalarından gələn xəbərlər, fotoşəkillər və vəhşilik görüntüləri vicdanı olan hər kəsin ürəyini parçalayır. Milyonlarla məzlum insan Suriyada, Cənubi Sudanda, Nigeriyada, Ukraynanın Donbass bölgəsində, Şimali Malidə, Liviyada, Yəməndə, Orta Afrika Respublikasında və daha bir çox ölkədəki qanlı müharibələrdə həyatlarını davam etdirməyə çalışarkən, milyonlarla insan da Rohincada, Şərqi Türküstanda, Fələstində, Əfqanıstanda, Kəşmirdə, Moroda məruz qaldıqları zülm qarşısında həyatda qalmaq uğrunda mübarizə aparırlar. Beynəlxalq sülh və təhlükəsizliyi ən çox təhdid edən məsələlərin başında gələn terror isə hər il minlərlə məsum qanını tökməyə davam edir.
Belə bir şəraitdə bütün dünyanın əl-ələ verib sülh üçün səy göstərməsi lazım olduğu halda, daha çox silahlanmağa çalışması təəccüblüdür. Bunun ən böyük səbəbi isə fərdi, ictimai və cəmiyyətlər səviyyəsində baş verən mənəvi böhran, insanlar arasında artan nifrət, sevgisizlik, mənfəətpərəstlik və bütün dünyanı bürüyən inamsızlıqdır. Aclığı gündəlik həyatın bir parçası olaraq yaşayan Afrikanın belə bütün imkanlarını silah sənayesinə yönəltməsi bu vəziyyəti ortaya qoyan bariz nümunədir.
Təhlükəsizlik hazırda yalnız müəyyən ölkələrin deyil, bütün dünyanın ortaq problemidir. Ölkələr terrordan, müharibələrdən, cinayətkar təşkilatlardan özlərini qorumaq üçün milyardlarla dollar xərcləyərək geniş miqyaslı tədbirlər alırlar. Təəssüf ki, bəzi ölkələrin təhlükəsizlik üçün aldığı tədbirlər başqa ölkələr üçün inamsızlıq hissi yarada bilir. Müharibələri, münaqişələri, ölüm qorxusunu, avtoritar rejimlərin təzyiqini, iqtisadi çətinlikləri, yoxsulluğu və yaşadıqları inamsızlığı arxada qoyub təhlükəsiz və rahat yaşamaq üçün yola çıxan milyonlarla miqrantın bir çox ölkə tərəfindən təhlükəsizlik problemi olaraq qəbul edilməsi buna misaldır.
Sərhədlərə hörülən divarlar da bu gün bir çox ölkənin tətbiq etdiyi təhlükəsizlik tədbirlərindən biridir. Miqrantların əsas hədəfi olan Avropanın bir çox ölkəsi təhlükəsizlik məqsədi ilə sərhədlərinə divar hörüb. 2015-ci ilin sonunda Avropaya gələn miqrant sayının 1 milyonu keçəcəyi nəzərdə tutulur. Bir çox miqrant Türkiyə üzərindən Yunanıstana keçib, oradan da Avropaya getməyə çalışır. Sayları getdikcə artan miqrantların ehtiyaclarını ödəməkdə çətinlik çəkən Yunanıstan Meriçdəki quru sərhədinə tikanlı məftil çəkmə qərarı aldı. Bolqarıstan da Türkiyə üzərindən həyata keçirilən miqrasiyanın öz torpaqlarına sirayət etməməsi üçün 160 kilometrlik tikanlı məftil çəkdi. Şimali Afrikadan İtaliyanın cənub sahillərinə qaçqın axını isə fasiləsiz olaraq davam edir.
Ötən günlərdə qatarlarla Almaniyaya keçməyə çalışan miqrantlara qarşı Macarıstan və Xorvatiyanın göstərdiyi reaksiya bütün dünyada tənqid edildi. Macarıstan, Serbiya ərazisindən gələn miqrantların girişini qarşısını almaq üçün sərhədə divar hördü. Macarıstan indi də həmin divardan Xorvatiya ilə sərhədinə hörəcəyini bildirib. Əksəriyyəti Suriya, İraq və Əfqanıstandan gələn minlərlə miqrant əvvəlcə Aralıq dənizini keçərək Yunanıstana, sonra isə Serbiya ərazisindən Macarıstana çatır. BMT rəsmiləri bu vəziyyətdə əsl həll yolunun humanitar yardım olacağını, Suriya və İraqda şərait yaxşılaşmadıqca, Avropaya axının davam edəcəyini bildirirlər. BMT-nin miqrantların hüquqları üzrə xüsusi məruzəçisi Fransua Krepo məsələyə dair bunları bildirib: "Divarlar hörərək, göz yaşardıcı qazdan istifadə edərək və ya zorakılığa əl ataraq, həbs edərək, sığınacaq, qida, su kimi təbii ehtiyacları əldə etmələrinə mane olaraq, nifrət saçaraq, miqrantların Avropaya gəlməsini dayandırmaq mümkün deyil". [1]
Miqrant axını ilə mübarizədən əlavə, terrordan qorunmaq üçün sərhədlərinə divar hörən ölkələrin sayı da olduqca çoxdur. Səudiyyə Ərəbistanı şimaldakı Turaif ilə Hafar əl Batın şəhərləri arasında təxminən min kilometr uzunluğunda divar hörəcəyini açıqladı. Həmçinin cənub qonşusu Yəmənlə olan sərhədlərini də əl-Qaidəyə qarşı qorumaq üçün nəhəng divarlar hörəcək. Keniya, Şəbab terror təşkilatı üzvlərinin ölkəyə keçidinin qarşısını almaq üçün Somali sərhədinə divar hörməyə başladı. Türkmənistan da Talibana qarşı ölkəsini qorumaq məqsədilə Əfqanıstan ilə sərhəd xəttinə divar hörəcəyini bildirib. 745 kilometrlik divarın tikintisinə artıq başlanılıb.
Rusiya ilə 2014-cü ildə baş verən böhranın səbəb olduğu toqquşmalarda minlərlə insanın həyatını itirdiyi Ukrayna isə ölkə təhlükəsizliyini təmin etmək məqsədi ilə sərhədlərini divarla hörmək qərarı alan digər bir ölkədir. Sərhəd təhlükəsizliyi çərçivəsində Rusiya sərhədinə 2 min kilometrlik divar tikintisi planlaşdıran Ukrayna 100 milyon avroluq xərci Avropa İttifaqının köməyi ilə ödəməyi hədəfləyir. Divarın dəmir məftil, mina və elektrikli sahələrdən ibarət olacağı bildirilir.
İsrail də təhlükəsizlik baxımından İordan çayının qərb sahili ilə Fələstin torpaqları arasında divar və nəzarət məntəqələri yaratmışdı. Hər 200 metrdə bir müşahidə qülləsi olan divar elektrikli tikanlı məftillərlə, dərin və dörd metr enliyində xəndəklərlə əhatə olunub. Divarın yaxınlığında heç kimin olmaması üçün isə uzaqdan idarə olunan silahlar mövcuddur.
Daha bir çox nümunəsinə rast gəlinən, şəhərləri, ölkələri, bir-biri ilə qardaş cəmiyyətləri, qohumları ayıran divarların tarixi əslində çox qədim dövrlərə gedib çıxır. Roma İmperiyasının II əsrdə hördüyü nəhəng qala divarlar, Çinin şimal-qərbi boyunca uzanan və dünyanın ən uzun müdafiə divarı olan Çin Səddi, yaxın keçmişdə Şərqi Almaniya vətəndaşlarının Qərbi Almaniyaya qaçmalarının qarşısını almaq üçün inşa edilən Berlin Divarı tarixin ən məşhur divarlarındandır. Təəssüf ki, məsələləri demokratiya və insan hüquqları çərçivəsində sülhyönümlü və ağıllı təhlükəsizlik siyasəti yürüdərək dostcasına həll etmək mümkün olduğu halda, divar hörərək təhlükəsizliyə nail olmağa çalışmaq keçmişdə də uğurla nəticələnməmişdir.
Unudulmamalıdır ki, yer üzündə əmin-amanlıq və təhlükəsizliyin ən əsas şərti sevgi, məhəbbət, dostluq və qardaşlıqdır. Dostluq olmadan, birlik və bərabərlik ruhu, qarşılıqlı sevgi, hörmət, həmrəylik olmadan əlbəttə ki, sülh olmaz. İnsanlar sevgi, mərhəmət, dözümlülük kimi hissləri itirir və bunun nəticəsində də qardaş kimi danışıb razılaşmaq əvəzinə divarlarla bir-birindən qopub uzaqlaşmaq istəyirlər. Sevginin hakim olduğu bir dünyada isə irqləri, dilləri, dinləri, mədəniyyətləri fərqli olsa da sevgi ilə qucaqlaşmaq mümkündür. Həyatlarını xilas etmək üçün yurdundan ayrılmaq məcburiyyətində qalan qaçqınlara məskunlaşacaqları təhlükəsiz yerlə təmin etmək, çatışmazlıqları varsa, onları maarifləndirmək, təzyiq, şiddət və zorakılıq altındakı xalqlara, ehtiyac içindəki məzlumlara, ac və susuzlara yardım etmək heç də çətin deyil.
Şübhəsiz bu sahədə dünya liderlərinə vacib iş düşür. Bütün dünya liderləri birləşdirici, sülhyönümlü sevgi üslubuna üstünlük verməli, şəfqət, mərhəmət, birlik, bərabərlik, sülh və qardaşlıq anlayışlarını önə çıxarmalıdırlar. Bu sevgi dili ilə dünyanın hər yerində baş verən miqrant böhranları, müharibələr və münaqişlər, terrora və zorakılğa əsaslanan qlobal təhlükəsizlik təhdidləri və hər cür qarşıdırma bir-bir aradan qalxacaq. Dolayısilə sərhədləri divarlarla ayırmaqla, daha çox silahlanmaqla, bölgələrə daha çox əsgər yerləşdirməklə, qısası, problemlərin ancaq təhlükəszilik tədbirləri ilə həll edilə bilməyəcəyi, bütün problemlərin mənbəyinin ancaq sevgi, şəfqət və maarifləndirici siyasətlə həll edilə biləcəyi başa düşülməlidir. Ümid edirik ki, bu əsr sevgisizliyin, gərginlik və münaqişə ruhunun sona çatdığı bir əsr olacaq. Qorxuların, sevgisizliyin, güvənsizliyin yerini həsrətini çəkdiyimiz sülh, əmin-amanlıq, dostluq, qardaşlıq və güvən mühiti tutacaq.
[1] http://www.ohchr.org/EN/NewsEvents/Pages/DisplayNews.aspx?LangID=E&NewsID=16344
Adnan Oktar'ın Iran Daily & Ahlul Bayt News Agency & Islamic Republic News Agency'də nəşr edilən məqaləsi:
http://newspaper.iran-daily.com/newspaper/pagepdf/6015
http://en.abna24.com/cultural/archive/2015/09/23/711966/story.html
http://www.irna.ir/en/News/81770602/