Ramazanı sığınacaqlarda keçirən rohincalı müsəlmanlar
ucgen

Ramazanı sığınacaqlarda keçirən rohincalı müsəlmanlar

2494

Özünəməxsus dərin mənəviyyatı ilə qəlblərimizə dinclik verən və bir milyarddan çox müsəlman tərəfindən çoşğu ilə yaşanan Ramazanın bərəkətli süfrələrində iftarımızı açarkən dünyanın hər tərəfində zülm görən müsəlman bacı-qardaşlarımız fikrimizdən çıxmır. Şübhəsiz rohinca müsəlmanları da hər loxmamızda xatırladığımız bacı-qardaşlarımız arasındadır.

Dünya elə bir hala gəlib ki, milyonlarla insan gündəlik həyatın qarışıqlığı içində iş yerlərində iclaslarda iştirak edərkən, sosial şəbəkələrdə mesajlaşarkən, televizora baxarkən, restoranda dostları ilə yemək yeyərkən və ya qəhvəsini içərkən dünyanın başqa ucunda heç bir təqsiri olmayan məzlum insanlar qayıqlara minərək açıq dənizlərdə ölümə tərk edilir. İllərdən bəri həyatda qalmaq uğrunda mübarizə aparan və son zamanlar mətbuatda da tez-tez adlarını eşitdiyimiz bu insanlar şübhəsiz ki, tarixin ən əzablı, ən əziyyət görmüş cəmiyyətlərindən biri olan rohincalılardır.

1982-ci ildə vətəndaşlıqdan çıxarılaraq öz ölkələrində qaçqın vəziyyətinə düşən müsəlman rohincalılar o tarixdən etibarən vətənsiz olaraq həyatlarını davam etdirir və evləri dağıdıldığı üçün 8-10 ailənin iç-içə yaşamağa çətinlik çəkdiyi düşərgələrdə yaşayırlar. Son zamanlar buddist rəhbərlik tərəfindən gördükləri təzyiq dözülməz həddə çatan, diri-diri yandırılan, dəyənəklərlə ölənə qədər döyülən, qadın və qızlarına təcavüz edilən, əmlakları əllərindən alınan rohinca xalqı canlarını xilas etmək üçün dəhşətli səfərə çıxmaq məcburiyyətində qaldı və minlərlə insan yanlarında heç bir əşya olmadan, yalnız üzərindəki geyimlə köhnə gəmilərə minib məlum olmayan istiqamətə doğru yola çıxdılar. 21-ci əsrdə insanlıq faciəsinə məruz qalan bu məzlum insanların təxminən 2 ay ərzində dənizin ortasında ac-susuz həyat uğrunda mübarizə apardıqlarına bütün dünya şahidlik etdi. Aclıq və susuzluqla yanaşı, bir tərəfdən də insan alverçilərinin işgəncələrinə məruz qalaraq gəmilərdə həyatlarını itirənlərin sayının minə çatdığı güman edilir.

Malayziya və İndoneziya dənizin ortasında həyatda qalmağa çalışan rohincalıları ölkələrinə qəbul etməyi uzun müddət rədd etsə də, beynəlxalq təzyiqlərin artması nəticəsində bir il ərzində müvəqqəti sığınacaq verməyi qəbul etdi. Nəhayət, Malayziya və İndoneziyanın Aça əyalətində yerləşən Bayen kəndindəki müvəqqəti sığınacaqlara yerləşdirilən, qeyim və qida yardımı edilən rohincalılar ibadət etmələri qadağan olan Burmadan fərqli olaraq bu ölkələrdə istədikləri kimi ibadət edib, oruc tutduqları üçün sevindiklərini, indoneziyalılara və malayziyalılara verdikləri dəstək üçün minnətdar olduqlarını dilə gətirirlər. Lakin geridə qoyduqları ailələri üçün keçirdikləri narahatlıq və həsrət hər an üzlərindən görünür.

Xilas edilən rohincalılardan biri Burmadan silah gücünə çıxarılıb 450 nəfərlə birlikdə dənizə tərk edildiklərini, çox vaxt yemək yemədiklərini və təkcə 10 kiloqram düyü ilə həyatda qalmağa nail olduqlarını bildirərkən, 35 yaşlı bir müəllim də 580 nəfərlə birlikdə mindikləri gəmidən sağ-salamat azad edildikləri və müsəlman bir ölkə tərəfindən qəbul edildikləri üçün Allaha şükür etdiyini deyir. 16 yaşlı Məhəmməd Şərif isə anasının xörəkləri üçün darıxdığını, amma Açedə olduğu üçün çox məmnun olduğunu bildirir. [1]

Gəmidən tullanaraq sahilə çıxanlardan 13 yaşlı Məhəmməd Əbdül isə qarşı-qarşıya qaldığı dəhşəti belə dilə gətirir: "Gəmidə bizi göyərtənin altında saxlayırdılar. Su istəyirdik, vermirdilər. Nəzarətçilər tərəfindən döyülürdük. Hətta bəziləri döyə-döyə öldürülüb. Uşaqların, böyüklərin cəsədlərinin dənizə atıldığını gördüm. [2]"

Gəmilərdən azad edilən bütün rohincalıların ən böyük narahatlığı yenidən Burmaya geri göndərilməkdir. Əbdül Rezik adlı bir rohincalı ölkəsinə qayıtmaq istəmədiyini belə bildirir: "Bir daha heç vaxt ölkəmə qayıtmaq istəmirəm. Evim yandırıldı. Buradakı dostlarımın hamısının evi yandırılıb. Anam yandırılaraq öldürüldü. Biz burada qalmaq istəyirik". [3]

Bütün bunlardan yola çıxaraq bir daha xatırlamalıyıq ki, İslam- Allaha inanan, Allahı sevən, Allah yolunda hərəkət edən bütün müsəlmanların bir araya gəlib birləşmələrini,  birlik olmalarını, bir-birini qorumalarını tələb edən bir dindir. Öz yurdlarında zülm görən, kəndləri, evləri yandırılan, valideynləri, uşaqları işgəncələrə məruz qoyulan, kişiləri qətlə yetirilən rohinca müsəlmanlarını qorumaq da bütün dünya müsəlmanlarının vəzifəsidir.

Baş vəzirlik, katiblik, qubernatorluq, qazılıq, general rütbəsi, nazirlik kimi yüksək rütbəli vəzifələrdə çalışaraq ölkələrinin siyasi tarixinə 350 ildən çox mühüm töhfələr vermiş, 1962-ci il çevrilişindən sonra isə müsəlman olmaları rədd edilmiş, müxtəlif təbliğat üsulları ilə əcnəbi kimi göstərilməyə başlanmış, vəzifələrindən çıxarılmış, hüquq və azadlıqları getdikcə məhdudlaşdırılmış, yaşamaq hüquqları əllərindən alınmış olan rohincalı bacı-qardaşlarımızın halına səssiz qalmaq şübhəsiz, zalımların zülmünə razılıq göstərməklə eyni mənaya gəlir.

Dolayısilə, dünyanın harasında olursa-olsun, vicdan sahibi bütün möminlərin üzərinə düşən məsuliyyət, bütün məzlumlar kimi rohincalı müsəlman bacı-qardaşlarımızın da haqqını müdafiə etmək, onlara qarşı tətbiq edilən zülmü ortadan qaldırmaq üçün səy göstərməkdir. Bu məqsəd naminə rohinca xalqının azadlıqlarını qazanması üçün lazımi ictimai rəy formalaşdırmaq və təsirli fəaliyyət göstərmək biz müsəlmanların vəzifəsidir.

Allaha yaxınlaşmağa vəsilə olan, Ona qarşı duyduğumuz sevgini gücləndirməyimizə imkan verən bir Ramazan ayını daha böyük bir sevinclə yaşayarkən, zülm altındakı bütün müsəlmanların və rohincaalı qardaşlarımızın xilası üçün Allaha niyaz edərək orucumuzu tutur, İslam aləminin əmin-amanlıq və təhlükəsizliyi üçün əsas şərt olan İttihadı İslamın sürətlənməsi üçün əlimizdən gələni etməli olduğumuzu unutmur və bütün dünya müsəlmanlarının ayrılıq və inciklikləri bir kənara qoyub bir an əvvəl birlik olması üçün dua edirik.

[1] http://www.rappler.com/world/regions/asia-pacific/indonesia/96750-rohingya-hope-for-peaceful-ramadan-indonesia
[2] http://www.amerikaninsesi.com/content/arakan-muslumanlari-simdilik-guvende/2786129.html
[3] http://www.aa.com.tr/tr/haberler/513243--kimse-myanmara-donmek-istemiyor

 

Adnan Oktarın «New Straits Times»da dərc olunan məqaləsi:

http://www.nst.com.my/node/91584

 

 

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr