Rohincalı müsəlmanlar əsrlərdir ki, Myanmarda, Arakan da daxil olan bir bölgədə yaşayırlar. Tarix də göstərir ki, bu torpaqlar onlara aiddir. Lakin bu məzlum xalqa öz məmləkətlərində təzyiq göstərilir, vəhşicəsinə işgəncələr verilir və sürgün edilirlər. Bu dünyanın məhəl qoymadığı açıq-aşkar soyqırımdır. Lakin gündən-günə şiddətlənən qəddar üsullarla törədilən insanlıq cinayətini görməmək mümkün deyil. Çünki hal-hazırda məlumat əldə etmək çox asandır. İnternet böyek bir universitetə bərabərdir. Buna görə də Myanmarda yaşayan rohincalı müsəlmanların tarixi və bu torpaqlarda çəkdikləri zülm haqıında məlumat əldə etmək heç də çətin deyil.
İslam Uzaq Şərq ərazisi və Burma (Myanmar) sərhədində yerləşən Arakan torpaqlarına 8-ci əsrdən etibarən bölgəyə səyahət edən müsəlmanlar vasitəsi ilə yayıldı və 1203-cü ildə Benqalın müsəlman olması ilə Arakan tamamilə İslam idarəsi altına keçdi. Bölgənin müsəlmanlar tərəfindən fəth edildiyi 1430-1638-ci illər arasında bir neçəsi istisna olmaqla bütün hökmdarlar İslamı seçdilər. Buna görə də Arakanda məskunlaşmış müsəlmanlar bu tarixdən etibarən bu torpaqlarda yaşayan Benqal kralı Sultan Cəlaləddin Məhəmməd Şah tərəfindən taxta çıxarılan Süleyman Şahın nəvələridir.1
Tarixin də təsdiqlədiyi kimi, hal-hazırda öz vətənlərində zülmə məruz qalan, kəndləri və evləri yandırılan, anaları, qızları işgəncə görən, kişiləri qətlə yetirilən rohincalı müsəlmanlar yaşadıqları torpaqların gerçək sahibləridir. Bundan başqa müsəlmanlar Arakan cəmiyyətinin siyasi və ictimai həyatında 350 ildən çox dövlət idarəsində əhəmiyyətli vəzifələr yerinə yetirmişlər, hətta baş vəzir, katib, icra hakimi, qazı, orduda generallıq, nazirlik kimi yüksək rütbəli vəzifələri idarə ediblər.
Lakin Arakanın müsəlman sultanlarından II Səlim Şahın 1638-ci ildə bir intriqa nəticəsində öldürülməsi ilə imperatorluq zəifləməyə və məhv olmağa başladı. 1784-cü ildən sonra Burmanın işğalı ilə bölgədə yaşayan müsəlmanlar böyük bir zülmə və təzyiqə məruz qaldılar. Əksəriyyəti ingilislərin nəzarətində olan Benqala sığınmalı oldular. İngiltərə Şərqi Hindistan şirkətinin qeydlərinə görə 1799-cu ildə 35 min arakanlı müsəlman burmalıların törətdiyi vəhşiliklərə görə öz ölkələrini tərk etdilər. Qeydlərdə bu ifadələr yer alır: "... Arakanın işğalından bir gün sonra burmalılar 40 min insanı qətlə yetirdi; gözəl bir qadın gördükdə əvvəlcə ərini öldürür, sonra onu ələ keçirirdilər; gənc qızlar ailələrindən zorla alınırdı; bu kasıb insanların sahib olduğu hər şey əllərindən alındı."2 Burmalıların zorakılığına görə müsəlmanların bir qismi ölkələrini tərk edərək Hindistana köçməyə məcbur oldular.
1824-cü ildə bölgədə hakim olan ingilislərin geri çəkilməsindən qısa bir müddət sonra müsəlmanlara qarşı hücumlar çox ciddi bir şəkildə artdı. İkinci Dünya Müharibəsi və Yapon işğalı ərəfəsində müsəlmanlara qarşı zorakılığın artması nəticəsində 1942-ci ildə Minbya qəsəbəsinə aid olan Çanbilli kəndində müsəlman qadın, kişi və uşaqlar qılınc və nizələrlə vəhşicəsinə qətlə yetirildi. Qətliamdan sonra bölgə talan edildi, müsəlmanlara aid bütün qızıl, gümüş və dəyərli əşyalar ələ keçirildi, heyvanları əllərindən alındı. Kənddə başlayan və bütün Arakana yayılan hücumlarda 307 müsəlman kəndi xəritədən silindi, 100 mindən çox müsəlman şəhid edildi və 80 minə qədər müsəlman isə yurd-yuvalarından qovuldu.3
1948-ci ildə isə Burmanın müstəqillik qazanması ilə müsəlmanların hərəkətlərinə tamamilə məhdudiyyətlər qoyuldu. Bütün olanlarda məqsəd Arakandakı müsəlman əhalini yox etmək idi. 1962-ci il inqilabı ilə hərbi rejim müsəlmanları şəxsiyyət olaraq rədd etdi, təbliğatla xaricilər kimi göstərilməyə başlandı, məmur və polis vəzifələrindən alındılar və Arakan əyalətində səyahət azadlıqlarının da qarşısı alındı.
Arakan torpaqlarının əsl sahibləri olan müsəlmanlar 1990-cı ildən sonra da çətin şərtlər altında yaşamağa davam edirdilər. Əhali sayının azaldılması üçün sistemli şəkildə təzyiq göstərilir, yerli idarələrin ürəyi istədiyi kimi vergi qoymasına görə kənd təsərrüfatı və heyvandarlıqla məşğul ola bilmirlər, torpaqları özəlləşdirilir, bundan başqa həbslər, işgəncə, məscidlərin və qəbirstanlıqların dağıdılması, ‘qadınların inkişafı’ adı altında gənc müsəlman qızların evlərindən qaçırılmaları və işgəncələr, təhsil hüquqlarının əllərindən alınması bu məsum xalqa tətbiq edilən zülmün yalnızca ümumi bir tərifi ola bilər.4
Rohincalı müsəlmanlar öz torpaqlarından sürgün edildilər və etibarlı hesab etdikləri digər ölkələrə köç etməyə məcbur edildilər. Bu gün bu torpaqların əsl sahibləri evlərini, kök saldıqları yurdlarını, mədəniyyətlərini, tarixlərini tərk edərək qonşu ölkələrə sığınır və ən çətin vəziyyətlərdə canlarını qurtarmağa çalışırlar. Burmada 240 mindən çox müsəlman ölkə daxilində qaçqın kimi yaşayır və ölkədə yaşayan 810 mindən çox müsəlmana isə vətəndaşlıq hüququ verilmir. Ölkənin Tayland sərhədində 120 min qaçqın yaşayır.5 Bundan başqa hal-hazırda Pakistan, Səudiyyə Ərəbistan, Malayziya, Tayland, Banqladeş və bəzi Avropa ölkələrində yüz minlərlə rohincalı müsəlman qaçqın statusu ilə yaşayır. Təkcə Banqladeşdə 1,5 milyon rohincalı müsəlman aclıq içində meşələrdə və dərələrdə yaşamağa çalışırlar.
Bütün dünya qəzetlərdə oxuduqları, televiziyalarda izlədikləri, internet səhifələrindən, demək olar ki, hər gün xəbərdar olduqları bu insanlıq cinayətinə qarşı səs çıxartmırlar. Dünyanın qərb yarımkürəsindəki inkişaf etmiş ölkələrdə baş verən insanlıq cinayəti və hücumlar böyük bir təsir yaratdığı halda, rohincalı müsəlmanların çəkdikləri zülm insanlarda eyni təsiri yarada bilmir. İnsanlar öz coğrafi bölgələrindən uzaq hesab etdikləri, qərbin müasir həyat tərzini görmədikləri, bəlkə də materialist bir nəzərlə etnik köklərin müxtəlif olmasına görə ikinci sinif hesab etdikləri bu məzlum, əzab və əziyyətlərdən keçən dəyərli xalqa diqqət yetirmirlər.
Lakin dünyanın harasında olursa olsun, vicdanlı və qəlbi daşlaşmamış hər bir insan məzlumların haqqını qorumaq, ədaləti bərpa etmək və dünyadakı zülmü aradan qaldırmaq üçün cəhd etməklə məsuliyyət daşıyır. İctimai mediada yazılan bir cümlə, paylaşılan bir məqalə, toplantıda deyilən bir söz və ya insanların bu açıq-aşkar zülm haqqında xəbərdar edilmələri və ictimaiyyətin zorakı rejimlərə, qəddarlara və zalımlara qarşı birləşməsi üçün atılan hər addım bu və buna bənzər digər insanlıq cinayətlərinin dayandırılması və qarşısının alınması üçün bir sədd yaradacaqdır.
1. Dünəndən bu günə Arakan, Dr. Məhəmməd Yunus, 2012,
http://www.ihh.org.tr/fotograf/yayinlar/dokumanlar/dunden-bugune-arakan.pdf
2. Soas Bulletin of Burma Research, (Buchanan 1992:82),
https://www.soas.ac.uk/sbbr/editions/file64388.pdf
3. Arakan Rohinqya Milli Təşkilatçılığı, 1942 Müsəlman qətliamı,
http://www.rohingya.org/portal/index.php/rohingya-library/26-rohingya-history/55-the-muslim-massacre-of-1942.html
4. A Handbook of Terrorism and Insurgency in Southeast Asia, s. 330-340,
https://books.google.com.tr/books?id=ZzMmpCinBYoC&pg=PA327&lpg=PA327&dq=Arakan+islam+embraced&source=bl&ots=CqkoQvEL1N&sig=EcmIrnC
5. BMT Qaçqınlar üzrə Ali Komissarlığı, UNHCR,
http://www.unhcr.org/pages/49e4877d6.html
Adnan Oktarın Burma Times-da yayımlanan məqaləsi: