Yeni bionik göz
ucgen

Yeni bionik göz

2364

ABŞ-dan olan elm adamları işıq enerjisi ilə işləyən bionik göz icad ediblər.

Stenford Universitetinin elm adamları tərəfindən hazırlanan və “Nature Photonics” jurnalında dərc olunan bionik göz haqqında məqalə mövcud göz protezlərində batareyadan istifadəyə son qoyacaq, eyni zamanda, daha yaxşı görmə qabiliyyəti qazandıracaq.

Bionik göz xəstənin taxdığı xüsusi eynəklərlə infrared şüaları gözə istiqamətləndirir. Protez bu şəkildə işə düşür və görmə qüsurlu şəxsə bütün lazımi məlumatları ötürür.

Tor qişa protezlərindən gözün arxasındakı sinirləri hərəkət etdirmək üçün istifadə edilir. Bu, bəzi xəstələrə müəyyən səviyyəyə qədər görmə qabiliyyəti qazandırır. Ancaq bu cür protezlərdə tor qişanın arxasına bir mikroçip, qulağın arxasına isə batareya yerləşdirilməlidir. Çip ilə cihaz arasındakı rabitə kabel vasitəsilə təmin olunur.

Elm adamları yeni metodla mürəkkəb elektron avadanlıq və kabeldən xilas olacaqlarını bildiriblər.

 Solar lövhədən fərqi yoxdur

 Yeni bionik gözdə tor qişanın arxasına yerləşdirilən hissəcik solar lövhə kimi işləyir. Görmə qüsurlu şəxsin taxdığı kameralı eynək qarşısındakı görüntünü qeyd edir və tor qişadakı mikroçipə yaxın infrared şüa göndərir. Beləliklə, sinirlərə ötürülən elektrik impulsu əmələ gəlir. Bu metoddan istifadə edilməsinin səbəbi təbii işığın protezi işə salmaq üçün lazımi enerjinin sadəcə 1000-də 1-ini  verməsidir.

Tədqiqat qrupuna daxil olan elm adamları “fotovoltaik protezin incə və kabelsiz olması protezi yerləşdirmək üçün əməliyyat prosesini daha da asanlaşdıracaq. Tor qişa xəstəliklərinə görə görmə qabiliyyətini itirən xəstələr yeni protez sayəsində kifayət qədər görmə qabiliyyəti qazanacaqlar” şəklində açıqlama veriblər. Hələ insanlar üzərində sınaqdan keçirilməmiş bionik göz siçanlar üzərində tətbiq ediləcək.

 Öz kök hüceyrəsindən damar hazırlandı

 İsveçdə dünyada ilk dəfə bir xəstəyə öz kök hüceyrələrindən hazırlanmış damar köçürməsi əməliyyatı uğurla həyata keçirilib. 

İsveçdə ciddi damar tıxanması problemindən əziyyət çəkən 10 yaşlı qıza öz kök hüceyrələrindən hazırlanan damar əməliyyatla köçürülüb.

Elm adamları ölü xəstədən götürüldükdən sonra bütün hüceyrələrdən təmizlənərək sadəcə boş boru formasına salınan 9 sm uzunluğundakı damarda qızdan götürülən sümük iliyi hüceyrələrini 2 həftəlik proseslə böyüdərək damar hasil etməyi bacarıblar.

Yeni damarı xəstəyə köçürən həkimlər damarın öz kök hüceyrələrindən hazırlandığına görə, xəstəyə toxuma uyğunsuzluğunu aradan qaldıran dərman vermək məcburiyyətində qalmayıblar.

İsveçdəki Qoteborq Universitetindən Suçitra Sumitran-Holqerson və həmkarlarından ibarət qrupun İsveç hökumətinin maddi dəstəyi ilə həyata keçirdiyi elmi fəaliyyət İngiltərənin ən tanınmış tibbi jurnallarından olan “Lancet”in internet səhifəsində dərc olunub.

Sumitran-Holqerson mövzu ilə bağlı verdiyi açıqlamada: “Bu, xəstələrə məxsus orqanlar hazırlayan toxuma mühəndisliyinin gələcəyidir”, – deyib.

 Aqressiv krevet tibbdə yeni cığır aça bilər

 Kiçik ölçüsünə baxmayaraq, dünyada ən möhkəm, öldürücü zərbələr endirməsilə tanınan mantis kreveti elm dünyasında böyük irəliləyişə səbəb ola bilər. Mantis kreveti qısqacları ilə 50 kq-lıq güclü zərbə vura bilir. Bu rəqəm krevetin çəkisindən yüz dəfələrlə çoxdur. Sakit okeanı və Hind okeanı adaları bölgəsində kütləvi şəkildə yaşayan krevetin düşmənlərinə qollarını sovurma sürəti 5.56 mm-lik güllədən istifadə edən tüfəngin sürətinə bərabərdir.

Sinqapurun Nanyanq Texnologiya Universitetində (NTU) mantis krevetləri üzərində aparılan tədqiqat keramikadan polad jiletə qədər bir çox əşyanın daha möhkəm və davamlı hazırlanmasına təşviq edir.

NTU-də akademik Ali Miserezin kiçik dəniz canlısı olan mantis krevetini təhlil edən araşdırması bir çox protezdə istifadə edilən keramika və metalların bu gün olduğundan qat-qat möhkəm hazırlanmasına kömək edə bilər.

Mantis krevetinin akvariumun şüşəsini qıran, xərçənglərin qabığını parçalayan çox möhkəm, “kötəyə” bənzəyən qısqaçlarını tədqiq edən Miserez kiçik canlının bu gücünə çox təəccüblənib.

Miserez ABŞ-nın Harvard Universitetindən dr. Ceyms Viver və Perdyu Universiteti ilə Brukheyvn Milli Laboratoiyalarında çalışan elm adamları ilə birlikdə bu tədqiqatı həyata keçirib. Elm adamları mantis krevetinin qısqaclarını nano səviyyədə təhlil edib və krevetin qısqaclarının mühəndisliklə istehsal edilən keramikadan da möhkəm quruluşda olduğunu görüblər.

Elm dünyasında ilk dəfə mantis krevetlərinin qısqacları bu qədər dərindən tədqiq edilib. Keçmişdəki tədqiqatlar mantis krevetinin bədəni ilə müqayisədə çox güclü zərbə vuran canlı olduğunu göstərmişdi. Güclü olduğu qədər zəhərli qısqacları ilə düşmənlərindən qorunan krevet qabıqlı rəqiblərini də vura-vura parçalaya bilir.

 “Bir çox sahədə istifadə oluna bilər”

 Miserez “Science” jurnalında dərc olunan məqaləsi haqqında: “Mantis krevetinin zərbələrə qarşı dayanıqlı olması möhkəm bud və oynaq protezlərinin istehsalında da irəliləyişə səbəb ola bilər. Bu protezlər yerimə və gündəlik hərəkətlər zamanı yüzlərlə zərbəyə məruz qalır”, – deyib.

Miserez protezlərin sümüklərdə aşınmalara səbəb olduğuna, metal protezlərin insan orqanizmində zəhərlənmələrə yol açdığına diqqət çəkib və araşdırmalarda insanların bioloji quruluşuna uyğun sümük material hasil etməyə çalışdıqlarını bildirib. Mantis krevetlərinin qısqacları kimi möhkəm protezlər hazırlansa, tibb sahəsində mühüm irəliləyiş əldə ediləcək.

 Zireh də hazırlana bilər

 Miserez və tədqiqat qrupunun əldə etməyə çalışdığı material mövcud protez materiallarından daha yüngül və zərbəyə qarşı davamlı olacaq. Həmin material hazırlansa, bədən üçün zireh, habelə, daha yüngüz zirehli nəqliyyat vasitələri və möhkəm motorlar istehsal edilə bilər. 

 Krevet gözündəki texnologiya

 Okeanların ən kiçik və bir o qədər də böyük xüsusiyyətlərə malik canlısı olan mantis krevetinin, eyni zamanda, üstün görmə qabiliyyəti var. Krevet ən az 100.000 rəng qavrayır. Bu rəqəm insan gözünün qavrama qabiliyyyətindən 10 dəfə çoxdur.

Dairəvi polyarizasiya filteri adlanan işıq sistemini görən yeganə canlı olan mantis kreveti 12 müxtəlif şüa qəbuledici hüceyrəyə malikdir. İnsanlarda isə 4 belə hüceyrə var. Mühəndislər görüntü texnologiyalarını təkmilləşdirmək üçün mantis krevetinin üstün görmə qabiliyyətini təhlil edirlər.

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr