Bəzi insanlar Hz. İsanın (ə.s) dövrün inkarçıları tərəfindən şəhid edilmədiyini, ancaq yenə də vəfat etdiyini və Allahın Hz. İsanı (ə.s) əvvəl vəfat etdirib sonra Öz Qatına qaldırdığını iddia edirlər. Bu Qurana və Əhli Sünnə inancına uyğun olmayan bir iddiadır.
Onlar bu iddialarına dəlil olaraq Ali-İmran Surəsinin 55-ci ayəsindəki "Mən sənin ömrünü tamam edib Öz dərgahıma qaldırıram" ifadəsindən istifadə edirlər. Ayə bu şəkildədir:
O vaxt Allah buyurdu: "Ya İsa, həqiqətən, Mən sənin ömrünü tamam edib (mutəvaffiykə) Öz dərgahıma qaldırıram (rafiukə), səni kafirlərdən pak edərəm. Sənə iman gətirənləri qiyamət gününə qədər kafirlərə qalib edərəm. Sonra isə Mənim hüzuruma qayıdacaqsınız. O zaman ixtilaf etdiyiniz məsələlər barəsində aranızda Mən hökm verəcəyəm! (Ali-İmran Surəsi, 55)
Ayədə bildirilən"... Mən sənin ömrünü tamam edib... " cümləsilə Hz. İsanın (ə.s) yuxudakına oxşar vəziyyətə salınaraq Allah Qatına yüksəldildiyi xəbər verilir. Hz. İsa ölməmiş, yalnız Allahın təqdiri ilə bu ölçüdən ayrılmışdır.
Dilimizə öldürmə və ya vəfat etdirmə kimi tərcümə edilən söz ərəbcədə "vəfəa" kökündən törəmiş olan təvaffa felidir və bu ölüm mənasına deyil, "canın alınması", "təslim alınması" mənalarını verir. İnsanın canının alınmasının isə hər zaman ölüm mənasını vermədiyi Quranda bizə bildirilir. Məsələn "təvaffa" sözünün keçdiyi bir ayədə insanın ölümündən deyil, yuxuda canının alınmasından bəhs edilir:
Allah ölənlərin (məvt) canını ölüm anında (yətəvaffa), ölməyənlərin canını isə onlar yuxuda ikən alır (ləm təmut). Ölümünə hökm verdiyi kəsin canını saxlayır, digərini isə müəyyən olunmuş vaxtadək buraxır... (Zumər Surəsi, 42)
Bu ayədə "vəfat etdirmə" olaraq tərcümə edilən söz ilə Ali-İmran Surəsinin 55-ci ayəsində istifadə edilən söz eynidir, yəni hər iki ayədə də "yətəvaffa" sözündən istifadə edilmişdir. İnsanın gecə yatdığı zaman ölmədiyinə görə yuxarıdakı ayədə istifadə edilən "təvaffakum" sözü ölümə işarə etmir, "gecə canlarınızı alan" mənasını verir. Əgər "təvaffa" sözü ölüm mənasında istifadə edilərsə, o zaman bütün insanların hər gecə yataraq keçirdikləri vaxtda bioloji olaraq öldüklərini söyləmək lazımdır. Bu vəziyyətdə Hz. İsanın (ə.s) da həyatı boyunca yatdığı hər gecə öldüyünü, başqa sözlə desək min dəfə öldüyünü iddia etmək lazımdır ki, bu da məntiqə ziddir.
Yuxunun bir növ vəfat etmə olaraq qiymətləndirildiyini, ancaq bunun bioloji ölümə aid edilmədiyini göstərən nümunələrdən biri də Peyğəmbərimizin (s.ə.v) yuxusundan qalxdığı zaman "Bizi öldürdükdən sonra dirildən Allaha həmd olsun" dediyini bildirən hədisi şərifdir. Heç şübhəsiz, Hz. Məhəmməd (s.ə.v) bu hikmətli sözü ilə yatdığı zaman bioloji mənada ölüm reallaşdığına görə deyil, yatan insanın bizim anladığımızdan fərqli bir mənada "canının alındığına" diqqət çəkmişdir.
ƏHLİ SÜNNƏ ALİMLƏRİNİN MÖVZU İLƏ ƏLAQƏDAR İZAHLARI
Böyük Əhli Sünnə təfsir alimləri də təvəffa sözünü izah edərkən Hz. İsanın (ə.s) ölmədiyini, Allah Qatına yüksəldildiyi və qiyamətdən əvvəl yer üzünə təkrar dönəcəyi barədə yekdil fikirdə olmuşlar. Bu İslam alimlərindən bəziləri bunlardır:
İbn Kəsrin təfsirində "təvaffa" sözünün yuxuya işarə etdiyi, eyni sözün digər ayələrdə nə şəkildə istifadə olunduğu göstərərək açıqlayır: İbn Əbu Xəttim deyir ki: "Bizə atam... Həsəndən rəvayət etdi ki, o, “sənin ömrünü tamam edib..." ayəsi haqqında bu şərhi vermişdir: Bu, “Səni yuxu ölümü ilə öldürəcəyəm, yəni yatırdacağam” mənasındadır ki, Allah-Təala Hz. İsanı (ə.s) yuxuda ikən göyə qaldırmışdır... Cənab Haqq Hz. İsanı (ə.s) şübhəsiz, bir gerçək olaraq yuxu ilə vəfat etdirdikdən sonra göyə qaldırmış və o dövrdə ona əziyyət verən (bəzi) yəhudilərdən xilas etmişdir. (İbn Kesir, Tefsiru'l Kur'ani'l Azim, 1-ci cild, s. 573-576)
İslam alimlərindən Məhəmməd Zahid əl-Kövsəri isə "təvaffa" sözünün mənasını araşdırarkən ayədə bu sözün ölüm mənası daşımadığını ifadə etmiş və Zumər Surəsinin 42-ci ayəsində keçən "ölüm" sözünə diqqət çəkmişdir: Əgər Hz. İsa (ə.s) ölmüş olsaydı (ki, bu doğru deyil), "Allah ölüm vaxtı gələn nəfsləri vəfat etdirir (Zumər Surəsi, 42) tərcüməsindəki ayədə ölüm mənasını verən "məvt" sözü bildirməzdi... Əgər iddia edildiyi kimi Allah-Təala adi ölümü (bioloji mənada ölümü) bildirsəydi bu açıq şəkildə xəbər verilərdi. Madam ki, Allah Yəhudilərin Hz. İsanı (ə.s) öldürmədiklərindən, vəfatdan və göyə yüksəlməkdən bəhs edir, o halda burada normal ölümdən fərqli bir məna haqqında düşünmək lazımdır. (Zahid Kevseri, Nazratün Abire fi Mezaimi men Yünkiru Nüzule İsa kable'l-Ahire, Mısır, 1980, s. 34-37)
Şeyxülislam Mustafa Səbri Əfəndi isə Zumər Surəsinin 42-ci ayəsini dəlil olaraq göstərərək "Əgər təvaffa sözünü "öldürmə" mənasında götürsəydik ruhların da ölməsi lazımdır" şərhini edir. (Mustafa Sabri, Mevfikü'l Akl ve'l İlm ve'l Alim min Rabbi-l Alemin ve İbadihi'l Mürselin, Beyrut, 1992, IV, s. 177-179)
İslam alimi Mevdudi Quran təfsirində də Ali-İmran Surəsinin 55-ci ayəsində keçən (Maidə Surəsinin 117-ci ayəsində də eyni söz istifadə edilir) "mutəvaffi" sözü barədə bu fikirləri bildirir: Ərəb mətnindəki "mutəvaffi" sözü "təslim almaq" və "can almaq" mənalarını verən “təvaffa” sözündən gəlir. Lakin burada məcazi mənada istifadə edilmişdir. Bu, "vəzifədən götürmə" mənasını verir. (Mevdudi, Tefhimu'l Kuran, Cilt I, s. 230-231 )
İslam tarixinin ilk təfsirçilərindən biri olaraq qəbul edilən Maturidi də ayədə Hz. İsanın (ə.s) bioloji mənada ölümündən bəhs edilmədiyinə diqqət çəkmişdir: Ayədə ölüm mənasındakı vəfat deyil, bədənin dünyadan alınması mənasındakı vəfatdır. (Maturidi, Tev'vilatü'l Kurani'l Metaun, Beyrut, s. 67)
Məşhur təfsir alimi Tabəri "mutəvaffiykə" sözünün "yerdən götürmək" mənasında istifadə edildiyini ifadə edir və ayəni bu şəkildə açıqlayır: Bizə görə ən doğru fikir bu sözü "almaq", "yerdən götürmək" mənasında ifadə etməkdir. Buna görə ayənin mənası "səni yerdən götürüb, göylərə çəkərəm" şəklində olar. Ayənin davamı da axır zamanda inkarçılara qarşı olan zəfərə diqqət çəkməklə bu fikri təsdiq edir. (Taberi Tefsiri, 3-cü cild, 290-1)
Bu şərhin davamında Tabəri "mutəvaffiykə" sözünün mənası ilə əlaqədar digər şərhlərə də yer verir. Sözün bir növ yuxu olaraq açıqlanması da İslam alimləri arasında qəbul edilən izahdır. Misirli alim Xəlil Hərras Həsən Bəsriyə görə bu ifadənin məqsədi "Mən səni yatırdıb, yuxuda ikən qaldırıb Qatıma yüksəldəcəyəm" şəklindədir. Cəlaluddin əs-Suyuti isə təfsirində səhih hədislərə əsaslanaraq Hz. İsanın (ə.s) ölmədiyini açıqlayır və belə deyir: O halda Hz. İsa (ə.s) göyə qaldırıldı və qiyamətdən əvvəl gələcəkdir. (Suyuti, et-Dürrül Mensur, 2-ci cild, s.225-7)
Osmanlı imperiyasının son dövr İslam alimlərindən Məmməd Vehbi də bu ayəni aşağıdakı şəkildə təfsir edərək Hz. İsanın (ə.s) ölmədiyini və öldürülmədiyini bildirmişdir: Ey İsa, Mən səni yatırdaraq mahallı bərəkət və kəramətim olan səma cəhətinə qaldırıb, yəhudilərin şərrindən qurtaracağam və kafirlərin pis hərəkətlərini səndən təmizləyərək, onların içindən çıxarıb pisliklərdən qurtaracağam. (Mehmed Vehbi, Hulasatü'l Beyan-ı fi Tefsiri'l Kuran, İstanbul, 1979, II, s. 613)
Ali-İmran Surəsinin 55-ci ayəsində Hz. İsanın (ə.s) ölmədiyinə işarə edildiyini ifadə edən İslam alimlərindən biri də İbn Teymiyyədir. İbn Teymiyyə ayədə bildirilən mənanın "bir növ yuxu ölümü" ola biləcəyini açıqlayarkən bu izahı verir: Bu ayə Hz. İsanın (ə.s) ölümünə aid edilmədiyinin dəlilidir... Ayədə keçən "ət-təvaffi" sözü bədən olmadan yalnız ruhun və ya ikisinin ölümünü, ancaq başqa bir karineyle (mövzunu bu mənada açıqlayan başqa bir dəlilin varlığı ilə) tələb edir. Burada məqsəd yuxu ölümü də ola bilər. (Ənam Surəsi, 60-cı ayədə olduğu kimi.) Ayənin son hissəsindəki "səni kafirlərdən pak edərəm" sözü də bu şəkildədir. Hz. İsanın (ə.s) bədəni ruhundan ayrılmış olsaydı, onun vücudu da digər peyğəmbərlər kimi yerdə olardı. (İbn Teymiyye, Mecnuu Fetava, der. Abdurrahman b. Muhammed b. Kasım el-Asımi en Necdi, Riyad, 1991, IV, s. 322-323)
Almalılı Həmdi Yazar isə təfsirində bu ayədən aydın olan mənanın "Hz. İsanın (ə.s) ölmədiyini, Allah Qatında diri olduğu" şəklində bildirir:... Biz tərəfdən bu təfsir və inancın xülasəsi belədir: Allahdan bir söz olan və Müqəddəs ruhla qüvvətləndirilən İsa Məsihin ruhu hələ alınmamışdır. Ruhunun əcəli gəlməmişdir. Söz hələ Allaha dönməmişdir. Onun hələ dünyada görəcəyi işlər vardır. (Elmalılı Hamdi Yazır, Hak Din Kuran Dili, Cilt II, s. 1112-1113)