Tarix boyunca bir çox peyğəmbərə olduğu kimi, iman gətirməyənlər Hz. İsaya da müxtəlif tələlər qurmuş və onu öldürməyə cəhd etmişlər. Ancaq Allah inkar edənlərin Hz. İsaya qurduqları tələləri pozmuş, Hz. İsanı öldürə bilməmişlər. Hz. İsa Allah qatına yüksəldilmişdir və -xristianların da gözlədikləri kimi- Allah`ın təqdir etdiyi zaman gəldikdə yenidən dünyaya gələcəkdir.
Hz. İsa uca Allah`ın insanları doğru yola çağırmaqla vəzifələndirdiyi seçilmiş bir elçisidir. Hz. İsanı digər peyğəmbərlərdən ayıran xüsusiyyətlərindən ən əhəmiyyətlisi onun ölmədiyi, Allah qatına yüksəldildiyi və yer üzünə təkrar geri dönəcəyidir. Ancaq Hz. İsanın yenidən yer üzünə gəlməsi ilə əlaqədar mübahisələrin gün keçdikcə artması bir çox iddia və sualı da özü ilə gətirir. Bu səbəblə, yazımızın məqsədi hz. İsanın yenidən dünyaya dönüşü ilə bağlı səhv məlumat və təbliğləri Allah`ın izni ilə aydınlaşdırmaqdır.
Hz. İsanın bioloji ölümü hələ reallaşmamışdır
“Maidə” surəsinin 117-ci ayəsində keçən "...Məni vəfat etdirdikdə (təvəffəytəni) üzərlərindəki nəzarətçi Sən idin..." ifadəsindəki “vəfat etdirmək” sözü bəzi kəslərin iddia etdiyi kimi bioloji ölüm deyil. Vəfat etdirmək həmişə bioloji olaraq insanın ölümü mənasında istifadə edilmir. Məsələn, bu ayədə "vəfat etdirmə" olaraq tərcümə edilən sözlə “Ənam” surəsinin 60-cı ayəsində istifadə edilən söz eynidir. Ancaq "vəfat" sözünün ərəbcə qarşılığı azəricədə istifadə edilən ölüm mənasından fərqli mənalar daşıyır.
"Sizi gecə vəfat etdirən (təvəffakum) və gündüzlər isə nələr etdiyinizi bilən Odur, sonra O, sizi səhərlər oyadır ki, müəyyən olunmuş əcəliniz gəlib çatsın...." (“Ənam” surəsi, 60)
Bu ayədən də aydın olduğu kimi, Allah yatan insanın da canını alır, amma insan bildiyimiz mənada ölmür. “Təvəffa” sözünün yuxu mənasında istifadə edildiyini söyləyənlərə görə, ayənin təfsiri "Səni yatırdacağam" şəklindədir. Demək ki, hz. İsanın yuxuya bənzər vəziyyətə salınıb Allah qatına yüksəldildiyini, bu hadisənin bildiyimiz ölüm olmadığını söyləyə bilərik (Ən doğrusunu Allah bilir). Hz. İsa gəldikdə Hz. Mehdi ilə birlikdə yaşadıqları bütün çətinliklərə, özlərinə kömək edilməməsinə və hətta onlara qarşı xoşagəlməz fəaliyyətlərin aparılmasına baxmayaraq, Allah`ın izni ilə, gerçək islam əxlaqını bütün dünyaya hakim edəcək.
Hz. İsanın yenidən gələcəyini düşünmək İslama zidd deyil
Əvvəlcə, bunu bildirmək lazımdır ki “Əhzab” surəsinin 40-cı ayəsində də bildirildiyi kimi, Peyğəmbər əfəndimiz (s.ə.v) "Allah`ın Elçisi və peyğəmbərlərin sonuncusudur" və hz. İsanın ikinci dəfə yer üzünə gəlməsi bəzi adamların önə sürdüyü kimi, bu həqiqəti dəyişdirməz. Hz. İsa hz. Muhamməddən (s.ə.v) sonra göndərilən peyğəmbər kimi deyil, hz. Muhammədin (s.ə.v) şəriətini davam etdirəcək və dünyaya Allah`ın izni ilə, din əxlaqını hakim edəcək elçi kimi gələcəkdir. Hz. İsanın ikinci dəfə gəlişi ilə İslam əxlaqının hakim olacağı bir hədisdə belə bildirilmişdir:
"İslamdan başqa (heç bir dini) qəbul etməyəcək... Din müctəhidi (yol göstərən) olacaq... Allah`dan başqa heç kimə və heç bir şeyə ibadət edilməyəcək..." (Ruhul-Məani, 7/60)
Hz. İsa səmada deyil, zaman və məkandan asılı olmayan ayrı bir məqamda yaşayır
Hz. İsanın Allah qatına yüksəldilməsini bizim asılı olduğumuz zaman və məkan anlayışları ilə qiymətləndirmək son dərəcə səhvdir. Bildirmək lazımdır ki, hz. İsanın Allah qatına yüksəldilməsində məqsəd hz. İsanın bilinən mənada səmada yaşamağa başlaması deyil. Hz. İsanın yüksəldilməsində məqsəd Allah`ın hz. İsanı zaman və məkandan asılı olmayan ayrı bir məqama almasıdır (Ən doğrusunu Allah bilir).
Hz. İsa ölümsüz deyil
1. Bəzi adamlar “Ənbiya” surəsinin 34 və 35-ci ayələrində bildirilən "…heç bir bəşərə əbədiyyət (ölməzlik) vermədik…" və "Hər bir kəs ölümü dadacaqdır…" ifadələrinə diqqət çəkib İsanın da öldüyünü önə sürür. Ancaq ayələrdə Allah`ın hz. İsanı inkar edənlərin qurduğu tələdən qurtardığı bildirilmişdir. Bu isə, əlbəttə, hz. İsanın ölümsüz olduğu mənasını verir. Unutmaq olmaz ki, "O …bir bəndədir" (“Zuxruf” surəsi, 59) ayəsi ilə bildirildiyi kimi, hz. İsa da Allah`ın yaratdığı bir quldur və hamı kimi ölümlüdür.
Hz. İsa ilə əlaqədar Kutubi-sittədə olan bəzi hədislər
Səhihi Buxari
Səid ibnul, Müsəyyəb Əbu Hüreyrədən belə dediyini eşitmişdir: Rəsulullah (s.ə.v) belə buyurdu: "Nəfsim əlində olan Allah`a and içirəm ki, şübhəsiz, irəlidə Məryəm oğlu İsa sizin içinizə ədalətli bir hakim olaraq enəcək. O zaman o, səlibi qıracaq, donuzu öldürəcək, cizyə vergisini qaldıracaq, mal o qədər çoxalacaq ki, heç kim mal qəbul etməyəcək. Nəhayət, bir tək səcdə dünya və dünyadakı hər şeydən daha xeyirli olacaq". (Səhihi-Buxari Müxtəsəri Təcridi-Sərih tərcüməsi və şərhi, hədis nömrə: 1018, Diyanət İşləri Nazirliyi Nəşrləri, Ankara 1986, c. 6, s. 532)
________________________________________
Səhihi Müslim
Cabiru'bnu Abdillah (rə) belə demişdir: Peyğəmbərdən (s.ə.v) eşitdim, buyurdu ki: "Ümmətimdən bir tayfa qiyamət gününə qədər haqq üzərində mübarizə aparıb müzəffər olmaqda davam edəcək". Nəhayət Məryəm oğlu İsa enər və müsəlmanların amiri ona: "Gəl, bizə namaz qıldır" deyər. Bunun üzərinə İsa: "Xeyr, Allah`ın bu ümmətə bir hörməti olaraq sizin bir qisminiz digər bir qisim üzərinə amirsiniz" deyər.
Hz. İsanın gələcəyinə inanmaq xristianlığı müdafiə etmək mənasına gəlmir
Hz. İsa Allah qatında təriflənmiş, seçilmiş, mübarək bir peyğəmbərdir. Üstün əxlaqı və dərin imanı bütün möminlər tərəfindən hörmətlə xatırlanır və nümunə götürülür. Hz. İsanın əxlaqını tərifləmək, belə müqəddəs insanın yenidən dünyaya gələcəyindən həyəcanlanmaq, bu həqiqəti bütün iman gətirənlərə müjdələmək gözəl davranış nümunələridir. "Xristianlığa dəstək vermək olar" kimi ağıl və məntiqdən kənar bəhanələr önə sürüb hz. İsanın gələcəyi həqiqətini gözardı etməyə çalışmaq qətiyyən məqbul davranış deyil.
Ayrıca, bildirmək lazımdır ki, hz. İsa yenidən dünyaya gəldiyində kitab əhlinin batil inanclarını ortadan qaldıracaq, insanları Allah qatında haqq olan dinə, yəni İslama çağıracaq. Quran və sevimli əfəndimizin (s.ə.v) sünnəsi ilə hökm edəcək. Bu həqiqət bir hədisdə belə müjdələnmişdir:
"Qırx (40) il Allah`ın Kitabı və mənim sünnəmlə hökm edər, vəfat edər." (Kitabul-Burhan Fi Əlamətil-Həzrəti-Mehdiyyil-Axırzaman, s. 92)
Hz. İsanın ölmədiyi və təkrar yer üzünə gələcəyi inancı xristianlığa aid təhrif edilmiş inanc deyil
Hz. İsanın Allah qatına yüksəldilməsi mövzusunda xristianların üçləmə və hz. İsanı ilahlaşdırmaqla (Allah`ı tənzih edirik) bağlı bəzi səhv şərhləri vardır. Xristianların bu şərhləri təhrif etmiş, gerçək din əxlaqına uyğun olmayan şərhlərdir və Quranda bu təhrif olmuş inanc və hökmlərin hansıları olduğu göstərilir. Ancaq xristianların hz. İsanın təkrar yer üzünə gələcəyinə dair inancları Quranda açıq və dəqiq olaraq göstərilmişdir. Əgər hz. İsanın yenidən yer üzünə dönəcəyi xristianların təhrif edilmiş inanclarından biri olsaydı (ki bu doğru deyil), heç şübhəsiz, digər bütün yanlış inanclarda olduğu kimi, bu da Quranda bildirilərdi.
Hz. İsanın yenidən gəlişi ilə imtahan mühiti ortadan qalxmayacaq
Yüzlərlə il əvvəl Allah qatına yüksəldilmiş müqəddəs bir şəxsin yenidən dünyaya geri gəlməsinə şahidlik olunması, şübhəsiz, bütün möminlər üçün böyük bir şərəfdir. Ancaq, əlbəttə, bu, imtahan mühitini ortadan qaldırmayacaq. Bəzilərinin zənn etdiyi kimi, hz. İsanın dönüşü bütün insanlar tərəfindən dərhal qəbul edilməyə bilər. Hz. İsa xüsusilə, inkar edənlər, gerçək din əxlaqını yaşamayanlar və ya imanı zəif olanlar tərəfindən şübhə ilə qarşılana bilər.
Unutmaq olmaz ki, tarix boyunca göndərilən peyğəmbərlərin bir çoxu insanları imana dəvət edə bilmək üçün onlara Allah`ın diləməsi ilə bir çox möcüzələr göstərmişlər. Lakin gördükləri möcüzələr qarşısında insanların böyük bir qismi iman gətirməmiş, tam əksinə daha da təkəbbürlənmiş və inkarlarında inad etmişlər. Bu səbəbdən bəzi insanların iddia etdiyi kimi, hz. İsanın gəlişi kimi böyük bir möcüzənin reallaşması ilə imtahan mühitinin ortadan qalxması qətiyyən mümkün deyil.
Din əxlaqını hakim etmək üçün nəyə görə hz. Muhamməd (s.ə.v) deyil, Hz. İsa göndərilir?
Sevimli Peyğəmbərimiz hz. Muhamməd (s.ə.v) həyatı boyunca Allah yolunda bütün insanlığa nümunə olacaq mübarizə sərgiləmiş və Allah`ın təqdir etdiyi müddət dolanda isə digər bir çox peyğəmbər kimi, ömürü sona çatmışdır. Hz. İsa üçün isə Allah fərqli qədər təqdir etmiş və onun yenidən yer üzünə dönəcəyini vəd etmişdir. Bu, Rəbbimizin təqdiridir və şübhəsiz, böyük hikmətləri vardır. Hz. İsanın yenidən gəlməsinin hikmətlərindən biri isə (ən doğrusunu Allah bilir) xristian və yəhudilərin düşdükləri vəziyyətdən ancaq bu şəkildə xilas olmalarının mümkün olmasıdır. Bilindiyi kimi, xristianlar hz. İsadan sonra peyğəmbərlərini ilahlaşdıraraq bir çoxu doğru yoldan azmışdırlar (Allah`ı tənzih edirik) və dinlərini təhrif etmişlər. Xristian dünyasının bütün batil inanclardan təmizlənib gerçək din əxlaqına və son haqq din olan İslama yönəlməsi üçün hz. İsanın gəlməsi böyük əhəmiyyət daşıyır.
Hz. isanı gözləmək iman gətirənləri şövqləndirər
Hz. İsanı gözləməyin iman gətirənləri tənbəlliyə aparacağını düşünən bəzi adamların bu iddialarının tam əksinə, Allah`ın insanlara elçi göndərməsi səmimi iman gətirənlər üçün çox böyük şövq mənbəyidir. Könüldən iman gətirən bir adam elçinin gələcəyi mühit üçün əlindən gələn ən yaxşı və gözəl hazırlığı edər. İmani həyəcan və eşqlə həm özünü, həm də ətrafındakı insanları bu müqəddəs hadisəyə hazırlayar. Tənbəllik və şövqsüzlük isə imani zəifliyi olanların xüsusiyyətləridir.
Nəticə: Hz. İsa yer üzünə yenidən gəldikdə hər davranışı ilə hikmətli və bənzərsiz olacaq
Hz. İsanın gəlişi və bu qiymətli peyğəmbəri görə bilmək bütün insanlıq üçün çox böyük nemət və Rəbbimizdən bir lütfdür. Onun doğumu, həyatı, Allah qatına alınması və yer üzünə ikinci dəfə gəlməsi, gəlişindən sonrakı həyatı da Allah`ın izni ilə möcüzələrlə dolu olacaq. Bütün insanlar onun üstün əxlaqına və bənzərsiz ağlına heyran olacaqlar. Onun söylədiyi hər söz, hər hərəkət hikmətli və aldığı hər qərar Allah`ın ilhamı ilə məqsədəuyğun olacaq.
Hz. İsa haqqındakı bütün bu həqiqətlər səmimi iman gətirənlərin bu əhəmiyyətli mövzunu bir dəfə yenidən düşünmələri və vicdanlarının səsini dinləyərək maddi-mənəvi gərəkli bütün hazırlıqları etmələri üçün əhəmiyyətli xatırlatmadır. Bu xatırlatmaya uyanlar, Allah`ın izini ilə, bu müqəddəs elçi yenidən yer üzünə gəldikdə sevimli Peyğəmbərimizin (s.ə.v) müjdələdiyi kimi, özünün köməkçisi və dəstəkçisi olmaq şərəfinə nail olmağı ümid edə bilərlər. Heç şübhəsiz, bu, könüldən iman gətirən bütün müsəlmanların duasıdır.