Kitab əhlindən elə bir kəs olmaz ki, ölümündən əvvəl ona (İsaya) iman gətirməsin, lakin o, (İsa) qiyamət günündə onların (kitab əhlinin) əleyhinə şəhadət verəcəkdir. (Nisa Surəsi, 159)
Ayədə bildirilən "qablə məvtihi", yəni "ölümündən əvvəl" ifadəsində yer alan "o" əvəzliyi təfsir alimlərinin böyük əksəriyyətinin təsdiqi ilə Hz. İsaya (ə.s) işarə edir. Ərəb qrammatikasında da "o" əvəzliyinin Hz. İsaya (ə.s) işarə etməsi qətidir.
Quranda Kitab Əhli ilə əlaqədar bütün ayələrdə cəm şəklini bildirən "hum" əvəzliyindən istifadə edilmişdir. (Bəyyinə Surəsi, 1 və 6; Hədid Surəsi, 29; Həşr Surəsi 2-də olduğu kimi) Bu ayədə isə tək şəklində bildirən "hu" əvəzliyindən istifadə edilmişdir. Bu vəziyyətdə ayədə xəbər verilən Hz. İsanın (ə.s) ölümündən yəni, yer üzünə ikinci dəfə gəlib bioloji olaraq ölümündən əvvəl Kitab Əhlinin ona inanacağıdır.
"O, qiyamət günündə onların (kitab əhlinin) əleyhinə şəhadət verəcəkdir" cümləsi də Hz. İsaya (ə.s) işarə edildiyinin bir başqa dəlilidir. Bu vəziyyətdə ayənin təfsiri "Hz. İsa (ə.s) gəldiyi zaman Kitab Əhlindən ona iman etməyən heç kim olmayacaq" şəklindədir. Bu da Hz. İsanın (ə.s) yenidən dünyaya dönəcəyinə və onun rəhbərliyində həqiqi din əxlaqının bütün dünyaya hakim olacağını göstərir.
Allah Quranda bütün peyğəmbərlərin və elçilərin göndərildikləri cəmiyyət üçün axirət günündə şahidlik edəcəklərini bildirmişdir. Ancaq Hz. İsadan (ə.s) başqa heç bir peyğəmbərə "Kitab əhlindən elə bir kəs olmaz ki, ölümündən əvvəl ona iman gətirməsin" deyə bildirilməmişdir. Bundan başqa, Quranda Hz. İsadan (ə.s) əvvəl gələn və Kitab Əhlinin də iman etdiyi heç bir peyğəmbərə bu şəkildə xitab edilməmişdir. Hz. İbrahim (ə.s), Hz. Süleyman (ə.s), Hz. Davud (ə.s), Hz. Musa (ə.s), Hz. Yusuf (ə.s), Hz. Yaqub (ə.s) üçün buna bənzər bir izah verilməmişdir.
Əgər Kitab Əhlindən hər bir insan ölümündən əvvəl Hz. İsaya (ə.s) iman etsəydi (bu şəkildə olmadığı açıqca görünür), buna bənzər bir ifadə Kitab Əhlinə gələn digər peyğəmbərlər üçün də bildirilərdi. Halbuki, bu ifadə yalnız Hz. İsa (ə.s) üçün istifadə edilmişdir. Bu da Hz. İsanın fərqli mövqe tutduğunun əhəmiyyətli dəlillərindən biridir.
Ayənin "Kitab Əhlindən hər bir insanın ölümündən əvvəl Hz. İsaya (ə.s) inanması" şəklində təfsir edilməsi mümkün deyil. Hz. İsa (ə.s) dövründə Kitab Əhli olan yəhudilər ona iman etmədikləri kimi, içlərindən bir qismi onu öldürməyə də cəhd etmişdilər. Daha sonra onun öldüyünü sanıb inkarlarını davam etdirmişdilər.
İslam alimlərinin qənaəti bu istiqamətdədir. Əshabələrdən Əbu Hüreyrə və İbn Abbas bu ayənin Hz. İsanın (ə.s) yenidən gəlişinə dəlil olduğunu ifadə etmişdir. Kurtubi ayəni bu şəkildə şərh edir:
Qiyamət əlamətləri yaxınlaşdığında Hz. İsa (ə.s) diri olaraq göydən yer üzünə endiyi zaman Kitab Əhlindən həyatda olan hər kəs ona inanacaq. Ortada yalnız İslam milləti qalacaq.
Tabəri isə ayəni bu şəkildə təfsir etmişdir:
Əhli Kitabdan hər biri ölümündən əvvəl Dəccalı yox etmək üçün yer üzünə enən Hz. İsaya (ə.s) iman edəcək. O zaman bütün millətlər İslam adına bir millət halına gələcəklər.
Xəlil Hərras da mövzu ilə əlaqədar Tabərinin təfsirinin səhih olduğunu ifadə etmiş və Nisa Surəsinin 159-cu ayəsinin Hz. İsanın (ə.s) yenidən dünyaya gəlişinə işarə etdiyini belə açıqlamışdır:
Ayədə keçən "o" əvəzliyi Hz. İsaya (ə.s) işarə edir. O endiyi zaman bu dövrdə mövcud olan Kitab Əhlindən hər biri Hz. İsaya (ə.s) iman edəcək, onu təsdiqləyəcək və din olaraq ancaq İslam qəbul ediləcək... Hz. İsa (ə.s) yer üzünə endiyində Əhli Kitab ona inanacaq...