Quran müsəlmanlığının kökündə gözəllik, keyfiyyət və xoşbəxtlik var
Asiya Afrika ilə əlaqəli strateji mövqeyi, məhsuldar torpaqları, yeraltı və yerüstü sərvətləri ilə yanaşı, mədəni zənginliyi, tarixi keçmişi ilə heç vaxt uduzmayıb. İslam dünyası təkcə regional sülhün deyil, qlobal sülhün də baş aktyorlarından biridir. Tarixi və mədəni cəhətdən dünyanın ən zəngin sivilizasiyalarının beşiyi olan bu seçilmiş bölgə son dövrdə qan gölünə çevrilib. Sivilizasiyalar diyarını bu gün duman bürüyüb.
Xurafatçılıq və Qurana əsaslanan həqiqi İslam bir-birinə tamamilə ziddir. Bir çox İslam ölkəsində İslam adı altında Qurana zidd model yayılıb. Bu modeli müsəlmanlıq adı altında həyata keçirən insanların həyat tərzi Quran əxlaqından uzaqdır.
Bu ölkələrdə qatı cəhalətə əsaslanan xurafatçılıq, adət-ənənə və mövhumatlardan ibarət yanlış din anlayışı hakimdir. Nəticədə isə hər cür vəhşilik və şiddətə qapı açan, elm, incəsənət, estetika, modernizm və mədəniyyətdən uzaq, qadınlarla ikinci sinif varlıqlar kimi davranan cəmiyyət və həyat modeli ortaya çıxıb. Müsəlman ölkələrin böyük əksəriyyəti atadan oğula keçən, dövlət tərəfindən rəsmi qəbul etdirilən əcdadlarından qalma din anlayışını İslam kimi mənimsəyib. Özlərini müsəlman adlandıran bu məfhum İslam ölkələrindəki bütövlüyü, sevinci, dindarlığı, incəsənəti, üstün əxlaqı, dostluğu və keyfiyyəti yox edib.
“Dində məcburiyyət yoxdur” ayəsinin hökmünə zidd olmasına baxmayaraq (Bəqərə surəsi, 256), bir sıra İslam ölkələrində bəzi radikal fəaliyyətlərlə ciddi təzyiq rejimi formalaşdırılıb. Ancaq təzyiq insanların iman gətirməsinə deyil, əksinə, mənəvi pozuntuya səbəb olub. Bu ölkələrdəki İslam adı altında həyata keçirilən fəaliyyətlərin çoxu sadəcə kənardan müsəlman görünməsini hədəf almış, bəzi insanlar da buna aldanaraq müsəlman kimi görünmüş, lakin əslində, mənəvi pozuntuya məruz qalmışlar. Səmimiyyət dini olan İslamla yaşamaq əvəzinə ikiüzlü davranmağa məcbur edilmişlər. Hal-hazırda, bir çox repressiv İslam ölkəsində gənclərin böyük əksəriyyətinin mənəvi çöküntü içində olması bu səbəbdən sürpriz deyil. Halbuki, bütün müsəlmanlar dinimizin əslini, kökünü araşdıraraq, İslamın əsl mənbəyi olan Quranı oxuyaraq öyrənməlidirlər. Bu, bütün müsəlmanların İslam adı altında yaşadıqları cəhalətdən dərhal xilas olmalarına səbəb olacaq.
İslamda sevgi əsasdır:
Allah sevməyi sevir. Müsəlmanın fitrətində də sevgi var. Uca Rəbbimiz “İman gətirib yaxşı işlər görənlər üçün ər-Rəhman bir sevgi yaradacaq” (Məryəm surəsi, 96) ayəsində müsəlmanların qəlbində nifrət deyil, sevgi olduğunu xəbər verir.
İslamda kitab əhlinə (yəhudi və xristianlara) nifrət yoxdur:
Kitab əhlinə şəfqətlə yanaşmaq, onları qorumaq və sevgi bəsləmək əsasdır. Uca Allah “Maidə” surəsinin 5-ci ayəsində yəhudi və xristianların yeməyini müsəlmanlara halal edib. Eyni ayədə bir müsəlmanın kitab əhlindən olan bir qadınla evlənməsini də halal edib. Yəni Quran ayəsinə görə bir yəhudi və ya bir xristiana nifrət bəslənməməlidir.
“Əraf” surəsinin 159-cu ayəsində Allah yəhudilər arasında “haqq ilə doğru yola yönəldən camaat” olduğunu bildirir. “Ali-İmran” surəsini 113, 114 və 199-cu ayələrində, “Qəsəs” surəsinin 52-ci ayəsində, “Nisa” surəsinin 162-ci, “Bəqərə” surəsinin 62-ci, “Maidə” surəsinin 12-ci və 69-cu ayələrində Allah Allah`a dərindən iman gətirən yəhudi və xristianların olduğunu xəbər verir, onları gözəl mükafatla müjdələyir. Bəzi xurafatçıların nifrət bəslədiyi kitab əhli (bütün yəhudi və xristianları tənzih edirik) Qurana əsasən, müsəlmanların dostudur, hətta həyat yoldaşıdır.
İslama əsasən, Quranı hər kəs öz dilində, hər şərtdə və hər yerdə oxuya bilər:
Rəbbimiz “Allah`ın evlərinizdə oxunan ayələrini və hikməti xatırlayın…” ayəsi ilə Quran ayələrinin daima oxunmasını və hikmətinin, yəni mənasının başa düşülüb unudulmamasını bildirir. Quran hər yerdə həmişə rahatlıqla oxuna bilər. Qurana toxunmağı qadağan edən hökm yoxdur. Quranı anlamaq əsasdır. Ona görə, hər kəs öz dilində oxuyub ayələrin hikmətini anlamalıdır. “Zuxruf” surəsinin 44-cü ayəsinə əsasən, müsəlmanların hamısı axirətdə xurafatçıların divardan asıb unutduqları və ya ərəb dilində oxuyub anlamadıqları Qurandan sorğu-sual olunacaqlar. Ona görə, heç kim xurafatçıların insanları Qurandan və ibadətlərdən uzaqlaşdırmasına aldanıb bu həqiqəti unutmamalıdır.
İslamda kədərlənmək yoxdur:
İslam sevinc və xoşbəxtlik dinidir. Allah müsəlmanlara gülməyi, xoşbəxt olmağı yaraşdırır. Ağlamaq və kədərlənmək Qurana əsasən, cəhənnəm əhlinin xüsusiyyətidir. Allah onlar haqqında: “Az gülüb çox ağlasınlar” (Tövbə surəsi, 82) - deyir. Ona görə, müsəlman gülərək, xoşbəxt olaraq, sevinc içində Allah`dan razı olaraq yaşamaqla məsuldur.
İslamda keyfiyyət, təmizlik, gözəllik, incəsənət, estetika, elm, təhsil var:
İllərdir baxımsız, səliqəsiz paltarları ilə İslamı təmsil etdiklərini deyən bəzi insanlar, əslində, xurafatı dinə çevirməyə çalışıblar. Allah Quranda “Libasını təmizlə! Pis şeyləri tərk et!” (Muddəssir surəsi, 4-5) ayələrində müsəlmana geyimini və evini təmizləməyi buyurur. Düşünməyi, elmdə dərinləşməyi tövsiyə edir. Quranda hz. Süleymanın (ə.s) sarayı gözəllik və estetikanın ən gözəl nümunələrindən biri kimi təsvir edilir. Odur ki, müsəlman dünyanın ən baxımlı, ən keyfiyyətli, ən mədəni insanı olmalıdır.
Keyfiyyət müsəlman üçün həyatın hər sahəsində vacib olan xüsusiyyətdir. Lakin İslam dinini yanlış anlayanlar çox keyfiyyətsiz həyat tərzini İslam adı altında tanıdır və tətbiq edirlər. Ona görə də bəzi insanlar İslam dinini bu insanların yaşadığı həyat tərzi qəbul edir və İslama əks-münasibət bəsləyirlər. Xurafatçılıq ucbatından müsəlmanlar bir çox ölkədə pis münasibətə məruz qalırlar. Çünki əksərən baxımsız, kirli, çirkin, İslama və Qurana zidd sistem İslam dini kimi təqdim edilir.
Xurafatçıların yemək əxlaqında, geyimlərində, danışıqlarında keyfiyyətsizlik hakimdir və bu keyfiyyətsiz həyat tərzində israrlıdırlar. Gözəlliyi tamamilə aradan qaldıran model formalaşdırılıb və gözəllik haram kimi göstərilir, çirkin, baxımsız insanın təqvalı olduğu iddia olunur. Xurafatçılıqda musiqi haramdır, rəssamlıq haramdır, insanlardan uzaq olur, dindirmir, iltifat etmirlər. Bu qəribə anlayışı din kimi qəbul edən insanlar keyfiyyətsiz həyat yaşayır və ətraflarına sıxıntı verdikləri kimi, özləri də bir müddət sonra həyatdan küsürlər.
Allah`ın cənnətdə yaratdığı gözəllik və keyfiyyətin dünyadakı bənzəri ancaq həqiqi İslam əxlaqı ilə qazanıla bilər
Həqiqi İslam dinində iltifat, fədakarlıq, incə düşüncə, sülh, sevgi, şəfqət, mərhəmət, demokratiya, fikir azadlığı, əyləncə, sevinc, estetik memarlıq, gözəl, baxımlı, cazibədar insanlar var.
Dünyada bütün nemətlərdən uzaqlaşan, nemət sevgisini İslama zidd hesab edən və gözəl evləri, gözəl geyimləri, nemət içində həyatı özlərinə deyil, Allah`dan uzaq yaşayanlara yaraşdıran xurafatçılar səfil həyatı din kimi göstərməyə çalışırlar. Halbuki, Allah bütün gözəl nemətləri iman gətirənlərə layiq edib. Nemətləri haram etməyə çalışanlar ayədə belə xəbər verilmişdir:
De: “Allah`ın Öz qulları üçün üzə çıxartdığı zinəti və təmiz ruziləri kim haram etmişdir?” De: “Bunlar dünya həyatında (hamıya), qiyamət günü isə yalnız möminlərə məxsusdur”. Biz dərk edən adamlar üçün ayələri belə izah edirik. (Əraf surəsi, 32)
Gözəllik, sevinc, keyfiyyət, xoşbəxtlik, müasirlik, sevgi, şəfqət müsəlmanlar üçündür. Qurandakı müsəlman modeli budur. Quranda tərif edilən müsəlman ağıllıdır, təhsillidir. Müasirdir, nikbindir, kübardır, nifrəti aradan qaldırır, sevgini bərqərar edir. Qurandakı müsəlman kədərin deyil, sevincin, münaqişənin deyil, sülhün tərəfdarıdır. Gözəldir, baxımlıdır, gözəl geyinir, gözəl ətirlərdən istifadə edir, tər-təmiz evlərdə yaşayır. Bunun üçün varlı olmasına, başı açıq və ya örtülü olmasına ehtiyac yoxdur. Gözəllik, müasirlik, əsalət və keyfiyyət tər-təmiz geyimlərdə, baxımlı bədəndə, gözəl üslubda və sevgi dolu aydın çöhrədə təbii olaraq özünü büruzə verir.
İslam dünyasının həqiqi Quran əxlaqı ilə yaşayan ziyalı, sülhsevər insanlara ehtiyacı var. İslama xurafatlar əlavə etməyə çalışan, halalları haram edən, dünyaya qəzəb və nifrət gətirən yanlış modeli dərhal tərk etmək lazımdır. Məhz buna görə, Qurana tabe olan əsl müsəlmanların Qurandakı müsəlman modelini dünyaya göstərməsi, çox keyfiyyətli və mehriban olması, İslamı yanlış anlayan insanları maarifləndirməsi çox vacibdir. Allah da bizdən bunu istəyir.