Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampın ABŞ-ın İsraildəki səfirliyinin Qüdsdə olacağını bildirməsindən sonra Şərqin gündəmi bir anda yenidən mübahisələrlə doldu. Mübahisənin başlanğıcı paytaxt mövzusu olduğu üçün şərhlərin və dəyərləndirmələrin böyük əksəriyyəti də siyasi mərkəzli idi. Ancaq mövzu Qüds olduqda dəyərləndirmələrin təkcə siyasi və ölkə maraqları çərçivəsində olması vəziyyəti çətinliyə aparmaqdan başqa bir şeyə yaramır.
Tərəflərin xoş niyyətlərinə, müxtəlif sülh təşəbbüslərinə baxmayaraq, getdikcə qəlizləşən Qüds məsələsində bu günə qədər tətbiq edilən yollardan fərqli yol müəyyən etmək lazımdır. Bu çətin vəziyyətdən çıxmaq üçün bilinən siyasi ritorikadan, qeyri-hökumət təşkilatları və insan hüquqları təşkilatları tərəfindən gündəmə gətirilən şərhlərdən, beynəlxalq qurumların heç bir təsiri və mənası olmayan qınamalarından daha fərqli bir yola ehtiyac var.
Region ölkələri din, dil, irq ayrı-seçkiliyi etməməli, dünyəvi, demokratik, bəşəri dəyərləri əsas götürməli və milli maraqlar çərçivəsindən kənara çıxıb qeyd-şərtsiz dostluq, qardaşlıq prinsipi ilə bir araya gəlməlidir. Bu, regionun mədəniyyətinə, inanclarına, minillik ənənələrinə, ümumi irsinə, bir-birilərinə qaynayıb qarışmış xalqların həyata baxışlarına yad olan vasitəçilərə ehtiyac olmadan edilməlidir.
Biz bu torpaqların ən azı 1000 illik insanları olaraq bir-birimizi tanıyırıq. Hisslərimizi bilirik. Birlikdə necə yaşayacağımızı bizə başqalarının öyrətməsinə ehtiyac duymayacaq tarixi təcrübəyə və mədəniyyətə malikik. Asanlıqla bir araya gələ, bütün problemlərimizi qarşılıqlı danışaraq həll edəcəyimiz platforma qura bilərik. Quran əxlaqını əsas qəbul edən inanclı müsəlman olaraq mən bu platformanın ittifaq olmalı olduğunu müdafiə edirəm.
Bu platforma Yaxın Şərqin etnik və dini quruluşu nəzərə alındıqda bütün dinlərə, mədəniyyətlərə, irqlərə sahib çıxan və hamısını tərkibinə daxil edən İslam Birliyi olmalıdır. Bu Birlik xüsusilə son dövrlərdə Yaxın Şərq sülhündə böyük xidmətləri olan, Türkiyə və İranla həyata keçirdiyi uğurlu ittifaqla bütün dünyaya nümunə olan güclü ölkə Rusiyanı da öz tərkibinə daxil edən birlik olmalıdır.
Mənim idealımdakı İslam Birliyində hazırda dağınıq və başsız olan, zülm və ədavət içində yaşayan müsəlman ölkələrinə, həmçinin bütün başqa millətlərə də qucaq açmaq, qardaşlıq, dostluq, sevgi ittifaqı yaratmaq, incəsənət, elm, mədəniyyət, texnikada inkişafı təmin etmək və dünyaya sülh gətirmək üçün çalışmaq anlayışları vardır. İslam aləmi bütün millətlərlə birlikdə ortaq qərarlar qəbul edən və bunları həyata keçirə bilən güclü mexanizmə sahib olduqda terror da daxil olmaqla hər bir problem bir neçə saat ərzində asanlıqla həll olunar.
Ancaq İslam Birliyindən bəhs etdiyimiz zaman həm müsəlmanlar arasında, həm də Qərb dünyasında geniş yayılmış bəzi fikirlərin yanlışlığını bildirmək önəmlidir. Bizim nəzərdə tutduğumuz İslam Birliyi hərbi ittifaq, potensial müharibə və işğal gücü deyil. Bu, torpaq işğal etmək, vuruşmaq, ələ keçirmək, fərqli din mənsublarını nəzarət altına almaq üçün qurulacaq ittifaq deyil, sülhü təmin etmək və qorumaq məqsədi güdən ittifaqdır. Bu ittifaqda hər bir ölkə öz inzibati quruluşunu, müstəqilliyini və varlığını qoruyacaq, dostluq üçün bir araya gələcək. Təkcə müsəlmanlara deyil, musəvilərə, xristianlara, buddistlərə, dinsizlərə, ateistlərə, hər düşüncədən və inancda olan insanlara azad yaşaya biləcəkləri şərait təmin ediləcək.
İslam Birliyi "Bir araya gələk, elə bir cavab verək ki" mənasında olmayacaq. "Bir araya gələk, qardaşlığı, sülhü təmin edək", "Bir araya gələk, musəvilərə, xristianlara da bütün Yaxın Şərqdə arzuladıqları kimi yaşayacaqları, ibadət edəcəkləri, xoşbəxt olacaqları, varlanacaqları bir şərait yaradaq", "Bir araya gələk, hər cür haqsızlığı, ədalətsizliyi aradan qaldıraq", "Bir araya gələk, hər bir insanın düşüncəsini heç bir təzyiq görmədən rahat şəkildə ifadə etməsini təminat altına alaq", "Bir araya gələk, birlikdə ticarət edib zənginləşək, yoxsulluğu, embarqoları aradan qaldıraq", "Bir araya gələk, sənəti, müasirliyi, elmi, keyfiyyəti inkişaf etdirək", "Bir araya gələk, qadınların, uşaqların, gənclərin ən azad və xoşbəxt yaşayacaqları Yaxın Şərq quraq” mənasındadır.
Bu gözəl anlayış və niyyətlə qurulacaq İslam Birliyində Rusiya, Çin, Gürcüstan, Yunanıstan, İsrail kimi bütün region ölkələri bərabərhüquqlu üzvlər kimi yer alacaq. İstanbulda müsəlmanlar üçün hansı gözəl şərait təmin olunursa, Təl-Əvivdəki musəvilər, Moskvadakı pravoslavlar, İraqdakı süryanilər üçün də eyni imkanlar təmin olunacaq. İslam Birliyi dünyanın vərdiş etdiyi soyuq siyasi görüşlərin keçirildiyi, diplomatların yığışıb müzakirələr apardıqları bürokratik quruluş deyil, çox geniş Ailə Məclisi kimi olacaq. Türkiyə, Rusiya və İran bu ittifaqın məhək daşı olacaqlar. Belə dərin sevgi ruhuna, ağıla və şövqə sahib olan ittifaqın həll edə bilməyəcəyi heç bir mövzu olmaz.
Qüds probleminin yeganə həll yolu ancaq və ancaq regionda birliyin qurulması ilə mümkün ola bilər. Bölgədə müsəlman, xristian və musəvilərin sülh və birlik halında yaşayacaqları bir məkanın inşa edilməsi ilk şərtdir. Müsəlmanlar və xristianlar Qüdsün hər yerində ola bilməli, İsrail vətəndaşları da ancaq öz sərhədləri ilə məhdud qalmamalı, Yaxın Şərqin hər yerini öz vətənləri kimi qəbul etməli, hər yerdə müsəlmanlar tərəfindən sevgi ilə qarşılanacaqlarını bilməlidirlər.
Bundan başqa, mənim Qüds üçün arzu və istəyim siyasi mənada paytaxt elan edilsə belə, şəhərin ibadət mərkəzi olaraq mühafizə edilməsidir. Orijinal forması qorunmalıdır. Qüdsdə siyasi qarışıqlıq mühiti yaratmaq doğru olmaz. Mövcud vəziyyət qorunmalıdır, çünki Qüds müsəlmanlar, musəvilər və xristianlar üçün müqəddəs yerdir. Müsəlmanlar və musəvilər arasında münaqişə çıxarmağa çalışan bu oyuna gəlməməliyik. Üç İbrahimi dinin mənsubları bu torpaqlarda qardaşlar kimi yaşaya bilməli və ibadətlərini rahatlıqla və əmin-amanlıq içində yerinə yetirə bilməlidirlər.
Bu sülh şəraiti təmin olunduqdan sonra hz. Süleymanın məscidini müsəlmanlar, musəvilər və xristianlar birlikdə yenidən inşa edəcəklər. Hazırda ancaq qarşıdurma və münaqişə ilə xatırlanan Qüds və onun ətrafı sevgi yurdu halına gətiriləcək. Bunun təmin olunmasının yeganə yolu Qurandakı həqiqi İslam anlayışının yaşandığı, bütün millətlərə və bütün inanclara hörmətlə yanaşılan İslam Birliyidir. Yaxın Şərqdə hər məsələdə səmimi ittifaq içində olan və ittifaqları dünyaya səs salan Türkiyə və Rusiya bunun həyata keçirilməsi üçün aparıcı olmalıdır. Cənab Ərdoğan və cənab Putin bunu həyata keçirə biləcək liderlərdir.
Adnan Oktarın “Pravda”da (Rusiya) yayımlanan məqaləsi:
http://www.pravdareport.com/opinion/columnists/29-12-2017/139596-jerusalem-0/