Ramazan oruc və Quran ayıdır
ucgen

Ramazan oruc və Quran ayıdır

2269

Ey iman gətirənlər! Sizdən əvvəlkilərə vacib edildiyi kimi, sizə də oruc tutmaq vacib edildi ki, bəlkə pis əməllərdən çəkinəsiniz. 

 Müəyyən sayda olan günləri oruc tutmalısınız. Sizlərdən xəstə və ya səfərdə olanlar başqa günlərdə eyni sayda oruc tutmalıdırlar. Buna taqəti olmayanlar isə (buraxdığı hər gününün əvəzinə) bir kasıbı yedirtməklə fidyə verməlidirlər. Kim könüllü olaraq yaxşılıq etsə, bu onun üçün daha xeyirli olar. Biləsiniz ki, sizə oruc tutmaq daha xeyirlidir. 

 İnsanlara doğru yolu göstərən, bu yolun və haqqı batildən ayırd edənin açıq-aydın dəlilləri olan Quran ramazan ayında nazil edilmişdir. Sizlərdən bu aya çatan şəxslər həmin ayı oruc tutmalıdırlar. Xəstə və ya səfərdə olanlar isə başqa günlərdə eyni sayda oruc tutmalıdırlar. Allah sizin üçün çətinlik deyil, asanlıq istəyir. O, istəyir ki, siz müddəti (buraxdığınız günlərin orucunu) tamamlayasınız və sizi doğru yola yönəltdiyinə görə Onu uca tutasınız. Bəlkə şükür edəsiniz. (Bəqərə surəsi, 183-185)

Bir çox insan oruc ibadətini ilk olaraq hz. Muhəmmədə (səv) vəhy edilmiş bir ibadət olaraq bilir. Ancaq bu yanlışdır. "Bəqərə" surəsinin 183-cü ayəsində "sizdən əvvəlkilərə yazıldığı kimi" ifadəsi ilə bildirildiyi kimi, oruc vəhy yolu ilə əvvəlki qövmlərə də vacib edilmişdir. Zaman keçdikcə sosioloji olaraq təhrif edilmiş, unudulmuş, qısaldılmış və ya dəyişdirilmiş də olsa oruc əvvəlki ümmətlərə də məlum olan bir ibadətdir.

Orucun əsas hikmətlərindən biri insanlar arasında təqva şüurunu artırmaq və möhkəmləndirməkdir. Təqva sözünün mənası "qorunma, çəkinmək" deməkdir. Allahın əmr və qadağalarına tabe olaraq insanın dünyəvi və axirət əzabından qorunmaq cəhdini ifadə edir.

Ramazan ayı boyunca oruc tutan insan Allahın əmrini yerinə yetirir və hər an Onun himayəsi altında olduğunun şüuru ilə hərəkət edir. Əslində yemək və içməkdən əlavə, başqa aylarda da olan qadağalardan çəkinmək vasitəsilə insan təqva sahibi olur. Bununla yanaşı oruc vasitəsilə Allahın gündəlik həyatdakı digər əmr və qadağalarına tabe olaraq özünü yetişdirir.

Oruc əsnasında müəyyən bir intizama alışan müsəlman ilin sonrakı aylarında da bu şüuru davam etdirməyə cəhd edir və növbəti Ramazan ayında da bu şüuru təzələyir. Bu baxımdan oruc və Ramazan ayı həm fərdi, həm də ictimai müstəvidə təqvanı  artırmaq, möhkəmləndirmək və yenilənmə mənasına da gəlir.

İnsan oruc ibadəti ilə acizliyini və Allaha qul olduğunu xatırlayır. Allahın böyüklüyünü və hər şeyini Allaha borclu olduğunu bir daha anlayır. Allaha yönəlir və ehtiyac sahibi olan digər qulların vəziyyətini də xatırlayaraq, onlara qarşı şəfqət və mərhəmətlə davranır. Sırf Allah rizası üçün nəfsinə müqavimət göstərərək ehtiyaclarını ödəməməsi onun üçün həm də səbir dərsidir.

Ramazan ayında dünyadakı bütün müsəlman cəmiyyətlərin tutduqları oruc vasitəsilə birlikdə qulluq etmə şüuru ən yüksək zirvələrə çatır. Ramazan ayının mənəvi havasının ictimai həyatda çox böyük təsiri var. Bir çox insanın digər vaxtlarda daha az yerinə yetirdiyi ibadətlər baxımından da bərəkətli aydır. Bir çox insan bu ayın bərəkəti ilə fərz namazlarını daha diqqətlə qılır, daha çox Quran oxuyur, gecə namazı kimi digər namazlarına diqqət göstərir. Qurana, İslama dair mövzularda söhbət edir və Allahın Quranda qadağan etdiklərindən mümkün qədər uzaqlaşır.

Ramazanda Quran daha çox oxunur və üzərində təfəkkür edilir, söhbətlər edilir, Allah anılır. Ramazan ayında cinayətlərinin sayının azalması və bu mövzudakı statistikalar da cəmiyyətlərin Ramazanla birlikdə necə bərəkətləndiyinin bariz nümunəsidir.

"Bəqərə" surəsinin 184 və 185-ci ayələrində açıqlandığı kimi, Quranın endirilməyə başlandığı ay olduğundan Ramazan ayında oruc tutulması fərzdir. Bu yolla həm Quranın endirilməsinin insanlar üçün əhəmiyyəti izah edilmiş, həm də bu ayda insanlara doğru yolu göstərən Quran mesajları üzərində düşünməyin əhəmiyyətinə diqqət çəkilmişdir.

İman gətirən bir insanın həyatının hər anında yönəlməli olduğu müqəddəs kitabımız Quran, üzərində daha çox düşünməyimiz və həyatımızın hər anına  daxil etməli olduğumuz kitabdır. Ayələrdə də Quranın bütün insanlar üçün hidayət rəhbəri olduğu, haqqı batıldən ayıran, doğru yolu açıq şəkildə ortaya qoyan mesajlarlar verdiyi bildirilmişdir. Bu səbəbdən Ramazan ayı həm oruc, həm də Qurandakı digər əmr və qadağaların anlaşılması baxımından təfəkkür ediləcək aydır.

Ramazan ayında tutulan oruclar və yerinə yetirilən digər ibadətlərlə birlikdə uca Allah daha çox zikr edilir, aclıq və susuzluqla birlikdə nemətlərə şükür edilir, bunun təbii nəticəsi olaraq da təqva yenilənir və güclənir.

Bu ayın bərəkəti ilə birlikdə ictimai həmrəylik və yardımlaşma da ən üst səviyyəyə çatır, kasıb və kimsəsiz insanlar daha tez-tez xatırlanır. "İmkanların məhdud olması" bəhanəsi ilə kasıb və möhtac insanlara digər aylarda çatdırılmayan yardımlar Ramazan ayında artıqlaması ilə aparılır. Bu hal əslində müsəlmanların birlik olmasının necə bir bərəkətə səbəb olduğunu göstərməsi baxımından çox əlamətdardır.

Ramazan ayı hər cəhətdən bərəkət və xeyirlərə səbəb olan bir aydır. Ancaq mühüm olan bu ayda əldə edilən mənəvi dərinliyin, dini dəyərlərə olan həssaslığın, artan mərhəmətin və yardımlaşmanın həyatın hər anına yayılmasıdır.

 

Adnan Oktarın «Arab News» & «Aaila Magazine»də dərc olunan məqaləsi:

http://www.arabnews.com/islam-perspective/news/764101

http://aaila.org/issue/ramadan-2015/article/ramadan-is-a-month-of-fasting-and-the-quran

 
PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr