Allah insan fitrətini sevməkdən və sevilməkdən zövq alan, dostluğu və mehribanlığı sevən şəkildə yaratmışdır. Quran əxlaqını yaşayan insanlarla birlikdə olmaq, onlarla dostluğu və sevgini yaşamaq isə iman gətirən insana bir çox nemətdən daha çox zövq verir. Bu səbəbdən Allah'ın sevdiyi və razı qaldığı qullarına vəd etdiyi cənnət əsl sevginin, dostluğun, mehribanlığın sonsuza qədər böyük coşğu ilə yaşanacağı, möhtəşəm gözəlliyin hakim olduğu yerdir. Allah'ın Quranda cənnət həyatına dair verdiyi məlumatlarda hər zaman şənlik, dostluq, gözəl söz və söhbətlər, rahatlığın yaşandığı əks olunub. Sevgi və dostluğa mane olan hər şey cənnətdəki insanlardan uzaq tutulur. Nümunə olaraq, Allah bir ayədə cənnətə girən möminlərin qəlblərindən kinə dair nə varsa alındığını bildirmişdir(Əraf surəsi, 43). Qısqanclıq, düşmənçilik, rəqabət, əsəb, küskünlük, incimə kimi sevgiyə və dostluğa mane olan bütün pis xüsusiyyətlər cənnətdən kənarda qalacaq.
Cənnətlə müjdələnən müsəlmanların əhəmiyyətli xüsusiyyətlərindən biri onların dünya həyatında ikən də Allah'ın elçilərini, peyğəmbərlərini və Allah'ın rizasını axtaran bütün müsəlmanları çox sevmələridir. Quranda möminlər arasındakı bu sevgi və dostluq əlaqəsi belə bildirilir:
“Sizin himayədarınız yalnız Allah, Onun Elçisi və iman gətirənlərdir. Onlar Allah’a boyun əyərək namaz qılır və zəkat verirlər.”(Maidə surəsi, 55)
İman gətirənlər Allah'ın razılığını qazanmaq üçün səy göstərən bütün saleh möminlərə qarşı yaxınlıq hissi duyur, onları özlərinə yaxın dost və vəli hesab edirlər. Hər şəraitdə onlarla birlikdə olmaqdan böyük zövq alırlar. Bütün müsəlmanlara böyük vəfa və sədaqət ilə bağlıdırlar. Bu sevgi nəsil, irq kimi səbəblərə, ya da hər hansı mənfəətə əsaslanmır. Pulun, mövqenin, mədəniyyətin və ya maddi dəyərlərin də əhəmiyyəti yoxdur. Allah'ın razı qaldığını düşündükləri insandan möminlər də razıdırlar. Allah bir ayədə möminlərin qardaş olduqlarını bildirmişdir:
“Möminlər, həqiqətən də qardaşdırlar. Elə isə qardaşlarınızı barışdırın və Allah’dan qorxun ki, sizə rəhm edilsin.”(Hucurat surəsi, 10)