Möminin bütün dəyər ölçüləri Qurana əsaslanır. Sevgi də bunlardan biridir. Mömin yalnız Allahı və Allahın sevdiklərini sevir. Allahın və möminlərin düşmənlərinə qarşı isə böyük bir kin və nifrət hissi bəsləyir. Bu, Allahın Quranda müəyyən etdiyi açıq və qəti hökm olmaqla bərabər əlbəttə ki, səmimi mömin imanının nəticəsi olaraq başqa cür hərəkət etməz. Bu, möminin səmimi imanından irəli gələn hərəkətdir və o, bunu səmimi bir şəkildə edir. İmanının dərəcəsi artdıqca, onun Allaha və möminlərə duyduğu sevgi hissi də artır. Buna görə də, bir möminin hətta ən yaxın adamları üçün də bu ölçüdən kənar anlayışa malik olması mümkün deyildir. Ayədə bu hal belə izah edilir:
«Allaha və axirət gününə inanan heç bir tayfanın Allah və Onun Peyğəmbəri əleyhinə çıxanlarla - öz ataları, oğulları, qardaşları, yaxın qohumları olsalar belə - dostluq etdiyini görməzsən. Onlar elə kimsələrdir ki, Allah onların qəlblərinə iman yazmış və Öz dərgahından onlara ruh (güc) vermişdir...» (Mücadələ surəsi, 22).
Lakin hər şeyə rəğmən bəzən Quran hökmlərini yeni öyrənən, iman və İslamla yenicə tanış olmağa başlayan insanlarda keçmişdə yaşadıqları yanlış sevgi və dostluq anlayışlarının davam etdirmək meyli ola bilər. Əsasən bilik çatışmazlığından və imanla bağlı düşüncələrin qəlbə hələ tam olaraq həkk edilməməsindən irəli gələn bu hərəkətin nə qədər yanlış olduğu Quranda belə bildirilir:
«Ey iman gətirənlər! Nə mənim düşmənimi, nə də özünüzün düşmənini dost (vəli) tutun! Onlar sizə gələn haqqı inkar etdikləri halda, siz onlarla dostluq edirsiniz. Siz Rəbbiniz olan Allaha iman gətirdiyiniz üçün onlar Peyğəmbəri və sizi də yurdlarınızdan çıxardırdılar. Əgər siz Mənim yolumda və Mənim rizamı qazanmaq uğrunda səy göstərmək üçün çıxmısınızsa, Mənim düşmənlərimi dost tutmayın. Siz onlarla gizlində dostluq edirsiniz. Mən sizin gizli saxladığınız və aşkar etdiyiniz hər şeyi bilirəm. Sizdən kim bunu etsə, o, şübhəsiz ki, haqq yoldan azmışdır!» (Mümtəhinə surəsi, 1).
Ayədəki bu açıq və qəti xəbərdarlıqdan sonra hələ də əvvəlki sevgi anlayışını davam etdirən, Qurana uyğun xarakteri mənimsəməyən bir insanın yarı yolda qalacağı bildirilir. Bu insan azğın ruh halını gizlədib müəyyən maraqları naminə möminlərin arasında özünü təmizə çıxarmağa çalışsa da, Allah bunu gec-tez ifşa edəcəkdir. Bir ayədə belə bildirilir:
«Yoxsa elə güman edirsiniz ki, Allah içərinizdən səy göstərənləri, Allahdan, Onun Peyğəmbərindən və möminlərdən başqasını özlərinə dost tutanları ayırd etməmiş siz sərbəst buraxılacaqsınız? Allah nə etdiklərinizdən xəbərdardır!» (Tövbə surəsi, 16).