Tarix boyu materializmin ən böyük məqsədi insanları Yaradanın varlığına olan inancdan uzaqlaşdırmaq və insana maddədən başqa bir şey olmadığı yalanını aşılamağa çalışmaq olmuşdur. Bunda əsas məqsəd insana məsuliyyətsizlik təlqini vermək və onu “təkamül keçirən heyvandan” başqa bir şey olmadığına inandırmaqdır. Darvinizm materialist məntiqin davamı olduğuna görə bu təlqini vermək insanları darvinizmə daha da yaxınlaşdırır. Çünki məsuliyyətsizlik hissi ancaq Allah inancı qəlbinə tam yerləşməmiş insanları cəlb edir. Məsuliyyətsizlik düşüncəsi ilə insanlar dünyanın zövqlərinə daha asan çatacaqlarına inanıb yanılırlar. Bütün həyatları boyu elə davranırlar ki, sanki Allah'a qarşı heç bir məsuliyyətləri yoxdur.
Allah'a ibadət etmək, axirətin varlığını düşünərək yaşamaq, nəfsin təlqin etdiyi pisliklərdən çəkinmək və daima gözəl əxlaqlı olmaq kimi Quran əxlaqının gətirdiyi məsuliyyətlərdən uzaqlaşacaqlarına və rahat olacaqlarına inanırlar. Lakin rahatlıq kimi düşündükləri bu sistem əksinə, böyük sıxıntı mənbəyidir. Gözəl əxlaqdan uzaqlaşaraq rahat olacağını düşünən insan gözəl əxlaqı yaşamamağın verdiyi mənəvi boşluqda daima sıxıntı içində yaşayar. Eqoist olanda güclü olacağını, ədalətsiz davrananda mənfəət əldə edəcəyini zənn edən şəxs hər zaman bu çirkin əməllərinin verdiyi əzabı yaşayır. Pis əxlaqı özünə zərər vurur. Heç kimin heç kimi sevmədiyi, heç kim üçün fədakarlıq etmədiyi, vəfa göstərmədiyi, qorumadığı, ədalətin, şəfqətin, mərhəmətin olmadığı mühitdə yaşamağın maddi və mənəvi itkiləri ilə ömrünü hədər edir. Qısaca desək, darvinistlərin verdiyi məsuliyyətsizlik təlqini bəzi şəxslərin zənn etdiyi kimi onların həyatını asanlaşdırmır əksinə, çətinləşdirir, çirkinləşdirir, maddi və mənəvi cəhətdən onlara əzab verən vəziyyətə çevrilir. Belə ki, bu gün bir çox Qərb ölkəsinin yaşadığı sosial böhranı fikirləşəndə bu həqiqət daha da aydın olur.
Bütün bunlara baxmayaraq düşünməkdən qaçan bəzi insanlar darvinizmə inanmağa daha meyilli olurlar. Çünki bu insanlar bəzən həyatlarının “adiləşdiyini” düşünərək rahat olmaq istəyirlər. Bir çox insana heyvandan törəyən məsuliyyətsiz varlıq olduğunu düşünmək təhlükəli gəlmir. Darvinizm də elə bunun üçün lazım olanı edir, insanları həşərat və ya milçəklə bərabər tutur.
Təkamülçü paleontoloq Stefan Cey Quld (Stephen Jay Gould) bu fikri belə izah edir:
"İnsan, həyatın nəhəng cəngəlliyindən çıxmış, təsadüflərlə dolu kiçik bir sürgünü təmsil edir sadəcə".
Ateist Riçard Dokinzin (Richard Dawkins) də dəstəklədiyi, müxtəlif ölkələrdə olan avtobus afişaları həmin çirkin təbliğata çox açıq bir nümunədir. Dokinzin də dəstəklədiyi bu afişalar ateizmi təbliğ edir və beləliklə, insanlara “məsuliyyətsiz yaşamağın ləzzətini hiss etmələrini” məsləhət görür. Dərin düşünməyən insan bu çağırışı həqiqi hesab edir və bu darvinist təlqin çox sürətlə yayılır. Hər şey o qədər bəsit izah edilir ki, insan necə böyük yalanın içinə düşdüyünü, necə aldadıldığını heç hiss etmir.
Lakin bu afişalar böyük bir saxtakarlıqdan və yalandan ibarətdir. İnsan iman gətirməsə də, Allah'ın uca varlığının dəlillərini daima görür. İstəsə də, istəməsə də, Allah'ın yaratdığı qədəri yaşayır. İman dəlilləri həqiqətən görən və düşünən insanlar üçün hər yerdədir. İnsan yalnız iman və Allah sevgisi ilə xoşbəxt ola bilər, yaşadıqlarından zövq alar. Dünyadakı gözəllikləri insana nemət kimi verən Allah, əlbəttə, Onu daha çox sevənə və Ona daha yaxın olana bu nemətlərin gözəlliyini və zövqünü hiss etdirəcəkdir. İnkar edənlər neməti də, zövqü də verənin Allah olduğunu unutduqları üçün məsuliyyətsiz yaşadıqca və həddi aşdıqca xoşbəxt olacaqlarını düşünürlər. Lakin Allah'dan xəbərsiz, həddi aşaraq və məsuliyyətsiz yaşamaq onlara həmişə zülm, sıxıntı gətirmişdir. Nemətlər bəlaya çevrilmiş, zövqlər uğursuzluqla nəticələnmişdir. Bu insanlar Allah'a yaxın olmağın, Allah'a iman gətirməyin gözəlliklərini düşünmədiklərinə, nemətlərin hamısını Allah'ın verdiyini qavramadıqlarına görə bu cür saxta təbliğat metodlarının uğurlu olacağını zənn edirlər. Lakin nə özləri gözəl və rahat həyat yaşayır, nə də ətraflarındakı insanlara təsir edə bilirlər (Dokinzin müdafiə etdiyi ateist avtobus afişalarına bir çox ölkə mənfi reaksiya vermiş, Finlandiya kimi bəzi Avropa ölkələrində həddindən artıq mənfi qarşılandığına görə avtobus sürücüləri boykot etmiş, avtobus şirkətləri bu afişalardan istifadə etməməyə qərar vermiş, xalq həmin afişaları cırmışdır. Bunun nəticəsində bir çox yerdə həmin afişalar qadağan edilmişdir).
Bu təlqin təhsil müəssisələrində də geniş şəkildə aparılır. Orta məktəb fənni olan “Biologiya” (Biology) şagirdlərə “həyatın təbiətini” öyrədərkən bu fikri yadda saxlamağı onlara öyrədir: “Təkamül təsadüfidir və dizayn edilməmişdir".Universitet dərsi “Həyat: Biologiya Elmi” (Life: The Science of Biology) kitablarını oxuyan tələbələr isə bu cümlə ilə qarşılaşırlar: “Darvinist dünyagörüşü sadəcə təkamül proseslərini qəbul etmək deyil, eyni zamanda təkamül əsaslı dəyişikliyin məqsəd və ya vəziyyətlə əlaqədar olaraq nizamlanmadığını da qəbul etməkdir". İnsanın kortəbii, şüursuz təsadüflər nəticəsində əmələ gəldiyi yalanını öyrədən təhsil sistemi, şübhəsiz ki, beyinləri anarxiya, qarşıdurma, qırğın, zülm, mərhəmətsizlik, eqoistlik kimi zərərli düşüncələrlə doldurur və bu gəncləri sonradan istədikləri kimi yönləndirə bilirlər. Məsələn, Duqlas Futuymanın (Douglas Futuyma) “Evolutionary Biology” adlı dərsliyinin tələbələrə öyrətdiyi yalan budur:
"Darvinin məqsədsiz təbii seçmə yolu ilə işləyən təsadüfi, məqsədsiz dəyişikliklər nəzəriyyəsi “nə üçün” ilə başlayan demək olar ki, bütün suallara inqilabi cavab verir. Müxtəlif orqanizmlərin var olmalarının və sahib olduqları xüsusiyyətlərinin bu cür tamamilə mexaniki, materialist izahının dərin və narahatlıq verən mənası budur ki, insanın davranışından başqa təbiətin hər hansı bir yerində dizayn, məqsəd və ya hədəf olduğuna dair dəlilə rast gəlmədik, buna heç ehtiyacımız da yoxdur".
Futuyma heç bir elmi əsası olmayan izahına belə davam edir: "İlk olaraq Darvinin təkamül nəzəriyyəsi, onun ardınca Marksın materialist tarix və cəmiyyət anlayışı (natamam və yanlış olsa da) və Freydin (Freud) insan davranışı ilə əlaqələndirmələri çox öncədən onsuzda Qərb düşüncəsini əhatə edən mexaniklik və materializmə əsas vermişdir".
Lakin bütün bunlar böyük bir yalandır.
İnsan hər şeyi bəsit və şüursuz şəkildə qavrayaraq məsuliyyətindən yaxa qurtara bilməz. Məsuliyyətdən yaxa qurtarmaq hissi də insanlara rahatlıq verib xoşbəxt etməz. İnsan bu hissdən uzaqlaşanda birdən-birə dünya zövqlərinə sahib olmayacaq, bütün dərdlərindən xilas olmayacaq. Ateist və darvinistlərin bilmədikləri və ya qəbul etmək istəmədikləri vacib bir həqiqət var: hər şeyi Allah yaradır. Dünyadakı nemətləri də, zövqləri də yaradan Allah'dır. Ona görə insana dünyadakı gözəlliklərdən zövq alma və rahat yaşama hissini verən də Allah'dır.Allah istəsə, bütün nemətlər, bolluq və rifah içində olan bir insana ən böyük bədbəxtlikləri və əzabları yaşada bilər. İnsan bütün zövqləri acgözlüklə yaşamaq üçün nə qədər cəhd etsə də, ona zövqü və xoşbəxtliyi verən yalnız Allah'dır. Elə ateistlərin və darvinistlərin ən böyük səhvi də bu həqiqətdən xəbərsiz olmalarıdır.
Məsuliyyətsiz olduğunu düşünən insan hamı kimi daima sevgi, rahatlıq və etibar axtarışındadır. Amma özü kimi düşünən insanlardan ibarət cəmiyyət içində bunların heç birinə sahib ola bilmir. Məsuliyyətsiz insan həyatı boyu bir gün mütləq öləcəyini unutmağa çalışır. Lakin əslində daima ölümlə üz-üzədir. Ətrafındakıların ölümünü seyr edir, xəstəliklərə, qəzalara daima şahid olur. Hətta bir həşəratın ölümü belə qaçmağa çalışdığı ölümü ona mütləq xatırladacaqdır. Ölümü nə qədər inkar etməyə çalışsa da, ölüm qorxusu bütün bədənini əvvəl-axır bürüyəcək. Ətrafında ölən və onun inancına əsasən yox olub gedən insanlar üçün üzülür. Öz bədəninin zamana üstün gəlmədiyini, daima ölümə yaxınlaşdığını inkar etməməyə başlayır. Ölümü rədd etmək ona rahatlıq deyil, tam əksinə, qorxu, narahatlıq və sıxıntı gətirir.
Məsuliyyətsiz yaşamaq insana əslində bütün sıxıntı və çətinliklərin qapısını açır. Hər şeyin Allah'ın nəzarətində olduğunu qavramayan bir insan gələcəkdən çox qorxar. Bütün ruzinin sahibinin Allah olduğunu qavramayan bir insan bütün həyatında bir yerdən qazanc əldə etmək həvəsində olur və demək olar ki, bütün həyatı bu yolda hədər olur. Allah'ın axirətdə insan üçün gözəlliklərlə dolu tayı-bərabəri olmayan həyat yaratdığını bilməyən bir insan daima öz inandığı sistem içində əsl sevginin, əsl dostluğun, əsl vəfanın yaşanmasını gözləyir. Lakin əsl sevgiyə bu dünyada ancaq Allah üçün yaşadığı təqdirdə malik olacaq. Allah üçün yaşamadığı müddət ərzində heç vaxt bu istəyinə çatmaz. Əsl sevgi və vəfanı əldə etmədən ömrünün sürətlə keçdiyini başa düşər. Geriyə dönüş isə yoxdur. Gələcəyi dəhşətli qorxu ilə gözləyər.
Öz inancına görə ancaq bu dünyada bir neçə il ömrü var. Axirətə inanmadığına görə bir neçə ildən sonra “yox olacağını” düşünür. Yox olacağını bilə-bilə bir neçə il ərzində dünyada yaşamaq insana necə xoşbəxtlik, zövq və rahatlıq verə bilər ki? Əlbəttə, verməz. Elə buna görə də heç bir ateist iddia etdiyi kimi həyatdan zövq almır, gələcəkdə özünü nələrin gözlədiyini ancaq narahatlıq və qorxu içində gözləyir.
Belə insan həyatı başa çatanda bütün həyatının nəticəsiz qalan boş istəklərlə keçdiyini başa düşəcək. Məsuliyyətsizliyin insana gətirdiyi ancaq bunlardır. Əgər insan axirəti istəmirsə, nəzarətsiz və bütün dəyərlərdən məhrum yaşamaq istəyirsə, bunun qorxunc nəticələri ilə də gec və ya tez qarşılaşacaq. Belə ki, intiharlar, müharibələr, cinayətlər, qırğınlar, oğurluq, təcavüz və pozğunluqlar bu məsuliyyətsiz həyatın nəticəsidir.
Lakin Allah “Məgər insan elə güman edir ki, o, başlı-başına (nəzarətsiz) buraxılacaq?!”(Qiyamət surəsi, 36), ayəsində bildirdiyi kimi insanı məsuliyyətsiz yaratmamışdır. İnsanı rahatladacaq, onu doğru və gözəl yaşamağa, narahatlıq, qorxu və sıxıntı hiss etməməyə yönəldəcək tək şey yalnız Allah qorxusu və Allah sevgisidir. Allah'dan qorxan insan Allah'a hesab verəcəyini bildiyi üçün vicdanına qarşı çıxmadan yaşayır. Allah'dan qorxan insan başqasına zərər verməz, pis əxlaqlı olmaz, insanları təsadüfi varlıqlar kimi qəbul etməz. Allah'a güvənən insan onu yaradanın, yaşadanın, ona ruzi verənin, sağlamlıq və güc verənin Allah olduğunu və bunları ancaq Allahdan istəyəcəyini bilir. Allahdan qorxan insan Allahın yaratdığı xeyirli qədərə tabe olduğunu, bu dünyada ancaq imtahan edildiyini, əsl həyatın axirətdə Allah'ın verəcəyi sonsuz və gözəl həyat olduğunu bilir. Elə buna görə bu dünyada daima çalışır. Allah qarşısında məsuliyyət daşıdığını, Allah'a hesab verəcəyini, Allah'ın onu nəzarətsiz və məsuliyyətsiz yaratmadığını bilir.
Nemətlər onun üçün sevinc səbəbidir, nemətlərin haqqını verən, onlardan zövq alan da ancaq iman gətirənlərdir. İnsanlar zövqlərin hamısını məhdudiyyətsiz yaşadıqda razı qalacaqlarını hesab edirlər. Ancaq bu insanı nemətlərdən bezdirir, hətta iyrənmə dərəcəsinə gətirir. Zövq almağı gözlədiyi gözəlliklər insan üçün bir anda bəlaya, narahatlığa çevrilir. Amma nemətləri Allah üçün sevmək, Allah yaratdığı üçün nemətlərdən zövq almaq başqadır. Bunu yaşayan insanın aldığı zövq qeyri-adidir və bu şüurla yaşamağın əvəzi, Allah'ın diləməsi ilə, dünyada və axirətdə gözəl həyatdır. Allah ayələrində belə bildirir:
Bilin ki, Allah'ın dostlarının heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər. O kəslər ki, iman gətirmiş və pis əməllərdən çəkinmişlər. Onlara dünyada da, axirətdə də müjdə vardır. Allah'ın sözləri heç vaxt dəyişməz. Bu, böyük qurtuluşdur!(Yunus surəsi, 62-64)