Allahın gücünü olduğu kimi təqdir edib, Ondan qorxub çəkinərək gözəl əxlaq göstərmələri üçün Peyğəmbərimiz (səv) insanlara Allahın gücünün və yaradılışındakı əzəmətinin dəlillərini izah etmiş, onların Allahı sevərək Ondan qorxub çəkinmələrinə səbəb olmuşdur. Quranda Peyğəmbərimizə (səv) Rəbbimizin yaradılışının dəlillərini və gücünü bu ayələrlə izah edilmişdir:
De: “Bir deyin görək, əgər Allah gecəni üstünüzdə Qiyamətə qədər uzatsa, Allahdan başqa hansı məbud (tanrı) sizə bir işıq gətirə bilər? Məgər siz eşitmirsiniz?” De: “Bir deyin görək, əgər Allah gündüzü üstünüzdə qiyamətə qədər uzatsa, Allahdan başqa hansı məbud (tanrı) dincəldiyiniz gecəni sizə gətirə bilər? Məgər siz görmürsünüz?” (Qəsəs surəsi, 71-72)
Hz. Muhəmməd (səv) axirətə inanmayanlara da Allahın dünyadakı yaradılış dəlillərini izah etmiş və bütün bunları yaratmağa qadir olan Allahın əlbəttə, axirətdə bunun bənzərlərini də yaratmağa qadir olduğunu açıqlamışdır. Peyğəmbərimizin (səv) bu mühüm həqiqəti qövmünə bildirməsi ayədə belə xəbər verilmişdir:
De: “Yer üzünü gəzib dolaşın və (Allahın) məxluqatı ilk dəfə necə yaratdığına baxın. Sonra Allah ölüləri dirildəcəkdir. Allah hər şeyə qadirdir” (Ənkəbut surəsi, 20)
Peyğəmbərimizin (səv) Allahın hər cür əksiklikdən uzaq olduğunu, heç bir şeyə ehtiyac duymadığını insanlara təbliğ etdiyi ayələrlə göstərilib:
De: “Mən göyləri və yeri Yaradan Allahdan başqasınımı dost tutacağam? O, (hamını) yedirir, Özünü isə (heç kəs) yedirmir”. De: “Mənə (Allaha) təslim olanların birincisi olmaq əmr edildi”. Odur ki, sən müşriklərdən olma. De: “Əzəmətli günün əzabından qorxduğum üçün Rəbbimə asi olmaram” (Ənam surəsi, 14-15)
Hz. Muhəmməd (səv) Allahın varlığını bildikləri halda, Onun üstün qüdrətini düşünməyən, bundan ötəri Onun böyüklüyünü təqdir edə bilməyən qövmünə Allahın varlığını və böyüklüyünü təsdiq etdirmişdir və bundan sonra onları öyüd-nəsihət almağa və qorxub çəkinməyə dəvət etmişdir. Ayələrdə belə buyurulmuşdur:
De: “Əgər bilirsinizsə (deyin görüm) yer və onun üstündə olanlar kimindir?” Onlar: “Allahındır!”– deyəcəklər. De: “Bəs düşünüb ibrət almayacaqsınız?” De: “Yeddi göyün Rəbbi və əzəmətli Ərşin Rəbbi kimdir?” Onlar: “Allahdır!”– deyəcəklər. De: “Bəs qorxmursunuz?” De: “Əgər bilirsinizsə, (deyin görüm) hər şeyin hökmü əlində olan, himayə edən, Özünün isə himayəyə ehtiyacı olmayan kimdir?” Onlar: “Allahdır!”– deyəcəklər. De: “Bəs necə olur ki, aldanırsınız?” (Muminun surəsi, 84-89)
İsmayıl Haqqı Altunbezer. Sülüs lövhə. Qurandan bir ayə: "... Şübhəsiz ki, Allah hər şeyə qadirdir." (Bəqərə surəsi, 20)
De: “Göylərin və yerin Rəbbi kimdir?” De: “Allahdır!” De: “Siz Onu qoyub özlərinə nə bir fayda, nə də bir zərər verməyə qadir olmayanlarımı özünüzə dost tutursunuz?” De: “Korla görən eyni ola bilərmi? Yaxud zülmətlə nur eyni ola bilərmi?” Yoxsa onlar Allaha, Onun yaratdığı kimi yaradan şəriklər tapdılar və (bu) yaradılış onlara bənzər göründü? De: “Hər şeyi yaradan Allahdır. O Təkdir, (hər şeyə) Qalib gələndir”. (Rəd surəsi, 16)