İnsanların həyatına qəsd etmək dəhşətli hadisədir. Bu vəhşiliyi şəxsən təcrübədən keçirmək isə daha da dəhşətlidir. Ötən günlərdə Amerika xalqı Oreqon əyalətində baş verən kütləvi qətliamın şiddəti ilə sarsıldı. Daha da acınacaqlısı bu hadisə eyni əyalətdə ikinci dəfə baş verirdi və Cosef Kaney adlı polis işçisi yenə şagirdləri hədəf alan məktəb hücumuna şahid olurdu.
Keçən cümə axşamı səhər saatlarında 26 yaşındakı Kris Harper Mercer Oreqondakı Umpqua kollecindəki siniflərdən birini hədəf alaraq atəş açdı.
10 nəfərin öldüyü və bir çox insanın da yaralandığı bu faciəvi hadisədə Harper polislə girdiyi silahlı qarşıdurmada özünü öldürdü. Daha əvvəlki hadisə isə 2006-cı ildə baş vermiş və gənc qatil 16 yaşındakı Co Monti adlı şagirdi hədəf almışdı. Xoşbəxtlikdən Co bu hadisədən sağ qurtulmuşdu.
Baş verən bu kədərli hadisənin Amerikanın başına gələcək sonuncu hadisə olub-olmadığını bilmirik, ancaq bu il ərzində Amerikada gündə orta hesabla birdən çox kütləvi qətliam hadisəsi baş verib.
Prezident Obama Oreqondakı bu faciəvi hadisədən dərhal sonra sevdiklərini itirən ailələrə baş sağlığı verdi və gələcəkdə oxşar hadisələrin baş verməməsi üçün dua etdi. Ancaq bu cür hadisələrin yenidən baş verməyəcəyinə zəmanət verə bilmədiyini və bundan çox narahat olduğunu bildirdi.
Bu məsələdə çox haqlıdır. Çünki buna oxşar bir çox hadisə Konnektikut, Kolorado, Arizona, Texas, və Cənubi Karolina kimi Amerikanın müxtəlif ştatlarında baş verib.
Oreqon xalqı keçən ilin iyun ayında bir şagirdin öldüyü və bir müəllimin də yaralandığı bir məktəb faciəsi daha yaşamışdı. Obama nitqində baş verənlərlə bağlı üzüntüsünü bu şəkildə dilə gətirdi: “Prezident olaraq ən böyük xəyal qırıqlığım budur ki, cəmiyyətimiz potensial cinayətkarların əlindəki silahların alınmasına istiqamətli nizamlama gətirilməsi tərəfdarı deyil. Halbuki bu tip hadisələrin baş verdiyi yeganə inkişaf etmiş ölkə bizik və bunlar demək olar ki, hər həftə baş verir. Bu kimi hadisələrin çoxaldığını vurğulayan Obama sözlərinə bu şəkildə davam etdi: “Bu vəziyyət adi hala çevrildi. Bunun hesabatını aparmaq da adi hala çevrildi. Burada söylədiyim nitq belə bu kimi şiddət hadisələrindən sonra adi hala çevrildi. Təəssüf ki, bunlara qarşı hisslərimizi itirməyə başladıq”.
Mövzu ilə bağlı aparılan statistikalar Amerikadakı qətliam hadisələrinin qorxunc reallığını göz önünə sərir. Baş verən son Oreqon faciəsi 2015-ci ildə baş vermiş 45-ci məktəb hücumudur. «Everytown for Gun Safety» hərəkatı tərəfindən «Newsweek» jurnalına verilən məlumata görə, 2009-cu ilin yanvar ayından 2015-ci ilin iyul ayına kimi ən azı 134 kütləvi qətliam hadisəsi baş vermişdir.
Bir çox insan ard-arda baş verən şiddət hadisələrinin silahlanma ilə bağlı nizamlamalarla həll ediləcəyinə inanır. Əlbəttə ki, alınacaq bəzi tədbirlər insanların təhlükəsiz yaşamasına və şiddət hadisələriin qarşısının alınmasına kömək edəcək. Ancaq Harper Mercerin qanuni yolla aldığı 14 silahı olduğunu nəzərə alsaq, alınacaq tədbirlər qismən effektiv olacaq, silah satışlarını elə də dəyişdirməyəcək. Halbuki bu dəhşətli hadisələrin ən əsas səbəbi psixopat tipli bəzi insanların səpdiyi nifrət toxumlarıdır. Baş verən son hadisəni araşdırdıqda qatilin xristianlara qarşı bəslədiyi nifrət hissini görürük. Xilas olan şagirdlərdən birinin atası baş verən hadisəni danışarkən qatilin hədəf aldığı insanlara xristian olub-olmadığını soruşduğunu və «bəli» cavabı aldıqda başlarından vurduğunu, «xeyir» cavabı aldıqda isə ancaq yaraladığını bildirmişdir.
Bu hadisədə də göründüyü kimi, bir çox problemi sevgisizlik ucbatından yaşayırıq. Eqoistlik sevgisizliyin təməlində var. Qəlbində sevgi olmayan bir insan ancaq öz rahatlığını və mənfəətini düşünür. Başqa insanlara sevgi və mərhəmət göstərmək əvəzinə insanlar yalnız özləri ilə maraqlanılmasını və fədakarlıq edilməsini istəyirlər. Heç vaxt o yaxşılığın qarşılığını da verməyi düşünmürlər. İnsan həyatına dəyər verməyən bu insanların vicdanları nifrət və eqoizmlə kütləşmiş, yoluxucu xəstəlik kimi bütün cəmiyyətdə yayılmışdır.
Bu cür xəstəliyi olan cəmiyyətlərdə Harper kimi nifrət hissləri ilə yaşayan, fərqli inanclara və ya irqlərə mənsub insanlara qarşı düşmənçilik bəsləyən qatillər ortaya çıxır. Mediada bu cür xəbərləri tez-tez görürük. Bəzi cəmiyyətlər özlərindən uzaqda baş verən hadisələrə qarşı çox laqeyddirlər. Özləri və sevdiklərinin bir gün eyni hadisə ilə qarşılaşa bilmə ehtimalını heç düşünmürlər. Halbuki bir gün kilometrlərlə uzaq ölkələrdə yaşayanların başına gələnlərə laqeyd olduqları kimi, onlar da özləri ilə maraqlanacaq birilərini tapmamağın acısını yaşaya bilərlər.
İmandan uzaq, əxlaq qaydalarını yox sayan bəzi insanlar qəlblərində daimi bir narahatlıqla yaşayırlar. Amerikalılar Yaxın Şərqdə baş verənləri xəbərlərdə seyr edərkən narahat olurlar, çünki Amerika bu regiondakı hadisələrin içində yer alır. Hökumətlərinin malik olduğu gücün özlərini qoruyacağı kimi yanlış qənaətə gəlirlər.
Halbuki Oreqonda baş verən bu hadisə Amerika hökumətinin nə qədər aciz olduğunu, on məsum mülki vətəndaşın həyatını belə qoruya bilmədiyini göstərmişdir.
Sevgi və mərhəmət duyğuları cəmiyyətlərin qəlbində olmadıqca heç bir hökumət öz xalqını qorumaq gücünə malik deyil. Ancaq təməlində sevgi olan bir yanaşma insanlar arasında harmoniya və sülhün əldə edilməsinə səbəb olar. Bütün insanların fitrəti sevgiyə açıqdır. Gözəl əxlaqın yaşandığı bir cəmiyyət bu səbəbdən xəyal deyil. Dolayısilə insanlara sevgimizi və mərhəmətimizi göstərərək, onları bağışlayaraq, ehtiyac içində olanlara yardım edərək və fədakarlıq edərək gözəl əxlaqın böyüklüyünü anlatmaq ən əsas vəzifəmizdir.
Adnan Oktarın «Tehran Times» & «MBC Times»da dərc edilən məqaləsi: