Əsl cəsarət Quranda bildirildiyi kimi, Allah’ın sərhədlərini qüsursuz şəkildə qoruyaraq, Ondan başqa heç kimdən qorxmadan və çəkinmədən qərarlılıq göstərmək, heç bir mühitdə Quran əxlaqına uyğun olmayan hərəkətlər etməməkdir. Cəsarət sadəcə Allah’dan qorxan, Ona dərindən bağlı olan insanların imanlarından qaynaqlanan təbii ruh halıdır.
İnananlar Allah’a olan imanları, Allah qorxuları və axirət istəklərindən qaynaqlanan təbii cəsarət göstərirlər. Hər hərəkətləri çox səmimi və cəsurdur. Allah rizası üçün Allah’ın əmr etdiyi əxlaqı yaşamaq və digər insanların da bu əxlaqı yaşamalarına şərait yaratmaq üçün cəhd edir, ətraflarında baş verən haqsızlıqlara laqeyd yanaşmır, Qurana uyğun hərəkət edirlər. Pisliklərə qarşı fikri mübarizə aparmağı, doğrunu, gözəli, yaxşını insanlara göstərməyi özlərinə borc bilirlər.
Möminlərin cəsarətinin təməlində Allah sevgisi, Allah qorxusu və Allah’ın rizasını qazanmağı hədəfləyən səmimi cəhd dayanır, buna görə də gözəl əxlaqı yaşamadakı cəsarətləri müəyyən şərtlərə bağlı deyil. Möminlər hər zaman və hər vəziyyətdə Allah’a duyduqları dərin inam və etibardan qaynaqlanan cəsarətlərini qoruyurlar.
İnanmayanların göstərdikləri cəsarət nümunələri
İnanmayanların göstərdikləri cəsarətdə isə mənəviyyatın yerini sadəcə mənfəət və dünyəvi ehtiraslar tutur, buna görə də Qurandan uzaq yaşayan insanlar cəsarət anlayışını səhv yerlərdə tətbiq edirlər. Cəsarət tələb olunan yerlərdə isə səssiz qalırlar. Bu insanların göstərdikləri cəsarət əsasən lazımsız, mənasız və axirətləri üçün faydasız olur.
Allah’dan qorxan insanlar cəsarət tələb edən bir hadisə gördükləri zaman bu hadisəni görməzlikdən gələrək qaçmağı vicdanlarına sığışdırmırlar. Məsələn, bir nəfər günahsız olduğu halda günahlandırılırsa və o da bu insanın günahsız olduğuna şahid olsa, öz mənfəətlərinə uyğun gəlməsə və özünü riskə atsa da, Allah rizası üçün bu insanı müdafiə edir. Bu həqiqətən çox gözəl cəsarət nümunəsidir. Möminin göstərdiyi bu cəsarətin mənbəyi Allah qorxusudur, çünki Allah Quranda belə əmr edir:
… Şahidliyi gizlətməyin! Onu gizlədən şəxsin qəlbi günahkardır. Allah etdiyiniz əməlləri biləndir! (Bəqərə surəsi, 283)
Ayədə bildirildiyi kimi, Allah şahidliyi gizlətməyi haram edir. Mömin Allah’ın əmrlərinə itaət etməkdə zəiflik göstərməkdən və ağır davranmaqdan qorxduğu üçün Allah’ın bildirdiyi hədləri qorumaqda çox cəsurdur.
Quran əxlaqından uzaq cəmiyyətdə isə vicdanının səsini dinləyib haqqına təcavüz edilən birini müdafiə edənləri "Sən onun vəkilisənmi?", "Sənə qalıb onun haqqını müdafiə etmək?" kimi sözlərlə alçaldıb, bu gözəl əxlaqdan uzaqlaşdırmağa çalışırlar. Halbuki, etdiyi təqdirəlayiq hərəkətdir. Bu situasiya ilə qarşılaşan insan da din əxlaqından uzaqdırsa, ətrafındakı insanların reaksiyalarından təsirlənir, öz mənfəətlərini itirməkdən çəkinir, ancaq bu insan Allah’a iman gətirən, Qurana tabe olan insandırsa, Allah’ın əmr etdiyi əxlaqı tətbiq etməkdə əsla tərəddüd etmir.
Bu insan vicdanının səsini dinləyib ən çətin anda belə haqqı qorumaqda cəsarətli davranır. Pisliklə qarşılaşdığı zaman ayədə əmr edildiyi kimi, yaxşılıqla cavab vermək üçün çalışır, buna görə də Quran əxlaqını yaşamayan insanlar tərəfindən "avamlıqla" mühakimə edilib alçaldılır. Ətrafındakı insanlar onun bu hərəkətini qiymətləndirməsə də, o, gözəl əxlaqlı olmağa üstünlük verir. Quranda qınayanın qınamasından qorxmamaq, cəsur və qərarlı olmaq gözəl əxlaq xüsusiyyəti kimi göstərilir:
Ey iman gətirənlər! Sizdən hər kəs dinindən dönsə, Allah (onun yerinə) elə bir tayfa gətirər ki, (Allah) onları, onlar da (Allah’ı) sevərlər. Onlar möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olar, Allah yolunda vuruşar və heç kəsin tənəsindən qorxmazlar. Bu, Allah’ın lütfüdür, onu istədiyinə verər. Allah (öz lütfü ilə) genişdir, (O, hər şeyi) biləndir! (Maidə surəsi, 54)
Gündəlik həyatımızdan bir neçə nümunə göstərərək mövzunu daha da aydınlaşdıra bilərik. Bir nəfər yolda kasıb, köməyə ehtiyacı olan biri ilə rastlaşır. Kömək etmək istəyir, lakin yanındakılar "Fikir vermə", "Sənə qalmayıb ki, kömək etmək" - deyərək kömək etməsinə mane olmağa çalışırlar. O insan burada artıq bir seçim qarşısında qalır.
Bəzi insanlar dostlarının qarşısında alçalmaqdan çəkinərək, onları itirməkdən qorxaraq gözəl əxlaq göstərməkdən üz döndərir və həmin insana kömək etmirlər. Müsəlman isə qınaqlardan çəkinmədən o insana kömək edir, çünki köməyə möhtac olan o insanı Allah yaradıb xüsusi olaraq qarşısına çıxarmışdır. Bu hadisə ilə onun gözəl əxlaqlı olub-olmadığını sınayır. İncə düşüncəli mömin bu hadisəni Allah’ın xüsusi olaraq yaratdığını və özünü imtahan etdiyini dərhal anlayır, Allah’ın rizasına uyğun olanı seçir. Dostlarının lağ etməsi onu gözəl əxlaqdan çəkindirmir. Doğru bildiyini etməkdə cəsarətli olur.
Gözəl əxlaq göstərməkdə qərarlı olan insanın qarşısına bəzən bu cür insanlar çıxa bilir. Quran ayələrini incələdiyimiz zaman bu cür hadisələrin imtahan üçün yaradıldığını çox açıq görürük. Belə ki, Quranda yaxşıların qarşısında hər zaman pislərin olacağından, bu şəxslərin pisliyi yer üzündə yaymaq istədiklərindən bəhs edilir. Məqsədləri bu olduğu üçün yaxşılıq edənləri də yollarından döndərmək istəyirlər. Allah bir çox ayə ilə bunu bildirmişdir:
… Allah’ın ayələrini yalan hesab edib onlardan üz çevirəndən daha zalım kim ola bilər?! Ayələrimizdən üz çevirənləri üz çevirdiklərinə görə ən pis cəza ilə cəzalandıracağıq! (Ənam surəsi, 157)
Dini yalan hesab edəni gördünmü? O elə adamdır ki, yetimi itələyib qovar və (xalqı) yoxsulu yedirtməyə rəğbətləndirməz. Vay halına o namaz qılanların ki, Onlar öz namazlarından qafildirlər; Onlar (namazlarında) riyakarlıq edər və (xalqa) zəkat verməyi qadağan edərlər.(Maun surəsi, 1-7)
Allah Quranda inkar edənlərin yaxşılıqların, xeyirli işlərin qarşısını almaq üçün cəhd edəcəklərinə diqqət çəkir və bunun yaxşılarla pislərin bir-birindən ayrılmasına vəsilə olub inananların xeyrinə nəticələnəcəyini də ayələrdə xəbər verir:
Küfr edənlər öz mallarını Allah yolundan döndərmək üçün sərf edərlər. Onlar mallarını sərf edəcək, lakin sonra peşman olacaq, axırda da məğlub ediləcəklər. Kafirlər Cəhənnəm tərəfə sürüklənəcəklər ki, Allah murdarı pakdan ayırd etsin, sonra murdarları bir-birinin üstünə yığıb hamısını bir yerə toplasın və Cəhənnəmə atsın. Bunlar özlərinə zərər eləyənlərdir!(Ənfal surəsi, 36-37)
Bəzi insanlar pisliyin təsirində qalaraq pislik edirlər. Başqaları yaxşılıq etmək istədikləri zaman sözləri və hərəkətləri ilə onları incidirlər. Şeytanın təsiri ilə pisliyi gözəl, yaxşılığı çirkin göstərirlər. Zəif iradəli, qorxaq və həssas xarakterli insanlar da ətraflarındakı bu insanların təsirinə düşərək gözəl əxlaq göstərməkdən uzaqlaşırlar. Pis əxlaqlı şəxslərə çox asanlıqla uyğunlaşa bilirlər.
Ətrafındakılarla uyğunlaşmaq və doğru yolda olmayanların rəğbətini qazanmaq üçün doğru bildiklərindən keçərək pis əxlaqı seçən insan özünə böyük zərər verir. İnsanların qınamasından, onların uzaqlaşmasından çəkinərək səhv yolu seçir, pislərin ardınca gedərək, əslində özünə zülm edir. Dostlarını itirməmək üçün pis əxlaqa göz yuman və əsl dostun sadəcə Allah olduğunu bilməyən bu insanlar Allah’ın hüzurunda alçaldıqlarını və axirətlərini itirdiklərini dərk etmirlər.
Halbuki, Allah Özünə tabe olanları və Quranda əmr olunduğu kimi şəfqətli, mərhəmətli, ədalətli, fədakar, təvəkküllü, yaxşılığa dəvət edən, xoş niyyətli, hər şeydə xeyir görən, həlim xasiyyətli olan, qərarlı və cəsur davrananları nəinki ucaldıb cəmiyyətdən təcrid edəcək, əksinə, dünyada və axirətdə haqdan üz döndərənlərin hamısına qalib edəcək.
Qurana uyğun olan cəsarət Allah’dan başqa heç nədən və heç kimdən qorxmamağı, Allah’ın rizasına uyğun davranmaqda tərəddüd etməməyi və qərarsızlıq göstərməməyi də tələb edir. İman gətirənlərin ən vacib xüsusiyyətlərindən biri çətinliklər qarşısında acizlik göstərməmələri, Allah’dan başqa heç kimdən və heç nədən qorxmamalarıdır. Bu da onlara hər cür qorxuya qalib gələ biləcək cəsarəti qazandırır. Onlar Allah’dan başqa güc olmadığını bilirlər. Quranda möminlərin bu nümunəvi əxlaqına belə diqqət çəkilir:
Onlar Allah’ın risalətini təbliğ edir, Ondan qorxur və Allah’dan başqa heç kəsdən qorxmurdular. Allah Özü haqq-hesab çəkməyə kifayətdir.(Əhzab surəsi, 39)
Pislik etməkdən xoşu gələn, pis işlər görməkdə davam edən və başqalarının da özləri kimi olmasını istəyən insanların yaratdıqları şeytani qruplaşmaları dağıtmaq, yer üzündə yaxşılığın hakim olmasına çalışmaq peyğəmbərlər və saleh möminlər qədər cəsur olmağı tələb edir. Bu cəsarət isə səmimi və şirkdən təmizlənmiş imandan qaynaqlanır.
Yaxşılıq edən, başqalarına yaxşılığı tövsiyə edən insan ətrafındakı pis şəxslərin diqqətini cəlb edəcək. Onu yaxşılıqdan uzaqlaşdırmağa çalışacaqlar. Bu hal bu günə qədər bəlkə də, minlərlə dəfə baş vermişdir, tarix boyu yaşamış hər müsəlman gözəl əxlaqı yaşamaqdan və başqalarına tövsiyə etməkdən uzaqlaşdırılmağa çalışılmışdır.
Məsələn, Quran əxlaqı yaşanmayan cəmiyyətdə namaz qılmağa başlayan insana mane olmağa çalışırlar. "Hələ cavansan, gələcəkdə qılarsan", "günahın mənim boynuma" deyərək ibadətdən uzaqlaşdırmaq istəyirlər. Halbuki, gündə 5 vaxt fərz olan namaz Allah’ın əmridir. İnsanları bu ibadətdən uzaqlaşdırmaqdansa, tövsiyə etmək lazımdır. Allah insanları bu gözəl ibadətdən uzaqlaşdırmağa çalışanları Quranda belə təsvir edir:
Gördünmü o kimsəni ki, mane olur. Bir bəndəyə namaz qıldığı vaxt? Bir de görək, əgər o doğru yoldadırsa, yaxud qorxmağı əmr edirsə. Bir de görək, yalan sayır və üz döndərirsə, məgər bilmir ki, Allah görür?! Yox, yox! Əgər son qoymasa, and olsun ki, Biz onu kəkilindən yapışıb sürükləyəcəyik - Özü də yalançı, günahkar kəkilindən! Qoy o özünün bütün tərəfdarlarını çağırsın! Biz də zəbaniləri çağıracağıq! Yox, yox! Sən ona uyma! Sən ancaq səcdə et və yaxınlaş! (Ələq surəsi, 9-19)
Şeytan dünya həyatının həqiqi üzünü görən, Quran əxlaqını yaşayan və axirət üçün çalışan bir nəfərin belə olmasını istəmir. Buna görə də Qurana həssas şəkildə tabe olan insanın üzərinə öz tərəfdarlarını göndərir və onu yolundan çəkindirməyə, qorxutmağa və ona mənfi təsir etməyə çalışır. Şeytan bu fəaliyyətini təlqin və vəsvəsə yolu ilə apardığı kimi, insanların arasında öz təsirinə saldığı və dost etdiyi insanlar vasitəsi ilə də davam etdirir. Allah şeytanın bu üsulunun iman gətirənlər üçün təsiri olmadığını belə bildirir:
Sizi yalnız o Şeytan öz dostlarından qorxudub çəkindirir. Amma siz onlardan qorxmayın! Əgər möminsinizsə, Məndən qorxun! (Ali-İmran surəsi, 175)
Bu ayədən əvvəlki ayələrdə isə Allah’dan qorxan insanların dinlərini yaşamalarında cəsur və qərarlı olmalarından, bunun nəticəsində də Allah’ın verdiyi gözəl qarşılıqdan belə bəhs edilir:
O kəslər ki, xalq onlara: "Camaat sizə qarşı toplamışdır, onlardan qorxun!" - dedikdə, onların imanını daha da artırdı və onlar: "Allah bizə bəs edər. O nə gözəl vəkildir!" – deyə cavab verdilər. Sonra da Allah’ın neməti və lütfü sayəsində özlərinə heç bir əziyyət toxunmadan geri qayıtdılar və Allah’ın razılığını qazanmış oldular. Həqiqətən, Allah böyük mərhəmət sahibidir. (Ali-İmran surəsi, 173-174)
Cəsur olan, vicdanının səsini dinləyən və doğruları görüb heç kimdən çəkinmədən haqq yolda irəliləyən insan Allah’ın rəhmətinə, rizasına, nemətinə və cənnətinə qovuşar. Şeytanın fısıltılarına qulaq asan insan isə onun arxasınca cəhənnəmə qədər gedər və daim orada qalar.
İman gətirən insanın vəzifəsi Allah’ın əmr etdiyi yaxşılığı, doğru və gözəl olanı insanlara tövsiyə etməkdir. Möminin əsas vəzifəsi budur, ancaq bu da unudulmamalıdır ki, insan bu yolda bir çox çətinliklərlə, daha doğrusu imtahanlarla qarşılaşa bilər. Çünki bu, Allahın Quranda xəbər verdiyi vəddir:
Sizdən əvvəlkilərin başına gələnlər sizin başınıza gəlməmiş behiştə daxil olacağınızımı güman edirsiniz? Onları fəlakət və sıxıntı elə bürümüş, elə sarsılmışdılar ki, hətta Peyğəmbər və iman gətirənlər birlikdə: "Allah’ın köməyi nə vaxt gələcək?" demişdilər. Bilin ki, Allah’ın köməyi yaxındır! (Bəqərə surəsi, 214)
Cənnətə getməyi ümid edən hər mömin bu ayədə Allah’ın vəd etdiyi kimi inananların keçmişdə yaşadıqları çətinliklərlə imtahan olunacaq. Bu zaman insan Allah’a tabe olacaq, Ona güvənəcək, qərarlı və cəsur olub bütün bunların imtahanın bir hissəsi olduğunu biləcək. İnsanın bu zaman hər hansı bir bəhanə gətirərək dinindən, gözəl əxlaqından uzaqlaşması isə çox çirkin və səmimiyyətsiz hərəkətdir.
Əgər insan səmimidirsə, qorxub çəkinəcəyi heç nə yoxdur. Allah onu qoruyacaq, işlərini asanlaşdıracaq. Belə ki, Allah ayələrdə hər çətinliklə yanaşı bir asanlığın olduğunu və insanları qaldıra bilməyəcəkləri yüklə yükləməyəcəyini müjdələyir:
Şübhəsiz ki, hər çətinlikdən sonra bir asanlıq gələr! Həqiqətən, hər çətinlikdən sonra bir asanlıq gələr! (Şərh surəsi, 5-6)
İman gətirib yaxşı işlər görənlər isə - Biz heç kəsi qüvvəsi yetdiyindən artıq yükləmərik – cənnətlikdirlər, onlar orada əbədi qalacaqlar! Biz onların ürəklərindəki kin-küdurəti çəkib çıxardarıq. Onların altından çaylar axar. Onlar deyərlər: "Bizi bura gətirib çıxaran Allah’a həmd olsun! Əgər Allah bizi doğru yola yönəltməsəydi, biz özümüzə doğru yolu tapa bilməzdik. Həqiqətən, Rəbbimizin peyğəmbərləri haqqı gətirmişdilər!" Onlara: "Etdiyiniz əməllərə görə varisi olduğunuz Cənnət budur!" – deyə müraciət ediləcəkdir. (Əraf surəsi, 42-43)