Hər bir insanın nəfsində eqoizm, həsəd, kin, qəzəb kimi bir çox neqativ cəhət var. Ancaq insan iman etdiyi təqdirdə bu cəhətlərini tərbiyə edə, əxlaqını gözəlləşdirərək gerçək dincliyi və xoşbəxtliyi əldə edə bilər. İman etməyib nəfsinin arxasınca getdikdə isə nəfsin pislikləri insanın ruhunu ələ keçirir və bədbəxtlik bütün hüceyrələrinə qədər işləyir. Bu halda artıq o insan həyatını eqoistcəsinə davam etdirməyə, nifrətə özünü təslim etməyə, sevgidən uzaqlaşmağa və daima öz istəklərini, öz ehtiyaclarını güdməyə başlayır ki, bu çox təhlükəli bir haldır.
Dünyadakı imtahanın tələbi olaraq hər bir insan həyatı boyu nəfsinin xoşuna gəlməyən hadisələrlə qarşılaşa, qəlbinə toxunan sözlər eşidə bilər. Əgər insanın qəlbi imandan qaynaqlanan səbir və təvəkküllə dolu deyilsə, belə hallarda nəfsi hərəkətə keçir və insana qəzəb hakim olur. Asanlıqla həll ediləcək məsələlər problemə çevrilə bilər. Mübahisələrin, münaqişələrin, incikliklərin hətta müharibələrin ardında yatan əsl səbəb də budur.
Bir-birlərinə şəfqətlə, mərhəmətlə yanaşmayan insanlar adi hadisələrdə belə ortaq məxrəcə gələ bilmir, lazımsız yerə mübahisə edir, münaqişə edirlər. Hətta elə insanlar var ki, bir sözə görə qarşısındakı insanı yox sayıb, ömür boyu incik qalırlar. Halbuki bağışlamamaq, şəfqətli ola bilməmək ən çox həmin insanı özünü sıxır və narahat edir. Bağışlamayan qəlb sıxıntılı, narahat olur.
Hər bir insan səhv etdikdə əfv edilməyi gözləyir, səhvlərinə yaxşı tərəfdən baxılmasını, mənfi xüsusiyyətləri ilə yadda qalmamağı istəyir. Etdiyi günahlara görə də Allahın onu bağışlayacağı ümid edir. Lakin bəzi insanlar özləri üçün qeyd-şərtsiz bağışlanma tələb edərkən başqalarına eyni tolerantlığı göstərə bilmirlər.
Bəs özünün hansı şərtdə olursa-olsun, bağışlanmasını istəyən biri görəsən niyə başqalarını bağışlamaqdan çəkinir?
Əvvəla, əfv etmək, bağışlamaq, sakitləşdirici olmaq, insanları incitmədən onların könüllərini almaq mömin xüsusiyyətidir. Hətta Quranda pisliyin qarşılığı olaraq belə bağışlayıcı olmaq tövsiyə edilir:
Hər hansı bir pisliyin cəzası onun özü kimi bir pislikdir. Bununla belə hər kəs (pislik edəni) bağışlasa və (onunla) barışsa, onun mükafatı Allaha aiddir. Həqiqətən, O, zalımları sevməz! (Şura surəsi, 40)
İnsan nəfsini çox yaxşı tanıyıb onu imanla, Allah qorxusu, Quranla tərbiyə edərsə, o zaman dünya sanki cənnətə çevrilər. Qədərini yaşadığını bilən, dünyada başına gələn hadisələrə xeyir gözü ilə baxan və Allaha böyük məhəbbətlə bağlanan bir mömin daim bağışlayandır, mərhəmətlidir. Ətrafına dinclik verir. Bağışlamağın fəzilət olduğunu çox yaxşı bilir və hər imtahanı gözəlliklə, sevinclə qarşılayır.
Qoy aranızda olan fəzilət və sərvət sahibləri qohumlara, miskinlərə və Allah yolunda hicrət edənlərə (heç)(bir)(şey) verməyəcəklərinə and içməsinlər. Qoy əfv edib bağışlasınlar. Məgər siz Allahın sizi bağışlamasını istəmirsinizmi? Allah Bağışlayandır, Rəhmlidir. (Nur surəsi, 22)
Möminin əsl içini titrədən şey Allahın razı olmadığı bir hərəkəti etməkdir. Belə bir ruh halında insanlar və hadisələr əhəmiyyətini itirir, mömin üzünü yalnız bütün kainatı qüdrəti ilə idarə edən Allaha çevirir. İman etməyənlər isə nifrətin içində boğulub bir-birindən intiqam almaq həvəsinə düşürlər. Şeytan bu şəkildə onları hələ dünyada ikən cəhənnəmi xatırladan, qapqaranlıq, sıxıntı və çəkişmə dolu bir həyatın içinə çəkir. Sevgisiz və eqoist nəfslərin toqquşması həm bu dünyada, həm də axirətdə sonsuza qədər davam edir.
Peyğəmbərimizin (səv) çox sevdiyi əmisi hz. Həmzəni şəhid edən Vəhşini bağışlaması bütün möminlərə nümunə olan çox gözəl bir davranışdır. Müsəlmanlar tərəfindən də hz. Vəhşi olaraq adlandırılan bu mübarək səhabənin həyatında Allahın əfv ediciliyi, şəfqəti, rəhməti və mərhəməti Peyğəmbərimizin (səv) üzərində ən gözəl şəkildə təzahür etmişdir. Eyni şəkildə, hz. Yusif də özünü illərlə zindanda unudan insanı və özünü quyuya atan qardaşlarını bağışlayaraq gözəl əxlaq göstərmişdir. İman etməyənlər tərəfindən dəlilikdə günahlandıran, istehza, təhdid və böhtanlara məruz qalan peyğəmbərlər də hər zaman əfv edici olmaqla Allahın bağışlayıcılığını öz üzərlərində təzahür etdirmişlər. Allahın yazdığı taleyə xoşluqla təslim olduqlarını inkar edənlərə göstərmişlər.
Bütün möminlər Allahın bəyəndiyi və Quranla öyrətdiyi bu yüksək əxlaqa çatmaq üçün çalışmalı, bağışlayan olmalı, ömür boyu heç qorxmadan, qətiyyətlə hadisələrə mərhəmətlə, şəfqətlə yanaşmalıdırlar. Möminə yaraşan yetkinlik, dərinlik və Allaha təslim olmaqdır. Əfv edən qəlb yüngülləşir, bağışlayan ruh sakitləşir. O da unudulmamalıdır ki, önəmli olan bir qulun başqa bir qulu bağışlaması deyil, Allahın insanı əfv etməsidir. İnsan nə qədər mərhəmətli və bağışlayan olsa, mərhəmət görməyə o nisbətdə layiq olur. Mömin bu gerçəyi bilərək yaşayır və Allahın rizasını qazanmaq üçün həmişə bağışlayıcı olur. Sevgi üçün yaradılan bu kainatın içində sevgi və mərhəmət dolu bir ürəklə yaşamaq ən doğru olandır.