10 dekabrda daha bir Beynəlxalq İnsan Hüquqları gününü geridə qoyduq. Məlum olduğu kimi, "bütün insanların anadangəlmə azad və bərabərliyi" prinsipi əsasında hazırlanan “İnsan hüquqları haqqında ümumi bəyannamə” 10 dekabr 1948-ci ildə BMT-nin Baş Assambleyasında qəbul edilib.
Bu bəyannamə milyonlarla məzlum insanın həyatını itirdiyi I və II Dunya müharibəsi kimi fəlakətlərin bir daha baş verməməsi, siyasi maraq və hesablarını həyata keçirmədə heç bir maneə görməyən, hər cür hüquqi əngəli zorakılıq və gücdən istifadə edərək dəf etməyi leqal hesab edən güclü liderləri dayandıracaq bir mexanizmin yaradılması məqsədini güdürdü.
Ancaq aradan keçən 67 ilə baxmayaraq, dünya miqyasındakı mənzərə Bəyannamənin hədəf aldığı modelin tam əks istiqamətində inkişaf edir. Dünyanın bir çox ölkəsində insan hüquqlarının pozulması son həddə çatıb. Yaxın Şərq bu pozuntuların ən çox baş verdiyi yerlərin başında gəlir. İnsan hüquqlarının müdafiəçiləri demək olar ki, hər gün bu bölgələrdəki insanlıqdan kənar əməllərin hesabatını məruzə edirlər.
Həmin hesabatlarda dünyada insan hüquqları pozuntularının ən çox baş verdiyi 11 ölkə ilk sırada gəlir. Bu ölkələr pozuntuların şiddətinə görə sondan əvvələ doğru Nigeriya, Yəmən, Myanma, Şimali Koreya, İraq, Əfqanıstan, Somali, Pakistan, Konqo Demokratik Respublikası, Sudan və Suriyadır.
Bu hesabatlarda, xüsusilə, son dövrdə baş verən müharibələrdə yaşayış məntəqələrinə havadan atılan bombalar, raketlər, barel bombaları və ballistik raket kimi ölümcül silahların atılması nəticəsində dinc əhalinin öldüyünə diqqət çəkilir. Son iki il ərzində yaşayış məntəqələrinə atılan bu cür partlayıcı silahlar nəticəsində on minlərlə dinc sakinin öldüyü, ya da şikəst qaldığı bildirilir. Bu rəqəm hər gün daha da artır.
Bütün dünyanın gözü önündə baş verən, insanlıq adına böyük ləkə olaraq qəbul edilən bu mülki soyqırımların baş verdiyi ölkələrin başında isə Suriya gəlir.
Beynəlxalq rəqabət, maraq və çəkişmələrin mübarizə meydanına çevrilən Suriyada 5 ildir ki, amansızca davam edən müharibədə ağır yaralılar istisna olmaqla, 300 mindən çox insan həyatını itirib. 7 milyon insan evlərini tərk etmək məcburiyyətində qalıb. Bunların 4 milyonu xarici ölkələrdə qaçqın, 14 milyonu isə öz ölkəsində humanitar yardıma möhtac haldadır. Məcburi köçə məruz qalan məzlum suriyalılar üçün Aralıq dənizi sanki miqrantların kütləvi şəkildə həyatlarını itirdikləri ölüm tələsinə çevrilib.
"Human Rights Watch" təşkilatı 644 səhifədən ibarət "2015-ci il Dünya hesabatında" 90-dan çox ölkədəki insan hüquqları pozuntularını araşdırıb.
Senat Mərkəzi Kəşfiyyat İdarəsi üçün 6000 səhifəlik işgəncə və müharibə cinayətləri barədə hesabat hazırlayıb. Bu hesabata görə, ABŞ son illərdə təhlükəsizlik qüvvələrinin, xüsusilə, zəncilərə tətbiq etdiyi pis rəftar və cinayətlərlə insan hüquqlarının gözardı edildiyi əsas ölkələrdəndir.
Son illərdə, xüsusilə, Şərqi Türkistan bölgəsindəki ordu və təhlükəsizlik qüvvələrindən irəli gələn itkin düşmələr, qatı açılmamış cinayətlər, işgəncə və ölümlərlə Çinin vəziyyəti də çox fərqli deyil.
Eyni hesabatda Misirdəki insan hüquqları pozuntularının ölkənin müasir tarixindəki ən ciddi humanitar böhran olduğu və bunun hələ də bütün gücü ilə davam etdiyi bildirilir. Məlum olduğu kimi, Misirdə 3 iyul 2013-cü ildə baş verən hərbi çevrilişindən sonra minlərlə insan həyatını itirdi. Ölkədə hakimiyyət əleyhdarlarına qarşı həbslər və işgəncələr hələ də davam edir.
On illərdir dəhşətli zülm, təzyiq və ayrı-seçkiliyə məruz qalan Rohinca xalqının vəziyyəti də Dünya hesabatında yer alır. Myanmanın qərbində Arakan əyalətində 2012-ci ildəki şiddət hadisələrindən sonra yaşadıqları bölgələri tərk edən 140.000 Rohinca müsəlmanına qarşı sistematik təzyiqin bu gün də eynilə davam etdiyi bildirilir. Banqladeş sərhədindəki Maungdaw və Buthidaung kəndlərindəki təxminən 1.000.000 rohincalı yaşamaq, işləmək və dini azadlıqlar mövzusunda saysız-hesabsız məhdudiyyətlərlə qarşı-qarşıyadır.
Oxşar qaydada 2015-ci il ərzində müxtəlif Avropa ölkələrində miqrantlara qarşı nümayiş etdirilən və Hitler dövrünü xatırladan ayrı-seçkilik, amansız və dözümsüz davranış insan hüquqları və demokratiya liderlik edən Qərbin bu məsələdəki səmimiyyətini sual altına qoydu. 13 noyabr Paris hücumlarından sonra Fransanın Avropa Şurasına "fövqalədə vəziyyət"ə görə insan hüquqları mövzusundakı məsuliyyətlərini təxirə salacaqlarına dair etdiyi rəsmi müraciət isə çox narahatlıq vericidir.
Yuxarıda yalnız bir hissəsindən nümunələr verdiyimiz insanlıq əleyhinə cinayətlər dünyanın demək olar ki, hər yerini əhatə edib və şiddətini artıraraq də davam edir. Bu ədalətsizliklərlə yanaşı, etinasızlıq və laqeydlik səbəbindən dünyada ac, yoxsul, sığınacaqsız və səfalət içindəki insanların sayı da yüz milyonlarla ifadə olunur.
Halbuki dünyamız ümumi sərvətləri və iqtisadi zənginliyi ilə üzərində yaşayan insanları, hətta daha da artığını rahat və ən gözəl şəkildə yaşada biləcək potensiala malikdir. Ancaq eqoistlik, dünyəvi ehtiraslar, mənfəət davaları, sevgi, şəfqət və gözəl əxlaq çatışmazlığı milyonlarla məzlum insanın əzab çəkməsinə səbəb olur.
İnsan hüquqları bəyannaməsini imzalayan BMT məhz belə bir vaxtda bu hüquqlara sahib çıxıb qorumalıdır. BMT dünya miqyasındakı insanlıq əleyhinə cinayətlərə yalnız cılız bəzi qınama və töhmətlərdən başqa heç bir həll yolu gətirə bilmir. Güc sahibi bir neçə dövlətin maraqlarını qanuniləşdirməkdən başqa bəşəriyyətə töhfə vermək mənasında tamamilə simvolik və disfunksional bir mexanizmdən ibarətdir. Ona görə insan hüquqlarını qoruma missiyası yüklənmiş BMT kimi mühüm bir qurumdan bütün dünyanın gözləntisi təcili olaraq bu məsələdə konkret və həll yolu gətirən addımlar atmasıdır.
Göründüyü kimi, bəşəriyyət kin, qəzəb, şiddət, qiyam və müharibələrdən təmizlənmiş yeni modelə möhtacdır. 10 dekabr Beynəlxalq İnsan Hüquqları günü münasibətilə bir daha bütün insanların sülh, əmin-amanlıq, xoşbəxtlik, ədalət, sevgi dolu, hüquqlarının tam qorunduğu insanlıq şərəfinə yaraşan bir dünyaya ən qısa zamanda qovuşmasını bir daha arzulayırıq.
Adnan Oktarın «Harakah Daily» & «Morocco World News»də dərc edilən məqaləsi:
http://www.harakahdaily.net/index.php/article/39067-humans-have-rights-on-paper-but-not-in-real-life