Hər uşağın daxilində sevmək instinktləri vardır. Balaca uşaq müxtəlif irq, etnik mənsubiyyət və inanc arasında fərq qoymağı və ya digərlərinə nifrət etməyi bilmir. Nifrət, adətən, insan yetkinləşdikdən sonra təcrübə ilə (bir insanın şəxsiyyətinə nifrət edilməsi ilə) öyrədilən, yaxud öyrənilən qarışıq hissdir.
Sevgi hissi və sevginin mahiyyəti müqəddəs kitablarda hikmətli qissələrlə izah edilərək insanlara aşılanır. Məsələn, həm Tövrat, həm də Quranda iki qardaş – Habil və Qabil arasındakı münaqişə ilə bağlı çox mühüm əhvalatdan bəhs edilir. Bu, tarixdəki ilk qardaş münaqişəsidir. Tövratdakı bu əhvalatı oxuduqda mübahisənin sülh yolunu sınaqdan keçirmədikləri üçün meydana gəldiyini və cinayətlə nəticələndiyini görürük. Əgər sülh metodları tətbiq edilsə idi, problem asanlıqla həll edilərdi.
Təəssüf ki, insanlar bənzər hadisələrlə tarix boyunca qarşılaşmışlar. Dövrümüzdə də insanlar fələstinli ərəblər və yəhudilər arasında baş verən münaqişələrdə olduğu kimi, oxşar oyunların qurbanı olurlar. Müqəddəs Məscidül-Əqsa bölgəsində fələstinli gənclər və İsrail polisi arasında baş verən qarşıdurma daha böyük və təhlükəli oldu. İbadətgahlar silahlı hücumlar, münaqişələr üçün istifadə edilməməli idi. Bir ibadətgahda təcavüzkar fəaliyyət göstərmək əxlaqi baxımdan yanlışdır və qətiyyən qəbul edilə bilməz.
Bəzi fitnəkar qüvvələr müqəddəs bölgələri istismar etməyi artıq adət halına çevirmişlər. Siyasi və dini liderlərdən bəziləri, həmçinin xalqın tanıdığı insanlar siyasi məqsədlər üçün cəmiyyətin həssas yanaşdığı mövzularda onları istiqamətləndirirlər. Bu insanların qızışdırıcı və absurd çıxışları (məsələn, israillilərin Məscidül-Aqsa məscidini yox etməyə gələcəkləri kimi) kütləvi etirazlara səbəb ola bilər. Məscidül-Aqsa məscidini dini təxribat üçün istifadə etmək ağılsızlıqdır. Bu kimi əsassız və sübutsuz iddialar günahsız insanların qanının tökülməsi ilə nəticələndiyi üçün eyni zamanda Allah qatında böyük cinayətdir.
Məscidül-Əqsaya qoyulan (müsəlmanları və yəhudiləri qorumaq adı altında) metal detektorlar daha çox şiddət və etirazlara yol açan bir təşəbbüs oldu. Çünki əslində bu, Fələstin və İsrail vətəndaşlarını təhlükəyə atan siyasi manipulyasiya idi. Bütün bunlarla yanaşı bir də 3-ci İntifada (fələstinlilərin İsrail işğalına qarşı başlatdığı müqavimətin adı) çağırışı edərək təzyiqi artırmağa çalışdılar. Bu tip təhrikedici bəyanatlar məsələnin həllindən daha çox problemlərin yaranmasına səbəb oldu. Təəssüf ki, bir neçə fələstinli gənc məsum insanları bıçaqlayaraq öldürmək, avtobus dayanacaqlarındakı insanların üstünə avtomobillə hücum etmək və ya maşınlara daş atmaq kimi qəzəb və şiddət dolu aksiyalar həyata keçirdilər. Bu tip vəhşiliklər regionda yaşayan bütün günahsız müsəlmanlara və qeyri-müsəlmanlara mənfi təsir etdi. Nəticə etibarilə, fitnəkarlar bu vəhşi üsulları tətbiq etdiyi müddətcə bu bölgə heç bir müsəlmanın yaşamaq istəyəcəyi yer olmayacaq.
Hər kəsi asanlıqla təsiri altına alan xurafatçı düşüncənin qarşısını almaq üçün müsəlman hökumətlərin, dini və siyasi liderlərin üzərinə böyük məsuliyyət düşür. Bu təhlükəli düşüncə insanları qarşıya çıxan hər musəvini bıçaqlamağa hazır hala gətirir. Bu səbəbdən hökumətlər gəncləri musəvi qardaşlarına qarşı şəfqətli olmaları və hörmətlə yanaşmaları ilə bağlı maarifləndirməlidirlər. İnternet və televiziya vasitəsilə aparılan musəvi əleyhdarlığına son qoyulmalıdır. Allah müsəlmanlara nə olursa-olsun ədalətli olmağı buyurub. Quranda belə bildirmişdir:
Ey iman gətirənlər! (Şahidliyiniz) sizin özünüzün, ata-ananızın, yaxın qohumlarınızın əleyhinə olsa belə, ədalətdən möhkəm yapışan Allah şahidi olun… ( Nisa surəsi, 135)
Hər hansı bir camaata qarşı olan kininiz sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun. Bu, təqvaya daha yaxındır… (Maidə surəsi, 8)
Hadisələrin gərginləşməsinin başqa bir səbəbi də mətbuatın xəbərləri təhrif etməsindən irəli gəlir. Nifrətə və şiddətə meyilli sevgisiz insanlar qərəzli xəbərlər yayaraq çirkin əməllərini bu yolla həyata keçirirlər. Allah iman gətirənləri belə bir təhdidə qarşı həm Tövratda, həm də Quranda bənzər şəkildə xəbərdar edir:
Ey iman gətirənlər! Əgər bir fasiq sizə (pis) bir xəbər gətirsə, dərhal (onun doğruluğunu) yoxlayın, yoxsa bilmədən bir qövmə pislik edər, sonra da etdiyinizə peşman olarsınız! (Hucurat surəsi, 6)
Boş xəbər gəzdirməyin. Yalançı şahid olmaq üçün haqsız adamla əlbir olmayın. Şər iş görən izdihama qoşulmayın. Məhkəmədə çoxları ilə birləşərək ədaləti təhrif edib yalançı şahid olmayın (Çıxış 23: 1-2)
Müsəlmanlarla musəviləri qızışdırmaq üçün qurulan bu oyunlara qarşı müsəlmanlar çox diqqətli olmalıdırlar. Müqəddəs torpaqlardan səmimi müsəlmanlarla səmimi musəviləri çıxarmaq üçün bu iki dindar camaat arasına nifaq salmağa çalışanların tələlərinə düşməmək lazımdır.
Fitnəkar mətbuat xəbərləri Türkiyəyə də yayıldı. Məscidül-Əqsa hadisələrindən sonra İstanbulda əvvəlcə Neve Şalom, daha sonra da Türkiyənin ən qədim sinaqoqu Ahrida sinaqoqunda ard-arda hücumlar oldu. Təxribatçılar bunu bilməlidir ki, ibadət yerlərinə hücum etmək qəhrəmanlıq deyil, əxlaqsızlıqdır. Qurana əsasən sinaqoqlar, kilsələr, məscidlər və bütün müqəddəs məkanlar qorunub mühafizə edilməli yerlərdir. Bu səbəbdən (Həcc surəsi, 40) musəvi qardaşlarımıza aid olan Neve Şalom kimi bütün sinaqoqları da qorumalıyıq.
İslamda razılıq əsasdır, tərəflər arasında uzlaşma yolu ilə həll yolu gətirmək lazımdır. Ancaq dövrümüzdə xurafatçı müsəlmanlar İslam adına hərəkət etdiklərini iddia edərək bunun tam əksini edirlər. Bəziləri cinayət törədir, kamikadzelərdən istifadə edir və bunu müqəddəs müharibə adlandırırlar. Halbuki Allah qatında böyük günaha girirlər. Bir çox müsəlman bu etdiklərinin Qurana zidd olduğunu bilmir. Sevginin yerinə nifrət, şəfqətin yerinə qəzəb, qardaşlığın yerinə düşmənçilik, incəsənətin, mədəniyyətin yerinə cəhalətin olduğu "din” ilə bilmədən aldadılırlar. Belə insanların əlinə bıçaq, silah verib başqa inanclarda olan insanları öldürmələri üçün təxribat törətmək çox asan olur. Radikalların əməllərini təkcə lənətləməyin də onlar üzərində heç bir təsiri olmur. Əsas problem bu insanların Qurandan kənar aqressiv fikirlərlə beyinlərinin doldurulmasındadır. Həll yolu isə bu yalan, saxta fikirlərə qarşı yalnız Qurana əsaslanan maarifləndirmə siyasəti həyata keçirməkdir.
Fəlakətlərin qarşısını almaq üçün yanlış inancları həqiqət və doğrularla dəyişdirmək lazımdır. Müsəlman və musəvi qardaşlarımız ancaq bu şəkildə münaqişə mühitindən xilas ola bilərlər. Hər kəs bu həyatdakı əsl məqsədini və etdikləri bütün əməllərdən məsul olduğunu öyrənməlidir. Şiddət, münaqişə və təzyiq şəraiti heç vaxt xoşbəxtlik gətirməz. Bilinməlidir ki, həqiqi rahatlıq və xoşbəxtlik ancaq hər kəsə qarşı ədalətli, şəfqətli, sevgi dolu və fədakar yanaşma ilə əldə edilir. Allahın bizdən istədiyi də budur.
Adnan Oktarın “The Jerusalem Post”da yayımlanan məqaləsi:
http://www.jpost.com/Opinion/Being-just-at-all-costs-500844