Azad olmaq düşüncəsiz olmaq demək deyil...
ucgen

Azad olmaq düşüncəsiz olmaq demək deyil...

2514

İnsanlar həyatlarının hər anında azad və rahat olmaq istəyirlər. Heç bir nizam-intizama, məcburiyyətə və ya məhdudiyyətə tabe olmadan istədiyi zaman istədiyi şeyi etmək istəyirlər. Ürəyi istəyəndə yatmaq, ürəyi istəyəndə durmaq, istəyəndə işlərini görüb, istəməyəndə təxirə salmaq, danışmaq istəməyəndə danışmamaq, düşünmək istəməyəndə düşünməmək, iradə göstərmək istəməyəndə göstərməmək və s. bunun kimi mövzularda istədiyi hərəkəti edə bilmək...

Halbuki azadlıq da müəyyən məhdudiyyətlər daxilində gözəldir. Azadlıq düşüncəsiz, məsuliyyətsiz, laqeyd olmaq demək deyil. Eyni zamanda, birlikdə yaşadığı insanlar üçün fədakarlıq etməsi, başqalarını düşünərək hərəkət etməsi, üstünlüyü ehtiyac olan mövzulara verməsi bu insanın azadlığının məhdudlaşdırılması demək deyil. İnsanın gözəl əxlaq göstərməsi onu məhdudlaşdıran deyil, onu gözəlləşdirən, ucaldan xüsusiyyətdir.

Yanında biri yatarkən: "Azadlığımı məhdudlaşdıra bilmərəm, əsas mənim istəyimdir, mənim rahatlığımdır", - deyərək, qışqırıb-bağıraraq danışan, musiqinin, ya da televizorun səsini sonuna qədər açan birini düşünün. Ya da aşağı mərtəbədəki qonşularını heç düşünmədən gecə yarısında evdə səs-küy salan bəzilərini...

Heç kim bu cür düşüncəsiz insanlarla söhbət etmək, onların ətrafındakılara verdiyi narahatlıqlarla qarşılaşmaq istəməz. İnsanlardakı bu davranış pozuntusunu aradan qaldırmağın bir yolu var, o da Quran əxlaqına tabe olmaqdır. Quran həm insanlara axtardıqları azadlığı mükəmməl şəkildə yaşadır, həm də bu azadlıq heç kimi narahat etmir. Bu səbəbdən, mömin Allahın təyin etdiyi əxlaq sərhədləri daxilində azad yaşaya bilmə rahatlığına malikdir.

Müsəlman olmaq vicdanlı olmaq deməkdir. İradəli olmaq, ağıllı olmaq, nəfsi məcbur etmək, nəfsə qalib gəlmək deməkdir. Mömin dünyanın ən azad, ən rahat insanı olar, həyatı boyu, yaşadığı hər an seçimlərini vicdanına görə təyin edər. Ürəyi istəyəndə yatıb, ürəyi istəyəndə yemək yeyib, ürəyi istəyəndə istirahət edib, ürəyi istəyəndə işləmək kimi bir əxlaq tərzi yoxdur. Məqsədi Allahın razılığının ən çoxunu qazanmaqdır. Hər an ağlı və vicdanı ilə ətrafında olan hadisələri dəyərləndirər və ən xeyirli, ən hikmətli, ən faydalı və ən vacib mövzuya yönələr.

Bu səbəbdən, lazım olsa, başqasının ehtiyacını özününkündən üstün tutmaqla bəlkə öz azadlığından məhrum olar, amma insanı xoşbəxt edən azadlıq forması da məhz budur. Yoxsa başqasını narahat etdiyini bilərək, öz istəklərini əldə etdiyi zaman xoşbəxt ola bilməz. Ancaq vicdanına uyğun hərəkət etsə, həqiqətən, azad olar və ancaq bu onu xoşbəxt edər.

Çünki azadlıq, zənn edildiyi kimi, insanın yalnız fiziki olaraq azad olması demək deyil. Əsas  mənəvi mənada azad olmaqdır. Əsl azadlıq Allahın insanın ruhuna və ürəyinə hiss etdirdiyi genişlik, rahatlıq, güvən və dinclik duyğularının hamısıdır. Bu da insanın imanı, təqvası, təvəkkülü və təslimiyyəti ilə birbaşa əlaqəlidir.

Bu səbəbdən, əsl azadlıq və xoşbəxtlik insanın nə istəsə, onu etməsində deyil, Allahın razılığına uyğun olan əxlaqı yaşamasındadır. Bu əxlaqın qazandıracağı mənəvi azadlıq insanın düşünmədən yaşadığı sərhədsiz fiziki azadlıq ilə əsla müqayisə edilməyəcək dərəcədə böyükdür. Allah bu neməti yalnız möminlərə lütf etmişdir.

Allah Quranda əsl xoşbəxtliyin yolunu belə bildirmişdir:

... Bilin ki, qəlblər ancaq Allahı zikr etməklə rahatlıq tapır. (Rəd surəsi, 28)

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr