Əfqanıstanda bir qrup gənc və cəsur qadın bu ilin iyul ayında ölkədə öz adları ilə çağrılmalarına mane olan qanun və adətlərə etiraz etmək məqsədilə sosial mediada genişmiqyaslı kampaniyaya başladılar. Əfqanıstanda hələ də rəsmi olaraq qüvvədə olan bu utanca qarşı təşkil olunan kampaniyanın adı "whereismyname"dir. Kampaniya qadınları ikinci dərəcəli insan kimi qəbul edən və İslam dünyasına hakim olan ənənəvi radikal düşüncəni fərqli yöndən yenidən nümayiş etdirdi.
Diskriminasiyaya məruz qalmış və adları ictimai həyatın hər sahəsindən silinən qadınlar ancaq “filankəsin qızı”, “filankəsin arvadı, anası və ya bacısı” kimi yaxın kişi qohumlarının adları ilə çağırılırlar. Kişilər cəmiyyət içində arvadlarını “uşaqların anası”, “ailə üzvüm”, “zəifim” kimi dolayı və təhqiredici ifadələrlə çağırırlar.
Bəzi əfqanıstanlı kişilər isə daha da irəli gedərək bu ənənəni qadınları təhqiretmə səviyyəsinə çatdırıblar. Bu insanlar xurafatçıların tipik xüsusiyyəti olan bəsit xarakterlərini çirkin üslubları ilə örtməyə çalışaraq arvadlarına “keçim”, “toyuğum” kimi təhqiramiz ləqəblərlə xitab edirlər.
Rəsmi sənədlərdə, toy dəvətnamələrində, hətta qəbir daşlarında belə qadınların əsl adlarının istifadə edilməsi qadağandır. Ailə mühitindən kənarda qadınları öz adları ilə çağırmaq uyğunsuz, hətta təhqiramiz qəbul edilir. Əfqanıstanlı qadınlar həyatlarının hər sahəsində (təhsil, evlilik və s.) ailədəki kişilərin “sərəncamına” verilib.
Əfqanıstandakı bütün bu mənfi hallara baxmayaraq, bu məzlum insanları sanki kişilərin köləsi halına gətirmək istəyən xurafatçı ənənələrə meydan oxuyan qadınlar da var. Kampaniyanın iştirakçılarından siyasi elmlər fakültəsinin tələbəsi 26 yaşlı Tahmina Arian: "Vəziyyətin dəyişdiyini görmək istəyirəm. XXI əsrdə hələ də orta əsrlərdəki kimi bir həyatın yaşandığını görməkdən yorulmuşam. Bu çətin və əzabvericidir. Mən nəsə etməsəm, bacım nəsə etməsə, kim edəcək? Artıq bir yerdən başlamaq lazımdır və biz əlimizdən gələni edirik"– deyə bildirir.
Jurnalistlər, yazıçılar, incəsənət xadimləri başda olmaqla dünyanın hər yerindən minlərlə insan “Facebook” və “Twitter” şəbəkələri üzərindən bu kampaniyaya dəstək olaraq qadınların öz şəxsiyyətlərinə və adlarına sahib olmağın onların ən təbii hüquqları olduğunu müdafiə edirlər.
“Whereismyname” kampaniyasında nəzərə çarpan “tweet”lərdən bəziləri isə belədir:
Arezoo Heidary: "Məni öz adımla çağırmaq ayıb deyil. Bu, mənim ən əsas hüququmdur. İnsanlığa hörmət edin".
Isabelle Kersimon: "Cəmiyyət içində bizi “qarasaçlılar”, “zəiflər” deyə çağırırlar... Dəhşətlidir".
Ofelia Cazacu: "Qadınlara hüquqları, hüquqlara malik olmağın əhəmiyyəti öyrədilməli, amma əvvəlcə, kim olduqlarını bilmək öyrədilməlidir".
Knut Thomsen: "Əfqanıstandakı və digər patriarxal ölkələrdəki qadınları dəstəkləmək, həm də gələcəkdəki sabitliyin açarıdır".
Orenda Magazine: “Whereismyname” qadınların adlarını yox etmək üçün uzun müddətdir ki, tətbiq olunan əfqan ənənəsini dəyişməyi qarşısına məqsəd qoyur".
Naşir Ənsari də paylaşımında, "Qadınların adlarını gizlətməyin İslamla heç bir əlaqəsi yoxdur. Əgər elədirsə, niyə peyğəmbərlərin həyat yoldaşlarının adlarını hamımız bilirik" deyə bildirir.
Bu cür yüzlərlə “tweet” paylaşılır və hər gün yeniləri əlavə olunur.
Göründüyü kimi, “whereismyname” kampaniyasında Əfqanıstan və oxşar ənənəvi ortodoks İslam anlayışının hakim olduğu regionlarda qadının hər şeydən əvvəl öz şəxsiyyəti, öz adı ilə çağrılması kimi ən əsas hüquqları geri tələb edilir.
“Tweet”lərdən də aydın olduğu kimi, kampaniya qadınların əllərindən alınmış bütün digər insan hüquqlarının da yenidən əldə edilməsi üçün atılmış ilk cəsarətli və səmimi addımdır.
Kampaniya mühüm bir həqiqəti ortaya çıxarır: Qadınlara qarşı bu diskriminasiya və alçaldıcı münasibət güman edilənin əksinə, İslam və Quranla heç bir əlaqəsi yoxdur. Bu, çox qədim əfqan qəbilə ənənəsinə əsaslanır və qadının qəbilə mədəniyyətində ikinci dərəcəli və dəyərsiz hesab edildiyini göstərir. Qadın əleyhdarı hər cür mürtəce və məhdudlaşdırıcı ənənə kimi bu azğınlıq da radikallar tərəfindən İslam adından ortaya atılıb. Əfqanıstanlı qadınların əvvəllər sahib olduqları bu əsas hüquq Taliban rəhbərliyinin hakimiyyətə gəlməsi ilə birlikdə əllərindən alındı. Başqa sözlə, Əfqanıstan qəbilə dövrü adətlərinə yenidən geri qayıtmış oldu.
Halbuki 1919-cu ildə İngiltərənin əsarətindən xilas olaraq müstəqilliyini elan edən Əfqanıstanda qadınlar çox müasir, azad və rahat yaşayırdılar. Gündəlik həyatlarında, geyim, hərəkət və davranışlarında çox sərbəst idilər.
Əfqanıstanın paytaxtı Kabildə doğulmuş ABŞ-da San-Xose Universitetinin mühəndislik üzrə professoru Mohammad Humayon Qayoumi, "Bir zamanlar Əfqanıstan" adlı fotoşəkilli esse janrlı kitabında bu dövrü, "50 il əvvəl əfqan qadınları tibb sahəsində karyera qururdular. Qadınlar və kişilər Kabildəki kinozallarda və universitet şəhərciklərində birlikdə idilər..."– sözləri ilə təsvir edir.
Taliban rejiminin 1996-cı ildə mərkəzi hökumətin zəifləməsini fürsət bilərək hakimiyyətə gəlməsi ilə qadınlar üçün dəhşətli təzyiq, şiddət və zülm dövrü başladı. Qadınlara özlərinə qulluq etmək, gülmək, əylənmək, məktəbə getmək, işləmək, fikirlərini sərbəst ifadə etmək, ərlərindən icazəsiz və yanlarında kişi qohumları olmadan küçəyə çıxmaq qadağan olundu. Qadınlar evlərində sanki azadlıqdan məhrum edilərək məhkum həyatı yaşayırlar. Bu amansız qaydalara əməl etməyən qadınlar isə meydanlarda döyülür, qamçılanır, daşlanaraq öldürülürdülər.
2001-ci ildə Taliban rejiminin dağılması ilə birlikdə qadınlar təhsil almaq, işləmək, səsvermə kimi bəzi hüquqlarını əldə etsələr də, Taliban rejiminin mürtəce adət və qanunlarının böyük hissəsi yeni hökümətlər tərəfindən də davam etdirilir.
Qadınların ən təbii insan hüquqlarını geri qazanmaları, müasir ölkə standartlarında həyat və statusa malik olmalarının qarşısındakı ən böyük əngəl ölkə rəhbərliyindəki radikallardır.
Qadın hüquqları sahəsindəki fəaliyyətləri ilə tanınan Əfqanıstan millət vəkili Şahgül Rəzai də "parlamentdə qadınlar üçün atılacaq bu addımlara qarşı olan bəzi radikal qüvvələr var" ifadələri ilə bu maneəyə diqqət çəkir.
Allahın yaratdığı böyük nemət olan qadına edilən bu zülm və nankorluq müsəlman aləminin problemlər içində olmasının, dirçəlib möhkəmlənə bilməməsinin ən böyük səbəblərindəndir. Rahatlıq içində yaşaya bilməyən ölkələrin adətən qadınlara təzyiq edən ölkələr olması çox diqqətçəkicidir. Qadınların hüquqlarını və nüfuzlarını geri qazanmaları müsəlman cəmiyyətlərin bu azğın ənənəvi din anlayışını tərk edərək İslamın yeganə və əsl mənbəyi olan Qurana qayıtmaları ilə mümkün olacaqdır.
Çünki Allah Quranda təqva mövzusunda qadınla kişi arasında heç bir fərq olmadığını, qadın və kişinin saleh əməllərlə bağlı bərabər məsuliyyət daşıdıqlarını bildirir. Hətta verilən dəyər baxımından Quranda qadın kişidən daha üstündür.
Səba hökmdarı nümunəsində gördüyümüz kimi, qadın dövlət idarəçiliyində iştirak edə bilər. Quranda hz. İsanın (əs) anası hz. Məryəm cəsarəti, çətinlik anında göstərdiyi qətiyyət və gözəl əxlaqı ilə təriflənir. Peyğəmbərimiz (səv) dövründə qadınlar sosial həyatın bütün sahələrində kişilərlə birlikdə idilər. Peyğəmbərimizin (səv) xanımı hz. Xədicə regionda tanınmış və hörmətli iş qadını idi. Bütün bunlar göstərir ki, İslamda qadın sosial həyatda aktiv rol oynaya, müxtəlif peşələrə yiyələnə və həyatın hər sahəsində özünə yer tapa bilər.
Beləliklə, qadınlar əhatə olunduqları əsarət zəncirlərindən ancaq onlara həqiqi dəyərlərini, etibarlarını və nüfuzlarını qazandıran, bütün insan hüquq və azadlıqlarını onlara verən Quran sayəsində xilas ola bilərlər. Bu isə bütün İslam dünyasının Quranla hərtərəfli maarifləndirilməsi ilə mümkündür.
Qadınların hüquqlarını geri qazanmalarında gözəl vasitə olmasını arzuladığımız “whereismyname” kampaniyasında bu mühüm məsələnin vurğulanmasının kampaniyanın hədəf və məqsədinə çox mühüm töhfə verəcəyinə inanırıq.
Adnan Oktarın “Egyptian Streets”də yayımlanan məqaləsi:
https://egyptianstreets.com/2017/09/23/social-media-campaign-to-help-afghan-women-break-free-from-the-chains-of-radicalism/