İman gətirmiş insan digər insanlardan üstün davranışa malik olur. Lakin bu onun imtahanının sona çatması demək deyil. Möminin də bütün insanlar kimi nəfsi var.
Allah imtahanın bir zərurəti kimi ona günahlardan və pis əməllərdən çəkinməsini ilham etdiyini Quranda bildirmişdir («Şəms» surəsi, 8). Paxıllıq, həsəd kimi mənfi əxlaq xüsusiyyətləri də günahlara daxildir və bu, bütün insanların nəfslərində var:
«...Ancaq nəfslərdə xəsislik həmişə mövcuddur. Əgər siz yaxşı dolanıb (dava-dalaşdan, kobud rəftardan) çəkinsəniz bu sizin üçün daha yaxşı olar. Şübhəsiz ki, Allah etdiyiniz hər bir işdən xəbərdardır!» («Nisa» surəsi, 128)
Qısqanclıq başqasında olan bir şeyin onda olmamasından, başqasının bacardığı bir işi özünün bacarmamasından, başqasının aldığı qiymət və tərifi özünün almamasından və buna bənzər hallardan irəli gələn mənfi bir hissdir. Mal-mülk, gözəllik, zənginlik, dünya və ya axirətlə əlaqədar olan dərəcələrvə Allah'ın öz qulları arasında payladığı buna bənzər hər bir maddi və mənəvi nemətlər qısqanclığa səbəb ola bilərlər:
«Yoxsa onlar Allah'ın Öz nemətindən bəxş etdiyi şeyə görə insanlara həsəd aparırlar? Halbuki Biz İbrahim övladına da kitab və hikmət vermişdik və onlara böyük mülk bəxş etmişdik» (Nisa surəsi, 54)
Möminlər imtahan məqsədilə ilham olunan belə mənfi xüsusiyyətlərdən xilas olmaq üçün öz nəfsləri ilə daim mübarizə aparır, nəfslərini təmizləyirlər. Mömin qısqanclıq hissinə səbəb olacaq hər bir hadisədə Qurana uyğun şəkildə davranır. Yəni hər şeyin Allah'a aid oluğunu, hər şeyin Allah'ın diləməsi ilə baş verdiyini, Allah'ın dilədiyini seçdiyini, dilədiyinə istədiyi neməti verdiyini, seçimin və qərarın yalnız Ona aid olduğunu bilir. Rəbbimizin hər şeyi ən gözəl və xeyirli şəkildə yaratdığını, dünyada verilən hər bir nemətin insanlar üçün bir sınaq vasitəsi olduğunu, gediləcək əsl yerin axirət olduğunu, Allah dərgahındakı qiymətin təqvadan asılı olduğunu dərk edərək yaşayır.
Qısqanclıq təkəbbür və xudbinliyin, nəfsi tanrı hesab etməyin təbii nəticəsidir. Buna görə də qısqanclıq şeytanın ən xarakterik xüsusiyyətidir. İblisin Allah'a üsyan edib inkarçılardan olmasının səbəbi də xudbinliyinə görə Hz. Adəmin üstünlüyünü qısqanması olmuşdur.
Şeytanın bu xüsusiyyəti onun ardınca gedən müşriklərin və münafiqlərin simasında geniş şəkildə əks olunur. Qısqanclıq müşriklər arasında gündən-günə artaraq bunundaha sonrakı mərhələsi olan həsəd hissinə çevrilir, bununla da onların bütün hərəkət və davranışlarına təsir edir və nəticədə, onlar şeytanın insanlar arasındakı təmsilçilərinə çevrilirlər. Buna görə də Allah həsəd aparanların mənfi əməllərindən qorunmaları üçün möminlərin Ona sığınmalarını əmr edir:
De: «Pənah aparıram sübhün Rəbbinə... paxıllığı tutanda paxılın şərindən!» (Fələq surəsi, 1-5)