"Əlinizdən gəldikcə dünya işləriylə çox məşğul olmayın. İbadət üçün özünüzə vaxt ayırın. Çünki kimin məqsədi sırf dünya olsa, Allah işlərini dağıdar. Kasıblığı davamlı ağlına gətirər. Kimin də məqsədi axirət isə, Allah işlərini düzəldər, dincliyini artırar. Zənginliyi ürəyinə yerləşdirər. Haqqında xeyirli olan hər şeyi sürətlə ona yaxınlaşdırar." (Hz. Məhəmməd (s.ə.v))
İman edən bir kimsə, hər şeyini itirmiş olsa da, yenə də ən kiçik bir ümidsizliyə qapılmadan, səbirlə, şövqlə hər şeyə ən başdan başlaya bilər. Sahib olduğu bu şövq imanından, Allah’a qarşı duyduğu sevgi və etibardan, Quran əxlaqını mənimsədiyindən və dünya həyatının keçiciliyini qəti olaraq qavramış olmasından qaynaqlanır. Gələcəkdən yana həmişə ümitvar olan rəftarı, hadisələrin həmişə gözəl tərəflərini görən davranışı həyatı boyunca qarşılaşdığı bütün hadisələrdə özünü göstərər.
Ümid etmək Quranda möminlərin mühüm xüsusiyyəti olaraq bildirilmişdir. Ümitvar olmaq eyni zamanda adamın imanının da göstəricisidir. İnsan imanı dərəcəsində Allah’dan ümid edər, Onun rəhmətinə və sonsuz nemətlərinə qovuşmaq üçün böyük bir həsrət duyar. Çünki Allah iman edənlərə həm bu dünyada, həm də axirətdə çox böyük gözəlliklər vəd etmişdir. İnsan da Allah’a olan etibarı, yaxınlığı, təslimiyyəti və səmimiyyəti dərəcəsində bu nemətlərə qovuşmağı ümid edər. Hər şeyin yalnız Allah'ın iznilə olduğunu bildiyi üçün heç bir mövzuda kədərə, passifliyə və ümidsizliyə düşməz. Allah’ın möminlərin dualarına qarşılıq verən olduğunu bildiyi üçün, ən pis görünən bir hadisənin belə imtahan mühitinin bir parçası olduğundan və əvvəl axır möminlər üçün mütləq xeyirə çevriləcəyindən şübhə etməz.
Ətrafımızda olan bitən hər şey Allah’ın "ol" deməsiylə olur. Hər an, hər şey, qarşımıza çıxan hər görüntü Allah’ın iznilə yaradılır. Heç bir şey başıboş və öz halına buraxılmış deyil. Hər şey Allah’ın təyin etdiyi bir qədər üzrə yaşanır. Allah’ın hər şeyə gücü yetir.
Bunun şüurunda olan mömin də, ən pis şərtlərdə, ən çətin vəziyyətlərdə belə Allah’ın rəhmətindən və köməyindən ümidini kəsməz. Çətinliklərə səbr edən, Allah’dan ümidini kəsməyən və heç bir şərtdə Allah’ın hökmlərindən ödünc verməyənlər həm dünyada həm də axirətdə müjdələnilmişlər.
Quranda möminlərin həmişə Allah’dan ümid edən bir ruh halında olduqlarını görərik. Həqiqətən də səmimi olaraq iman edən bir kimsə Rəbbimizi Quranda təsvir edildiyi kimi tanıyıb təqdir edər və bunun nəticəsində, Allah’ın öz üzərindəki rəhmətinin və nemətinin fərqində olar. Onun möminlərin dostu və köməkçisi olduğunu, onlara qarşı sonsuz şəfqətli və mərhəmətli olduğunu, Allah’ın saleh qullarını həm bu dünyada, həm də axirətdə böyük bir mükafatla müjdələdiyini və Allah’ın qətiliklə vədindən dönməyəcəyini bilər. Onun özü üçün həmişə xeyirli və gözəl olanı dilədiyini, özünə rəhmət və hidayət qapılarını açdığını, önünə saysız əcr fürsəti sərdiyini görər.
Belə bir şüura sahib olan mömin Rəbbinə qarşı həmişə ümitvar olar, Ondan dünyada da, axirətdə də hər şeyin ən gözəlini və ən xeyirlisini ümid edər. Çünki Allah’a iman edib təslim olmuşdur və Allah mömin qullarına sonsuz rəhmətindən vəd etmişdir. Quranın bir çox ayəsində Allah’ın möminlərə gözəl bir cavab verdiyini, onlara fəzl, lütfkarlıq və rəhmətini müjdələdiyini görərik:
"İman edənlər, hicrət edənlər və Allah yolunda mallarıyla və canlarıyla cihad edənlərin Allah qatında böyük dərəcələri vardır. Qurtuluşa və xoşbəxtliyə çatanlar bunlardır. Rəbləri onlara qatından bir rəhməti, bir məmnuniyyəti və onlar üçün, özünə davamlı bir nemət olan cənnəti müjdələr." (Tövbə Surəsi, 20-21)