Avtomobil, televizor, kompüter və ya mobil telefonlar...
Həyatımızın hər anında istifadə etdiyimiz bu kimi texniki alətlər bizim üçün çox əhəmiyyətlidir. Dayanmadan işləmələri üçün hamımız səy göstəririk. Yağı qurtaran bir maşını, ya da yaxşı göstərməyən bir televizoru dərhal texniki xidmətə və ya təmir ustasına aparır, funksiyalarını yenidən bərpa etməsi üçün çalışırıq.
Öz bədənimiz üçün də vəziyyət bu şəkildədir. Sağlamlığımıza nəzarət edir, xəstələndiyimiz zaman həkimə müraciət edirik. Bəs mənəvi dünyamız məsələsində nə qədər həssasıq?
Avtomobil, telefon və ya televizora qarşı göstərdiyimiz diqqətin əsas səbəbi onlardan gözlədiklərimizdir. Maşınımızın bizi istədiyimiz yerə çatdırması, telefonumuzun başqaları ilə ünsiyyət qurmağımız üçün mövcud olduğuna dair heç bir şübhəmiz yoxdur. Buna görə də tələblərimizi ödəmədikləri ilk anda tədbir alma ehtiyacı hiss edirik. Əgər kompüterin və ya telefonun tam olaraq nə məqsədlə yaradıldığının fərqində olmasaydıq, yenə bizim üçün əhəmiyyətli olardılar? Şübhəsiz, belə bir vəziyyətdə onları önəmsəməz, işləyib-işləmədikləri ilə bağlı maraqlanmazdıq. Hətta boş yer tutduqlarını düşünüb, yanımızdan uzaqlaşdırardıq.
Bəs söhbət avtomobil və ya telefondan yox, bizim özümüzdən gedirsə necə? Çox az insan necə var olduğunu, yaşamaqdakı məqsədinin nə olduğunu, niyə öldüyünü və ölümündən sonra onu nələrin gözlədiyini ətraflı düşünür. Halbuki “mən müsəlmanam” deyən hər kəs özünün və içində yaşadığı kainatın necə və niyə var olduğunu sorğulamalıdır. Həyatının məqsədini, ölümü, axirət həyatını düşünməlidir. Bunu edərkən də, zehnindəki bütün təzyiq və stereotiplərdən xilas olmalıdır.
Xüsusilə Ramazan ayı bu təfəkkür, yəni dərin düşünmək üçün böyük fürsətdir. Təbii ki, Ramazan ayının müsəlmanlar arasında sosial yardımlaşmanın artması, qardaşlıq və birlik duyğusunun güclənməsi, mədəni fəaliyyətlərin artması kimi bir çox faydası var. Ancaq bu müqəddəs ayın önəmi, insanların Ramazan vasitəsilə Allaha yaxınlaşmalarının daha güclü şəkildə təşviq edilməsidir. Oruc Allahdan səmimi olaraq qorxan, Allaha yaxınlaşmaq üçün səbəb axtaran möminlər üçün böyük imkandır. Allahın əmrini yerinə yetirmək, Allahın rizası üçün gün boyu səbir etmək, iftar vermək, sahura durmaq- hamısı ayrı bir gözəllik və əcr səbəbidir. Atdıqları hər bir addımda Allahı razı etməyə, Allahın bildirdiyi şəkildə yaşamağa çalışan müsəlmanlar oruc tutaraq da Allaha yaxınlaşmağın yollarını axtarırlar.
Bizi Yaradan uca Rəbbimizə daha yaxın olmağın yolları nələr olmalıdır?
Məhz bu mərhələdə rəhbərimiz Qurandır. Quranda insana nələr üzərində düşünməli, nələri təhlil etməli lazım olduğu bildirilir.
Uca Allah "Mülk" surəsinin 19-cu ayəsində quşların göydə uçmalarının qeyri-adi hadisə olduğuna diqqət çəkərək, bunu edənin Özü olduğunu belə bildirib:
Məgər onlar başları üstündə qanad çalaraq uçan quşları görmürlərmi? Onları (göydə) ancaq Rəhman (olan Allah) saxlayır. Həqiqətən, O, hər şeyi görəndir!
«Rad» surəsinin 4-cü ayəsində Rəbbimiz eyni torpaqda yetişən və eyni su ilə sulanan bitkilərin müxtəlif dadlarda meyvə verməsinin üzərində bu şəkildə düşünməyə bizi təşviq edir:
Yer üzündə bir-birinə yaxın (qonşu) qitələr, eyni su ilə sulanan üzüm bağları, əkinlər, şaxəli-şaxəsiz xurma ağacları vardır. Halbuki Biz yemək baxımından onların birini digərindən üstün tuturuq. Şübhəsiz ki, bunda da anlayıb dərk edən insanlar üçün əlamətlər vardır.
Bu ayələrdən də məlum olduğu kimi, Allah, həyatını diqqət etmədən davam etdirən biri olmaq əvəzinə ətrafına nəzər yetirən və Allahın möhtəşəm yaradışı haqqında düşünən insanlar olmağımızı istəyir. Allah bir ayədə bu şəkildə buyurur:
O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər (və deyərlər): “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından qoru! (Ali İmran surəsi, 191)
Quranda nümunə verilən bu düşüncə üsulu sayəsində Allahın yaratmasındakı mükəmməlliyi, sonsuz ağıl, bilgi və gücü daha yaxşı qavrayırıq.
Quranda bildirilən üsulla düşünməyə başladığımızda bütün kainatın Onun güc və sənətinin bir dəlili olduğunu görərik. İnsanlar Quranla Allahın varlığına, birliyinə və isimlərinə açıq şəkildə şahidlik edən bir çox hadisə və canlı üzərində ətraflı şəkildə düşünməyə dəvət edilir. Allahın ayələri kainatın hər tərəfində Allahın varlığını və vəsflərini göstərən bütün varlıqları əhatə edir. Baxmağı bacaran göz isə əslində bütün varlıq aləminin təkcə Allahın ayələrindən ibarət olduğunu görəcək.
İnsanın vəzifəsi budur. Allahın ayələrini görmək… Beləliklə özünü və digər bütün varlıqları yaradan Rəbbimizi tanıyacaq, Ona yaxınlaşacaq, varlığının və həyatının mənasını anlayacaq, qurtuluşa və xoşbəxtliyə nail olacaqdır.
Allah Quran-i kərimdə xoşbəxt ola bilməyin təkcə səmimi imanla, Allaha dərin bağlılıq, güclü Allah qorxusu və Allah sevgisi ilə mümkün olduğunu bildirir. İnsan özünü, bütün kainatı, keçmiş və gələcəkdə var olan hər şeyi yaradan uca Allaha yaxın olduqda, Allaha qəlbən və səmimi imanla bağlandıqda Allah o insana xoşbəxtliyin yolunu açır. Ona səmimi yönələnə gözəlliklə, nemətlə, rahatlıq və xoşbəxtliklə qarşılıq verir.
Daha əvvəl necə yaşamış olursaq-olaq, bu Ramazan ayı bütün müsəlmanların Allaha yaxın olması üçün yeni bir fürsətdir. Yanında bir çiçəyi və ya göydə qanad açıb uçan quşları Allahın yaratdığını düşünərək bu fürsətdən istifadə etməyə başlaya bilərsiniz.
Adnan Oktarın «Arabian Gazette»də dərc olunan məqaləsi:
http://www.arabiangazette.com/month-of-ramadan-opportunity-to-draw-closer-to-god-20150706/