Allah insanlara dünya həyatının qısa və keçici imtahan yeri olduğunu bildirmiş, bu müddət ərzində Öz əmr və tövsiyələri istiqamətində hərəkət etməli olduqlarını onlara xəbər vermişdir. Hər insan Allahın Quranda əmr etdiyi ibadətləri yerinə yetirməklə məsuldur. Ancaq bəzi insanlar Allahın buyurduğu ibadətləri tətbiq etməmək üçün bir çox bəhanə uydururlar. Ən çox istifadə etdikləri bəhanə isə ürəklərinin təmiz olması və bu səbəbdən də, başqa bir şey etməyin lazım olmamasıdır.
Halbuki ürək təmizliyinin yeganə ölçüsü Qurandır. İnsan ancaq Qurandakı əmrlərə riayət etdiyi zaman təmiz ürəkli sayıla bilər. İnsanın fərdi dəyər və mühakimələri istiqamətində özünü təmiz ürəkli elan etməsinin heç bir əhəmiyyəti yoxdur.
Quran əxlaqına görə ürək təmizliyi və səmimiyyətin əhəmiyyətli göstəricisi isə Allahın əmr və tövsiyələrini məmnuniyyətlə yerinə yetirməkdir. Əgər insan Quranda bildirilən əxlaqı tam olaraq tətbiq etmirsə, deməli Allahdan lazımi qədər qorxub-çəkinmir. Lazımi qədər Allahdan qorxub-çəkinməyən və "ürəyim təmizdir" - deyərək dindən və Qurandan uzaq qalanlar axirətdə çox peşman olacaqlar. Çünki cənnətə ancaq Allahın Quranda bildirdiyi təmiz ürəkli və səmimi qulları girəcək ki, onlar da Allahın əmr və tövsiyələrini əskiksiz yerinə yetirən, Allah sevgisini və Allah qorxusunu dərin şəkildə qəlbində hiss edən və həyatının hər anında Ona yönələn ixlaslı möminlərdir.
Kafir olanlar deyirlər: “Niyə ona Rəbbindən bir möcüzə endirilməyib?” De: “Şübhəsiz ki, Allah istədiyini sapdırır. (Tövbə edib Ona) üz tutan kimsəni isə doğru yola yönəldir”. Bunlar, iman gətirənlər və qəlbləri Allahı zikr etməklə rahatlıq tapanlardır. Bilin ki, qəlblər ancaq Allahı zikr etməklə rahatlıq tapır. İman gətirib saleh əməllər edənlər üçün xoş güzəran və gözəl qayıdış yeri hazırlanmışdır. (Rəd surəsi, 27-29)