Allah yolunda layiqincə cəhd edin. O, SİZİ SEÇDİ VƏ DİNDƏ SİZİN ÜÇÜN HEÇ BİR ÇƏTİNLİK YERİ QOYMADI – ATANIZ İBRAHİMİN DİNİ KİMİ. Allah bundan əvvəl də, bunda da sizə müsəlman adını verdi ki, Peyğəmbər sizə, siz də insanlara şahid olasınız. Elə isə namaz qılın, zəkat verin və Allah’a sığının. (Allah) sizin ixtiyar sahibinizdir. O nə yaxşı ixtiyar sahibi, necə də gözəl imdada yetəndir! (Həcc surəsi, 78)
…Biz onu (rahibliyi) onlara vacib buyurmamışdıq. Onlar bunu Allah rizasını qazanmaq üçün etdilər, lakin ona layiqincə əməl etmədilər. Biz onlardan iman gətirənlərin mükafatlarını verdik. Onların çoxu isə fasiqlərdir. (Hədid surəsi, 27)
And olsun ki, Biz Quranı ibrət almaq üçün belə ASANLAŞDIRDIQ. Amma heç bir ibrət alan varmı?! (Qəmər surəsi, 17)
Biz sənə ən ASAN OLANI müyəssər edərik. (Əla surəsi, 8)
Kim (malını Allah yolunda) versə, (Allah'dan) qorxsa, və ən gözəl sözü təsdiq etsə, BİZ ONA ƏN ASAN OLANI MÜYƏSSƏR EDƏCƏYİK! (Leyl surəsi, 5-7)
İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) ramazan ayında nazil edilmişdir. Aya (ramazan ayına) yetişən şəxslər oruc tutmalıdırlar; xəstə və ya səfərdə olanlar isə tutmadığı günlərin sayı qədər başqa günlərdə tutsunlar. ALLAH SİZİN ÜÇÜN AĞIRLIQ DEYİL, YÜNGÜLLÜK İSTƏR ki, fövtə gedən günlərin orucunu tamamlayasınız və sizi düz yola yönəltməsinə görə Ona təzim və şükür edəsiniz. (Bəqərə surəsi, 185)
İman gətirib yaxşı iş görənləri isə ən gözəl mükafat gözləyir. BİZ ONA ASAN BİR ŞEY ƏMR EDƏCƏYİK!” (Kəhf surəsi, 88)
Biz onu ancaq sənin dilinlə ASANLAŞDIRDIQ. Bəlkə, anlayıb öyüd-nəsihət qəbul edələr! (Duxan surəsi, 58)
(Ya Peyğəmbər!) Həqiqətən, Rəbbin bilir ki, sən qalxıb bəzən gecənin təqribən üçdə ikisini, bəzən yarısını, bəzən də üçdə birini namaz qılırsan. Səninlə birlikdə olan bir zümrə də belədir. Gecəni də, gündüzü də ölçüb-biçən ancaq Allah’dır. O sizin bunu ölçüb saya bilməyəcəyinizi bildiyi üçün sizi əfv etdi. QURANDAN SİZƏ MÜYƏSSƏR OLANI OXUYUN. (Allah) bilir ki, içərinizdə xəstələr də olacaq, bəziləri Allah'ın lütfündən ruzi axtarmaq üçün yer üzünü gəzib dolaşacaq, digərləri isə Allah yolunda vuruşacaqdır. Elə isə ondan (QURANDAN) SİZƏ MÜYƏSSƏR OLANI OXUYUN, namaz qılın, zəkat verin və Allah yolunda gözəl (könül xoşluğu ilə) bir borc verin. Özünüz üçün öncə nə yaxşı iş görsəniz, Allah dərgahında onun daha xeyirli və daha böyük mükafatı olduğunu görəcəksiniz. Allah'dan bağışlanmağınızı diləyin. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir! (Müzəmmil surəsi, 20)
Ey iman gətirənlər! Sizə bəlli olunca qanınızı qaraldacaq şeylər barəsində soruşmayın. Əgər onlar haqqında Quran nazil edildikdə soruşsanız, onlar sizə aydın olar. Allah onları bağışadı. Allah bağışlayandır, həlimdir! Sizdən əvvəl bir tayfa soruşmuş, sonra da buna görə kafir olmuşdu. (Maidə surəsi, 101-102)
MÜNAFİQLƏR ALLAH'IN ASAN DİNİNİ ÇƏTİNLƏŞDİRMƏK ÜÇÜN DİLLƏRİNİ ƏYİB BÜKÜRLƏR
Ey iman gətirənlər! ALLAH'IN SİZƏ HALAL BUYURDUĞU PAK NEMƏTLƏRİ (ÖZÜNÜZƏ) HARAM ETMƏYİN VƏ HƏDDİ AŞMAYIN. Doğrudan da, Allah həddi aşanları sevməz! (Maidə surəsi, 87)
Diliniz yalana vərdiş etdiyi üçün : “BU HALALDIR, O HARAMDIR!” – DEMƏYİN, çünki (bununla) Allah'a iftira yaxmış olursunuz. Allah'a iftira yaxanlar nicat tapmazlar! (Nəhl surəsi, 116)
De: “Allah'ın sizə ruzi olaraq nə endirdiyini gördünüzmü ki, ONUN BİR QİSMİNİ HARAM, BİR QİSMİNİ İSƏ HALAL ETDİNIZ?” De: “Allah Özü sizə izin verdi, yoxsa Allah'a iftira yaxırsınız?” (Yunus surəsi, 59)
Allah, – məcburiyyət qarşısında yeyəcəyiniz şeylər istisna olmaqla – haram buyurulanları təfərrüatı ilə sizə bil-dirdiyi halda, üstündə Onun adı çəkilənlərdən nə üçün yeməyəsiniz? Şübhəsiz ki, çoxları elmsiz olduqları üçün öz istəklərinə uyub (insanları doğru yoldan) azdırırlar. Həqiqətən, sənin Rəbbin, həddi aşanları daha yaxşı tanıyır. (Ənam surəsi, 119)
Bil ki, xalis din ancaq Allah'a məxsusdur. Allah'ı qoyub özlərinə dost tutanlar: “Biz onlara yalnız bizi Allah'a yaxınlaşdırmaq üçün ibadət edirik!” (deyirlər). Şübhəsiz ki, Allah ixtilafda olduqları məsələlər barəsində onların arasında hökm edəcəkdir. Allah yalançı, nankor olan kimsəni doğru yola müvəffəq etməz! (Zümər surəsi, 3)
Onlardan (kitab əhlindən) bir zümrə də vardır ki, siz onların oxuduqlarını (Tövratdan) hesab edəsiniz deyə, kitab oxuyan zaman dillərini (qəsdən) o tərəf-bu tərəfə əyirlər (bükürlər). Halbuki onların bu oxuduqları kitabdan (Tövratdan) deyildir. Onlar isə: “Bunlar Allah tərəfindəndir”, -dedilər. Bunlar isə heç də Allah tərəfindən deyildir. Söylədikləri Allah dərgahından olmadığı halda, “Bu, Allah dərgahındandır”, - deyirlər. Onlar bilə-bilə Allah'a qarşı yalan söyləyirlər. (Ali İmran surəsi, 78)
Müşriklər belə deyəcəklər: “Əgər Allah istəsəydi, nə biz, nə də atalarımız müşrik olar və nə də biz bir şeyi haram edə bilərdik. Onlardan əvvəlkilər də belə təkzib etmişdilər. Nəhayət, əzabımızı daddılar. (Onlara) de: “Bizim qarşımıza çıxara biləcək bir elminiz varmı? Siz yalnız zənnə qapılır və yalan uydurursunuz!” (Ənam surəsi, 148)
MÜNAFİQLƏR BATİL DİNLƏRİNDƏ QƏRARLIDIRLAR: PEYĞƏMBƏRİN TƏTBİQ ETDİYİ DİNİ BƏYƏNMİRLƏR
O zaman münafiqlər və ürəklərində mərəz olanlar: “Bunları (müsəlmanları) öz dinləri aldatdı!” – deyirdilər. Lakin Allah’a təvəkkül edən (qalib olar). Çünki Allah, həqiqətən, yenilməz qüvvət sahibidir, hikmət sahibidir! (Ənfal surəsi, 49)
Onların əyanları (toplandıqları məclisdən) çıxıb gedərək (bir-birinə) belə dedilər: “Gedin öz tanrılarınıza (ibadətdə) möhkəm olun. (Bizdən) istənilən şey budur (tövhiddir). Biz bunu (Muhəmmədin dediklərini) sonuncu dində (xaçpərəstlikdə) də eşitməmişik. Bu ancaq bir uydurmadır. (Sad surəsi, 6-7)
Musa açıq-aşkar ayələrimizlə (Firon əhlinin) yanına gəldikdə onlar: “Bu, uydurulmuş sehrdən başqa bir şey deyildir. Biz öz ulu babalarımızdan bu barədə heç bir şey eşitməmişik!” – dedilər. (Qəsəs surəsi, 36)
(Hud tayfasının kafirləri) dedilər: “Sən bizə yalnız Allah'a ibadət etməyimiz və atalarımızın tapındıqları bütlərdən əl çəkməyimiz üçünmü gəldin? Əgər doğru danışanlardansansa, bizi qorxutduğun (bizi təhdid etdiyin əzabı) bir gətir görək!” (Əraf surəsi, 70)
Onlar (Musaya və Haruna): “Bizi atalarımızın tapındığı dindən döndərmək, özünüz də yer üzündə böyüklük etmək üçünmü gəldiniz? Biz sizə iman gətirən deyilik!” – dedilər. (Yunus surəsi, 78)
Onlar dedilər: “Ey Saleh! Sən bundan əvvəl içərimizdə ümid edilən bir adam idin. İndi atalarımızın ibadət etdiyinə ibadət etməyi bizə qadağanmı edirsən? Doğrusu, biz sənin bizləri dəvət etdiyin barədə şəkk-şübhə içindəyik”. (Hud surəsi, 62)
Onlara : “Allahın göndərdiyinə tabe olun!” –deyildiyi zaman, onlar: “Biz ancaq atalarımızın getdiyi yolla gedəcəyik!” –deyirlər. Bəs ataları bir şey anlamayıb doğru yolda deyildilərsə necə? (Bəqərə surəsi, 170)
Onlara: “Allah'ın nazil etdiyinə və Peyğəmbərə tərəf gəlin!” – deyildiyi zaman: “Atalarımızın getdiyi yol bizə yetər”, - deyə cavab verirlər. Bəs ataları heç bir şey bilməyib doğru yolda deyildilərsə necə?! (Maidə surəsi, 104)
(Şeytanla dost olanlar) ədəbsizlik etdikləri zaman: “Atalarımızı belə gördük. Bunu bizə Allah əmr etmişdir” ,- deyirlər. De: “Allah ədəbsizlik əmr etməz. Allah'a qarşı bilmədiyiniz şeyimi deyirsiniz?” (Əraf surəsi, 28)
Onlar dedilər: “Ey Şüeyb! Atalarımızın tapındığı bütləri tərk etməyimizi, mallarımızla istədiyimiz kimi hərəkət etməkdən vaz keçməyimizi sənə namazınmı (dininmi) əmr edir? Sən doğrudan da, həlim xasiyyətlisən, çox ağıllısan!” (Hud surəsi, 87)
(Nuh) qövmünün kafir başçıları (tabeçiliyində olanlara) dedilər: “Bu, sizin kimi yalnız adi bir insandır. Sizə böyüklük etmək istəyir. Əgər Allah istəsəydi, (bizə peyğəmbər olaraq insan deyil) mələklər göndərərdi. Biz bunu (Nuhun təbliğ etdiyi tövhidi) ulu babalarımızdan eşitməmişik. (Muminun surəsi, 24)
Onlara: “Allah'ın nazil etdiyinə (Qurana) tabe olun!” deyildikdə, onlar: “Xeyr, biz atalarımızın getdiyi yolla (ibadət etdiyi dinə) tabe olacağıq!” – deyə cavab verərlər. Bəs Şeytan onları cəhənnəm odunun əzabına çağırırsa necə? (Loğman surəsi, 21)