10 oktyabr 2011-ci il tarixində Bakıda “Gülüstan” sarayında “XXI əsr: ümidlər və çağırışlar” devizi ilə Beynəlxalq Humanitar Forum öz işinə başlamışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Forumun açılış mərasimində və birinci plenar iclasında iştirak etmişlər. İlham Əliyev tədbirdə bir çox vacib mövzuya toxunmuşdur:
“Təsadüfi deyil ki, bütün bu tədbirlər, humanitar sahədə aparılan islahatlar Azərbaycanın adı ilə bağlıdır. Çünki əsrlər boyu Azərbaycanda müxtəlif mədəniyyətlərə mənsub olan xalqlar bir ailə kimi yaşamışlar. Bütün dövrlərdə Azərbaycanda hökm sürən ictimai-siyasi quruluşdan asılı olmayaraq, bütün xalqlar bir ailə kimi yaşamışlar. Heç vaxt Azərbaycanda milli, yaxud dini zəmində heç bir qarşıdurma, anlaşılmazlıq olmamışdır. Heç vaxt ayrı-seçkiliyə yol verilməmişdir və bu gün müstəqil Azərbaycan bu ənənələrə sadiqdir.
Azərbaycanın coğrafi vəziyyəti təbii ki, ölkənin inkişafına da təsirini göstərmişdir. Azərbaycan o ölkədir ki, burada mədəniyyətlər, sivilizasiyalar görüşür, birləşir. Bizim gücümüz birliyimizdədir. Milli və dini müxtəlifliyimiz bizim gücümüzü daha da artırır. Azərbaycan çox millətli və çox konfessiyalı bir ölkədir. Bütün dinlərin nümayəndələri bərabər hüquqa malikdir. Bütün dini abidələr dövlət tərəfindən qorunur, bərpa edilir və eyni zamanda, tikilir. Ölkəmizdə müstəqillik dövründə yaşanan sabitlik və dostluq ab-havası əlbəttə ki, bu gün Azərbaycanı regional ölkə kimi daha da gücləndirir.”